Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9020/2024 22.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “ezamiyyət xərclərinin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndələri X3 və X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “ezamiyyət xərclərinin ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 22 oktyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 33300 manat ezamiyyət pulunun ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 33300 manat ezamiyyət pulunun, işdən azad olduğu xx.xx.2024-cü il tarixdən məhkəməyə müraciət etdiyi xx.xx.2024-cü il tarixədək ezamiyyə pulunun ödənilməsindəki gecikmələrə görə Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən hesablanmış günlük 1%, cəmi 9990 manatın ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Baş Prokurorunun xx.xx.2016-cı il tarixli, 11/380-k nömrəli əmri ilə prokurorluq orqanlarında qulluğa qəbul edilərək Goranboy rayon prokurorunun böyük köməkçisi vəzifəsi üzrə stajor təyin edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorunun xx.xx.2018-ci il tarixli, 11/267k nömrəli əmri ilə prokurorluq orqanlarında daimi qulluğa qəbul edilərək Goranboy rayon prokurorunun böyük köməkçisi vəzifəsinin icrası həvalə edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorunun 24 iyul 2019-cu il tarixli, 11/396-k nömrəli əmri ilə Gədəbəy rayon prokurorluğuna ezam olunmuş, 27 iyul 2020-ci il tarixli, 11/828-k nömrəli əmrlə isə ezamiyyətdə olma zərurəti aradan qalxdığı üçün bitmiş hesab edilmişdir. Ümumilikdə 370 gün ezamiyyətdə olmağına baxmayaraq buna görə hər hansı bir ezamiyyət pulu almamışdır. 01 aprel 2024-cü il tarixli, 2-2100/218-k nömrəli əmrlə öz arzusu ilə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilmişdir. 15 aprel 2024-cü il tarixli təhvil-təslim vərəqəsi imzalanarkən Gədəbəy rayon prokurorluğuna ezam olunduğu dövr üçün ezam pulunun ödənilməsini xahiş etmişdir. Lakin həmin pul hal-hazıradək ödənilməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri iddia ərizəsinə etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından görünür ki, iddiaçı Goranboy rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edərkən Azərbaycan Respublikası Baş Prokurorunun 24 iyul 2019-cu il tarixli, 11/396-k nömrəli əmri ilə Gədəbəy rayon prokurorluğuna ezam olunmuş, 27 iyul 2020-ci il tarixli, 11/828-k nömrəli əmrlə isə ezamiyyətdə olma zərurəti aradan qalxdığı üçün bitmiş hesab edilmişdir. Hazırda iddiaçı 370 gün ezamiyyətdə olması ilə əlaqədar ezamiyyət xərcinin ödənilməsini tələb edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2012-ci il tarixli Q-01 nömrəli qərarı ilə təsdiq edilmiş “X2”:
1. Dövlət Hakimiyyəti orqanının, müəssisə, idarə və təşkilatın rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır.
2. Dövlət Hakimiyyəti orqanının, müəssisə, idarə və təşkilatların işçilərinin ezamiyyətə göndərilməsi həmin orqanların və təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir və 1 nömrəli əlavəyə uyğun formada ezamiyyət vəsiqəsi verilməklə bərabər əmrlə rəsmiləşdirilir.
4. İşçilərin ezamiyyət müddəti dövlət hakimiyyəti orqanlarının, müəssisə, idarə və təşkilatların rəhbərləri tərəfindən təyin edilir, lakin yolda olduğu müddət hesaba alınmamaqla bu müddət 40 gündən yuxarı ola bilməz (Azərbaycan Respublikasının xarici ölkələrdə olan Səfirlikləri, Konsulluqları, Nümayəndəlikləri və Beynəlxalq təşkilatlarda çalışan işçilər və nümayəndələr istisna olmaqla).
5. Ezam olunan işçiyə ezamiyyətə getməzdən əvvəl yol, kommunal və gündəlik yemək xərclərinin ödənilməsi üçün pul avansı verilir. İşçi ezamiyyətdən qayıtdıqdan sonra ezamiyyət ilə əlaqədar xərclədiyi vəsaitlərin məbləği haqqında 3 gün ərzində avans hesabatı təqdim etməyə borcludur. Müəyyən olunmuş qaydada rəsmiyyətə salınmış ezamiyyət vəsiqəsi, yaşayış yerinin kirayə edilməsi və gediş-gəliş xərcləri haqqında sənədlər avans hesabatına əlavə edilir. 6.Bu qaydalarda nəzərdə tutulan normalar daxilində ezamiyyət xərcləri büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda onlara bu məqsəd üçün ayrılan vəsaitdən ödənilir.
8. Ezamiyyət yerində olmanın faktiki müddəti, ezamiyyət yerinə gəlmə və ezamiyyət yerindən getmə haqqında ezamiyyət vəsiqəsində edilən qeydlər üzrə müəyyən edilir. Əgər işçi müxtəlif yaşayış məntəqələrinə ezam olunmuşsa, gəlmə günü və getmə günü haqqında hər məntəqədə ayrıca qeyd edilir.
Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi: İş materialları ilə müəyyən olunur ki, iddiaçı Goranboy rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edərkən Azərbaycan Respublikası Baş Prokurorunun 24 iyul 2019-cu il tarixli, 11/396-k nömrəli əmri ilə Gədəbəy rayon prokurorluğuna ezam olunmuş, 27 iyul 2020-ci il tarixli, 11/828-k nömrəli əmrlə isə ezamiyyətdə olma zərurəti aradan qalxdığı üçün bitmiş hesab edilmişdir. Hazırda iddiaçı həmin 370 gün ezamiyyətdə olması ilə əlaqədar ezamiyyət xərcinin ödənilməsini tələb edir. İddiaçının tələbinin əsaslılığı ilə bağlı qanunvericiliyin yuxarıda sadalanan tələbləri təhlil olunmalıdır. Həmin normalarından göründüyü kimi, Dövlət Hakimiyyəti orqanının, müəssisə, idarə və təşkilatın rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. İşçilərin ezamiyyətə göndərilməsi işlədiyi orqanların və təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir və 1 nömrəli əlavəyə uyğun formada ezamiyyət vəsiqəsi verilməklə bərabər əmrlə rəsmiləşdirilir. İşçilərin ezamiyyət müddəti 40 gündən yuxarı ola bilməz. İşçi ezamiyyətdən qayıtdıqdan sonra ezamiyyət ilə əlaqədar xərclədiyi vəsaitlərin məbləği haqqında 3 gün ərzində avans hesabatı təqdim etməyə borcludur. Bu qaydalarda nəzərdə tutulan normalar daxilində ezamiyyət xərcləri büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda onlara bu məqsəd üçün ayrılan vəsaitdən ödənilir. Lakin işin mübahisəsiz hallarıdır ki, Gədəbəy rayon prokurorluğuna göndərilərkən iddiaçıya ezamiyyət vəsiqəsi verilməmiş, qayıtdıqdan sonra iddiaçı tərəfindən avans hesabatı təqdim edilməmişdir. İddiaçı barəsində verilən həmin əmrlərdə “ezam” ifadəsinə formal olaraq yanaşılmamalı, işin digər qeyd edilən halları ilə birlikdə dəyərləndirilməlidir. Qanunvericiliyin yuxarıda şərh edilən tələblərinin işin faktiki hallarına tətbiqi bu qənaətə gəlməyə əsas verir ki, iddiaçının Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən zərurətlə əlaqədar olaraq 1 il müddətinə (qanunvericiliyin tələbinə əsasən ezamiyyət olsaydı 40 gündən çox ola bilməzdi) Gədəbəy rayon prokurorluğuna göndərilməsi, onun hansısa xidməti tapşırığı yerinə yetirmək üçün ezam edilməsi deyil, müvəqqəti olaraq xidmət yerinin dəyişdirilməsidir. Belə ki, iddiaçı qeyd edilən müddət ərzində Gədəbəy rayon prokurorunun böyük köməkçisi kimi vəzifəsini icra etmişdir. Hətta həmin müddət ərzində ümumilikdə 22 gün olmaqla yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə uyğun olaraq Gədəbəy rayon prokurorluğundan ezamiyyət vəsiqəsi verilməklə Bakı və Gəncə şəhərlərinə ezam olunmuş və ezamiyyət xərclərini də almışdır. Qeyd edilənləri təkzib edəcək hər hansı sübut iddiaçı tərəfindən təqdim edilməmişdir. Aparılmış hüquqi qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının ezamiyyət xərclərinin ödənilməsi tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “ezamiyyət xərclərinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Həmid Ağalarov