Məhkəmə qərarları › İş №2-1(112)-903/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-903/2022

25.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-903/2022 25.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Ünvanı: Bakı şəhəri, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi ev 16, mənzil 50) və onun nümayəndəsi, eyni zamanda vəkili X3 (Ünvanı: Bakı şəhəri, İ.İsmayılov küçəsi ev 48, mənzil 71; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: 11 saylı Vəkil Bürosu, vəkil), cavabdehin nümayəndəsi X5 (Ünvanı: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 27, mənzil 18; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı, Məhkəmə mübahisələri üzrə iş şöbəsinin böyük mütəxəssisi) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) 01.09.2021-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 25.01.2022-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında iddiaçının “İddiaçı 01.01.2018-ci il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyul” iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, 03 mart 2021-ci il tarixində iddiaçı ərizə ilə cavabdehə müraciət edərək güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir. Müraciətinə, cavabdeh təşkilat tərəfindən həmin tarixdə-03 mart 2021-ci il tarixdə **********5 saylı məktubla imtina cavabı verilmişdir. Cavabdeh tərəf, iddiaçının - 22.10.1997-01.12.1999-cu il tarixləri arasındakı dövr ərzində "Şelflayihətikinti" İdarəsində çilingər quraşdırıcı vəzifəsində işlədiyini qəbul edir, lakin 01 may 1988-ci il tarixindən 13.10.1995-ci il tarixinədək bu müəssisədə işlədiyi günləri nəzərə almamaqla qanunun tələblərini pozmuşdur. Beləki, SOCAR-dan ona verilən 11.01.2021 tarixli, arayışa şübhə edərək, iddiaçının 7 il 5 ay 12 gününü-stajını, 13.10.1995 tarixindən 15.10.1997-ci il tarixinədək işlədiyi 2 il 7 gün iş stajını, cəmi 9 il 5 ay 19 iş stajını görməməzlikdən gələrək, onun güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun həyata keçirilməsinə bilərəkdən mane olmuşdur. "Şelflayihətikinti" İdarəsində çilingər quraşdırıcı vəzifəsində iş stajı 12 il 2 ay 17 gün təşkil edir. "Azfen" BM-də mexaniki işlər ustası kimi 01 il 03 ay 25 gün hesabı ilə iş stajını götürdükdə, "Azfen" BM və "Şelflayihətikinti" İdarəsində iş stajı 13 il 06 ay 12 gün təşkil edir ki, bu da ona pensiya hüququndan istifadə imkanı yaradır. Göründüyü kimi, onun 12 il 6 ay stajı sənədlərlə təsdiqini tapmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi, eyni zamanda vəkili iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşma çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı isə ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb edilən 12 il 6 ay güzəştli iş stajına malik deyil. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar, tikinti və quraşdırma işləri üzrə ustalar peşələri nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən cavabdehə təqdim edilən 27 may 1984-cü il tarixli əmək kitabçasında “Azfen” BM-nin iddiaçıya dair 27 yanvar 2021-ci il tarixli AZF-2021/05-K nömrəli arayışında 22.10.1997- 01.1.1999-cu il tarixləri arasındakı dövr ərzində “Şelflayihətikinti” İdarəsində çilingərquraşdırıcı, 16.11.2007-10.03.2009-cu il tarixləri arasındakı dövr ərzində “Azfen” BM-də mexaniki işlər ustası, 09.08.2010-24.10.2013-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə boru işləri üzrə usta və boru işləri üzrə nəzarətçi, 03.03.2014-cü il tarixindən bu günədək boru işləri üzrə nəzarətçi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işləmiş olduğu çilingər-quraşdırıcı, mexaniki işlər ustası, boru işləri üzrə usta və nəzarətçi vəzifələri yuxarıda qeyd olunan polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar və tikinti və quraşdırma işləri üzrə ustalar vəzifələrinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (9 il 3 ay 2 gün) təşkil edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. İş materiallarından görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Lənkəran rayonunda anadan olmuşdur. İş materiallarından görünür ki, ******* nömrəli Əmək kitabçasına əsasən İddiaçı 27.06.1984-cü il tarixdən əmək fəaliyyətinə başlamış və müxtəlif müəssisə və peşələrdə işləmiş, həmçinin 03.03.2014-cü il tarixdən hal-hazıra kimi Azfen BM-də boru işləri üzrə nəzarəçi peşəsində işləyir. İş materiallarından görünür ki, SOCAR-ın 11.01.2021-ci il tarixli Güzəştli arayışında göstərilmişdir: “Verilir, 1961-ci il təvəllüdlü İddiaçı, ondan ötrü ki, o həqiqətən: 1.“Şelflayihətikinti” LSTB Tikinti Quraşdırma İdarəsində 01.05.1988-ci il tarixindən (30.04.1988-ci il tarixli 2/k saylı əmr) 13.10.1995-ci il tarixinədək (13.10.1995-ci il tarixli 91/k saylı əmr) quraşdırıcı peşəsində işləmişdir. İş stajı - 7 il 5 ay 12 gün. 2."Şelflayihətikinti” İB 2 saylı Tikinti Quraşdırma İdarəsində 22.10 1997-ci il tarixindən (22.10.1997-cı il V tarixli 87/k saylı əmr) 08.08.2002-ci il tarixinədək (08.08.2002-ci il tarixli 79/k saylı əmr.) quraşdırıcı peşəsində işləmişdir. İş stajı - 4 il 9 17 ay gün. Texnoloji prosesə əsasən İddiaçı işlədiyi quraşdırıcı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 01.2007-cü il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 29-cu bölməsinin “a” bəndində göstərilən polad və dəmir beton konstruksiyaların quraşdırılması üzrəquraşdırıcı peşəsinə uyğundur və onun güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı -12 il 2 ay 17 gün təşkil edir.” İş materiallarından görünür ki, “Azfen” BM-in 27.01.2021-ci il tarixli Güzəştli arayışında göstərilmişdir: “X1, ona görə ki, o həqiqətən X6 layihələrində mexaniki işlər ustası, boru işləri üzrə usta və boru işləri üzrə nəzarətçi vəzifələrində çalışıb. X10 Müəssisəsində güzəştli iş stajı aşağıdakı kimi qəbul edilməli: 16/11/2007 - 10/03/2009 X6 Azf-058 layihəsində mexaniki işlər ustası vəzifələrində 01 il, 03 ay, 25 gün (bir il, üç ay, iyirmi beş gün) çalışmışdır. 09/08/2010 - 24/10/2013 X6 Azf-081 layihəsində boru işləri üzrə usta və boru işləri üzrə nəzarətçi vəzifəsində 03 il, 02 ay, 16 gün (üç il, iki ay, on altı gün) çalışmışdır. 03/03/2014 hal-hazırkı dövrədək X6 Azf-086/100 layihələrində boru işləri üzrə nəzarətçi vəzifəsində 06 il, 10 ay, 25 gün (altı il, on ay, iyirmi beş gün) çalışmışdır. Cəmi: 11 il, 05 ay, 06 gün (on bir il, beş ay, altı gün. Onun işlədiyi iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarının 29-cu maddəsində, “Bina,qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında nəzərdə tutulmuş b) mütəxəssislər bölməsinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır.” İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, iş materiallarından görünür ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti ilə bağlı aparılmış inzibati icraat materiallarını məhkəməyə göndərmişdir. İnzibati icraat materiallarından göründüyü kimi, cavabdeh inzibati orqan iddiaçının təqdim etdiyi sənədlərlə kifayətlənərək iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan imtina məktubunu və iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçının işləmiş olduğu çilingər-quraşdırıcı, mexaniki işlər ustası, boru işləri üzrə usta və nəzarətçi vəzifələri yuxarıda qeyd olunan polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar və tikinti və quraşdırma işləri üzrə ustalar vəzifələrinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (9 il 3 ay 2 gün) təşkil edir. Göründüyü kimi, iddiaçının 57 yaşının tamam olduğu 01.01.2018-ci il tarixə qədər ümumi stajının 25 ildən çox olması mübahisə doğurmur. Araşdırılmalı hal həmin dövrün ən azı 12 il 6 ayının güzəştli şərtlə yaşa görə pensiya hüququ verən peşədə işləməsi ilə bağlıdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9-cu bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 01.01.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Həmin Qaydaların 4.1.11-ci bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1 əsasən şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı. İş materiallarından görünür ki, “Azfen” BM-in məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi 16.08.2021-ci il tarixli məktubunda göstərilmişdir: “İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü) hazırda Azfen BM-in X9 layihəsi üzrə Üst Tikililərin və Qazma Qurğularının emalatı layihəsində lifli polimer (FRP) boru işləri üzrə baş nəzarətçi vəzifəsində çalışır. Onun 16.11.2007—10.03.2009, 09.08.2010—24.10.2013-cü illər dövrlərində və 03.03.2014-cü il tarixindən hal-hazırkı dövrədək yerinə yetirdiyi əsas əmək funksiyaları aşağıdakılardan ibarət olmuşdur: Mexaniki işlər ustası vəzifəsi üzrə: -Şüşə lifli polimer (FRP), polad və sendviç panellərin quraşdırıimasından sonra onların cizgilər əsasıda mineral pambıq, seramik materiallarla izolyasiya edilməsinin təmin edilməsi; -boruların cizgilər əsasında armofleks, xüsusi rezin, mineral pambıq, kömür və s. odadavamlı izolyasiya materialları ilə izolyasiya edilməsinin təmin edilməsi; boru sistemi şablonlarının işlənib hazırlanması, sınağı, yerləşdirilməsi və nişanlanması, o cümlədən flans birləşmələrdən istifadə edərək boru sistemlərinin birləşdirilməsinin təmin edilməsi; -şüşə lifli polimer (FRP) boruların kəsilməsi, konusvari və düz yonulması, cilalanması, zimpara ilə yonulmasi. parça ilə təmizlənməsi və yapışqanla birləşdirilməsi, istilik döşəkçələri ilə qurudulması, boltla bağlanan flans birləşmələrin quraşdırılması və bərkidilməsinin təmin edilməsi; Boru ustası vəzifəsi üzrə:- Şüşə lifli polimer (FRP) boru sistemi şablonlarının işlənib hazırlanması, sınağı, yerləşdiriməsi və nişanlanması, o cümlədən flans birləşmələrdən istifadə edərək boru sistemlərinin birləşdirilməsinin təmin edilməsi. -Şüşə lifli polimer(FRP) boru kənarlarının hazırlanmasının, qol və boru dirsəklərinin emalı işinin təmin edilməsi. -Hər bir diametrli lifli polimer (FRP) borularının, boru sistemlərindəki armaturların (siyirtmə, klapan və s.),dirsəklərin,diametr üzrə keçid hissələrinin birləşdirilməsinin (quraşdırılmasının) müvafiq prosedurlara və standartlara uyğun təmin edilməsi. -Şüşə lifli polimer (FRP) boruların kəsilməsi, konusvari və düz yonulması, cilalanması, zimpara ilə yonulmasi, parça ilə təmizlənməsi və yapışqanla birləşdirilməsi, istilik döşəkçələri ilə qurudulması, boltla bağlanan flans birləşmələrin quraşdırılması və bərkidilməsinin təmin edilməsi; -Şüşə liflli polimer (FRP) borularının emalatxana və sahədə izolyasiya edilməsi, sahədə qaynaq edildikdən sonra sahə qaynaqlarının izolyasiya ilə üstüstə sarılması, boruların sahədə quraşdın İmasından sonra test edilməsi və ondakı qüsurların bərpasının təmin edilməsi. Boru işləri üzrə nəzarətçi, boru işləri üzrə baş nəzarətçi, lifli polimer (FRP) boru işləri üzrə baş nəzarətçi (bu vəzifə üzrə işlər iş icraçısı vəzifəsinin işləri ilə eynidir)vəzifələri üzrə: -Lifli polimer (FRP) boru sistemlərinin cizgilərə əsasən işlənib hazırlanması, birləşdirilməsi işlərinin icrasının təmin edilməsi, bu işlərə bilavasitə nəzarət edilməsi; -İş paketlərinə görə material tələbi hazırlaması və qeydiyyatının aparılması; -Şüşə liflli polimer (FRP) boruların kəsilməsi, konusvari və düz yonulması, cilalanması, zimpara ilə yonulmasi, parça ilə təmizlənməsi və yapışqanla birləşdirilməsi, istilik döşəkçələri ilə qurudulması, boltla bağlanan flans birləşmələrin quraşdırılması və bərkidilməsinin təmin edilməsi; -hazırlanmış lifli polimer (FRP) boru sistmlərini yoxlanılması və hesabat hazırlayıb istehsalat rəhbərinə təqdim edilməsi. -Şüşə liflli polimer (FRP) borularının emalatxana və sahədə izolyasiya edilməsi, sahədə qaynaq edildikdən sonra sahə qaynaqlarının izolyasiya ilə üst-üstə sarılması, boruların sahədə quraşdın İmasından sonra test edilməsi və ondakı qüsurların bərpasının təmin edilməsi. tamamlama işlərinin həyata keçirilməsi, sistemin sahəyə verilməsi, platformaya daşınması və quraşdırma işlərinin aparılmasına nəzarət edilməsi. İddiaçı göstərilən dövr ərzində qeyd olunan vəzifələrdə işləyərkən lifli polimer (FRP) borularla və müxtəlif odadavamlı izolyasiya, yapışqan materialları ilə sıx təmasda olmuşdur (Məktuba əlavə edilir həmin materiallar haqqında məlumatlar-3 vərəq). İddiaçı göstərilən dövrlərdə işlədiyi vəzifələr üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 Ne-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bəndində “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında nəzərdə tutulmuş b) mütəxəssislər bölməsinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır.” İş materiallarından görünür ki, SOCAR məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi 23.08.2021-ci il tarixli məktubunda göstərmişdir: “quraşdırıcı peşəsi üzrə işçilərin əmək funksiyası ayrı-ayrı elementlərdən və düyünlərdən ibarət qurğu konstruksiyalarının yığılmasında xüsusi mürəkkəb metalkonstruksiya qovşaqlarının qaynaq edilməsi və pərçimlənməsi, polad və dəmir-beton konstruksiya elementlərinin müxtəlif vəziyyətlərdə və müxtəlif hündürlüklərdə quraşdırılması kimi işlərdən ibarətdir. Quraşdırıcı çilingər peşəsi üzrə isə işçilərin əmək funksiyası eskizlərin və yığma sxemlərinin tərtib edilməsi, cizgilərə və yığma sxemlərinə əsasən universal və xüsusi alətlər, şablonlar tətbiq etməklə mürəkkəb metalkonstruksiya qovşaqlarının yığılması, metalkonstruksiyalarin mürəkkəb baza detallarının və qovşaqlarının quraşdırılması üçün yerlərin nişanlanması, metalkonstruksiya detallarının və qovşaqlarının düzləndirilməsi, pnevmatik cilalayıcı əl maşını ilə qaynaq yerlərinin təmizlənməsi kimi işlərdən ibarətdir. Əlavə olaraq bildiririk ki, SOCAR-ın İş yerlərinin attestasiyasını aparan müəsisəsi tərəfindən “quraşdırıcı” və “quraşdırıcı çilingər” peşələri eyni dərəcədə zərərli iş kimi qiymətləndirilmiş və bu peşələrdə işləyən işçilərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” 22.08.2002-ci il tarixli 137 N-li qərarına əsasən tarif maaşının 8%-i qədər əlavə əmək haqqı ödənilmişdir.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahının “XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində “polad və dəmir-beton konstruksiyaların quraşdırması üzrə quraşdırıcılar” (kod 2290000a—14612), “yeni tikinti və quraşdırma işlərinin ustaları” (kod 2290000b—23419) nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli Qərarı qüvvədən düşmüş hesab edilmişdir. Siyahının (23.01.2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş) “35. Ümumi peşələr” bölməsində “təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, iş materiallarında olan əmək kitabçasının surətindən, həmçinin "xxxx"QSC-nin məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi məktubdan göründüyü kimi 21 iyul 2016-cı ilədək iddiaçının hərbi xidmət dövrü də nəzərə alınmaqla, 25 ildən artıq (35 il 07 ay 22 gün) ümumi iş stajı, həmçinin 12 il 6 aydan artıq (18 il 02 ay 20 gün) güzəştli iş stajı mövcud olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Məhkəmə hesab edir ki, pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, hərbi xidmət müddətinin əmək stajına daxil edilməsi məsələsi hərbi xidmət keçdiyi vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət müddəti də daxil edilir. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçı 2017-ci il iyulun 1-dək 25 il sığorta stajına malik olduğundan və bu müddətin azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq siyahısında nəzərdə tutulan işlərdə işlədiyindən, həmçinin 21.07.2016-cı il tarixdə 57 yaşı tamam olduğundan, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 2017-ci il iyulun 1-dək qüvvədə olan 9.1-ci maddəsinə əsasən əmək pensiyası təyin edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə (2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyası) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Beləliklə, məhkəmənin qənaətinə görə İddiaçı 01.07.2017-ci il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, İddiaçı əmək pensiyası «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən 57 yaşdan təyin olunmalıdır. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 01.01.2018-ci il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. İddiaçı 01.01.2018-ci il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar