Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-903/2023 14.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Abıyevin sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Bakı şəhər 2 saylı Vəkil Bürosunun vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi-X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmaqla çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, E.Rüstəmov küçəsində yerləşən dəqiq ölçüsü 442.2 kv. metr olan torpaq sahəsinə onun mülkiyyət hüququnun dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin "Vətəndaş İddiaçı mülkiyyətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə alqı-satqı yolu ilə torpaq sahəsinin satılması haqqında" xx.xx.2007-ci il tarixli 29/30 №-li qərarı ilə Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlığın inkişafına yardım göstərilməsi barədə” məlum Fərmanına əsasən yeni iş yerlərinin açılmasını təmin etmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, E.Rüstəmov küçəsində yerləşən 400 kv. metr torpaq sahəsi alqı-satqı yolu ilə onun xüsusi mülkiyyətinə verilmişdir. Bu qərara uyğun olaraq Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsi ilə aralarında “Torpağın alqı-satqısına dair” xx.xx.2007-ci il tarixli akt imzalanmış, həmin akta əsasən torpaq sahəsinin nəzərdə tutulan satış məbləği bələdiyyənin hesabına ödənilmiş, əvəzində haqqında danışılan torpaq sahəsi alqı- satqı yolu ilə onun xüsusi mülkiyyətinə keçmişdir. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin akta əlavə etdiyi “Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerləşdiyi ərazinin” təsdiq olunmuş planına əsasən Xanciqazova onun xüsusi mülkiyyətinə keçən torpaq sahəsi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin ərazisində, E.Rüstəmov küçəsində 100 saylı orta məktəbin qarşısında 400 kv. metr ölçüdədir. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, RB-A/330 №-li arayışından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 29/30 №-li qərarına əsasən M.Ə.Rəsulzadə qəsəbəsi, E.Rüstəmov küçəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə alqı-satqı yolu ilə vətəndaş onun mülkiyyətinə verilmiş 400 kv. metr torpaq sahəsinə görə 2007-2021-ci illər üzrə hesablanmış vergi məbləği və rüsumlar onun tərəfindən bələdiyyənin büdcəsinə tam ödənilmiş, buna görə də İddiaçı 2021-ci ilin sonunadək M.Ə.Rəsulzadə bələdiyyəsinin büdcəsinə vergi borcu yoxdur. Hazırda ərazisində sahibkarlıq subyekti kimi fəaliyyət göstərilən barəsində söz açılan torpaq sahəsinin konkret ölçüsünü əks etdirən eskizdən görünür ki, onun 2007-ci ildə aldığı və faktiki istifadəsində olan torpaq sahəsinin dəqiq ölçüsü 442.2 kv. metrdir. Həmin torpaq sahəsinin qonşuluğunda, yəni eyni ünvanda - ünvan 1ən sahibkarlıq faəliyyəti ilə məşğul olmaq üçün nəzərdə tutulmuş 0.03 ha torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən **********52 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən” çıxarış əsasında 99 illik icarə müqaviləsi əsasında onun qanuni sahibliyində və istifadəsindədir. Həmin torpaq sahəsi üzərində isə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən **********52-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən” Çıxarış əsasında xüsusi mülkiyyət hüququ ilə ona məxsus iki mərtəbəli, 616.3 kv. metr sahəsi olan sahibkarlıq təyinatlı qeyriyaşayış binası mövcuddur. Qeyd edilənlərdən aydın olur ki, həmin torpaq sahəsinə dair mülkiyyət hüququnun bütün komponentlərini - əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarını təsdiqləyən rəsmi sənədlər mövcuddur. Göstərilənləri nəzərə alaraq mülkiyyət hüququnun DƏDRX-də qeydiyyata alınması və ona çıxarışın verilməsindən ötrü tərəfindən qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsinə müraciət olunmuşdur. Adı çəkilən idarənin xx.xx.2022-ci il tarixli, **********65 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, tərəfindən təqdim edilən torpağın alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydiyyata alınmadığından Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, E.Rüstəmov küçəsində yerləşən haqqqında danışılan torpaq sahəsinə dair çıxarışın verilməsi xahişi barədə ərizənin icrası mümkün olmamışdır. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 31 mart 2022-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, məhkəmənin 2-1(112)- 4977/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi rayon M.Ə.Rəsulzadə Bələdiyyəsi, xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2022-ci il tarixdə cavabdehin iddia ilə bağlı yazılı münasibəti (etiraz) məhkəməyə daxil olmuşdur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli, **********62 №li iddia ərizəsinə dair etirazda göstərilmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinin mülkiyyətə verilməsinə dair Bələdiyyənin qərarı və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş alqı-satqı aktı təqdim edilməmişdir. Bundan başqa, torpaq sahəsinin ayrılmasına dair cizgidə istinad və məsafələr qeyd edilməmiş, perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Həmçinin elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsidir. Bundan əlavə, göstərilən sahəyə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin müraciəti daxil olmuşdur. Eyni zamanda sözügedən daşınmaz əmlaka xx.xx.2022-ci il tarixdə yerində aparılmış müayinə (baxış) zamanı müəyyən olunmuşdur ki, torpaq sahəsinin ölçüsü sənəd üzrə 400 kv. metr, faktiki 427 kv.m təşkil edir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********65 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Göstərilən ərazi məktəb sahəsinin ətrafında yolkənarı yaşıllıq sahəsidir. Bundan başqa, torpaq sahəsinin üzərində qeyri-yaşayış binası mövcuddur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş üçüncü şəxslər nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etmədiklərindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X6 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №li Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, əvvəlcə eyni tələblə cavabdeh inzibati orqana, daha sonra isə qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları İş materiallarında olan; Məhkəmənin müvafiq sorğularına əsasən məhkəməyə təqdim olunmuş: Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin RB/d-196 №-li, xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən vətəndaş İddiaçı adına verilmiş xx.xx.2007-ci il tarixli, 29/30 saylı qərar və həmin qərarın verilməsinə əsas olan müvafiq təsdiqedici sənədlər “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən daimi saxlanılmalı sənədlər olaraq mühafizə olunması üçün Milli Arxiv İdarəsinə təhvil verildiyindən aidiyyəti üzrə müraciət olunması tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin 09\3-96 №-li, xx.xx.2022-ci il tarixli məktubunda M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 29/30 nömrəli qərarının Bələdiyyələrlə iş mərkəzində aşkar olunmadığı qeyd olunmuşdur. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının BA-04090-2022 №-li, 05 iyul 2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş: Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 29/30 №-li 20 sentyabr 2007-ci il tarixli qərarı ilə, Bakı şəhəri, ünvan 2-də yaşayan vətəndaş İddiaçı xx.xx.2007-ci il tarixli ərizəsinə, bələdiyyənin Yerli iqtisadi inkişaf daimi komissiyasının xx.xx.2007-ci il tarixli 06 saylı iclas protokolunun qərarına əsasən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, E.Rüstəmov küçəsində yerləşən 400 kv. metr torpaq sahəsinin Binəqədi RİH-nin memarlıq xidməti tərəfindən razılaşdırılmış ərazinin planlaşdırılması və tikinti layihəsinə uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə alqı-satqı yolu ilə vətəndaş İddiaçı mülkiyyətinə verilməsi qərara alınmışdır. Torpaqların alqı-satqısına dair 20 sentyabr 2007-ci il tarixli aktında İddiaçı M.Ə.Rəsulzadə Bələdiyyəsinin "xxxx" ASC-nin **********101 saylı hesabına 10.000 (on min) manat ödədiyi qeyd olunmuşdur. Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən Azadlıq prospektinin sol tərəfində E.Rüstəmov küçəsində İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerləşdiyi ərazinin planı tərtib olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********82 №-li, xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş: Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 138 №-li Qərarı ilə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, E.Rüstəmov küçəsi, ev 22-də yaşayan vətəndaş X1 Bakı şəhər İH-nin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.1999-cu il tarixli 18/03 г-8/1304 saylı məktubu əsasında Binəqədi RİHBnin xx.xx.1998-ci il tarixli 621 saylı sərəncamı ilə M.Ə.Rəsulzadə qəsəbəsi E.Rüstəmov küçəsində 22 saylı evin qarşısında istifadəsinə ayrılmış torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə obyekt tikintisi üçün uzunmüddətli icarə qaydasında istifadəsinə ayrılması barədə xx.xx.2003-cü il tarixli ərizəsinə, bələdiyyənin Yerli büdcə və iqtisadi inkişaf məsələləri daimi komissiyasının xx.xx.2003-cü il tarixli rəyinə əsasən Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Azadlıq prospektinin sol tərəfində yerləşən 300 kv. metr torpaq sahəsi Binəqədi RİH-nin memarlıq xidməti tərəfindən razılşadırılmış ərazinin planlaşdırılması və tikinti layihəsinə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə obyekt tikintisi üçün uzunmüddətli icarə qaydasında vətəndaş X1 istifadəsinə ayrılması qərara alınmışdır. Torpaq sahəsinin icarəyə verilməsi haqqında 03/19 №-li, xx.xx.2003-cü il tarixli “Torpaq icarə müqaviləsi”ndən müəyyən olunur ki, M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 138 saylı qərarı əsasında “İcarəyəverən” Binəqədi rayon M.Ə.Rəsulzadə bələdiyyəsi ilə “İcarəçi” X4 arasında 300 kv. metr torpaq sahəsinin 99 (doxsan doqquz) il müddətinə sonuncunun istifadəsinə verilməsinə dair Torpaq icarə müqaviləsi bağlanmışdır. Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinə ünvanladığı 02/12-11-32/18 №-li, xx.xx.2018-ci il tarixli məktubda qeyd olunmuşdur ki, ünvan 2 ünvanında yaşayan vətəndaş İddiaçı tərəfindən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, E.Rüstəmov küçəsi, 22B inşa olunmuş 2 (iki) mərtəbəli qeyri-yaşayış sahəsinin rəsmiləşdirilməsinə etirazlarının olmadığı qeyd olunmuşdur. İstifadədə olan tikinti obyektinin mövcud vəziyyətdə istismarına 19 №-li, 13 fevral 2018-ci il tarixli İcazədən müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən 2 (iki) mərtəbəli qeyri-yaşayış sahəsi təqdim olunmuş sənədlərə əsasən tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyü nəzərə alaraq 13 fevral 2018-ci il tarixində İddiaçı 2 (iki) mərtəbəli yaşayış sahəsinin istismarına icazə verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* №-li çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Elman Rüstəmov küçəsi, 22B saylı sahə/ 0.03 ha torpaq sahəsi Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbə bələdiyyəsinin 138 saylı xx.xx.2003-cü il tarixli sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarə müqaviləsinə əsasən 99 il müddətinə icarə hüququ xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 706 nömrəli reyestr kitabının 66835 nömrəli vərəqində İddiaçı adına qeydə alınmışdır. RX seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında, istifadədə olan 0.03 ha torpaq sahəsində yerləşən 616.3 kv. metr qeyri-yaşayış binası İddiaçı adına Daşınmaz əmlakın dövlət reyestrində 81 nömrəli kitabının 7710 nömrəli vərəqində xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən 05 aprel 2018-ci il tarixli müayinə aktında, torpaq sahəsinin faktiki ölçüsünün 593,8 kv.m olduğu qeyd olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin MİHO/2.1.1-2-2022-3033 №-li, 15 iyul 2022-ci il tarixli məktubunda Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar olunmadığı qeyd olunmudur. İddiaçının torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı etdiyi müraciətə cavab olaraq, DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********65 №li xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, E.Rüstəmov küçəsində torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2022-ci il tarixli ********** nörməli müraciətinə baxılmışdır. Tərəflərindən təqdim edilmiş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydiyyata alınmamışdır. Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) aktının surətindən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, E.Rüstəmov küçəsi ünvanında yerləşən torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 400 kv. metr, faktiki sahəsi 427 kv. metr təşkil edir. Torpaq sahəsinin sərhədləri və qonşuları: faktiki göstərilən torpaq sahəsi bir tərəfdən metal barmaqlıqlarla, iki tərəfdən qonşu sahə üzərində mövcud olan tikilinin çöl divarı ilə, bir tərəfdən mişar daşı üzəri metal lövhələrlə və metal barmaqlıqlarla, bir tərfədən 1 səki daşı, bir tərəfdən 1 səki daşı və metal barmaqlıqlarla sərhədləndirilmişdir. Faktiki göstərilən torpaq sahəsi üzərində qeyri-yaşayış obyekti olan 4 ədəd kafe taxta konstruksiyalı istirahət otaqları inşa olunmuşdur. Qeyd: Faktiki göstərilən torpaq sahəsi müəyyən hissələrdən metal barmaqlıqlarla iki hissəyə ayrıldığı, faktiki göstərilən torpaq sahəsinin bir tərfədən 100 №-li orta məktəblə həmsərhəd olduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/6633 saylı ekspert rəyindən görünür ki, ekspert qarşısında qoyulan suallar üzrə aşağıdakı nəticəyə gəlmişdir: 1) Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən “torpaq sahəsinin satılması haqqında” xx.xx.2007-ci il tarixli 29/30 №-li qərarı ilə vətəndaş İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə ayrılmış, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən torpaq sahəsinin faktiki ölçüsünün 427 kv.m olduğu müəyyən edilmişdir. 2) Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən “torpaq sahəsinin satılması haqqında” xx.xx.2007-ci il tarixli 29/30 №-li qərarı ilə vətəndaş İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə ayrılmış, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, E.Rüstəmov küçəsində yerləşən torpaq sahəsinin Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin ərazisinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. 3) Bakı şəhəri, Binəqədi rayonu,M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən “torpaq sahəsinin satılması haqqında” xx.xx.2007-ci il tarixli 29/30 №-li qərarı ilə vətəndaş İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, E.Rüstəmov küçəsində yerləşən torpaq sahəsinin faktiki olaraq boş torpaq sahəsi olmasını nəzərə alaraq, həmin torpaq sahəsinin digər fiziki və ya hüquqi şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. DƏDKRX 1 saylı Bakı Ərazi İdarəsinin **********09 №li xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş mütəxəssis rəyində məhkəmənin qərardadında qeyd edilmiş suallara aşağıdakı cavab verilmişdir: Faktiki olaraq göstərilən torpaq sahəsi 427,0 kv. metr təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyətindədir. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Faktiki göstərilən sahənin qeydiyyata alınması və hər hansı bir üst-üstə düşmə ilə bağlı vahid elektron kadastr bazasında məlumat aşkar edilməmişdir. Sözügedən sahə 100 saylı orta məktəblə hasar qonşusu olmaqla dövlət mülkiyyəti torpağıdır (yaşıllıq sahə olmaqla, daxilindən 277 mm-lik orta təzyiqli qaz xətti keçir). Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır (maddə 2.1). İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür (maddə 2.2). Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, məqsədli təyinatına və hüquqi rejiminə görə bələdiyyə torpaqlarının tərkibinə bütün kateqoriyalardan olan torpaqlar daxil edilə bilər (maddə 2.3). Müəyyən kateqoriyaya aid edilmiş bələdiyyə torpaqlarının başqa məqsədlər üçün istifadəsinə yalnız məqsədli təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər (maddə 2.4). Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır (maddə 4.0). qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək (4.0.1); müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək (4.0.2); yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanmasını və həyata keçirilməsini öz səlahiyyətləri daxilində təşkil etmək (4.0.3); bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını almaq (4.0.4); ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırmaq (4.0.5); bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq, təsdiq etmək və onları həyata keçirmək (4.0.6); hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən torpaq sahələrinin minimum həddini müəyyən etmək (4.0.7); bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda torpaq hərraclarından və xüsusi mülkiyyətçilərdən torpaq sahələri almaq, habelə dövlət mülkiyyətindən torpaq alınması barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırmaq (4.0.8); bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək (4.0.9); bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələri həll etmək (4.0.10); öz səlahiyyətləri daxilində torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını müdafiə etmək (4.0.11); Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək (4.0.12). Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir (maddə 6.1). Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur (maddə 6.2). Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir (1-ci cümlənin xx.xx.2008-ci il tarixədək olan redaksiyası - Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir) (maddə 6.5). Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır (maddə 6.9). Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər (maddə 9.1 xx.xx.2008-ci il tarixədək olan redaksiyası). Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin: 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir; 5-ci bəndinə əsasən bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2- 4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin istifadəsinə, icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşutəsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (4-cü cümlənin xx.xx.2008-ci il tarixədək olan redaksiyası - Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir). Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş "Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 19 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publik-hüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə "İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1 -ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, "İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq- planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, "İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır ("İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. "İnzibati icraat haqqında” Qanunun 13.1 -ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur”. Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”nda göstərilmişdir ki; 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 27 iyul tarixli 308 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları”na və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunu aparmaq məqsədi ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması mexanizmini müəyyən edir. 1.2. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin (bundan sonra – sistem) yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. DƏDKRX 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən mübahisəli torpaq sahəsinə dair tərtib olunmuş mütəxəssis rəyindən müəyyən olunur ki, faktiki olaraq göstərilən torpaq sahəsi 427,0 kv. metr təşkil etməklə, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyətindədir. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Faktiki göstərilən sahənin qeydiyyata alınması və hər hansı bir üst-üstə düşmə ilə bağlı vahid elektron kadastr bazasında məlumat aşkar edilməmişdir. Sözügedən sahə 100 saylı orta məktəblə hasar qonşusu olmaqla dövlət mülkiyyəti torpağıdır (yaşıllıq sahə olmaqla, daxilindən 277 mm-lik orta təzyiqli qaz xətti keçir). Göründüyü kimi Bələdiyyə tərəfindən mübahisəli torpaq sahəsi üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadığı halda, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, E.Rüstəmov küçəsində yerləşən dövlət mülkiyyəti torpağı olan 400 kv. metr torpaq sahəsinin alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi) daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasların dairəsini konkret müəyyən edir. Qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının mübahisəli əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcuddur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İPM-nin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 50 (əlli) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 50 (əlli) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-903/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-903/2023
14.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver