Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9033/2024 27.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X6, Gülalıyeva (Kərimova) Fədayə Rayif qızı, X8, X7 və X2) “qeydiyyatdan çıxarılma“ iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Binəqədi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı məhkəmədə iddia qaldıraraq, X6, Gülalıyeva (Kərimova) Fədayə Rayif qızı, X8, X7 və X1 Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanı iddiaçı olaraq İddiaçı bağışlama müqaviləsi əsasında keçmiş, xx.xx.2011-ci ildə həmin mənzilə mülkiyyət hüququ tanınmışdır və onun adına çıxarış verilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4090/94-cü məhəllə, Sülh küçəsi, ev 6, 122 saylı mənzildə iddiaçı və ailəsi yaşayırlar. İddiaçı bildirir ki, qeydiyyatdan çıxarmaq istədiyi şəxslər qardaşı və onun ailə üzvləridir. Onların qeydiyyata düşməyə yerləri olmadığı üçün müvəqqəti olaraq iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanındakı evə qeydiyyata düşmüşlər. Lakin bu günə kimi həmin şəxslər həmin evdə heç vaxt yaşamamışlar. Bu yaxınlarda iddiaçı MKİS-nə müraciət edərək, mənzilindən həmin şəxslərin qeydiyyyatdan çıxdığına əmin olmaq istəmişdir. Lakin ona şifahi olaraq bildiriblər ki, üçüncü şəxslər X6, Gülalıyeva (Kərimova) Fədayə Rayif qızı, X8, X2 və X7 hələ də onun mənzilində posport qeydiyyatındadırlar. Qeydiyyatdan çıxarmaq istədiyi şəxslər qardaşı və onun ailəsidir və həmin şəxslər qeydiyyatda olduğu Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yaşamırlar. Qeydiyyatdan çıxarmaq istədiyi şəxslərin qeydiyyata müvəqqəti düşmələrinə icazə verərkən, onlar mənzildən bir neçə aya qeydiyyatdan çıxmağı öz öhdələrinə götürmüşdürlər. Lakin bütün bunlara baxmayaraq, indiyə qədər mənzildə pasport qeydiyyatındadırlar. Mənzilin bütün kommunal xərclərini iddiaçı olaraq İddiaçı ödəyir. Həmin şəxslərin onun evində qeydiyyatda qalmaları iddiaçıya maddi cəhətdən ziyan vurduğundan əlavə kommunal xərcləri ödəmək məcburiyyətində qalır və mənzilinə mülkiyyət hüquqlarından istifadə edə bilmir. Ona görə də X6, Gülalıyeva (Kərimova) Fədayə Rayif qızı, X8, X2 və X3 ona məxsus evdən istifadə hüququ itirilməlidir. İddiaçı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999cu il tarixli qərarında qeyd edildiyi kimi icarədar və ya onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edir. AR Mənzil Məcəlləsinin 61-ci maddəsinə əsasən istifadə hüququ müvəqqəti başqa yerə getmiş vətəndaş üçün saxlanılan mənzil sahəsi artıq mənzil sahəsi sayılmır. AR Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən icarədar daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onun getdiyi və ya köçdüyü gündən pozulmuş hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə və Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ, subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bakı şəhər Sabunçu Rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi bölməsinə X6, Gülalıyeva (Kərimova) Fədayə Rayif qızı, X8, X2 və X3 qeydiyyatdan çıxarılması üçün iddiaçı tərəfindən ərizə ilə müraciət edilmişdir. Lakin ona imtina verilmişdir. İddiaçı X6, Gülalıyeva (Kərimova) Fədayə Rayif qızı, X8, X2 və X3 qeydiyyatdan çıxarılmalarının Bakı şəhər Sabunçu Rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi bölməsinin vəzifəsi olduğunu bildirsə də, onlar iddiaçıya bu məsələnin səlahiyyətlərində olmadığını bildiriblər və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq əmrinin tələblərinə uyğun olaraq, vətəndaşların qeydiyyatdan çıxarılmasının şəxsin öz razılığı əsasında, əks halda məhkəmənin qərarı əsasında həyata keçirildiyini qeyd ediblər. Odur ki, üçüncü şəxslərin iddiaçının mənzilindən qeydiyyatdan çıxarılması üçün inzibati məhkəməyə müraciət etməsinin məqsədəmüvafiq olduğu bildirilmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət edərək, üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
3. Cavabdeh Sabunçu rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmədən məhkəmə iclasında cavabdeh qurumun iştirakı olmadan keçirilərək qərar qəbul edilməsi xahiş edilmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı, cavabdeh və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
5. Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.
6. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilin mülkiyyətçisidir.
7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır
8. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
9. Məhkəmənin iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə X6, Gülalıyeva (Kərimova) Fədayə Rayif qızı, X8, X7 və X2 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb olunmuşdurlar.
10. Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçının üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasına dair müraciətinə baxılmış, müraciətinin təmin edilməsindən imtina edilmiş və göstərilən məsələ ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət edilməsi tövsiyə olunmuşdur.
11. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X6 (xx.xx.1980-ci il təvəllüdlü), X4 (xx.xx.1987-ci il təvəllüdlü), X8 (xx.xx.2011-ci il təvəllüdlü), X7 (xx.xx.2016cı il təvəllüdlü) və X2 (xx.xx.2007-ci il təvəllüdlü) ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.
12. ƏMDK DƏDRX publik hüquqi şəxsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışının surətindən görünür ki, ünvan 4 ünvanına xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır.
13. Azərbaycan Respublikası Bakı Şəhəri İcra hakimiyyəti Başçısının Aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilən xx.xx.2002-ci il tarixli texniki pasportda ünvan 4 ünvanının mülkiyyətçisinin X9 olduğu göstərilmişdir.
14. Azərbaycan Respublikası Bakı Şəhəri İcra hakimiyyəti Sabunçu rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 47 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilən 67 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X6 ünvan 4 ünvanında qeydiyyatda olmasına baxmayaraq, 2002-ci ildən ailəsi ilə birlikdə həmin mənzildə yaşamır.
15. Azərbaycan Respublikası Bakı Şəhəri Sabunçu rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 160 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilən 383 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X6 160 nömrəli MKİS-in ərazisində yerləşən T.Əsgərli küçəsində, bina 13, mənzil 45 ünvanında qeydiyyatsız yaşayır.
IV. Məhkəmənin mövqeyi
16. ünvan 5əhəllə 4090/94, ev 6, 122 saylı mənzil ünvanında üçüncü şəxslər (iddiaçının qardaşı və onun ailə üzvləri) hazırda faktiki olaraq yaşamırlar.
17. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.
20. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə edilən hüquqi mövqeyinə əsasən: ...Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciət edənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur...
21. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. 30.6. Məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı əsasında yaşayış sahəsindən istifadə edən keçmiş ailə üzvü bu Məcəllənin 30.2-30.4-cü maddələrində nəzərdə tutulmuş vəzifə və məsuliyyəti daşıyır.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. - Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.
23. Məhkəmə nəzərə alır ki, X6, Gülalıyeva (Kərimova) Fədayə Rayif qızı, X8, X7 və X2 iddiaçının qardaşı və onun ailə üzvləri olduğundan həmin yaşayış sahəsindən istifadə hüququ olmayan şəxslər olmadıqlarını müəyyən etməyə səlahiyyətli deyil.
24. İddiaçı mümkünlük şərtlərinə cavab verən iddia predmeti üzrə inzibati məhkəməyə müraciət etdiyindən arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsini seçmədiyini və konkret halda hüquqi müdafiəyə ehtiyacı olmadığını iddia etmək olmaz. Lakin məhkəmə hesab edir ki, üçüncü şəxslər X6, Gülalıyeva (Kərimova) Fədayə Rayif qızı, X8, X7 və X2 qüvvədə olan məhkəmə aktına əsasən “yaşayış sahəsinə istifadə hüququ olmayan şəxslər” hesab olunmadıqları üçün cavabdeh qurumun hazırkı imtinası qanunsuz deyil.
25. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva