Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9036/2022 29.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı, Üçüncü şəxslərin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X3 və X12) “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X1 və X5 mülkiyyətində olan Lökbatan qəsəbəsi, 2-ci Bünyadzadə küçəsində yerləşən 10 saylı binanın 3-cü mənzilinə olan qeydiyyatlarının silinməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-7205/2021 saylı qərarına əsasən azyaşlı xx.xx.2010-cu il təvəllüdlü X1 və azyaşlı xx.xx.2014-cü il təvəllüdlü X5 anaları Qanuni nümayəndə mülkiyyətində olan Bakı şəhəri, Lökbatan qəsəbəsi, 2-ci Bünyadzadə küçəsi, 10 saylı evin 2-ci mənzilinə olan qeydiyyatının silinməsi öhdəliyinin Qaradağ Rayon Polis İdarəsinin üzərinə qoyulmuş və sonuncu tərəfindən həmin qərar icra olunmuşdur. Belə ki, Qanuni nümayəndə iddiaçının qardaşı Yusifin həyat yoldaşı olmuş, uşaqları anadan olduqdan bir müddət sonra məhkəmə yolu ilə boşanmışlar. Hazırda yuxarıda qeyd etdiyi mənzil anası tərəfindən iddiaçıya bağışlanmış, həmin evə mülkiyyət hüququ rəsmiləşdirilmişdir. Həmin evdə qardaşıyla Rəvanənin yuxarıda adlarını qeyd edilən azyaşlı uşaqları da qeydiyyatdadırlar. Analarının qeydiyyatının silinməsi ilə bağlı iddia ərizəsində uşaqların da bu mənzilə qeydiyyatlarının silinməsi iddia ərizəsini tərtib edən vəkilin yanlışı ucbatından göstərilməmiş, bu səbəbdən də məhkəmə çıxardığı qətnamədə yalnız analarının qeydiyyatının silinməsi öhdəliyini cavabdehin üzərinə vəzifə kimi qoymuşdur. Uşaqlar məhkəmə tərəfindən analarının himayəsinə verilmişlər. Onlar beş ilə yaxındır ki, həmin mənzildə yaşamır, anaları ilə birlikdə Korgöz qəsəbəsində yaşayırlar. Onların yetkinlik yaşlarına çatana qədər analarının xeyrinə aliment ödənilməsi öhdəliyi məhkəmə tərəfindən qardaşının üzərinə qoyulmuşdur. Göründüyü kimi Qanuni nümayəndə qeydiyyatı mülkiyyətində olan həmin mənzildən silinsə də, ancaq himayəsində olan və onunla birlikdə tamam başqa ünvanda yaşayan uşaqlarının qeydiyyatı iddiaçıya məxsus mənzildə hələ də qalır. Qardaşı Yusifin uşaqları analarının himayəsinə verildiyi və mülkiyyətində olan bu mənzildə uzun müddətdir yaşamadıqları üçün onların qeydiyyatları bu mənzildən silinməli, anaları ilə birlikdə yaşadıqları ünvana qeydiyyata alınmalıdırlar. Mənzil ödənişləri ilə bağlı əlavə xərcləri iddiaçı ödəyir. Qeydiyyatla bağlı qanunvericiliyin tələblərinə əsasən hər kəs faktiki daimi yaşadığı yerdə qeydiyyata alınmalıdır. Uşaqların iddiaçının mənzilinə qeydiyyatlarının silinməsi haqda yazılı xahişinə cavabdeh imtina vermiş və məktubda aidiyyəti məhkəməyə müraciət etməyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqan iddia ərizəsi ilə bağlı etirazını məhkəməyə təqdim etməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9036/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə X3 və X12 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslərin qanuni nümayəndəsi iddia ərizəsinə etiraz edərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada cavabdehə məhkəmə bildirişi göndərilmiş, lakin nümayəndəsi vasitəsilə məhkəmədə təmsil olunmamışdır. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci Bünyadzadə döngəsi, ev 10, 3 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş AZ-İİ 491232 nömrəli, xx.xx.2010-cu il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən X3 xx.xx.2010-cu ildə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə 1350 nömrəsi ilə qeyd edilmişdir. X4, anası Qanuni nümayəndədır. İş materiallarına əlavə edilmiş AZ-İİİ 274178 nömrəli, xx.xx.2014-cu il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən X12 xx.xx.2014-cü ildə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 490 nömrəsi ilə qeyd edilmişdir. X4, anası Qanuni nümayəndədır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 277/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, X14 ilə Qanuni nümayəndə arasında 18 avqust 2009-cu il tarixdə Qaradağ rayon Qeydiyyat şöbəsində 662 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra 29 iyun 2010-cu il təvəllüdlü X1 və 08 fevral 2014-cü il təvəllüdlü X5 anaları Qanuni nümayəndə yanında qalmalarının müəyyən edilməsi qət edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-841/2020 nömrəli, 12 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Qanuni nümayəndə cavabdehlər X9 və X10 qarşı mənzilə köçürmə, mənzildən istifadə qaydalarının müəyyən olunması, həmin mənzilin əşyalarının yerləşdiyi otağın onun istifadəsinə verilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, iddiaçı Qanuni nümayəndə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci Bünyadzadə küçəsi, 10 saylı evin 3 saylı mənzilinin əşyalarının yerləşdiyi otağına köçürülməsi, ödənilmiş 10 manat dövlət rüsumunun cavabdeh X6 tutularaq iddiaçı Qanuni nümayəndə ödənilməsi, iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən X15 apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7200/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməsi, hazırkı iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı Qanuni nümayəndə cavabdehlər X9 və X10 qarşı mənzilə köçürmə, mənzildən istifadə qaydalarının müəyyən olunması, həmin mənzilin əşyalarının yerləşdiyi otağının onun istifadəsinə verilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 1452/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçı Qanuni nümayəndə kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 7200/2020 nömrəli iş üzrə 06 oktyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7205/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, ünvan 1 ünvanından üçüncü şəxs 16 yanvar 1988-ci il təvəllüdlü Eyyubova (Məmmədova) Rəvanə Məhərrəm qızının qeydiyyatdan çıxarılması vəzifəsinin Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestriinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********01 nömrəli məktubunda bildirilmişdir ki, X5 və X1 ünvan 1 ünvanında istifadə hüquqlarının qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 069-11581 nömrəli məktubunda bildirilmişdir ki, X3 xx.xx.2016-cı il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci Bünyadzadə küçəsi, ev 10, mənzil 3-ə yaşayış yeri üzrə qeydiyyata alınmışdır. «Daxili İşlər Nazirliyi sistemində istifadə olunan sənədlərin saxlanma yeri və müddətləri haqqında Siyahının təsdiq edilməsi barədə» DİN-in müvafiq əmri ilə təsdiq edilmiş Təlimatın tələblərinə əsasən vətəndaşların yaşayış yeri üzrə qeydiyyata alınması, qeydiyyatdan çıxarılması və onlara şəxsiyyət vəsiqələrinin verilməsinə dair sənədlərin saxlanma müddəti 5 (beş) il müəyyən olunduğu üçün həmin sənədlər müvafiq komissiya tərəfindən yandırma yolu ilə məhv edildiyindən qeyd olunan şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınmasının əsaslarının göndərilməsi mümkün olmamışdır. X12 xx.xx.2018-ci il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci Bünyadzadə küçəsi, ev 10, mənzil 3 ünvanına 3 saylı Bakı Asan Xidmət Mərkəzi tərəfindən yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 069-6845M-3222 nömrəli, xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, X3 və X5 Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci Bünyadzadə döngəsi, ev 10, mənzil 3 ünvanında yerləşən mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına dair ərizənizə Qaradağ Rayon Polis İdarəsinin Qeydiyyat məsələləri bölməsində baxılmışdır. Bildirilir ki, qəbul zamanı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri ilə nəzərdə tutulmuş şəxsin qeydiyyatdan çıxarılmasına əsas olan hallar sizə izah edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən müraciətinizdə göstərilən məsələ ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edə bilərsiniz. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlülüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı hərəkətlərin edilməsi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Həmin Məcəllənin 28.3-cü maddəsinə görə 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Həmin Məcəllənin 35.6-cı maddəsinə görə yetkinlik yaşına çatmayan fiziki şəxslərin qəyyumları və himayəçiləri öz qəyyumluğunda və ya himayəsində olanlarla birlikdə yaşamalıdırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin 14-cü bəndində göstərilmişdir ki, vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Bunun məntiqi davamıdır ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Eyni zamanda müəyyən olunur ki, yetkinlik yaşına çatmayanlar bir qayda olaraq qanuni nümayəndələri ilə birlikdə yaşayırlar. 14 yaşına çatmayanların yaşayış yeri onların qanuni nümayəndələrinin yaşayış yeridir. Qanunverici on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların yaşayış yerini onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin razılığı ilə müəyyən etmişdir. İşin sadalanan hallarından görünür ki, hazırkı halda İddiaçı Lökbatan qəsəbəsi, 2ci Bünyadzadə küçəsində yerləşən 10 saylı binanın 3-cü mənzilinin mülkiyyətçisidir. İddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi üçüncü şəxslər 14 yaşına çatmayanlar X3 və X12 iddiaçının qardaşı X7 azyaşlı övladlarıdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-277/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə X14 ilə Qanuni nümayəndə arasında Qaradağ rayon Qeydiyyat şöbəsində 662 nömrəsi ilə qeydə alınmış nikah pozulmuş, 29 iyun 2010-cu il təvəllüdlü X1 və 08 fevral 2014-cü il təvəllüdlü X5 anaları Qanuni nümayəndə yanında qalmaları qət edilmişdir. Üçüncü şəxslərin qanuni nümayəndəsi, yetkinlik yaşına çatmayanların himayəsinə verildiyi valideyni olan Qanuni nümayəndə cavabdehlər X9 və X10 qarşı mübahisəli mənzilə köçürmə, mənzildən istifadə qaydalarının müəyyən olunması, həmin mənzilin əşyalarının yerləşdiyi otağının onun istifadəsinə verilməsi tələbinə dair iddiası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7200/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Qanuni nümayəndə sözügedən mənzilə istifadə hüququnun olmaması əsası ilə təmin edilməmiş, həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1452/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7205/2021 saylı 14 sentyabr 2021-ci il tarixli qərarı ilə iddiaçı X8 iddia tələbi təmin edilmiş, ünvan 1 ünvanından Eyyubova (Məmmədova) Rəvanə Məhərrəm qızının qeydiyyatdan çıxarılması vəzifəsi cavadeh Qaradağ rayon Polis İdarəsinə həvalə edilmiş, qərar qanuni qüvvəsini almış, bundan sonra Qanuni nümayəndə həmin ünvandan pasport qeydiyyatından çıxarılmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmə qeyd edir ki, Qanunun göstərilən maddəsində birbaşa olaraq mülkiyyətçinin ərizəsi əsasında daşınmaz əmlakla bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanı nəzərdə tutulmamışdır, lakin bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına mane təşkil etməməlidir. Belə ki, Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Qərarında göstərilmişdir ki, “müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Konstitusiyanın mülkiyyət hüququnu nəzərdə tutan normalarını inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirmişdir. Belə ki, Məcəllənin 157-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. X2 Məhkəməsi bu nəticəyə gəlmişdir ki, X2 Məhkəməsi yekunda bu nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər”. Hazırkı halda iddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi üçüncü şəxslər 8 və 12 yaşı olan yetkinlik yaşına çatmayan qardaşının uşaqlarıdır. Onlar iddiaçıya məxsus mübahisəli evdə yaşamırlar. Yetkinlik yaşına çatmayan üçüncü şəxslər qanuni qüvvəsini almış qətnaməylə anaları Qanuni nümayəndə himayəsinə verilmişlər. Sonuncu isə iddiaçıya məxsus sözügedən ünvanda istifadə hüququ olmamaqla həmin ünvanda yaşamır və qeydiyyatda deyil. Uşaqların yaşayış yerinin müəyyən edilməsi ilə bağlı valideynlərin razılığa gəlməsi iş üzrə müəyyən olunmamış, əksinə qətnamə ilə uşaqlar Qanuni nümayəndə himayəsinə verildiyindən hazırki halda uşaqların yaşayış yeri himayəsinə verilmiş anaları Qanuni nümayəndə yaşadığı yer sayılır. Üçüncü şəxs hazırkı halda heç bir ünvan üzrə qeydiyatda olmadığını, bu səbəbdən uşaqların atalarının qeydiyyatda olduqları ünvanda-yəni hazırkı mübahisəli mənzil ünvanda qeydiyyatda qalmalı olduqlarını bildirərək üçüncü şəxslərin qanuni nümayəndəsi kimi iddiaya etirazını bildirmişdir. Məhkəmə üçüncü şəxsin qeyd edilən mövqeyi ilə razılaşmır. Əvvəla qeyd edildiyi kimi hazırda mübahisə predmeti olan mənzil üçüncü şəxslərin atasının deyil, İddiaçı mülkiyyətindədir. Sözügedən mənzildə X7 qeydiyyatda olması ona mülkiyyətçinin razılığı olmadan övladlarını həmin mənzilə köçürməyə və ya eyni əsasla qeydiyyata salmağa, qeydiyyatda saxlamağa əsas vermir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (“Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Bu mənada üçüncü şəxslərin qeydiyyata düşməyə ünvanın olmaması səbəbi hazırkı iddiaçının mülkiyyətçi kimi hüquqlarının məhdudlaşmasına rəvac vermir. Digər tərəfdən uşaqların himayəsində olduqları valideyn Qanuni nümayəndə hazırkı halda hər hansı ünvanda qeydiyyatda olmaması onun himyəsində olan uşaqların iddiaçıya məxsus ünvanda qeydiyyatda saxlanılmalarına da hüquqi zəmin yaratmır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda adıçəkilən 1 və 2-ci maddələrinin əlaqəli təhlilindən görünür ki, qanunverici hər hansı bir şəxsin yaşayış yeri və olduğu yerin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan onun əsas diqqətini özünə daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin ikinci hissəsi də bu məqsədə yönəlmişdir. Belə ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Daimi və ya müvəqqəti yaşayış yeri haqqında qeydiyyat orqanlarının məlumatlandırılması isə vətəndaşın, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin bilavasitə vəzifəsidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndinə görə yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə müvafiq sənədləri təqdim etməlidir. Qeyd edilənlər onu deməyə əsas verir ki, Qanuni nümayəndə (qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7200/2020 nömrəli iş üzrə 06 oktyabr 2020-ci il tarixli qətnaməsində göstərildiyi kimi) Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci Bünyadzadə küçəsi, 10 saylı evin 3 saylı mənzilindən yeni ünvana köçüb getdikdən sonra yaşadığı yeni ünvan üzrə qeydiyyata durmalı idi. Qanuni nümayəndə nə həmin ünvandan köçüb etdikdən sonra, nə də mübahisəli ünvandan qeydiyyatdan çıxarıldıqdan sonra bu zamana kimi hər hansı ünvana qeydiyyata düşməmiş, himayəsində olan uşaqlarını qanunla onun yaşayış yeri olan yeni ünvan üzrə qeydiyyata aldırmamışdır. Qeydiyyata düşmək Qanuni nümayəndə vəzifəsi olduğundan, onun bu vəzifəsini yerinə yetirməməsi və ya vaxtında yerinə yetirməməsi himayəsinə verilmiş uşaqları mübahisəli ünvanda qeydiyyatda saxlamaq üçün hüquqdan sui istifadəyə və hazırkı mülkiyyətçinin isə mülkiyyət hüquqlarının məhdudlaşmasına gətirib çıxarmamalıdır. Beləliklə, müəyyən olunur ki, üçüncü şəxslər faktiki yaşamadıqları və qanunla yaşayış yeri hesab olunmayan ünvan üzrə qeydiyyatdadırlar. Belə olan halda iddiaçı onunla birgə yaşamayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş, cavabdeh Qaradağ Rayon Polis İdarəsinin isə üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasından imtinası mülkiyyətçinin hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X5 ünvan 4 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində İnzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. X3 və X5 ünvan 4 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-9036/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9036/2022
29.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver