Məhkəmə qərarları › İş №2-1(112)-9037/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9037/2022

06.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9037/2022 06.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “müvafiq sorğunun göndərilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı “müvafiq sorğunun göndərilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıdan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ona verilmiş himayə sənədi və onun Azərbaycan Respublikasının ərazisində olduğum yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun Rusiya Federasiyasının Stavropol vilayəti, Novoaleksandrovsk şəhər Novoaleksandrovsk rayon VVAQ Şöbəsi tərəfindən xx.xx.1989-cu il tarixdə 218 saylı akt qeydi əsasında doğum faktının qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin Rusiya Federasiyasının müvafiq qurumlarından alınaraq ona təqdim edilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçı tərəfin “29 iyul 1989-cu ildə Rusiya Federasiyasının Stavropol vilayətinin Novoaleksandrovsk şəhərində anadan olmuş İddiaçı barədə doğum haqqında şəhadətnamənin təkrarən (dublikat) verilməsi ilə bağlı müraciət edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qəbul edilməsi” barədə iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1989-cu il tarixdə vilayətinin Novoaleksandrovsk şəhərində anadan olmuşdur. Onun doğumu Rusiya Federasiyasının Stavropol vilayəti, Novoaleksandrovsk şəhər Novoaleksandrovsk rayon VVAQ Şöbəsi tərəfindən xx.xx.1989-cu il tarixli 218 saylı aktla qeydə alınaraq doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. X1 xx.xx.1962 ci il tarixdə Ermənistan SSRnin Amasiya rayonunun Güllücə kəndində anadan olub. Anası sonradan Türkmənistan Respublikasında nikaha daxil olub və nikaha daxil olduğu şəxsin soyadına uyğun olaraq ona “Nuriyeva” soyadı verilib. Lakin onun hansı tarixdə və kiminlə nikaha daxil olması barədə məlumatı yoxdur. Anası hazırda Türkmənistan Respublikasında yaşayır və o, Türkmənistan Respublikasının vətəndaşıdır. Türkmənistandakı vəziyyətə görə anası ilə əlaqə saxlamaq olmur. X2 Ermənistan SSR-nin Amasiya rayonunda anadan olub (doğum tarixini bilmir). Atasının hər hansı bir ölkənin vətəndaşlığına mənsubiyyətinin olubolmaması barədə məlumatı yoxdur. Əmisi oğlu Daharov Urfanın verdiyi məlumata görə atası təxminən 2006-cı ildə Bakıda vəfat edib və kimsəsizlər qəbiristanlığında dəfn edilib. Valideynləri 1988-ci ilin əvvəllərində azərbaycanlıların Ermənistandan deportasiyası zamanı Ermənistan SSR-dən Rusiyanın Stavropol vilayətinin Novoaleksandrovsk şəhərinə gediblər, bir müddət orada yaşayıblar, iddiaçı da orada doğulmuşdur. O, doğulan zaman valideynləri Rusiyada Stavropol vilayəti, Novoaleksandrovsk şəhəri, Krasnopartizanskaya küçəsi 50 ünvanında yaşayırmışlar. xx.xx.1990-cı il tarixdə valideynlərilə birlikdə Rusiyadan Azərbaycana gəlmişlər və 1991-ci ilin əvvəllərinə qədər Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, ev 33, mənzil 2 ünvanında yaşamışlar. 1991-ci ilin əvvəllərində onlar Xanlar (indiki Göygöl) rayonunun Çaykənd kəndinə köçürülmüşlər və qaçqın kimi orada məskunlaşdırılmışlar. Çaykənddə yaşadıqları zaman onun Çaykənd kənd xəstəxanasında bir qardaşı doğuldu, ancaq onun doğumunun qeydə alınıbalınmaması və doğum haqqında şəhadətnamə ilə təmin edilib-edilməməsi barədə məlumatı yoxdur. Qardaşını təxminən 6-7 ayında xəstələndi və sonra vəfat etdi. 1993-cü ildə onların Çaykənddə yaşadığı ev yandı. Yanğın zamanı onun və anasının doğum haqqında şəhadətnaməsi və bəzi sənədləri də həmin evdə yandı. Həmin hadisədən sonra onlar yenidən ünvan 2 ünvanında yaşamağa başlamışlar. 1994-cü ilin ortalarında (təxminən iyul-avqust aylarında) onlar (ata, ana və iddiaçı) Türkmənistana getmişlər və 1995-ci ilə kimi orada yaşamışlar. 1995-ci ildə atası onuda da götürüb ünvan 3 ünvanında yaşayan ana nənəsi Məmmədova (qızlıq soyadı: Qurbanova) Gülsəfa Ələsgər qızının yanında qoydu və o, onunla yaşamağa başladı. Atası özü isə Türkmənistana qayıtdı. Bundan sonra atası bir neçə dəfə görsə də, təxminən 2001-ci ildən sonra atasını görmədi. Onu ana nənəsi böyüdüb, o, xx.xx.2016-cı il tarixdə vəfat edib. Yuxarıda da qeyd etdiyi kimi, Çaykənddəki evlərində baş verən yanğın zamanı doğum haqqında şəhadətnaməsi yanmışdı. Bundan sonra valideynləri onun doğum haqqında təkrar şəhadətnamə ilə təmin edilməsi üçün aidiyyəti orqana müraciət etməyiblər. Bu səbəbdən də o heç vaxt şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməmişdir. Şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün o məktəbə də gedə bilməmişdir. O, vətəndaşsızlıq halında olan şəxs kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) himayəsindədir. Onun doğum haqqında şəhadətnaməsi olmadığı üçün şəxsiyyəti təsdiq edən sənədlə də təmin oluna bilmir. Bu səbəbdən də onun doğum haqqında təkrar şəhadətnamə ilə təmin olunması zərurəti yaranmışdır. O hazırda ünvan 4 ünvanında yaşayır və Dövlət Miqrasiya Xidməti tərəfindən həmin ünvanda olduğu yer üzrə qeydiyyata alınmışddır. Buna görə də xx.xx.2022-ci il tarixdə Cavabdehnə müraciət edərək ondan şəxsiyyəti təsdiq edən sənəd tələb etmədən BMT QAK tərəfindən verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun Rusiya Federasiyasının Stavropol vilayəti, Novoaleksandrovsk şəhər Novoaleksandrovsk rayon VVAQ Şöbəsi tərəfindən xx.xx.1989-cu il tarixdə 218 saylı akt qeydi əsasında doğum faktının qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin Rusiya Federasiyasının müvafiq qurumlarından alınaraq ona təqdim edilməsini təmin etmələrini xahiş etdi. Cavabdeh xx.xx.2022-ci il tarixli, xx/xx-1175 saylı məktubla onun müraciətinə aşağıdakı məzmunda cavab vermişdir: "Cavabdeh Sizin doğum haqqında təkrar şəhadətnamə verilməsi barədə müraciətinizə əsasən bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 9.7-ci bəndinə əsasən, "Yetkinlik yaşına çalmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə özlərinə və ya hər birinin etibarnaməsinə əsasən təkrar şəhadətnamələr verilə bilər”. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, “Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir ”. Yuxarıdakılara əsasən bildiririk ki, şəxsiyyəti təsdiq edən sənədiniz olmadığına görə doğum haqqında təkrar şəhadətnamənin verilməsi barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra qanunvericiliyə müvafiq qaydada Rusiya Federasiyası Ədliyyə Nazirliyinə göndərilməsi üçün Sizin müraciətinizə baxılacaqdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının vəkili xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli məktubla iddianı qəbul etdikləri və məhkəmə prosesində nümayəndələrinin iştirakı olmadan işin baxılmasını bildirmişlər.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər - Cavabdeh xx.xx.2022-ci il tarixli imtina məktubu. - Rusiya Federasiyasının Federal Miqrasiya Xidmətinin xx.xx.2008-ci il tarixli məktubunun surəti. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli 15/05 nömrəli Arayışı. - Himayə sənədi. - 16 saylı Mənzil Kommunal İstismar Sahəsinin 91 nömrəli xx.xx.2022-ci il tarixli Arayışı.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun10 aprel 2015-ci il tarixli 4 №-li Qərarının 9.1-ci bəndində nəzərdə tutulmuşdur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə, habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.5-ci maddəsinə əsasən fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Həmin Məcəllənin 160.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 1.1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra – müvafiq olaraq "Qeydiyyat şöbəsi", "konsulluq idarəsi, "icra hakimiyyətinin nümayəndəliyi") tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən Qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Həmin Qaydanın 9.8-ci bəndinə əsasən qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizənin verildiyi gün təqdim olunur, elektron sorğu əsasında şəhadətnamələr isə sorğunun daxil olduğu gün verilir. Qeydiyyat şöbəsi, konsulluq idarəsi, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında təkrar şəhadətnaməni verdikdən dərhal sonra əvvəllər verilmiş şəhadətnamənin qüvvədən düşmüş hesab edilməsi üçün müvafiq məlumatları Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinə ötürür. Təkrar şəhadətnamələrin göndərilməsi barədə vətəndaşların sorğuları 7 (yeddi) gün müddətində icra olunur. Xarici ölkələrdən tələb edilən təkrar şəhadətnamələr və ya arayışlar ərizəçinin seçdiyi yerin qeydiyyat şöbəsinə və konsulluq idarəsinə göndərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müddəaların 16-1-ci bəndinə əsasən xarici ölkədə tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydini və ya onun mövcudluğu barədə məlumatı əldə etmək mümkün olmadıqda qeydiyyat şöbələri və ya konsulluq idarələri həmin akt qeydini bərpa edir və müvafiq şəhadətnamə verir. Azərbaycan Respublikası ədliyyə nazirinin «19» mart 2007-ci il tarixli 12-T №-li əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsi haqqında Əsasnamə”nin 7.1-ci bəndinə əsasən İdarə öz vəzifələrini həyata keçirmək üçün beynəlxalq təşkilatlara, müxtəlif dövlətlərin müvafiq səlahiyyətli orqanlarına, respublikanın dövlət orqanlarına, məhkəmələrə və Nazirliyin sisteminə daxil olan qurumlara müraciət etmək, sorğu vermək və onlardan məlumat almaq hüququna malikdir. "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən 1. Razılığa gələn Tərəflər vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında sənədlərin bilavasitə Razılığa gələn Tərəflərin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üzrə orqanlar vasitəsilə və sənədlərin ötürülməsi haqqında vətəndaşları məlumatlandırmaqla, sorğu əsasında bir-birinə tərcüməsiz və pulsuz ötürülməsi öhdəliyini öz üzərlərinə götürürlər.

2. Razılığa gələn Tərəflər sorğu alan Razılığa gələn Tərəfin vətəndaşlarının və onun ərazisində yaşayan digər şəxslərin təhsili, əmək stajı haqqında sənədlərin və onların şəxsi, əmlak və qeyri-əmlak hüquq və maraqlarına aid olan digər sənədlərin sorğu əsasında bir-birinə tərcüməsiz və pulsuz ötürülməsi öhdəliyini öz üzərlərinə götürürlər. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli 15/05 nömrəli Arayışına əsasən İddiaçı Dövlət Miqrasiya Xidməti tərəfindən 11 yanvar 2022-ci il tarixindən 09 yanvar 2023-ci il tarixinədək ünvan 6 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. İş materiallarında olan cavabdeh inzibati orqanın imtina məktubundan görünür ki, cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, İddiaçıiçin şəxsiyyətini təsdiq edən sənədi oİmadığına görə doğum haqqında təkrar şəhadətnamənin verilməsi barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra qanunvericiliyə müvafiq qaydada Rusiya Federasiyası Ədliyyə Nazirliyinə göndərməsi üçün müraciətinə baxılacaqdır. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan Cavabdeh iddiaçının “şəxsiyyət vəsiqəsi”nin təqdim olunmamasını əsas gətirsə də, doğum haqqında şəhadətnamə olmadan şəxsiyyət vəsiqəsinin verilməsinin mümkün olmadığını nəzərə almamışdır. Belə olan halda, bir tərəfdən şəxsiyyət vəqəsinin verilməsi üçün doğum şəhadətnaməsinin təqdim edilməli, digər tərəfdən doğum haqqında şəhadətnamə alınması üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir, başqa bir tərəfdən də hər hansı şəxsin iddiaçını təmsil etmələri üçün (onların 16 yaşı tamam olmuşdur) etibarnamə də şəxsiyyət vəsiqəsi əsasında alınır. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Bununla yanaşı, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.5-ci maddəsində şəxsiyyət vəsiqəsi anlayışı açıqlamaqla göstərilmişdir ki, şəxsiyyət vəsiqəsi - Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən sənəddir. Hər iki müddəaların mənasından aydın olur ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənəd - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir, lakin Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən digər sənədlər mövcud olduğu halda, onlar da şəxsin eymləşdirilməsınə imkan verən şəxsiyyət vəsiqəsi kimi qəbul edilmişdir. Sonuncu halda Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 21-ci maddəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması qaydalarını tənzimləməklə, onun 21 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, BMT-nın Qaçqınlar üzrə Alı komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ) tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır. Bu müddəadan göründüyü kimi, müvafiq inzibati orqan BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş şəxslərlə bağlı məlumatı əsasında həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınmasını həyata keçirir. Beləliklə, aparılmış təhlilin nəticəsi olaraq məhkəmə qeyd edir ki, istinad edilmiş Qaydaların 9.7-ci bəndində nəzərdə tutulmuş “şəxsiyyətim təsdiq edən sənədlər” anlayışı yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi nəzərdə tutmur və ümumi anlamda həmin şəxsin eyniləşdirməsinə imkan verən hər hansı bir digər, rəsmi sənədi ehtiva edir. Bununla da, məhkəmə hesab edir kı, iddiaçının təqdim etdiyi sənəd qanunvericiliyin aparılmış təhlilinə uyğun olaraq yoxlanılmalı və həmin sənəd iddiaçının şəxsiyyətim təsdiq edən sənəd kimi qəbul edildiyi halda, iddiaçıya “Doğum haqqında" təkrar şəhadətnamənin verilməsi tələbi uzrə nəticə verilməlidir" Məhkəmə hesab edir ki, Qaydaların 9.7-ci bəndində nəzərdə tutulmuş “şəxsiyyətini təsdiq edən sənədlər" anlayışı yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi nəzərdə tutmur və ümumi anlamda həmin şəxsin eyniləşdirməsinə imkan verən hər hansı bir digər rəsmi sənədi ehtiva edir. Bu mənada, hazırkı mübahisə üzrə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən iddiaçının barəsində verilmiş ***-*******0 saylı himayə sənədi onun şəxsiyyətini təsdiq edən sənəd kimi qəbul edilə bilər. Xüsusən nəzərə alınmalıdır ki, həmin sənəd Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçının şəxsiyyətini təsdiq edən sənəd kimi tanınmış və onun əsasında iddiaçı olduğu yer üzrə qeydiyyata alınmışdır. İddianın təmin edilməli olduğu həmçinin ondan irəli gəlir ki, cavabdeh Bakı şəhəri Sabunçu rayon Qediyyat şöbəsi xx.xx.2022-ci il tarixli, xx/xx-3009 saylı məktubla iddianı qəbul ediklərini bildirmişlər. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 29 iyul 1989-cu ildə Rusiya Federasiyasının Stavropol vilayətinin Novoaleksandrovsk şəhərində anadan olmuş İddiaçı barədə doğum haqqında şəhadətnamənin təkrarən (dublikat) verilməsi ilə bağlı müraciət edilməsi öhdəliyi cavabdeh Sabunçu rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. 29 iyul 1989-cu ildə Rusiya Federasiyasının Stavropol vilayətinin Novoaleksandrovsk şəhərində anadan olmuş İddiaçı barədə doğum haqqında şəhadətnamənin təkrarən (dublikat) verilməsi ilə bağlı müraciət edilməsi öhdəliyi cavabdeh Sabunçu rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar