Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9038/2025 02.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinə qarşı “əmək müqaviləsi olmadan qanunsuz fəaliyyətin araşdırılması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli cavabının ləğv edilməsi və əmək müqaviləsi olmadan qanunsuz olaraq əmək fəaliyyəti ilə qeyri-qanuni işləməsinin yerində araşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, 2010-cu ildən "xxxx" MMC-də müddətsiz əmək müqaviləsinə əsasən mühafizəçi vəzifəsində işləyir. Son bir neçə ildir ki, əməkdaşı olduğu İdarənin rəhbər vəzifəsinə qeyri-qanuni Məcid Ağapur (X3) adlı İran vətəndaşı rəhbər təyin olunmuş və o, İdarəyə gəldiyi ilk gündən müşahidə nəzarət kameralarının bütün əməkdaşlarını işdən çıxarmış, onların yerinə öz adamlarını yerləşdirmişdir. Digər mühafizəçiləri də məcburi şəkildə işdən çıxarmış və hazırda da davam edir. Onun bu qeyri-qanuni hərəkətləri İdarədə işçilər arasında cox ciddi narazılıqlar yaratmışdır. Məcid Ağapur ona da xidməti vəzifələrində əlaqədar bir neçə dəfə əmrlər vermiş və iddiaçı həmin əmrləri yerinə yetirmişdir. Bununla əlaqədar iddiaçı xx.xx.2024-cü ildə X1 Bakı şəhər İdarəsinə ərizə ilə müraciət etmiş, xx.xx.2024-cü ildə isə qeyd etdiyi məsələ ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması qeyd edilmişdir. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək, onun mümkün sayılmasını və mahiyyəti üzrə baxılaraq təmin edilməsini xahiş etdi. cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan cavabdehin xx.xx.2024-ci il tarixli, 3-17-5/2-K-46664/2024 nömrəli məktubdan görünür ki, iddiaçının müraciəti ilə əlaqədar Xidmətin Bakı şəhər İdarəsi tərəfindən "xxxx" MMC-nin rəhbərliyinə (AZ1029, Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 90) xx.xx.2024-cü il tarixli 3-17-5/2-27823/2024 nömrəli məktubla müraciət edilərək iddiaçıya aid olan sənədlərin "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinə müvafiq olaraq təqdim olunması tələb edilmişdir. "xxxx" MMC-nin rəhbərliyi tərəfindən təqdim edilmiş cavab məktubunda müəssisənin strukturunda X4 adlı şəxsin fəaliyyət göstərmədiyi, qeyd olunan şəxslə şirkət arasında əmək münasibətlərinin yaranmadığı qeyd edilmiş, lakin iddiaçıya aid olan sənədlər təqdim olunmamışdır. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikası Qanununa Əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixədək dayandırıldığından müraciətinin yerində araşdırılması mümkün olmamışdır. X2 Xidmətinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, iddiaçının təkrar müraciətinə cavab olaraq bildirilmişdir ki, onun eyniməzmunlu müraciətinə baxılaraq, nəticəsi barədə ona xx.xx.2024-cü il tarixli 3-17-5/2-K-46664/2024 saylı nəktubla cavab verilmişdir. İddiaçı hazırda bu cavablarla razılaşmayaraq, cavabdeh tərəfindən Məcid Ağapurun (X3) "xxxx" MMC-də əmək müqaviləsi olmadan qanunsuz olaraq əmək fəaliyyəti ilə qeyriqanuni işləməsinin yerində araşdırılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “Vətəndaşların müraciətləri haqqında” Qanunun aşağıdakı maddələrinə əsasən: -7.1. Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. -7.5. Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. -7.6. Elektron müraciətlərə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən müraciət edənin göstərdiyi elektron ünvan vasitəsilə elektron qaydada və ya müraciət edənin xahişi ilə poçt ünvanı vasitəsilə yazılı cavab verilməklə baxılır. Elektron müraciətdə müraciət edənin elektron ünvanı göstərilmədikdə müraciətə poçt vasitəsilə yazılı cavab verilir. -7.7. Vətəndaşın müraciətinə baxılmasına dair cavab məktubunda müraciətdə göstərilən məsələlərin araşdırılması və görülən tədbirlər və ya həmin məsələlərlə bağlı aidiyyəti üzrə müraciət edilməli subyekt göstərilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun aşağıdakı maddələrinə əsasən: - 20.1 Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. -31.1. İnzibati orqan ərizəçi tərəfindən şəxsən təqdim olunmuş və ya poçt rabitəsi vasitəsilə daxil olmuş ərizəni qəbul etməli və həmin gün qeydiyyata almalıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı cavabdeh tərəfindən Məcid Ağapurun (X3) "xxxx" MMC-də əmək müqaviləsi olmadan qanunsuz olaraq əmək fəaliyyəti ilə qeyriqanuni işləməsinin yerində araşdırılmasını inzibati məhkəmə icraatında iddia qaldırmaqla tələb edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Məhkəmə qeyd edir ki, inzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. Şəxsin məhkəmə müdafiəsi hüququna malik ola bilməsi üçün onun hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş olmalıdır. “Pozulma” anlayışına isə formal yanaşılmamalı, hər hansı zahirən hüquqların pozulması kimi görünən hallar, o cümlədən heç bir sübuta istinad edilmədən, deklarativ xarakterli mülahizələr məhkəmə müdafiəsi hüququnun realizəsini şərtləndirməməlidir. Hazırkı iş üzrə iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının eyni məzmunlu müraciətləri cavabdeh orqanlar tərəfindən qeydiyyata alınmış və ona müvafiq məzmunda cavablar göndərilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının etdiyi müraciətlər işəgötürənlər tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunması sahəsində aidiyyatı cavabdeh orqan tərəfindən dövlət nəzarəti ilə realizə olunmuşdur. İddiaçının bu nəzarət çərçivəsindəki hüququ ictimai nəzarətin bir forması kimi yalnız səlahiyyətli inzibati orqanlara müraciət etmək və həmin müraciətlərə cavab almaqla məhdudlaşır. İddiaçının müraciətlə əlaqədar hansı yoxlamaların aparıldığı, aparılmış yoxlama nəticəsində inzibati orqanların tətbiq edəcəyi tədbirlərdən hansının görülməsini və ya görülməməsini inzibati orqandan tələb etmək hüququ qanunla nəzərdə tutulmamışdır. İddiaçının müraciət etməsi və müraciət üzə araşdırma aparılmasına dair cavab alması hüququ iddiaçının hüquqi vəziyyətində dəyişiklik edilməsinə xidmət edən maddi hüquq hesab olunmur. Başqa sözlə, iddiaçının “maddi hüquq” anlamında hüquq və azadlıqlarının pozulmadığı sürəcə inzibati orqandan müvafiq hərəkətlərin edilməsini tələb etməyə subyektiv hüququ da yaranmır. Qeyd edilənlər baxımından dəyərləndirmə apardıqda müəyyən olunur ki, iddiaçının etdiyi müraciətlər yuxarıda sadalanan “Vətəndaşların müraciətləri haqqında” Qanun, “İnzibati icraat” haqqında Qanun, eləcə də Vergi Məcəlləsinin tələblərinə əsasən qeydə alınmış, müraciətlərə əsasən müvafiq məlumatlar iddiaçıya bildirilmiş və həmin müraciətlərə cavab verilməsi ilə bağlı cavabdehlərin qanunla müəyyən edilmiş hərəkətsizlik nümayiş etdirmələri müəyyən olunmamışdır. Beləliklə, hazırkı halda cavabdehin qərar, hərəkət və ya hərəkətsizliyi ilə iddiaçının subyektiv hüquqlarının pozulduğu əsaslandırılmadığından iddia mümkünsüz sayılmalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №2-1(112)-9038/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9038/2025
02.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver