Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9039/2021 21.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, iddiaçı - "xxxx" MMC adından İddiaçı cavabdeh - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" MMC adından İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı iddiaçının direktor kimi göstərildiyi "xxxx" MMC-yə vergi borcunun hesablanması barədə qərarın ləğv edilməsi, vergi borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı etirazı 02.09.2021-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə iddiaçıya 04.08.2021-ci il tarixli hüquqi yardım haqqında məktub göndərərək, İddiaçı "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi (direktoru və s.) kimi çıxış etdiyini təsdiq edən müvafiq sübutların məhkəməyə təqdim edilməsini, qanunvericilikdə nəzərdə tutulmuş müvafiq prosessual hərəkətlərin edilməsini və iddia tələbinin dəqiqləşdirilməsini təklif etmişdir. İş materiallarında olan poçt xəbərnaməsindən (SS745492335AZ) görünür ki, göndərilmiş hüquqi yardım haqqında məktub və məhkəmənin sərəncamı (sərəncamda məhkəmə iclasının vaxtı barədə məlumat göstərilmişdir) İddiaçı 24.08.2021-ci il tarixdə çatdırılmışdır. Göründüyü kimi, hüquqi yardım haqqında məktub İddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada çatdırılsa da, iddiaçı iddia tələbini dəqiqləşdirməmiş və müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin, 21.10.2021-ci il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı yenidən hüquqi yardım göstərilsə də, iddiaçı iddia tələbini dəqiqləşdirilməmiş və iddia tələbində göstərilənləri müdafiə edərək, iddianın mümkün sayılmasını xahiş etmişdir. 21.10.2021-ci il tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın tam mümkün sayılaraq təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı “"xxxx" MMC-yə vergi borcunun hesablanması barədə qərarın ləğv edilməsi, vergi borcunun silinməsi”ni tələb edir. Məhkəmə qeyd edir ki, iddia tələbində "xxxx" MMC-yə vergi borcunun hesablanması barədə qərarın ləğv edilməsini, vergi borcunun silinməsi tələb edilsə də, iddiaçı qismində "xxxx" MMC deyil həmin MMC-nin direktoru İddiaçı göstərilmşdir. İddiaçıya iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi təklif edilsə də, İddiaçı "xxxx" MMC-nin direktoru olmasını əsas gətirərək, iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi barədə ərizə təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ yoxdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir: “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.” Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi iki hissədən ibarətdir: - "xxxx" MMC-yə vergi borcunun hesablanması barədə qərarın ləğv edilməsi; - vergi borcunun silinməsi. Məhkəmə iddia tələbinin “"xxxx" MMC-yə vergi borcunun hesablanması barədə qərarın ləğv edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbində mübahisələndirilən qərarın tarixi və nömrəsi göstərilməsə də, iş materiallarından və tərəflərin izahatlarından müəyyən edilir ki, mübahisələndirilən qərar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən qəbul edilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********971000 nömrəli 22.10.2020-ci il tarixlidir. İş materiallarında olan mübahisələndirilən qərardan görünür ki, həmin qərarda qanunvericiliyə uyğun olaraq vergi ödəyicisinin şikayət etmək hüquqları izah edilmişdir. İş materiallarından görünür ki, iddiaçının mübahisələndirdiyi **********971000 nömrəli 22.10.2020-ci il tarixli qərar 23.10.2020-ci il tarixdə iddiaçının elektron poçt ünvanına göndərilmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdehin **********971000 nömrəli 22.10.2020-ci il tarixli qərarının ləğv edilməsi tələbinə dair müvafiq ərizə ilə yalnız 02.08.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Beləliklə, iddiaçı mübahisələndirilən inzibati aktın ləğv edilməsi tələbinə dair müvafiq ərizə ilə mövcud qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 70.2-1.3-cü maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair“ 28 dekabr 2015-ci il tarixli Qərarında qeyd edilmişdir: “ mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır... Qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər... T.İdrisov birinci instansiya məhkəməsinə ərizəsində və kassasiya şikayətində iddiaçı N.Quliyev tərəfindən iddia qaldırmaq üçün tələb edilən müddət şərtinə əməl olunmamasını qeyd etmişdir. Lakin işə baxan apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən bu hala lazımi hüquqi qiymət verilməmişdir. Həmin məhkəmələrin bu cür yanaşması da Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6cı maddəsinin 1-ci bəndinin tələblərinə cavab verən hesab edilə bilməz.” Məhkəmə iddia tələbinin “vergi borcunun silinməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının şəxsi hesab vərəqəsində olan cəmi ödənilməli olan vergi borcunun silinməsi barədə iddia tələbini işin mahiyyətinə aid olma baxımından təfsir etdikdə müəyyən olunur ki, iddiaçının məqsədi vergilərin hesablanması barədə qərarın, yəni iddia tələbinin birinci hissəsində göstərilən cavabdeh tərəfindən qəbul edilmiş **********971000 nömrəli 22.10.2020-ci il tarixli qərarının ləğv olunmasıdır. Məhkəmə qeyd edir ki, iddiaçının silinməsini tələb etdiyi borc məbləği **********971000 nömrəli 22.10.2020-ci il tarixli qərar əsasında yarandığından, iddiaçı isə həmin qərarı mübahisələndirmək üçün mövcud qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə məhkəməyə müraciət etdiyindən, iddia tələbi qeyd edilən hissədə də, mümkün sayılmamalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəməyə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC adından İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-9039/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9039/2021
21.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver