Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-904/2025 18.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ I. Mübahisənin predmeti
1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinə qarşı iddia qaldıraraq cavabdehin iddiaçının mülkiyyətinə keçməli olan torpaq sahəsinin ayrılmaması barədə hərəkətsizliyinin qanunsuz hesab edilməsi, cavabdehin xx.xx.2008-ci il tarixli, 02/15 saylı qərarına əsasən iddiaçıya ayrılmış torpaq sahəsinin naturada iddiaçıya təqdim edilməsi və ya bu mümkün olmadıqda həmin torpaq sahəsinə bərabər tutulan digər torpaq sahəsinin cizgi planla birlikdə Xocəsən Bələdiyyəsi ərazisində ayrılaraq iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini məhkəməyə təqdim edərək iddiaçıya Xocəsən qəsəbəsində torpağın ayrılmasına dair 30 yanvar 2008-ci il tarixli, 02115 saylı qərarının ləğv edilməsi barədə Xocəsən bələdiyyəsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və ayrılmış torpaq sahəsinin ona təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7139/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmişdir.
2. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1954-cü ildə Bakı şəhərində doğulmuşdur, 1993-cü ildə birinci Qarabağ Müharibəsi zamanı döyüşlərdə iştirak etmişdir, müharibə veteranıdır, 1994-cü ildə daxili işlər orqanlarından pensiyaya çıxmışdır, xx.xx.2007-ci ildə Binəqədi rayonu Xocəsən Bələdiyyəsinə torpaq sahəsinin verilməsi haqqında müraciət etmişdir, cavabdeh tərəfindən ona 300 kv metr torpaq sahəsi satılmış, iddiaçı da həmin vaxt Xocəsən Bələdiyyəsinin hesabına 672 manat pul ödəmişdir.Xocəsən Bələdiyyəsinin nümayəndəsi torpaq sahəsini ona təqdim etmiş, alqısatqı müqaviləsinin, torpaq sahəsinin eskiz layihəsinin ona təqdim ediləcəyini bildirmişdir.Bundan sonra o dəfələrlə Xocəsən Bələdiyyəsinə torpağın sənədlərinin verilməsi üçün müraciət etmiş, nəhayət Xocəsən Bələdiyyəsinin 30 yanvar 2008-ci il tarixli, 02/15 saylı qərarına əsasən həmin torpaq sahəsinin cizgi planı çəkilməklə alqısatqı müqaviləsi ilə birlikdə iddiaçıya təqdim edilmişdir. Lakin iddiaçı torpaq sahəsini mülkiyyətinə keçirilməsi ilə əlaqədar dövlət orqanlarına müraciət etdikdə ona bildirilmişdir ki, belə bir torpaq sahəsi yoxdur. İddiaçı göstərilənlərə əsasən öz iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Azərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamı ilə cavabdeh Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsindən iddia ərizəsinə etirazın təqdim edilməsinin tələb edilməsinə baxmayaraq cavabdeh iddiaya etirazını təqdim etməmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İİ.İddianın növü və mümkünlüyü
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia).., 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 5.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti. 6.Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək, əlavə olaraq bildirmişdir ki, o, Xocasən kəndində doğulmuşdur və daimi orada yaşamışdır, hal-hazırda da yaşayaş yeri Xocasən qəsəbəsidir; iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 7.İş materiallarında olan: Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, yaşayış yeri Bakı şəhəri, Xocəsən qəsəbəsi, Yeni Yol küçəsi, ev 2-dir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş müharibə veteranı vəsiqəsinə əsasən iddiaçı müharibə veteranıdır. “Torpaqların alqı-satqısına dair”akta əsasən iddiaçı xx.xx.2007-ci ildə torpaq sahəsi almaq üçün Xocəsən Bələdiyyəsinə müraciət etmişdir və Xocəsən Bələdiyyəsi tərəfindən iddiaçıya Xocəsən Bələdiyyəsinin ərazisində 300 kv metr torpaq sahəsinin satılması barədə 02/15 nömrəli, xx.xx.2008-ci il tarixli qərar qəbul edilmişdir, iddiaçı həmin torpaq sahəsinə görə Xocəsən Bələdiyyəsinə 672 manat ödəniş etmişdir. Xocəsən bələdiyyəsi tərəfindən tərtib edilmiş “Təklif olunan torpaq sahəsinin yerləşdiyi ərazinin cizgisi”nə əsasən iddiaçıya ayrılması nəzərdə tutulan torpaq sahəsinin yeri cizgidə göstərilmişdir. xx.xx.2007-ci il tarixli, 01 nömrəli ödəniş qəbzinə əsasən iddiaçı torpaq sahəsinə görə Xocəsən Bələdiyyəsinə bank vasitəsilə 672 manat ödəniş etmişdir. Xocəsən Bələdiyyəsinin iddiaçıya ünvanlanmış 03/13 nömrəli, xx.xx.2024-cü il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, Xocəsən Bələdiyyəsinin 02/15 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə 300 kv metr torpaq sahəsi iddiaçının adına hərrac keçirilmədən ayrıldığı üçün etibarsız hesab edilmişdir, bu səbəbdən də sözügedən torpaq sahəsinə dair alqı-satqı aktının təqdim edilməsi mümkün olmamışdır. Xocəsən Bələdiyyəsinin verdiyi xx.xx.2008-ci il tarixli qəbzə əsasən iddiaçıdan 2007-2008-ci il üçün torpaq vergisi alınmışdır. İddiaçının cavabdehə etdiyi müraciətinə əsasən iddiaçı cavabdehdən Xocəsən Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 02/15 saylı qərarına əsasən iddiaçıya ayrılmış torpaq sahəsinin naturada iddiaçıya təqdim edilməsini, bu mümkün olmadıqda isə həmin torpaq sahəsinə bərabər tutulan digər torpaq sahəsinin cizgi planla birlikdə Xocəsən bələdiyəsinin ərazisində ayrılaraq verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X2 xx.xx.2024-cü il tarixli məktubu ilə Xocəsən Bələdiyyəsinə 0,03 ha torpaq sahəsinin İddiaçı mülkiyyətinə ayrılması barədə Xocəsən Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 02/15 saylı qərarının ləğv edilməsi təklif edilmişdir, əsas kimi məktubda torpaq sahəsinin İddiaçı torpaq hərracı və ya müsabiqəsi keçirilmədən ayrılması göstərilmişdir. Binəqədi rayon Xocəsən Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 02/07 nömrəli qərarına əsasən İddiaçı adına 0,03 ha torpaq sahəsinin ayrılması haqqında xx.xx.2008ci il tarixli, 02/15 saylı qərar ləğv edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışa əsasən iddiaçı xx.xx.2004-cü ildən Bakı şəhəri, Xocəsən qəsəbəsi, Yeni Yol küçəsi, ev 2-də qeydiyyatdadır.
İV.Məhkəmənin mövqeyi
8.Məhkəmə, iddiaçının izahat və çıxışını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. 9.Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin 1-ci hissəsinin 6cı bəndinə əsasən bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam verilməsi məsələsi bələdiyyələrin iclaslarında həll olunur. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin 1-ci hissəsinə əsasən bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin 2-ci hissəsinə əsasən bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. 10.Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi və s. kimi səlahiyyətləri vardır. Həmin Məcəllənin 56.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Həmin Məcəllənin 56-cı maddəsinin 2-ci bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Məcəllənin 56-cı maddəsinin 6-cı bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir. Həmin Məcəllənin 86-cı maddəsinin 6-cı bəndinə əsasən bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. Bələdiyyə torpaqlarının, habelə onlar üzərində icarə hüquqlarının alqı-satqısı torpaq hərracları və müsabiqələri vasitəsilə həyata keçirilir. 11.“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4.0-cü maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir.
12. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.1-ci maddəsinə görə normativ xarakterli akt – bu Konstitusiya Qanununda nəzərdə tutulan dövlət və ya yerli özünüidarə orqanı tərəfindən qəbul edilmiş, məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəd kimi müəyyən edilmişdir. X1 4.1.6-cı maddəsinə əsasən normativ xarakterli aktların sırasına yerli özünüidarə orqanlarının qərarları da daxil edilmişdir. 13.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli akt məhkəmə tərəfindən etibarsız sayıla bilər. 14.“Bələdiyyələrin statusu haqqında” Qanunun 48-ci maddəsinin 4-cü bəndinə əsasən bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. Göründüyü kimi qanunvericiliyə uyğun olaraq yerli özünüidarə orqanları müxtəlif subyektlərin təsərrüfat fəaliyyətini tənzimləmək sahəsində müvafiq səlahiyyətlərə malikdirlər. Yerli özünüidarə orqanları öz səlahiyyətlərini yerinə yetirərkən konkret fiziki və ya hüquqi şəxslərə müəyyən fəaliyyət növü ilə məşğul olmaq üçün mülkiyyətində olan topraqların icarəyə verilməsi haqqında qeyri-normativ aktlar (qərarlar) qəbul edirlər. Bələdiyyələrin qeyri-normativ aktları (qərarları) fərdi-birdəfəlik və fərdi-müəyyən xarakter daşıyır, hüquqi faktlar və hüquq normaları əsasında qəbul olunmuş, konkret şəxsin (fiziki və ya hüquqi şəxsin) hüquqlarını, vəzifələrini və hüquq məsuliyyətinin həddini müəyyən edən normatətbiqedici (hüquqtətbiqedən akt, hüququn tətbiq edilməsi üçün aktlar) sənəddir. Onlar normayaratma fəaliyyətinin (hüquq normalarının müəyyən edilməsi ilə əlaqədar fəaliyyətin) deyil, yerli özünüidarə orqanlarının normatətbiqetmə fəaliyyətinin (hüquq normasının tətbiq edilməsi sahəsində fəaliyyətin) nəticəsi olan rəsmi sənədi ifadə edirlər. Bununla yanaşı, mövcud qanunvericilikdə bu növ aktların ləğv olunması qaydası maraqlı şəxslərin mülki hüquqlarının və qanuni mənafelərinin pozulub-pozulmaması ilə əlaqəlidir. 15.“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda göstərilir: 1.1. bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2.İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3.İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4.Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Qanunvericiliyin tələbindən də göründüyü kimi publik hüquq sahəsinə aid olan müəyyən məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır və qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 67.1.İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2.Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3.Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.5.Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6.Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz:67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda;67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda;67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7.Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Göründüyü kimi inzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından, xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar qəbul etməyə haqlıdır. Etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindən biridir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarı). 16.“İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan tələblərinə görə, inzibati orqanlar qanuna riayət etməyə borcludurlar. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Obyektiv araşdırma prinsipini təsbit edən normaya əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 17.Məhkəmə qeyd edir ki, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. 18.Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Digər tərəfdən, həmin tələblərə və prosedurlara uyğun aparılmış icraat üzrə materiallar və həmin materiallar üzrə inzibati orqanın qəbul etdiyi əsaslandırılmış qərar, maraqlı şəxsin narazı qaldığı təqdirdə həmin qərarın mübahisələndirilməsi imkanlarının qiymətləndirilməsi və onun səmərəli hüquqi müdafiə imkanları ilə təchiz olunması məqsədlərinə xidmət edir. 19.Məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsi iddiaçı üçün əlverişli olan inziati aktı - mənzil şəraitinin yaxşılaşdırılması üçün torpağın ayrılması haqqında qərarı ləğv etməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərini, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olması, iddiaçının xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilmədiyi kimi vəzifələrini icra etməmiş, iddiaçının inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı hüququnu pozmuş, hal hazırda iddiaçının mübahisələndirdiyi əlverişsiz qanunsuz qərar qəbul etmişdir. 20.Belə ki, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsas X2 xx.xx.2024-cü il tarixli məktubunda göstərilmiş təklif olmuşdur, həmin təklifdə isə vurğulanmışdır ki, bələdiyyə torpaqları üzərində mülkiyyət hüquqları torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Halbuki “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsində birmənalı şəkildə göstərilmişdir ki, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı 5 il il müddətində yaaşyış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri əsasında əldə edilə bilər. 21.Göründüyü kimi qanunverici bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı 5 il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşımın mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi açıq torpaq hərracı və ya müsabiqəsi keçirilmədən də verilə bilər. İddiaçı Manafov X3 Bələdiyyəsinin ərazisində Yeni Yol küçəsi, ev 2-də 2004-cü ildə yaşayış yeri üzrə qeydiyyatdadır. Eyni zamanda məhkəmə tərəfindən iddiaçının qeydiyyatda olduğu və yaşadığı ünvana baxış keçirən zaman müəyyən etmişdir ki, iddiaçının yaşadığı ev də Xocəsən Bələdiyyəsinin ərazisindədir, ev yaşayış üçün yararsız haldadır, bataqlığın 10-15 metr yaxınlığında yerləşir, bataqlığın yaxında olması səbəbindən də ev rütubətli və nəmişlikdir, Xocəsən bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 01/15 saylı qərarı ilə ayrılmış torpaq sahəsi isə boş torpaq sahəsdir, hasara alınmamışdır, üzərində hər hansı bir tikili yoxdur. 22.Belə olan halda məhkəmənin gəldiyi nəticəyə görə cavabdeh yuxarıda sadalanan qanunvericilik normalarına zidd olaraq inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan, iddiaçının xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə edərək iddiaçı üçün qanuni əlverişli inzibati aktı ləğv etmişdir. Çünki cavabdeh Binəqədi rayonu Xocəsən Bələdiyyəsi isə inzibati icraat aparan zaman iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edən müharibə veteranı kimi Azərbaycan Respublikasının dövlətinin xüsusi qayğı ilə əhatə edilmiş kateqoriyaya aid şəxs olmasını, iddiaçının Xocəsən Bələdiyyəsinin ərazisində uzun müddət qeydiyyatda olmasını və faktiki yaşamasını, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olmasını, 2007-ci ildə torpaq sahəsinə görə Binəqədi rayonu Xocəsən Bələdiyyəsinə razılaşdırılmış 672 manat məbləğini ödəməsini, Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin həmin məbləği qəbul etməsini, lakin torpağın alqı-satqısının razılaşdırıldığı və alqı-satqı məbləğinin ödənildiyi vaxt alqı-satqı ilə bağlı rəsmiləşdirmə aparmalı olması öhdəliyinin özü tərəfindən vaxtında icra edilmədiyini, həmin öhdəliyi 2008-ci ildə icra etdiyini nəzərə almamış, iddiaçı üçün əlverişli olan qanuni inzibati aktın ləğv edilməsi haqqında qərar qəbul etmişdir, qeyd edilən yuxarıda göstərilən əsaslara görə qanunsuz qərardır və bu səbəbdən də ləğv edilməlidir. 23.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 24.Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 25.Məhkəmə hesab edir ki, iddiaçının iddiası təmin edilməli, cavabdeh Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin 30 yanvar 2008-ci il tarixli, 02/15 saylı qərarının ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli, 02/07 nömrəli qərarı qanunsuz inzibati akt olduğu üçün ləğv edilməli və iddiaçıya ayrılmış torpaq sahəsinin ona təhvil verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. 26.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. 27.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.
NƏTİCƏVİ HİSSƏ
Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 32, 34,35, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin İddiaçı Xocəsən qəsəbəsində torpaq ayrılması haqqında 30 yanvar 2008-ci il tarixli, 02/15 saylı qərarının ləğv edilməsi barədə 02/07 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməsi və Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin 30 yanvar 2008-ci il tarixli, 02/15 saylı qərarı ilə Xocəsən qəsəbəsində ayrılmış torpaq sahəsinin İddiaçı təhvil verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova