Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9044/2025 30.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə qarşı “müraciətə cavab verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdehlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona qarşı dələduzluq əməli törətmiş X1 törətdiyi əmələ uyğun hüquqi qiymət verməklə bağlı müraciətinə cavab verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması və süründürməçiliyə yol verdiyinə görə cavabdehin barəsində xüsusi qərardad çıxarılması, araşdırılması və tədbir görülməsi üçün səlahiyyətli orqana göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə 02 noyabr 2024-cü il tarixdə ərizə ilə müraciət edərək bildirmişdir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Binə" Ticarət Mərkəzində ayaqqabı ticarət ilə məşğul olur. 2017-ci ilin sentyabrında adını sonradan bildiyi X3 mağazaya gəlmiş, o, Çin Xalq Respublikasından ayaqqabı gətirdiyini bildirərək iddiaçı üçün də oradan mal gətirə biləcəyini təklif etmişdir. O, bildirmişdir ki, Çin Xalq Respublikasının Vilnin şəhərində ofisi vardır və hər ayaqqabıya görə 1-2 yuyan (təxminən 40-80 qəpik) əlavə etməklə ona mal göndərə bilər. İddiaçı hazırda ehtiyac olmadığını, əgər lazım olarsa, ona deyəcəyini bildirmişdir. Etibar iddiaçının telefon nömrəsini götürərək öz telefon nömrəsini də ona vermiş və nə vaxt istəsə, ona mal göndərəcəyini bildirmişdir. Bir müddət sonra X3 ona zəng edərək qış malları istəyib-istəmədiyini soruşmuşdur. İddiaçı ona bildirmişdir ki, başqa adama mal sifariş vermişdir. O, iddiaçıya qış ayaqqabı modellərinin şəkillərini göndərmiş və bildirmişdir ki, xoşuna gəlirsə, iddiaçıya da göndərsin. İddiaçı ona bildirmişdir ki, mallar xoşuna gəlsə də, pulu yoxdur. O bildirmişdir ki, əgər mallar xoşuna gəlirsə, göndərsin pulunu sonra verər. Buna razı olaraq ona həmin mallardan göndərməyi xahiş etmiş, 2018ci ilin əvvələrində o, iddiaçıya 2000 (iki min) ABŞ dolları məbləğində ayaqqabı göndərmişdir. Həmin mallar 15 gün müddətində gəlib çatmış və iddiaçı malı aldıqdan iki gün sonra ona 2000 (İki min) ABŞ dolları ödəmişdir. 2018-ci ilin mart ayında o iddiaçı ilə yenidən əlaqə saxlamış və iddiaçıya yenə də mal göndərməyi təklif etmişdir. İddiaçı ayaqqabıların şəkillərinə baxıb bəyəndiyi malları ona bildirmişdir. Onun göndərdiyi şəkillər içərisindən seçdiyi malların qiyməti 8000 (səkkiz min) ABŞ dolları təşkil etmişdir. O iddiaçıya bildirmişdir ki, seçdiyi malların pulunu əvvəlcədən göndərməlidir və pulu göndərdikdən sonra malları bir həftəyə karqoya verəcəkdir. İddiaçı onunla razılaşıb pulu onun bank hesabına köçürtmüşdür. Təxminən bir həftə sonra iddiaçı Etibarla əlaqə saxlamış və iddiaçıya bildirmişdir ki, malları artıq karqoya vermişdir. İddiaçı mallarını tez göndərilməsini xahiş etmək üçün karqo ilə əlaqə saxlamışdır. Lakin iddiaçıya karqodan bildirmişlər ki, iddiaçının adına heç bir mal daxil olmamışdır. Buna görə də iddiaçı yenidən Etibarla əlaqə saxlamış və onun adına mal göndərilmədiyini ona bildirmişdir. O, belə şeyin ola bilməyəcəyini və malları göndərdiyini israrla bildirmişdir. Bu danışıqları iki gün çəkmiş və bundan sonra o, iddiaçının telefonuna cavab verməmiş və həmin vaxtdan onun nömrəsi artıq işləməmişdir. Təxminən bundan üç-dörd gün sonra iddiaçı onun Azərbaycan Respublikasında daima işlətdiyi nömrəsinə zəng vurmuşdur. Telefonu bir qadın götürmüş və iddiaçı salamlaşdıqdan sonra Etibarı telefona çağırmağı xahiş etmişdir. Həmin qadın bildirmişdir ki, Etibar Çindən təzə gəlmişdir. Həmin qadın iddiaçıdan kim olduğunu soruşmuş və iddiaçı özünü təqdim etmişdir. Həmin qadın bildirmiş ki, Etibar həyətə düşüb gələn kimi zəng etdiyini ona deyəcəkdir və Etibarın özü onunla əlaqə saxlayar. İddiaçı Etibarın ev telefonunu tapmışdır. Onun evinə zəng vurmuşdur və telefonu onun atası götürmüşdür. İddiaçı özünü təqdim edərək başına gələnləri ona danışmışdır. Atası bildirmişdir ki, belə şey ola bilməz və onun oğlu heç vaxt belə iş tutmaz. İddiaçı ona mallarının gəlmədiyini bir daha bildirdikdə o, karqoya gedib mallarıyla maraqlanmağını və bir daha zəng etməməyi bildirmişdir. Ona 8000 ABŞ dolları verdiyi vaxtdan kifayət qədər keçməsinə baxmayaraq Etibar hər dəfə vəd vermiş, pulunu qaytarmağa çalışdığını telefon danışıqlarında iddiaçıya bildirmişdir. Lakin iddiaçıya bu günlərdə aydın olmuşdur ki, onun əsl niyyəti əvvəldən iddiaçının etibarından sui-istifadə edərək iddiaçını aldatmaq və pulunu ələ keçirmək olmuşdur. Göründüyü kimi X3 iddiaçının etibarını qazanaraq ona heç bir ödəniş etmədən nisyə mal təklif etmiş və mal göndərməsi, onun məqsədinin əvvəlcədən də iddiaçını aldatmaq olduğu sonradan məlum olmuşdur. Bununla əlaqədar olaraq iddiaçı 102 xidmətinə zəng vurmuşdur. Lakin cavab əldə edə bilməmişdir. İddiaçı Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə 02 noyabr 2024-cü il tarixdə yazdığı ərizəsi üzrə obyektiv araşdırma aparmaqla etibarından sui-istifadə edərək iddiaçıya qarşı dələduzluq əməli törətmiş X1 törətdiyi əmələ uyğun müvafiq cinayət məsuliyyətə cəlb edilməsinə göstəriş verilməsini xahiş etmişdir. Bundan əvvəl 04 avqust 2024-cü il tarixli və 05 oktyabr 2024-cü il tarixli yazdığı ərizələrinə cavab verilmədiyinə görə eyni məzmunlu ərizə ilə yenidən müraciət etmişdir. Lakin bu müddətdə ona heç bir cavab verilməmişdir. Cavabdehlər iddiaya yazılı etirazını məhkəməyə təqdim etməmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Eyni Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 3.2-ci maddəsinə görə bu Qanun inzibati orqanların: -3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; -3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Plenum Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 12ci bəndində göstərilmişdir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Məhkəmə qeyd edir ki, inzibati orqanların iştirakı ilə baş verən və yaxud inzibati orqanlarla yaranmış hər bir mübahisə inzibati mübahisə kimi qiymətləndirilə bilməz. İnzibati orqanın yalnız inzibati hüquq sahəsindəki fəaliyyəti inzibati mübahisəyə əsas ola bilir. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti bilavasitə onun inzibati icraat çərçivəsində həyata keçirdiyi fəaliyyətdir. Bu fəaliyyətdən kənar yaranan münasibət inzibati hüquq münasibəti, həmin münasibətdən yaranan mübahisə isə inzibati mübahisə deyildir. Bunun da məntiqi davamıdır ki, inzibati məhkəmə icraatında inzibati orqanların məhz inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.1-ci maddəsinə əsasən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: -449.1.1. təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin); -449.1.2. tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin; -449.1.3. əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin; -449.1.4. müstəntiqin; -449.1.5. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun. Həmin Məcəllənin 449.2-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından aşağıdakı şəxslər şikayət vermək hüququna malikdirlər: 449.2.1. təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi; 449.2.2. zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi; 449.2.3. qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər. Eyni Məcəllənin 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: -449.3.1. cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; -449.3.2. tutma və həbsdə saxlanılması; -449.3.3. tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; -449.3.3-1. həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; -449.3.4. həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; -449.3.4-1. şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi; -449.3.4-2. şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsi; -449.3.4-3. ibtidai araşdırma orqanı tərəfindən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi; -449.3.5. cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; -449.3.6. məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; -449.3.7. təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən rayon (şəhər) məhkəmələri, həmçinin məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara, xüsusi ittiham qaydasında şikayətlərə, habelə məhkəmə nəzarəti funksiyalarının həyata keçirilməsinə dair və digər materiallara baxırlar. İş materiallarında olan iddiaçının Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə xx.xx.2024-cü il tarixdə etdiyi müraciətdən görünür ki, o, etibarından sui-istifadə edərək, ona qarşı dələduzluq əməli törətmiş X2 törətdiyi əmələ uyğun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İddiaçı hazırda bu müraciətinə cavab verilmədiyini bildirərək, E.İsmayılovun əməlinə hüquqi qiymət verilməklə müraciətinin cavablandırılmasını xahiş edir. Lakin yuxarıda adıçəkilən normaların tələblərindən aydın olur, iddiaçının hazırkı tələbi onun cinayət işinin başlanması barədə ərizəsi üzrə cavabdehlərin cinayət prosessual fəaliyyəti ilə bağlıdır və bu çərçivədə yaranmış mübahisə inzibati məhkəmə icraatının predmeti qismində çıxış edə bilməz. Yəni hazırkı iş üzrə cavabdeh qismində göstərilən orqanların hərəkətsizliyi ilə bağlı iddiaçı və onlar arasında yaranan münasibət inzibati hüquq münasibəti deyil və deməli, tərəflər arasında inzibati mübahisə yoxdur. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qeyd olunan normaların tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisə inzibati hüquq sahəsi ilə tənzimlənmədiyindən iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyildir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 15.1-ci maddəsində göstərilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır (Qərarın 15.2-ci bəndi). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (Qərarın 15.3-cü bəndi). Qeyd edilənlərə əsasən məhkəmə işin məhkəmə aidiyyəti üzrə göndərilməsinin inzibati məhkəmə icraatında mümkünsüzlüyünü nəzərə alaraq izah edir ki, CPM-in 67.3 və 449.1-ci maddələrinin tələblərinə əsasən iddiaçının hazırkı tələblə ümumi məhkəməyə (rayon (şəhər) məhkəməsi) müraciət etmək hüququ saxlanılır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №2-1(112)-9044/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9044/2025
30.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver