Məhkəmə qərarları › İş №2-1(112)-9045/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9045/2022

13.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9045/2022 13.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı “Natiq-İlqam” firmasının nümayəndəsi İddiaçı, cavabdeh Bakı şəhəri Xətai rayon Xətai bələdiyyəsinin nümayəndəsi-X1 iştirakları ilə, iddiaçı “Natiq-İlqam” firmasının cavabdeh Bakı şəhəri Xətai rayon Xətai bələdiyyəsinə qarşı “mülkiyyət və icarə hüququnun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Xətai bələdiyyəsinə qarşı “mülkiyyət və icarə hüququnun verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri Xətai Rayon Bələdiyyəsinə Zığ yolu 823-cü keçid, 2954-cü məhəllə ünvanında yerləşən “Natiq-İlqam” firmasının mülkiyyət və icarə hüququnun verilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, məhkəmədən Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 823-cü keçid 2954-cü (hazırda 2951) məhəllə ünvanında yerləşən ümumi sahəsi 416,5 kv. metr torpaq sahəsinə dair "xxxx" firması ilə icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh Bakı şəhəri Xətai rayon Bələdiyyəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Zığ yolu 823-cü keçid 2954-cü məhəllə ünvanında yerləşən 64 kv. metr torpaq sahəsi xx.xx.2003-cü ildə icarə müqaviləsinə əsasən təsisçisi olduğu "xxxx" firmasına verilmişdir. Həmin vaxtdan bu günədək həmin torpaq sahəsi həmin firmanın istifadəsindədir. Tərəflərindən həmin torpaq sahəsinə görə bütün icarə haqları və digər vergilər hər zaman vaxtında ödənilmişdir. Zığ yolu 823-cü keçid 2954-cü məhəllədə “Natiq İlham” firmasına icarə müqaviləsi ilə ayrılmış torpaq sahəsinin cizgisi mövcuddur. Müqavilənin vaxtı bitdikdən sonra həmin müqavilənin müddəti Xətai rayon Bələdiyyəsi tərəfindən artırılmamış, nə də onlarla yeni müqavilə bağlanmamışdır. Bununla bağlı Bələdiyyəyə dəfələrlə xahiş məktubu ünvanlasalar da imtina olunmuşdur. İPM 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-9045/2022 saylı qərardadı ilə iş üzrə əsl olmayan İddiaçı əsl iddiaçı “Natiq-İlqam” firması ilə əvəz olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı münasibətdə (etiraz) göstərilmişdir ki, iddiaçı "xxxx" firmasının Xətai rayon Xətai Bələdiyyəsinə qarşı məhkəməyə təqdim etdiyi 06/553 saylı xx.xx.2003-cı il tarixli, 07/79 saylı xx.xx.2005-ci il tarixli və 0314 saylı 11.04 2006-cı il tarixli torpaq icarə müqavilələrinin əsllərinin Xətai bələdiyyəsində aşkar edilməməsini; yuxarıda qeyd olunan müqavilələrin Bakı Şəhər Torpaq şöbəsində qeydiyyata alınmamasını (üzərlərində torpaq şöbəsinin möhürün olmamasını); İcarə müqaviləsinin müddəti bitdikdən sonra torpaq sahəsinin icarəçiyə yenidən verilməsinin hərrac və müsabiqə yolu ilə həyata keçirilməsini; İcarəçinin icarə haqqının bələdiyyəyə ödəməsinə dair ödəniş qəbzlərini təqdim etməməsini və Xətai bələdiyyəsinə aid torpaq sahəsinin xəritəsinin bələdiyyəyə verilməməsinin nəzərə alınması xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Bakı şəhəri Xətai rayon Xətai bələdiyyəsinin nümayəndəsi-X3 məhkəmə iclasında verdiyi izahatında, iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrnin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; Nizamnamənin surətindən görünür ki, “Natiq-İlgam” firması 22 may 1997-ci ildə 33834 qeydiyyat № ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydə alınmışdır. Nizamnamədə firmanın təsisçisi kimi X4 qeyd olunmuşdur. Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Torpaq sahəsinin ayrılması haqqında” xx.xx.1998-ci il tarixli 417 № sərəncamın surətindən görünür ki, “Natiq-İlqam” firmasının xx.xx.1997-ci il tarixli məktubu nəzərə alınaraq, Xətai rayonu, 823-cü keçid, 2954 saylı məhəllədə çörək satışı mağazasının layihələndirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının “ Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 417 №-li sərəncamında qismən dəyişiklik edilməsi haqqında” xx.xx.1999-cu il tarixli 214 №-li Sərəncamı ilə “Natiq-İlqam” firmasının təsisçisi X2 xx.xx.1999-cu il tarixli, C-5 №-li müraciəti nəzərə alınaraq, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 417 №-li sərəncamındakı “2954-cü məhəllə” ifadəsi “2951-ci məhəllə” kimi oxunması qeyd olunmuşdur. Bakı şəhəri Xətai rayonu Zığ şossesi 2951-ci Məhəllədə "xxxx" Firmasına məxsus X7 Layihəsi xx.xx.2002-ci il tarixdə Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsində razılaşdırılmışdır. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 06/553 №-li, xx.xx.2003-cü il tarixli müqavilənin surətindən görünür ki, “İcarəyəverən” Xətai rayon Xətai Bələdiyyəsi ilə “İcarəçi” “Natiq-İlham” firması arasında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən “İcarəyəverən” “Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000ci il 17 aprel tarixli 67 №-li qərarına əsasən Xətai rayon bələdiyyəsinin 16 iyun 2000-ci il tarixli 06 saylı Qərarı əsasında Bakı şəhəri Xətai rayonu, Zığ yolu 823-cü keçid 2954-cü məhəllə ünvanında yerləşən ümumi sahəsi 64,0 kv. metr olan torpaq sahəsini müvəqqəti istifadə üçün icarəyə verir. İcarəçi isə onu qəbul edir. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 07/79 №-li, 09 mart 2005-ci il tarixli müqavilənin surətindən görünür ki, “İcarəyəverən” Xətai rayon Xətai Bələdiyyəsi ilə “İcarəçi” “Natiq-İlham” firması arasında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən “İcarəyəverən” “Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000ci il 17 aprel tarixli 67 №-li qərarına əsasən Xətai rayon bələdiyyəsinin 16 iyun 2000-ci il tarixli 06 saylı Qərarı əsasında Bakı şəhəri Xətai rayonu, Zığ yolu 823-cü keçid 2951-ci məhəllə ünvanında yerləşən ümumi sahəsi 64,0 kv. metr olan torpaq sahəsini müvəqqəti istifadə üçün icarəyə verir. İcarəçi isə onu qəbul edir. Həmin Müqavilənin 2.3-cü bəndində icarə müqaviləsinin müddəti xx.xx.2005-ci il tarixdən xx.xx.2005-ci il tarixə qədər müddətə bağlandığı qeyd olunmuşdur. “Torpaq sahələrinin icarəyə verilməsi haqqında” 11 aprel 2006-cı il tarixli 0314 №-li İcarə Müqaviləsinin surətindən görünür ki, “İcarəyəverən” Xətai rayon Xətai Bələdiyyəsi ilə “İcarəçi” “Natiq-İlham” firması ilə müqavilə bağlanmışdır. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən İcarəyəverən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikasının 2002-ci il 15 tarixli, 274 İİ-Q saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 17 aprel tarixli 67 №-li qərarına əsasən Xətai rayon Xətai Bəldiyyəsinin 07 aprel 2006-cı il tarixli 10 saylı Qərarına əsasən Bakı şəhəri Xətai rayonu Zığ yolu 823 keçid, 2954 məhəllə ünvanında yerləşən ümumi sahəsi 416,5 kv. metr olan torpaq sahəsi müvəqqəti istifadə üçün icarəyə verir. İcarəçi isə onu qəbul edir. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən icarə müqaviləsinin müddəti xx.xx.2006cı il tarixdən xx.xx.2009-cu il tarixə qədər müddətə müəyyən edilmişdir. Xətai rayon Xətai bələdiyyəsi tərəfindən verilmiş 142850, 196501, 017620, 015923, 009443, 283922, 016903, 013195, 018632, 018780, ******* qəbzlərdən görünür ki, Süleymanova Cahan tərəfindən "xxxx" firmasının adından torpaq icarə haqları ödənilmişdir. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavabdeh orqan tərəfindən verilmiş 09 fevral 2017-ci il tarixli 01/41 №li cavab məktubunda göstərilmişdir ki, Xətai Bələdiyyəsinə bələdiyyə torpaqlarına dair xəritə verilməmişdir. “Bələdiyyə torpaqlannın aynlmasına dair sənədlərin hazırlanması və razılaşdınlması qaydaları haqqında xx.xx.2002-ci il tarixli 274- İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Əsasnaməyə və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu və bələdiyyələrə dair bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə 466-İİİQD №-li 23 oktyabr 2007-ci il tarixli Qanununa əsasən torpaqlar üzərində mülkiyyət, istifadə və icarə hüquqlan yalnız torpaq hərracları və müsabiqələri vasitəsilə əldə edilə bilər. İPM-nin 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı istifadəsində olan torpaq sahəsinə dair onunla icarə müqaviləsinin bağlanmasını xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə istifadəsində olan torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanmasında dair cavabdehin üzərinə barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 241.2-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi və s. kimi səlahiyyətləri vardır. Həmin Məcəllənin 86.6-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. Bələdiyyə torpaqlarının, habelə onlar üzərində icarə hüquqlarının alqı-satqısı torpaq hərracları və müsabiqələri vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 144.1.6-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam bələdiyyələrin iclaslarında həll olunan məsələlərə aid olunmuşdur. Konstitusiyanın 145.1 və 145.2-ci maddələrinə əsasən bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2001-ci il tarixli Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinin tələbinə görə torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli, 548 saylı Fərmanına əsasən həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Azərbaycan Respublikasının xx.xx.2002-ci il tarixli, 274 İİQ saylı Qanunu ilə təsdiq edilmiş, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin; - 5-ci bəndinin tələbinə əsasən bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin istifadəsinə, icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. - 22-ci bəndinin tələblərinə əsasən Bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Göründüyü kimi sadalanan normalara əsasən müvafiq bələdiyyə tərəfindən hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edə bilər. Məhkəmə araşdırması zamanı isə müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi ilə bağlı Xətai bələdiyyəsinin mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, sonuncu tərəfindən həmin torpaq sahəsinin icarə müqaviləsinin (hərrac və ya müsabiqəyə çıxarılması) bağlanmasından imtina olunmuşdur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar