Məhkəmə qərarları › İş №2-1(112)-9045/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9045/2025

21.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9045/2025 21.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 29 sentyabr 2015-ci il tarixdən Azərbaycan Respublikası Prokurorluğu orqanlarında prokurorluq işçisi kimi qulluq keçir. 26 iyul 2017-ci il tarixdən isə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanı olan Azərbaycan Respublikası Hərbi Prokurorluğunda hərbi xidmət keçir. Hazırda Azərbaycan Respublikası Hərbi X1 prokuroru vəzifəsində, ədliyyə mayoru hərbi rütbəsində xidmətimi davam etdirir. İddiaçı xidməti vəzifələrinin icrası zamanı xəsarətlər almışdır. Belə ki, 12 sentyabr 2024-cü il tarixdə, saat 13:10 radələrində hərbi xidmət yeri olan Azərbaycan Respublikası Hərbi X2 küçəsi 98 ünvanında yerləşən inzibati binasından nahar etmək üçün verilmiş fasilə zamanı yaşadığı ünvan 1 ünvanına gedərkən ünvan 2ləşən piyada keçidini keçərkən “Hyundai” markalı, **- KN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yol-nəqliyyat hadisəsi törədərək onu vurması nəticəsində ona “sol əlin ovuc səthinin sıyrılmış yarası, sol mil-bilək oynağının şişkinliyi və hərəkət məhdudluğu ilə müşayiət olunan küt travması” dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Qeyd olunan yolnəqliyyat hadisəsi ilə əlaqədar Bakı şəhəri Nəsimi rayon Polis idarəsinin Təhqiqat şöbəsində araşdırma aparılaraq 01 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və təqsirkar şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə toplanmış material Bakı şəhəri Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 3(006)-4788/2024 nömrəli qərarından görünür ki, YULİİA LOBAS Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında inzibati qaydada cərimə edilmişdir.Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən bədən xəsarətlərinin dərəcəsi yalnız ixtisaslı məhkəmə-tibb ekspertləri tərəfindən müvafiq tibbi müayinələr aparılmaqla məhkəmə-tibbi ekspertizasının rəyi əsasında müəyyən edilir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı almış olduğum bədən xəsarətlərinin sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri olması məhkəmə-tibbi ekspertizasının rəyi ilə təsdiq olunmuşdur. Belə ki, məhkəmə-tibbi ekspertizasının 14 oktyabr 2024-cü il tarixli 1421 saylı rəyinə əsasən almış olduğum xəsarətlər - sol əlin ovuc səthinin sıyrılmış yarası, sol mil-bilək oynağının şişkinliyi və hərəkət məhdudluğu ilə müşayiət olunan küt travması bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, 12 sentyabr 2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Həmin xəsarətlər yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. İddiaçı sığorta ödənişinin verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu onun müraciətinin təminindən imtina etmişdir. Cavabdehin etirazı Etiraza əsasən, İddiaçı xx.xx.2025-ci il tarixdə müraciət edərək hərbi qulluqçuların dövlət icbari şəxsi sığorta ödənişinin təyin edilməsini xahiş etmişdir. İddiaçının müraciətinə Fondda baxılarkən iddiaçının aldığı xəsarətin “Ağır, az ağır və yüngül xəsarət növlərinin Sivahısı"na görə əmək qabiliyyətinin hər hansı dərəcədə itirilməsinə səbəb olan xəsarət kimi tövsif edilə bilmədiyi qeyd olunmuşdur. İddiaçı sığorta ödənişinin verilməsi ilə bağlı təqdim etdiyi sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 86/108 nömrəli arayışa əsasən iddiaçı xx.xx.2024-cü il tarixində yüngül dərəcəli qiymətləndirilən sol əlin ovuc səthinin sıyrılmış varası, sol mil-bilək oynağının şişkinliyi və hərəkət məhdudluğu ilə müşaiyət olunan küt travması xəsarətini almışdır. Qanunun 5-ci maddəsində nəzərdə tutulan hallardan biri də maddənin ç) bəndində göstərilən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edilməsidir. Ağır, az ağır və yüngül xəsarət növləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 avqust tarixli 269 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısına uyğun olaraq müəyyən edilir. Həmin Qanuna əsasən sığorta ödənişi dedikdə isə sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığortaçı tərəfindən ödənilən birdəfəlik pul vəsaiti nəzərdə tutulur. Yuxarıda qeyd edilənlərə əsasən bildiririk ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 avqust tarixli 269 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı”na görə alınmış xəsarət əmək qabiliyyətinin hər hansı dərəcədə itirilməsinə səbəb olan xəsarət kimi tövsif edilə bilməz. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə hazırki iş üzrə aidiyyət qaydalarına riayət olunması ilə bağlı bildirir ki, doğrudur ki, iddiaçının yaşayış yeri üzrə qeydiyyatı Göygöl şəhəridir. Lakin, nəzərə alınmalıdır ki, onun hazırda Azərbaycan Respublikası Hərbi X1 prokuroru vəzifəsində qulluq keçməsi, onun davam edən xidmətinin Bakı şəhərində olması, həmçinin faktiki olaraq hazırda Bakı şəhərində yaşaması, iddiaya aidiyyət qaydaları üzrə hazırki məhkəmə tərəfindən baxılmasına əsas verir. Nəzərə alınmalıdır ki, təkcə qeydiyyat yerinə istinadla iddiaçı prokurorluq orqanı ilə xidməti hüquq münasibətinin xarakteri nəzərə alınmaqla iddiaçının işinə xidmətini həyata keçirdiyi ərazi yurisdiksiyasından kənar baxılması qanunvericiliyin tələblərinə uyğun hesab edilməməkdədir. Nəzərə alınmalıdır ki, mövcud təcrübədə məhz qeydiyyat yerinə istinadla, jek, icra nümayəndəliyinin arayışlarına əsasən işin aidiyyəti üzrə məhz qeydiyyat yeri üzrə göndərilməsinə dair mövcud təcrübə, hazırkı vəziyyətdə tətbiq edilməməlidir. Nəzərə alınmalıdır ki, hər nə qədər hazırkı mübahisələr üzrə olmasa da, dövlət, hərbi qulluqçu statusunda olan şəxslərlə bağlı xidməti münasibətlərdə olduğu dövlət qurumlarına qarşı mübahisələrdə inzibati prosessual qanunvericiliyin məhz iddiaçının xidmətini həyata keçirdiyi yerdə işə baxılmasına dair mövqe məhz dövlətçilik maraqlarına xidmət etməkdədir ki, hazırkı halda Bakı şəhərində işləyən və hərbi prokurorluq orqanında çalışan şəxsin qeydiyyat yerinə istinadla hər məhkəmə iclasında xidmətindən uzaqlaşdırılaraq digər ərazi yurisdikasiyasına aid məhkəmədə işə baxılmalı olmasına dair mövqe inzibati məhkəmə icraatının tələbləri ilə məhkəmə hesab edir ki, uzlaşmamaqdadır. Odur ki, Hərbi Prokurorluğun məktubu nəzərə alınmalı, iddiaçının işinə kirayədə yaşadığı və xidmətini davam etdirdiyi Bakı şəhəri üzrə səlahiyyətli inzibati məhkəmədə baxılmalıdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, iddiaçı xidməti vəzifələri yerinə yetirərkən xx.xx.2024-cü il tarixdə saat 13:10 radələrində Nəsimi rayonu Ceyhun Hacıbəyli küçəsi ilə Vaqif prospektinin kəsişməsində piyada keçidini keçərkən “Hyundai” markalı, **- KN-*** dövlət qevdivyat nişanlı avtomobilin sürücüsü vol- nəqliyyat hadisəsi törədərək onu vurmuşdur. Onun aldığı xəsarətin dərəcəsi – yüngül olmuşdur. MN Mərkəzi Hərbi Poliklinika tərəfindən verilmiş arayışdan görünür ki, baş vermiş hadisə nəticəsində iddiaçı xx.xx.2024-cü il tarixdə saat 13:10 radələrində Nəsimi rayonu Vaqif küçəsində bas vermiş yol nəqliyyat hadisəsi zamanı "Sol əlin ovuc səthinin sıyrılmış yarası, sol mil-bilək oynağının şişkinlivi və hərəkət məhdudluğu ilə müşayiət olunan küt travması” səbəbdən yüngül dərəcədə (xəsarət (yüngül, az ağır, ağır) xəsarət almışdır. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda qeyd olunmuşdur ki, məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 1421 nömrəli rəyinə əsasən İddiaçı bədənində aşkar olunmuş xəsarətlər-dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aiddirlər. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, sığorta ödənişinin verilməsi ilə bağlı təqdim olunan sənədlər araşdırılarkən məlum olmuşdur ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş xx.xx.2025ci il tarixli 86/108 nömrəli arayışa əsasən xx.xx.2024-cü il tarixində yüngül dərəcəli qiymətləndirilən sol əlin ovuc səthinin sıyrılmış yarası, sol mil-bilək oynağının şişkinliyi və hərəkət məhdudluğu ilə müşaiyət olunan küt travması xəsarəti almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 avqust tarixli 269 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı”na görə aldığı xəsarət əmək qabiliyyətinin hər hansı dərəcədə itirilməsinə səbəb olan xəsarət kimi tövsif edilə bilməz. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunun: 2.1.3. sığortaolunan – barəsində sığorta fəaliyyəti həyata keçirilən hakimlər, prokurorluq işçiləri (hərbi prokurorluq orqanlarının işçiləri istisna olmaqla), müstəntiqlər, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxslər, habelə fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçiləri; 2.1.6. sığorta hadisəsi – sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 5-ci maddəsi ilə müəyyən edilən hal; 2.1.7. sığorta haqqı – bu Qanunla nəzərdə tutulmuş qaydada və məbləğdə sığortalı tərəfindən hər bir sığortaolunan üzrə hər il üçün sığortaçıya ödənilməli olan pul məbləği; 4.1. Sığortaolunan 5 illik əməkhaqqı məbləğində sığorta edilir. 4.2. Sığorta haqqı bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. 4.3. Sığortalının qərarı ilə sığorta haqqının miqdarı artırıla bilər.

5. Sığortaolunanların xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması və (və ya) əlilliyin müəyyən edilməsi sığorta hadisələri hesab edilir. Sığorta hadisələri baş verdikdə bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğindən faizlə aşağıdakı sığorta ödənişləri verilir; a) sığortaolunan məhkəmə və ya hüquq mühafizə orqanlarında xidmətdə olduğu zaman həlak olduqda (vəfat etdikdə) - 100 faiz; b) sığortaolunan xidmətdə olduğu zaman aldığı xəsarət (yaralanma, travma, kontuziya) almağa görə xidmətdən çıxdıqdan sonra üç il ərzində öldükdə - 100 faiz;[10]

c) sığortaolunanın əlilliyi müəyyən edildikdə; orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə - 80 faiz; orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə - 60 faiz; orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə - 40 faiz ç) sığortaolunan: ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 20 faiz; az ağır xəsarət (yaralanma, travma, kontuziya) – 15 faiz; yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 10 faiz. Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir. 8.1. Sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edilir: 8.1.1. sığortaolunanın sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda; 8.1.2. sığortaolunan bu Qanunun 7.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sığorta ödənişinin alınması üçün tələb olunan sənədləri və məlumatları təqdim etmədikdə, yaxud təqdim edilmiş sənədlərin və məlumatların tam və ya düzgün olmadığı müəyyən edildikdə (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla); 8.1.3. baş vermiş hadisə bu Qanunla müəyyən edilmiş sığorta hadisəsi hesab edilmədikdə; 8.1.4. sığorta hadisəsi sığortaolunanın bilavasitə alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə etməsi nəticəsində baş verdikdə; 8.1.5. sığortaolunan özünə qəsd etdikdə və həmin hal məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq olunduqda. 8.2. Sığorta ödənişinin verilməsindən bu Qanunun 8.1.2-ci maddəsində nəzərdə tutulmuş hala görə imtina edildikdə sığorta ödənişi almaq hüququ olan şəxs imtinaya səbəb olan hal aradan qaldırıldıqdan sonra sığorta ödənişinin alınması üçün təkrar müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 avqust tarixli 269 nömrəli qərarı ilə təsdiq edilmiş “Ağır, az ağır və yüngül xəsarət növlərinin” Siyahısının 3.1-ci bəndinə əsasən yüngül xəsarətlərə aşağıdakılar aid edilir: 3.1.1. sağlamlığın qısa müddətdə (21 gündən az) pozulmasına səbəb olan xəsarətlər; 3.1.2 11-12-ci qabırğalar istisna olmaqla, bir qabırğanın fraqmentlərinin yerini dəyişməyən sınığı; 3.1.3. burun sümüyünün cərrahi müdaxilə tələb etməyən deformasiyasız sınığı; 3.1.4. əl və ayaq barmaqlarının falanqa sümüklərinin sadə (yerini dəyişməyən, qəlpəsiz) sınıqları (əllərin 1-ci barmaqları, ayaqların 1, 2 və 3-cü barmaqları istisna olmaqla); 3.1.5. cərrahi tikilən və ya cərrahi tikişə ehtiyacı olan yaralar; 3.1.6. baş beyin silkələnməsi; 3.1.7. sağlamlığı qısa müddətə pozan digər zədələnmələr; 3.1.8. əmək qabiliyyətinin cüzi (10%-ə qədər) dayanıqlı itirilməsinə səbəb olan zədələnmələr. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.3-cü maddəsinin “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 2.4, 20.5 və 20.15-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı ilə qərara alınmışdır ki: -““Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.3-cü maddəsində “hərbi prokurorluq orqanlarının işçiləri istisna olmaqla" ifadəsi hərbi prokurorluq orqanlarında qulluq edən prokurorluq işçisi olmayan hərbi qulluqçuları nəzərdə tutur. Hərbi prokurorluq orqanlarının prokurorluq işçilərinin dövlət icbari şəxsi sığortası “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddələrinə müvafiq olaraq, prokurorluğun stajorlarının dövlət icbari şəxsi sığortası “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.” “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən prokuror - Azərbaycan Respublikasının baş prokuroru, bütün tabe prokurorlar, prokuror müavinləri, prokurorun böyük köməkçiləri, prokuror köməkçiləri, idarə, şöbə rəisləri, rəislərin müavinləri, idarə, şöbələrin böyük prokuror-metodistləri, böyük prokurorları, böyük prokuror-kriminalistləri, prokurorları və prokuror-kriminalistləri; Məhkəmə ilk növbədə vurğulayır ki, iddiaçı “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə istinad edilərək, xx.xx.2024-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində aldığı yüngül dərəcəli bədən xəsarətinə görə cavabdeh tərəfindən müvafiq sığorta ödənişinin ona ödənilməsinə nail olmaq istəyir. Nəzərə alınmalıdır ki, iddiaçı Azərbaycan Respublkası Hərbi Prokurorluğunda Kadrlar şöbəsinin prokuroru vəzifəsində xidmət edir. Bu səbəbdən də ona münasibətdə “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunun yoxsa “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun müddəalarının tətbiq edilibedilmədiyi müəyyən olunmalıdır. Belə ki, cavabdeh tərəfin etirazında da bu məsələ qaldırılmış, və iddiaçının sığorta hüquq münasibətlərinin “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunla tənzimlənməli olduğu bildirilmişdir. Məhkəmə bununla bağlı bildirir ki, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 2.1.3-cü bəndində birbaşa göstərilmişdir ki, sığortaolunan şəxslər siyahısına prokurorluq işçiləri də daxildir, lakin istisna olaraq hərbi prokurorluq orqanlarının işçiləri bu Qanunun tətbiq dairəsindən kənar tutulmuşdur. Bununla belə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 22 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, yuxarıda göstərilən istisna yalnız hərbi prokurorluq orqanlarında qulluq edən, lakin hüquqi statusu etibarilə prokurorluq işçisi olmayan hərbi qulluqçulara şamil olunur. Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun1-ci maddəsi və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 3.1-ci maddəsi ilə müəyyən edilmiş əsaslar çərçivəsində, prokurorluq orqanlarında xidmət aparan və prokurorluq işçisi statusuna malik şəxslərə münasibətdə “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunun müddəaları tətbiq olunmalıdır. Bu hüquqi mövqedən çıxış edərək, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Kadrlar şöbəsinin prokuroru kimi fəaliyyəti onun məhz “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunun subyektiv tərkibinə daxil edilməsinə əsas verir və bu səbəbdən ona münasibətdə məhz həmin Qanunun müddəalarının tətbiqi zəruridir. İddianın mahiyyəti üzrə qiymətləndirməyə gəlincə, qeyd olunmalıdır ki, yuxarıda adı çəkilən Qanunun 5-ci maddəsinə əsasən, sığorta hadisəsi baş verdikdə və həmin hadisə nəticəsində sığortaolunan şəxs tərəfindən yüngül, az ağır və ya ağır bədən xəsarətləri alındıqda, bu, sığorta ödənişinin verilməsi üçün əsas sayılır. Hazırki iş üzrə aparılmış qiymətləndirmə nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı həqiqətən də, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yüngül xəsarət almışdır. Lakin cavabdeh sığorta orqanı bu xəsarətləri əmək qabiliyyətinin itirilməsinə səbəb olmayan hallar kimi qiymətləndirərək, sığorta ödənişinin verilməsindən imtina etmişdir. Bu mövqe isə Qanunun 5-ci maddəsində göstərilmiş sığorta ödənişi üçün zəruri hüquqi meyarlara ziddir. Çünki qanunverici əmək qabiliyyətinin mütləq şəkildə itirilməsi faktını deyil, xəsarətin xarakterini (ağır, az ağır və ya yüngül) əsas götürmüşdür. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin olunsun. xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı almış olduğu yüngül dərəcəli bədən xəsarətinə görə ona sığorta ödənişinin verilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar