Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9046/2025 14.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi ilə, iddiaçı Rzayeva Elnaranın cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Rzayeva Elnara (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə ona təyin edilmiş 5000 manat inzibati cərimənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhərində ixtisasına və qabiliyyətinə uyğun olaraq vətəndaşlara xidmət göstərmək məqsədilə 2017-ci ildə “Dr.Elnarə Rzayeva” adına estetik mərkəz açaraq fəaliyyətə başlayıb. 1 ilə qədər işlədikdən sonra Bakı və Sumqayıt şəhərlərində “X3” adı altında estetik kosmetoloji klinikaları olan X1 və X4 bacılarının iddiaçıya qarşı iftira və hədsiz sayda şikayətləri nəticəsində iş yerini bağlamaq məcburiyyətində qalıb. Fəaliyyətini dayandırdıqdan sonra yenə bu bacılar iddiaçıdan əl çəkməyərək onu müxtəlif yollarla sıxıştırmağa başlamışlar və nəticədə iddiaçı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin yoxlamalarına məruz qalmışdır. İddiaçı fəaliyyətini dayandırdıqdan və heç bir işlə məşğul olmadığı bir müddətdən sonra yaşadığı evdə olarkən ünvanına bir qərar gəlmişdir. Qərarın mahiyyəti ondan ibarət idi ki, iddiaçı cavabdehin MN1068402 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə manat cərimə olunub. Cavabdeh tərəfindən ididaçının qeyd etdiyi fəaliyyətlə məşğul olmağını araşdırmaq üçün prokurorluğa müraciət olunmuşdur. Prokuror köməkçisi Aytən adlı bir xanım iddiaçının əvvəlcə işlədiyim yerə gedərək yerində yoxlama aparmış və orada iddiaçı tərəfindən heç bir iş aparılmadığı və qanuna zidd hər hansı bir hərəkətin olmaması barədə cavabdehə məlumat vermişdir. Lakin bütün bunlara baxmayaraq Nərimanov rayon məhkəməsicavabdehin göstərişi ilə iddiaçını cərimə edib. Cərimə olunmağının səbəbi iddiaçıya aydın deyil və bununla əlaqədar mənə heç bir səbəb göstərilməyib. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilməmişdir. Tərəflərə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilən normalara əsasən işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən (bundan sonra - İXM) barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər (128.1.). İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə (128.2.). Qeyd edilən hüquq normalarından görünür ki, inzibati xəta haqqında qərarlardan şikayət verilməsi bağlı məsələlər inzibati orqanın inzibati xətalara dair fəaliyyətinə aid olan məsələlərdir. Belə ki, inzibati xətalar haqqında qanunvericilik inzibati xətaya dair iş üzrə inzibati orqanın qərarından yuxarı orqana və ya məhkəməyə, məhkəmənin qərarından isə yuxarı məhkəməyə şikayət verilməsini nəzərdə tutmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı cavabdeh tərəfindən onun barəsində inzibati xəta ilə bağlı qəbul edilmiş inzibati tənbehvermə haqqında qərarı mübahisələndirir. Həmin məsələ isə inzibati məhkəmənin deyil, inzibati xətaya dair qərardan şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq ümumi məhkəməyə aiddir. İddiaçı həmin qərardan narazı qaldığı təqdirdə bununla bağlı məhkəmə nəzarətini həyata keçirən müvafiq ümumi məhkəməyə şikayət verə bilər. Həmin qərar isə inzibati orqanın ümumi hüquq münasibətlərindən irəli gələn fəaliyyəti ilə deyil, inzibati xətalara dair fəaliyyəti ilə bağlı olduğundan hazırkı iddia mümkün sayıla bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Rzayeva Elnaranın cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə qarşı “qərarın ləğv edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada elan olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-9046/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9046/2025
14.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver