Məhkəmə qərarları › İş №2-1(112)-905/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-905/2021

07.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-905/2021 07.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «qərarın ləğv edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh AR İİN yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin **********198717 nömrəli 2 aprel 2020-ci il tarixli qərarının ləğv edilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47 – 49-cu madəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. İddia ərizəsində bildirilir ki, İddiaçı MMC əlavə dəyər vergisinin ödəyicisi kimi qeydiyyata alınmış, ona VÖEN və ƏDV bildirişi verilmişdir. Qurum faktiki olaraq səhiyyə sahəsində sair fəaliyyəti ilə məşğul olmuş, onun mövcud qanunvericiliklə qadağan olunmuş fəaliyyəti yoxdur. İddiaçı MMC-də 2006-cı ildən hal-hazıradək bir neçə dəfə səyyar vergi yoxlamaları keçirilmiş və onun sahibkarlıq fəaliyyəti dövründə heç bir vergilərin ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. Axırıncı dəfə 30 yanvar 2019-cu il tarixdən 5 fevral 2020-ci il tarixədək müəssisədə sonuncu mubasiləndirilən səyyar vergi yoxlaması aparılmışdır. 2016-cı ilin aprel ayından 2018-ci ilin noyabr ayınadək olan dövrü əhatə etmişdir. Bütün sənədlər təqdim edilməsinə baxmayaraq 10 fevral 2020-ci il tarixdə akt tərtib edilərək yenidən həmin dövrə əlavə vergilərin hesablanması barədə **********198717 nömrəli 2 aprel 2020-ci il tarixli qərar çıxarılmışdır. Yoxlanılan dövr üçün 363.636,01 manat ƏDV, 2016 – 2017-ci il üçün 83,197,03 manat mənfəət vergisi, 2016-cı il üçün 9.091,62 manat sadələşdirilmiş vergi, 2016 – 2018-ci illər üçün MDSS – İşəgötürənlər – muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər (0111) üzrə 467.822,02 manat, 2018-ci il üçün işsizlik sığortası üzrə rüblük hesabat (hüquqi şəxslər) üzrə 5.895,94 manat, 2017 – 2018-ci illər üçün muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi (ƏDV bəyannaməsi tərkibində) 137.108,63 manat, 2016 – 2017-ci illər üçün muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi (sadələşdirilmiş vergi bəyannaməsi tərkibində) üzrə 118.425,68 manat, 2016 – 2017-ci illər üçün qeydiyyatsız ƏDV fəaliyyəti üzrə 282.688,59 manat, cəmi 1.457.865,61 manat vergilərin azaldılması müəyyən edilmiş, bütün bunlara müvafıq 531.755,60 manat maliyyə sanksiyası hesablanmışdır. Yoxlama aktı tərtib edilərkən vergi qanunvericiliyinin normalarına riayət edilməmiş, qanunsuz dövriyyə formalaşdırılmış, əsassız vergilər hesablanmışdır. Əlavə hesablanmış vergilər vergi orqanı tərəfindən Vergi Məcəlləsində və digər qanunvericilikdə nəzərdə tutulmamış, hüquqi əsaslara söykənməyən, müəssisəyə məxsus olmayan, müəssisədən götürülməsi təsdiq olunmayan təxəyyül cədvəl əsasında aparılmışdır ki, bu da sonda şəffaf sahibkarlıq fəaliyyəti göstərən müəssisənin ehtiyacı olan şəxslərə xidmət göstərilməsini dayandırmış, kütləvi şəkildə insanların hüquqlarını məhdudlaşdırmışdır. Hər hansı fakt olmadığından, yoxlama zamanı müəssisənin vergi öhdəlikləri üzrə vergilərin azadılması müəyyən edilməmişdir. Vergilər hesablanarkən heç bir analoji vergi ödəyicisinin göstəricilərinə və əlaqəli məlumatlara istinad edilməmişdir. Hətta Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən 2017 – 2018-ci illərdə İddiaçı MMC-də aparılmış xronometraj metodu ilə müşahidənin nəticələri üzrə göstəricilər belə vergi orqanının gəldiyi nəticələri təkzib edir. Bu hala da səyyar vergi yoxlamasında qiymət verilməmişdir. Yoxlama aktında əlavə vergilərin hansı mənbəyə istinadən hesablanması öz əksini tapmamışdır. Yoxlama 12 ay ərizində aparılmış və vergilər elektron fayllarda olan məlumatlara əsasən hesablanmışdır. Bu məlumatlardan isə MMC-nin məlumatı olmamışdır. Yoxlama zamanı bütün sənədlər (mühasibat sənədləri, müəssisənin gəlir və xərclərinin, qaimə-fakturalar və s.) təqdim edilmiş, mühasibat sənədləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ciddi uçot blanklarında tərtib olunmuşdur. Maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən hesabatlar isə, vergi orqanına yoxlama gününədək təhvil verilmişdir. Sənədlər təqdim edilmədiyi halda, vergi orqanı tərəfindən AR Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən akt tərtib olunmalıdır. Belə akt isə, tərtib edilməmişdir. Vergi orqanının 2 aprel 2020-ci il tarixli qərarında AR Vergi Məcəlləsinin 49.2-ci maddəsinin tələbinə zidd olaraq, vergi ödəyicisinə müvafiq izahat verilməmiş, pozuntunun şəraiti və s. əks olunmamışdır. Qərar səthi və formal şəkildə hazırlanmışdır. Bununla «İnzibati icraat haqqında» AR Qanununun 61-ci maddəsinin və AR Vergi Məcəlləsinin 24.0.2-ci maddəsinin tələbləri də pozulmuşdur. Qeyd olunanlar qəbul edilmiş məsuliyyət qərarının ləğv edilməsi üçün birbaşa əsasdır (Vergi Məcəlləsinin 49.5-ci maddəsinə görə). Mühasibat uçotu elektron formatda aparılmayan vergi ödəyicisindən götürülən elektron məlumat – adi exsell cədvəl əsasında gəlirin müəyyən edilməsinin heç bir əsası yoxdur. Çünki, gəlirə dair elektron məlumatlar yalnız vergi ödəyicisinin elektron mühasibatlıq proqramından götürüldüyü halda, əsaslı mənbə kimi istifadə oluna bilər. Bu halda da, həmin elektron məlumat digər sənədlər ilə təsdiq olunmalıdır. Əks halda bu məlumat proqram təminatının texniki xətası kimi qəbul olunur. Vergi orqanının gəlir və xərcə birtərəfli yanaşması əsaslı hesab edilərsə, yenə də həmin məlumat qanuni sayılaraq istifadə oluna bilməz. Çünki Vergi Məcəlləsinin 43.2.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsi tərəfindən səyyar vergi yoxlaması zamanı nümunə kimi götürülən əşyalar xüsusiyyətindən asılı olaraq qablaşdırılır, zəruri hallarda isə yoxlayıcı tərəfindən möhürlənir. Həmin Məcəllənin 43.6-cı maddəsinə görə sənədlərin və nümunə kimi əşyaların götürülməsi sənədləri və əşyaları götürülən şəxslərin və (və ya) onların nümayəndələrinin, habelə müşahidəçilərinin iştirakı ilə həyata keçirilir. Zəruri hallarda sənədlərin və nümunə kimi əşyaların götürülməsində iştirak etmək üçün mütəxəssis dəvət oluna bilər. Yoxlama zamanı AR Vergi Məcəlləsinin 38 – 39-cu maddələrinin tələblərinə də tam olaraq riayət edilməmişdir. Göstərilənlərə və Konstitusiyanın 59, 73-cü maddələrinə, İPM-in 68 – 70-ci maddələrinə əsaslanaraq, cavabdehin 2 aprel 2020-ci il tarixli qərarının ləğv olunması xahiş edilir. Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məhkəməyə ünvanlanmış 18 iyun 2020-ci il tarixli məktubunda iddiaya qarşı etiraz olunaraq aşağıdakılar bildirilir: - Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi İddiaçı MMC-nin iddiası ilə razılaşmır. Vergi orqanının 15 yanvar 2019-cu il tarixli qərara əsasən "xxxx" MMC-də növbəti səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticəsi 10 fevral 2020-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Yoxlama ilə müəssisənin 2016 və 2017-ci illər üzrə mənfəəti yoxlanılmışdır. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin nümayəndələri tərəfindən götürülərək Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təhvil verilmiş elektron faylların araşdırılması nəticəsində müəssisənin yoxlanılan dövrdə illər üzrə (2016 – 2017ci illər) dövriyyəsi müəyyən edilmişdir. Elektron fayllarda cədvəl formasında aylıq ayrıayrılıqda sahələr üzrə müəssisənin gəlirləri göstərilmişdir. Müəssisə tərəfindən 2016-cı il üzrə mənfəət vergisi bəyannaməsi təqdim edilməmişdir. Halbuki, yoxlama ilə vergi ödəyicisinin həmin dövrdə mənfəət vergisinin ödəyicisi olduğu müəyyən edilmişdir. Elektron faylların araşdırılması zamanı müəssisənin 2016-cı il üzrə ümumi gəliri 657.680,33 manat müəyyən edilmişdir. Lakin həmin gəlirin əldə edilməsi ilə bağlı istifadə edilmiş mal və materiallar, digər xərclərlə bağlı (bank xərclərindən başqa) sənəd və məlumatların əldə edilməsi mümkün olmamışdır. Xərc sənədləri təqdim olunmamışdır. Yoxlama zamanı müəssisə tərəfindən malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsini, habelə mal, iş və xidmətlərin alışını təsdiq edən sənədlər tam təqdim edilməmişdir. Bu səbəbdən müəssisənin mənfəətini birbaşa müəyyən etmək mümkün olmamışdır. Ona görə də AR Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək AR Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən müəsssənin vergiyə cəlb edilən mənfəəti 109.613,39 manat (657.680,33/(100+20) x 20) müəyyən edilmişdir. Həmin məbləğdən 20% dərəcə ilə 21.922 manat (109.613,39 x 20%) mənfıəət vergisi hesablanmışdır. Müəssisə tərəfindən 2017-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 440.802,39 manat, əmək haqqı və ona bərabər tutulan xərclər 186.356,66 manat, malın dəyəri 27.588,67 manat, icarə haqqı 108.000 manat, enerji xərcləri 26.753,60 manat, qaz xərcləri 4.066,61 manat, su və kanalizasiya xərcləri 4.630 manat, rabitə xərcləri 2.496,60 manat, mühafizə xərcləri 1.253,44 manat, bank xidməti üzrə xərclər 1.397,87 manat, reklam xərcləri 2.360 manat, bilavasitə malların təqdim edilməsindən (işlərin görülməsi, xidmətlərin göstərilməsi) xərclər 4.876,94 manat, amortizasiya ayırmalarına xərclər 4.180,50 manat göstərilməklə ümumi xərclər 414.579,36 manat qeyd edilmiş, müəssisənin mənfəəti 26.233,03 manat müəyyən edilmiş və 5.244,61 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Elektron daşıyıcıda olankı faylların araşdırılması nəticəsində 2017-ci ilin yekunu üzrə göstərilmiş xidmətlərdən müəssisənin ümumi gəlirinin 1.995.568,90 manat olduğu müəyyən edilmişdir. Müəssisənin fəaliyyət göstərdiyi 2017-ci il ərzində əldə etdiyi mənfəətini birbaşa müəyyən etmək mümkün olmadığından, şərti rentabellik səviyyəsi 20% götürülərək AR Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən mənfəət 332.594,82 (1.995.568/(100+20) x 20) manat hesablanmışdır. Həmin məbləğdən isə, 20% dərəcə ilə 66.518,96 manat mənfəət vergisi hesablanmışdır. Müəssisə tərəfindən 5.244,61 manat mənfəət vergisi hesablandığı nəzərə alınaraq, mənfəət vergisinin 61.274,35 manat azaldılması müəyyən edilmişdir. Ümumilikdə, yoxlanılan dövr üzrə mənfəət vergisinin 83.197,03 (21.922,68 + 61.274,35) manat azaldılması müəyyən edilmişdir. Müəssisə ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizəsinə əsasən qeydiyyat bildirişi 1 iyul 2017-ci il tarixdən qüvvəyə minmişdir. Yoxlama ilə müəssisənin 1 avqust 2016-cı il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata durmalı olduğu və həmin tarixdən ƏDV-nin hesablanmasına dair öhdəliyin yaranması müəyyən edilmişdir (Vergi Məcəlləsinin 155.1, 157.3.1, 218.1-ci maddələri). Elektron fayllardan və ƏDV-nin müqayisəli cədvəlindən göründüyü kimi, müəssisənin 2016-cı ilin iyun və iyul ayları üzrə ümumi gəliri 310.488,58 manat təşkil etdiyindən, AR Vergi Məcəlləsinin 155.1 və 157.3.1-ci maddələrinə uyğun olaraq ƏDV məqsədləri üçün qeydiyyatı 1 avqust 2016-cı il il tarixdən qüvvəyə minməli olduğu müəyyən edilmişdir. Belə ki, elektron faylların araşdırılması nəticəsində müəssisənin yoxlanılan dövrdə aylar və illər üzrə (2016 – 2018) dövriyyəsi (gəliri) müəyyən edilmişdir. Elektron faylların tərkibində cədvəl formasında müəssisənin aylar üzrə gəlirinin məbləği əks olunmaqla yekun gəlir məbləği də göstərilmişdir. Cədvəldə eyni zamanda tibbi satış, yəni stasionar, ambulator, laboratoriyadan daxilolma; digər satış, dərman, tibbi ləvazimat satışından daxilolma; ilkin səhiyyə xidmətindən daxilolma (büdcədən); sığorta təşkilatlarından daxilolma, kafeteriyadan daxilolma ayrı ayrılıqda göstərilmişdir. Qeyd edilən sənədlərin araşdırılması zamanı müəssisənin 2017-ci ilin iyul ayından 2018-cı ilin noyabr ayınadək dövr üzrə “18”%-lə ƏDV-yə cəlb edilən dövriyəsinin 2.630.576,20 manat, “0”%-lə ƏDV-yə cəlb edilən dövriyəsinin 87.537,23 manat, dövriyyədən hesablanan ƏDV 473.503,72 manat, qeyrirezident üzrə hesablanan ƏDV 8.100 manat, əvəzləşdirilən ƏDV 35.780,87 manat, qeyrirezident üzrə əvəzləşdirilən ƏDV 4.860 manat, büdcəyə ödənilməli ƏDV məbləği isə 440.962,85 manat müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən həmin dövr üzrə “18%-lə ƏDV-yə cəlb edilən dövriyəsinın 665.931,10 manat, “0”%-lə ƏDV-yə cəlb edilən dövriyəsinin 87.537,23 manat, dövriyyədən hesablanan ƏDV 119.867,60 manat, qeyrirezidentlər üzrə hesablanan ƏDV 8.100,00 manat, əvəzləşdirilən 35.780,87 manat, qeyrirezidentə üzrə əvəzləşdirilən ƏDV 4.860 manat, büdcədən ödənilməli ƏDV məbləği isə 87.326,73 manat göstərilmişdir. Nəticədə yoxlama ilə ƏDV-nin 353.636,12 (440.962,85 – 87.326,73) manat azaıdılması müəyyən edilmişdir. Kənarlaşmanın səbəbi ondan ibarət olmuşdur ki, 2017-ci ilin iyul – 2018-ci ilin noyabr ayı üzrə müəssisə tərəfindən nağd qaydada aparılmış əməliyyatlar tam şəkildə ƏDV-yə cəlb edilməmişdir. Bununla da, Vergi Məcəlləsinin 159.1-ci maddəsinin tələbləri pozulmuşdur. Müəssisə tərəfindən göstərilən xidmətlər üzrə aparılan əməliyyatların göstəriciləri mühasibat uçotuna qismən daxil edilmiş, təqdim edilmiş vergi bəyannaməsində tam məbləğdə öz əksini tapmamışdır. Müəssisə tərəfindən ƏDV üzrə ilk bəyannamə 2017-ci ilin iyul ayı üzrə təqdim edilmişdir. Lakin yoxlama ilə müəssisənin 1 avqust 2016-cı il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata durmalı olduğu və həmin tarixdən ƏDV-nin hesablanmasına dair öhdəliyin yaranması müəyyən edilmişdir. Təqdim edilmiş elektron faylların araşdırılması nəticəsində 2016-cı ilin avqust – 2017-ci ilin iyun ayları üzrə ƏDV-yə cəlb edilən ümumi dövriyyənin 1.606.700,28 manat olduğu müəyyən edilmişdir. Yoxlama ilə həmin məbləğdən 18% dərəcə ilə 289.026,05 manat ƏDV hesablanmış, 6.337,46 manat əvəzləşdirilməli olan ƏDV nəzərə alınmaqla büdcəyə ödənilməli ƏDV 282.688,59 manat məbləğində hesablanmışdır. Yoxlama ilə müəssisənin 1 avqust 2016-cı il tarixdən etibarən ƏDV ödəyicisi olduğu müəyyən edilmiş və həmin dövrə qədər müəssisə sadələşdirilmiş verginin ödəyicisi olmuşdur. Yoxlama ilə müəssisənin 2016-cı ilin 2-ci və 3-cü rübləri üzrə sadələşdirilmiş vergi üzrə təqdim edilmiş bəyannamələri yoxlanılmış və aşkar edilmişdir ki, həmin bəyannamələrdə ümumi hasilat 83.197,95 manat, sadələşdirilmiş vergi 3.327,92 manat göstərilmişdir. Təqdim edilmiş elektron fayllar əsasında 2016-cı ilin uyun ayı üzrə ödəyicinin ümumi hasilatının 156.011,49 manat, sadələşdirilmiş verginin 6.240,46 manat, 2016-cı ilin 3-cü rübünün birinci ayı üzrə dövriyyəsi 154.477,09 manat, sadələşdirilmiş verginin 6.179,08 manat olduğu müəyyən edilmişdir. Beləliklə, yoxlama nəticəsində vergi ödəyicisi tərəfindən sadələşdirilmiş verginin 2016-cı ilin 2-ci rübü üzrə 5.895,18 manat, 3cü rübü üzrə 3.196,44 manat (artıq hesablamalar nəzərə alınmaqla), cəmi 9.091,62 manat verginin azaldılması müəyyən edilmişdir. Müəssisə 1 avqust 2016-cı il tarixdən məcburi ƏDV qeydiyyatına alınmalı olduğundan, həmin dövr üzrə sadələşdirilmiş vergi bəyannamələrində qeyd edilən məbləğlər azaldılmışdır. Müvafiq dövr üzrə təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannamələrinə əsasən işçilərin orta siyahı sayı 80,62, ümumi əmək haqqı fondu 470.182,44 manat, 1 nəfərə düşən orta əmək haqqı 182,24 manat olmaqla əmək haqqından 16.450,13 manat gəlir vergisi tutulmuş və aidiyyəti üzrə ödənilmişdir. Elektron daşıyıcıda olan məlumatların araşdırılması nəticəsində xərclər aylar üzrə icmal cədvəlinə əsasən yoxlanılan dövrdə yoxlama ilə ümumi əmək haqqı fondunun 2.340.617,75 manat əmək haqqından tutulmalı gəlir vergisinin 271.984,44 manat olduğu müəyyən edilmişdir. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalı olan gəlir vergisinin 255.534,31 (271.984,44 – 16.450,13) manat azaldıldığı müəyyən edilmişdur. Müəssisə tərəfindən təqdim edilmiş 2016-cı ilin İİ – 2018ci ilin İİİ rübləri üzrə “məcburi dövlət sosial sığortası üzrə hesabat”lara əsasən əmək haqqı və gəlirlər 435.230,96 manat göstərilmiş və sosial sığorta haqqı 108.807,74 manat hesablanmışdır. Elektron daşıyıcıda olan məlumatların araşdırılması nəticəsində müəssisə tərəfindən muzdlu işlə əlaqədar həmin dövr üzrə 2.306,518,02 manat əmək haqqı və mükafatların hesablandığı müəyyən edilmiş və həmin gəlirlərə yoxlama ilə 576.629,76 manat sosial sığorta haqqı hesablanmışdır. Beləliklə, müəssisə tərəfindən məcburi dövlət sosial sığortası 467.822,02 (576.629,76 – 108.807,74) manat məbləğində azaldılmışdır. Müəssisə tərəfindən 2018-ci ilin İ – İİİ rübləri üzrə “İşsizlik sığortası üzrə hesabat”lara əsasən əmək haqqı və gəlirlər 143.838 manat göstərilmiş və işsizlikdən sığorta haqqı 1.438,38 manat hesablanmışdır. Yoxlama ilə həmin dövr üzrə 733.435,27 manat əmək haqqı və mükafatların hesablandığı müəyyən edilmiş və həmin gəlirlərə sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5%-i və sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əmək haqqının 0,5%-i olmaqla 7.334,34 manat işsizlikdən sığorta haqqı hesablanmışdır. Beləliklə, müəssisə tərəfindən işsizlikdən sığorta haqqı 5.895,94 (7.334,34 – 1.438,38) manat məbləğində azaldılmışdır. Göstərilənlərə və AR Vergi Məcəlləsinin 16.1, 23.1, 24, 38.1, 130-cu maddələrinə əsaslanaraq, iddianın rədd edilməsi məhkəmədən xahiş olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmənin 20 avqust 2020-ci il tarixli qərardadı ilə ekspertiza təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmaqla ekspertizanın keçirilməsi AR Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə həvalə edilmişdir: - Səyyar vergi yoxlaması zamanı hüquqi şəxs İddiaçı MMC-nin 10 fevral 2020-ci il tarixdə **********175420 saylı səyyar vergi yoxlaması 2016 – 2017-ci il illər üçün mənfəət vergisi, ƏDV, sadələşdirilmiş vergi, işləgötürənlər – muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər vergi (ƏDV bəyannaməsi tərkibində), muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi (sadələşdirilmiş vergi bəyannaməsi tərkibində), işsizlik sığortası üzrə rüblük hesabata görə vergi, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi və qeydiyyatsız ƏDV fəaliyyəti üzrə tutulan vergilərin hesablanmasına əsas olmuş işdə olan bütün sənədlər qanunvericiliklə ciddi hesabat blanklarının tələblərinə uyğundurmu? İşdə olan mühasibat və uçot sənədləri vergi və mühasibat uçotu tələblərinə cavab verirmi? - işdə olan sənədlər əsasında İddiaçı MMC-nin səyyar vergi yoxlamasının əhatə etdiyi dövrə münasibətdə bütün növ vergilər üzrə azalma məbləğləri nə qədər təşkil edir. - səyyar vergi yoxlamasının əhatə etdiyi dövr üzrə gəlirin əldə edilməsi ilə bağlı İddiaçı MMC-nin hər hansı xərci iş materiallarında olan sənədlərlə öz əksini tapırmı? Əgər bu hal iş materiallarında olan məsələlərdə öz əksini tapırsa, hansı sənədlərdir (adı, tarixi, rekvizitləri, məbləğlər, hansı vergi ödəyicisi tərəfindən təqdim olunması, təsərrüfat əməliyyatının məzmunu göstərilməklə)? AR Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzindən daxil olmuş məhkəmə qərardadı əsasında verilən 19 mart 2021-ci il tarixli 9/3648 nömrəli ekspert rəyində aşağıdakılar bildirilir: - (1-ci və 2-ci suallar üzrə) 10 fevral 2020-ci il tarixli **********175420 nömrəli səyyar vergi yoxlaması ilə əlavə hesablanmış vergilərin hansı vergitutma obyektinə və vergitutma bazasına əsasən hesablandığı müəyyən olunmadı. Eyni zamanda, 10 fevral 2020-ci il tarixli **********175420 nömrəli səyyar vergi yoxlaması ilə müəyyən olunmuş hesablamaların müəssisəyə aid elektron daşıyıcı (flyaş kart) və müxtəlif mühasibat sənədləri əsasında aparıldığı qeyd edilmişdir. Beləliklə, rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən 10 fevral 2020-ci il tarixli səyyar vergi yoxlamasının əhatə etdiyi dövr üzrə 83.197,03 manat məbləğində mənfəət vergisinin, 353.636,10 manat məbləğində ƏDV-nin, 282.688,59 manat məbləğində qeydiyyatsız ƏDV-nin, 9.091,62 manat məbləğində sadələşdirilmiş verginin, 255.534,31 manat məbləğində MÖMV-nin, 467.822,02 manat məbləğində MDSS-in, 5.895,94 manat məbləğində işsizlik sığortasının az hesablanmasının, həmçinin 12.998,14 manat məbləğində sadələşdirilmiş verginin artıq hesablanmasının düzgünlüyü müəyyən olunmur. Həmçinin “fləş kart” məlumatları və ya “qara mühasibatlıq” sənədləri əsas götürülməklə əlavə hesablamaların aparılması qüvvədə olan mühasibat uçotu haqqında və vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Yəni, “fləş kart” məlumatları və “qara mühasibatlıq” sənədlərinin mötəbərliyi öz təsdiqini tapmır. Belə olan halda, Vergi Məcəlləsinin tələblərinə əsasən vergi ödəyicisinin öz hesabatları qəbul edilə bilər; - (3-cü sual üzrə) 10 fevarl 2020-ci il tarixli **********175420 nömrəli səyyar vergi yoxlamasının əhatə etdiyi dövr üzrə gəlirin əldə edilməsi ilə bağlı İddiaçı MMC-nin vergi ödəyiciləri tərəfindən tərtib olunmuş xərc sənədləri iş materiallarında öz əksini tapmışdır. Həmin sənədlərin adı, tarixi, rekvizitləri, məbləğləri, təsərrüfat əməliyyatının məzmunu təqdim edilmiş iş materiallarında olan sənədlərdə göstərilmişdir. Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məhkəməyə ünvanlanmış 6 may 2021-ci il tarixli məktubunda ekspert rəyinə aşağıdakı məzmunda mülahizə bildirilir: - AR Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin iş üzrə 19 mart 2021-ci il tarixli 9/3648 saylı ekspert rəyi tərtib edilmişdir. Hesab olunur ki, həmin rəy mötəbər sübut kimi qiymətləndirilməməlidir. Belə ki, rəydən də göründüyü kimi, ekspert qarşısında həm məhkəmə tərəfindən, həm də cavabdeh tərəfindən təqdim edilmiş vəsatətlə bir neçə sual qoyulmuşdur. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən təqdim edilən 16 sentyabr 2020-ci il tarixli vəsatətlə iki sual qoyulmuşdur: 1) “Qara mühasibatlıq” sənədlərinin mötəbərliyi qəbul edildiyi halda iddiaçı tərəfindən mübahisələndirilən qərarla hesablanmış hər bir vergi tədiyyəsi üzrə vergi məbləği düzgün hesablanmışdırmı? 2) “Qara mühasibatlıq” sənədlərinin mötəbərliyi qəbul edildiyi halda mübahisələndirilən qərarla hesablanmış vergilərin düzgünlüyü müəyyən olunmazsa, vergi ödəyicisinin vergi öhdəliyi və yayındırılmış vergi məbləği nə qədər təşkil edir? Ekspert rəyində yuxarıda qeyd edilən suallar cavablandırılarkən “qara mühasibatlıq” sənədlərinin mötəbər sübut kimi qəbul edilməli olmaması ilə bağlı qanunvericiliyə istinad edilmiş və həmin sənədlərdə qeyd olunan məlumatlar əsasında hesablamalar aparılmışdır. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi hesab edir ki, ekspert rəyi verilərkən cavabdehin sualları cavablandırılmamışdır. Belə ki, “qara mühasibatlıq” sənədlərinin mötəbər sübut kimi qiymətləndirilməsi ekspertin deyil, məhkəmənin səlahiyyətindədir. Hər hansı halın, faktın, sənədin, hərəkət və ya hərəkətsizliyin qanunauyğun olub-olmamasını müəyyən etmək məhkəmə-mühasibatlıq ekspertizasını aparan ekspertin deyil, məhkəmənin səlahiyyətidir. Əlavə olaraq cavabdeh tərəfindən qoyulmuş sualların «“qara mühasibatlıq” sənədlərinin mötəbərliyinin müəyyən edilməsi halı»nda hissəsi birbaşa məhkəməyə ünvanlanmışdır. Yəni, məhkəmə “qara mühasibatlıq” sənədlərinin mötəbərliyini qəbul edib həmin sənədləri ekspertizaya təqdim edildiyi halda, ekspert tərəfindən həmin fayllarda əks olunmuş məlumatlar əsasında hesablama aparılmalı idi. Lakin məhkəmə tərəfindən “qara mühasibatlıq” sənədləri ekspertizaya təqdim olunmasına baxmayaraq, ekspert tərəfindən hər hansı hesablama aparılmamış, əksinə səlahiyyət həddi aşılaraq hüquqi rəy verilmişdir. Məhkəməmühasibatlıq ekspertizasının əsas vəzifəsi onun hesabatlarda və hesabat prosesində neqativ kənarlaşmanın müəyyən edilməsi məqsədi ilə təsərrüfat əməliyyatlarının mühasibat uçotunda əks etdirilməsinin vəziyyətini öyrənməkdən ibarətdir. 19 mart 2021-ci il tarixli 9/3648 saylı ekspert rəyində səyyar vergi yoxlaması aktında fləş kartda olan məlumatların hansı sənəd və məlumat oması həmin aktda qeyd edilmədiyi göstərilmişdir. Lakin səyyar vergi yoxlaması aktında qeyd olunmuşdur ki, müvafiq elektron faylların araşdırılması nəticəsində müəssisənin yoxlanılan dövrdə aylar və illər üzrə (2016 – 2018) dövriyyəsi (gəliri) müəyyən edilmişdir. Elektron faylların tərkibində cədvəl formasında nüəssisənin hər ay ayrılıqda olmaqla satış (xidmət) üzrə gəlirinin məbləği göstərilməklə yekun gəlir məbləği də göstərilmişdir. Cəlvəldə eyni zamanda tibbi satışdan daxilolma (yəni, stasionar və ambulator müalicədən), laboratoriyadan daxilolma, dərman və tibbi ləvazimat satışından daxilolma, ilkin səhiyyə xidmətindən daxilolma, sığorta təşkilatından daxilolma, kafeteriyadan daxilolma ayrı-ayrılıqda göstərilmişdir. Ekspert rəyində cavabdehin suallarından başqa, qoyulmuş digər sualların da cavablandırılması zamanı ekspertin hüquqi rəy verməyə çalışdığı görünür. Belə ki, ekspert rəyində qeyd edilmişdir ki, 2017 – 2018-ci illərdə məcburi dövlət sosial sığorta haqlarının yoxlanılması vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Məcburi dövlət sosial sığorta haqqının və işsizlikdən sığorta haqqının yoxlanılması AR Vergi Məcəlləsinin 1.4-cü maddəsində nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi, cavabdehin 15 yanvar 2019-cu il tarixli qərarı ilə səyyar vergi yoxlaması başlanmışdır. Həmin tarixdə vergi orqanının məcburi dövlət sosial sığorta haqları üzrə ödənişləri yoxlamaq hüququ qanunvericilikdə müəyyən olunmuşdur. AR Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Buradan da görünür ki, ekspert həm vergi qanunvericiliyindən məlumatsız olmuş, həm də belə halda mühasibatlıq rəyi əvəzinə hüquqi rəy verməyə çalışmışdır. Ekspert rəyində qeyd edilən mühasibat uçotunun aparılması qaydalarına və Vergi Məcəlləsinin 12-ci maddəsinə istinadla əlaqədar bildirilir ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının aparılması zamanı mühasibat uçotu müəyyən edilmiş qaydada aparılmadıqda, Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə əsasən verginin məbləğini vergi orqanının mənbəyi bəlli olan hər hansı digər məlumatlar əsasında hesablamaq hüququ vardır. Belə ki, təqdim edilmiş elektron faylların tərkibində olan cəlvəllərdən müəssisədə mühasibat uçotunun müəyyən edilmiş qaydada aparılmadığı məlum olur. Ekspert rəyində qeyd edilən xərc sənədlərinin iş materiallarında öz əksini tapmaması ilə əlaqədar isə bildirilir ki, elektron faylların tərkibində olan cədvəllərdən əməliyyatların nağd qaydada aparıldığı və qanunvericiliyə uyğun sənədləşdirilmədiyi müəyyən edilir. Yekun olaraq İdarə hesab edir ki, iş üzrə ümumiyyətlə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinə əsas olmasa da, belə bir əsas olduğu qənaətinə gəlinmişdirsə, hazırkı ekspert rəyi mötəbər sübut hesab edilməməli və işin həlli üçün məhkəmə tərəfindən ekspert rəyinin müstəsna əhəmiyyət kəsb etdiyi nəticəsinə gəlindiyi təqdirdə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməlidir. Göstərilənlərə və «Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında» AR Qanununun 3, 13-cü maddələrinə, İPM-in 58.7-ci maddəsinə, AR Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə, «Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında» Təlimatın 3.5.4-cü bəndinə əsaslanaraq, Məhkəmə ekspertizası mərkəzinin 19 mart 2021-ci il tarixli 9/3648 nömrəli ekspert rəyinin mötəbər sübut kimi nəzərə alınmaması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçınn nümayəndəsi Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, hazırkı məhkəmə icraatında müvafiq qərardadla alınmış ekspertiza rəyi ilə vergi orqanının heç bir qanuni sənədə və dəlilə istinad olunmadan vergilər hesablaması təsdiqini tapır. Müəssisənin fəaliyyəti üzrə 2 dəfə keçirilmiş xronometraj metodu ilə müşahidənin nəticələri onun dövriyyəsinə uyğun verdiyi hesabatları ilə eynilik təşkil edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, AR Vergi Məcəlləsinin 39.1-ci maddəsinə görə səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 49.1-ci maddəsinə görə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında, əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması, əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi, yeni qərarın qəbul edilməsi. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icratı qaydasında baxılır. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, vergi orqanı tərəfindən İddiaçı MMCnin 2016-cı ilin aprel ayından 2018-ci ilin noyabr ayınadək olan dövr üzrə fəaliyyətinə səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlamanın əhatə etdiyi dövrdə iddiaçı səhiyyə sahəsində sair fəaliyyətlə məşğul olmuşdur. Yoxlama zamanı sənədlər təqdim olunsa da, vergi orqanının müvafiq qərarı ilə İddiaçı MMC-dən elektron daşıyıcılarda məlumatlar götürülmüşdür. Həmin elektron daşıyıcılarda aparılmış səhiyyə xidmətlərinin satışının müəssisənin mühasibat uçotunda, eləcə də həmin əməliyyatlar üzrə dövriyyələrin vergi bəyanmamələrində əks etdirilməməsi səbəbindən, elektron daşıyıcılardakı məlumatlara istinad olunaraq müəssisənin dövriyyəsi müəyyənləşdirilmiş və qurumun həmin dövriyyə üzrə mənfəətinin birbaşa müəyyənləşdirilməsi mümkün olmadığından, AR Vergi Məcəlləsinin 83.9-cu maddəsinə, AR Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 saylı qərarını rəhbər tutaraq, müvafiq dövr üzrə iddiaçının mənfəəti müəyyən edilmişdir. Cavabdeh DVX Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC-nin yoxlamanın əhatə etdiyi dövr üzrə müəyyənləşdirilmiş mənfəəti əsasında yoxlamanın nəticələri üzrə quruma əlavə vergi məbləğlərinin hesablanması və maliyyə sanksiyasının tətbiq edilməsi barədə **********198717 nömrəli 2 aprel 2020-ci il tarixli qərar qəbul olunmuşdur. Sözügedən qərarla İddiaçı MMC-yə 353.636,12 manat ƏDV, 83,197,03 manat mənfəət vergisi, 9.091,62 manat sadələşdirilmiş vergi, 467.822,02 manat məcburi dövlət sosial sığorta haqqı, 5.895,94 manat işsizlikdən sığortası haqqı, 255.534,31 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, 282.688,59 manat qeydiyyatsız ƏDV-nin azaldılması müəyyən edilmiş, bütün bunlara AR Vergi Məcəlləsinin 58-ci maddəsinə uyğun maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı hazırda həmin qərarı mübahisələndirir. İddiaçının dəlilləri – cavabdeh inzibati orqanın istinad etdiyi elektron daşıyıcılardakı məlumatlar əsas götürülməklə vergi ödəyicisi kimi hazırkı iddiaçıya dövriyyə müəyyənləşdirilməsi və həmin dövriyyədən vergilərin hesablanması qanunsuzdur. Vergi orqanı səyyar vergi yoxlamasını qanunla müəyyənləşdirilmiş müddət hədlərini aşmaqla 1 il ərzində aparmışdır. Müəssisənin fəaliyyəti üzrə keçirilmiş xronometraj metodu ilə müşahidənin nəticələri (2 dəfə) onun dövriyyəsinə uyğun verdiyi hesabatları ilə eynilik təşkil edir. Məhkəmə icraatında alınmış ekspertiza rəyi də sübut edir ki, vergi orqanı heç bir qanuni sənədə və dəlilə istinad etmədən vergilər hesablamışdır. Həmin vergilərin hesablanması barədə qərar qanunsuzdur və ləğv edilməlidir. Cavabdeh inzibati orqanın dəlilləri – vergi orqanı tərəfindən İddiaçı MMC-yə məxsus elektron daşıyıcıdakı məlumatlar onun yoxlanılan dövr üzrə fəaliyyətini əks etdirir, müəssisənin sözügedən məlumatlar əsas götürülməklə dövriyyəsi və həmin dövriyyə üzrə xərc sənədlərinin olmaması səbəbindən AR Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən şərti rentabellik norması tətbiq etməklə mənfəəti müəyyənləşdirilmiş və bunların məcmusunda əlavə vergi məbləğləri (ƏDV, mənfəət, sadələşdirilmiş vergi, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta haqları, işsizlikdən sığorta haqları) hesablanmış, eləcə də müvafiq maliyyə sanksiyası tətbiq edilmişdir. Həmin vergilərin hesablanması barədə qərar qanunidir və iddia rədd edilməlidir. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Nizami rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə vurğulayır ki, cavabdeh inzibati orqanın 2 aprel 2020-ci il tarixli qərarının ləğvi barədə hazırkı iddia ərizəsi məhkəməyə 1 may 2020-ci il tarixdə, yəni qərarın qəbulundan 1 ay vaxt keçməmiş təqdim edilmişdir. Odur ki, iddia iddiaçı tərəfindən iddia müddəti buraxılmadan qaldırılmış sayılır. İddiaçı hazırda cavabdehin 2 aprel 2020-ci il tarixli qərarını mübahisələndirmək üzrə subyektiv hüququ olduğundan (qərar vergi ödəyicisi kimi iddiaçı üçün hüquqi nəticə yaradır), bununla bağlı iddia ərizəsi iddia müddəti buraxılmadan məhkəməyə təqdim edildiyindən, qərar cavabdeh tərəfindən qəbul edildiyindən, habelə iddianın mahiyyəti üzrə baxılmasını istisna edən hər hansı hal mövcud olmadığından məhkəmə hesab edir ki, iddia mümkündür. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.2-cü maddəsinin tələblərinə uyğun olaraq mübahisə predmeti olan 2 aprel 2020-ci il tarixli inzibati aktı qəbul etmiş cavabdeh inzibati orqanın olduğu yer (Bakı şəhərinin Nizami rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. MPM-in 76-cı maddəsinə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 103-cü maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. «Mühasibat uçotu haqqında» AR Qanununun 2.1.11-ci maddəsinə görə ilkin uçot sənədləri – maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir. Məhkəmə iş üzrə alınmış 19 mart 2021-ci il tarixli 9/3648 nömrəli ekspert rəyində vergi ödəyicisi kimi İddiaçı MMC-yə əlavə vergi məbləğlərinin hesablanması üzrə dövriyyənin müəyyənləşdirilməsində istinad olunmuş elektron daşıyıcıda (fləş kartda) olan məlumatların ilkin uçot sənədi və ya mühasibat uçotu sahəsində nəzərdə tutulan digər sənədlərin tələblərinə cavab verməməsi mövqeyi ilə razılaşır. Lakin rəydə qeyd olunan digər xüsusata – həmin məlumatların məhkəmə icraatında sübut kimi qiymətləndirilməsi məsələsinə gəldikdə, nəzərə alınmalıdır ki, bu qiymətləndirmə qanunvericiliklə məhkəmənin səlahiyyətlərinə aiddir. «İnzibati icraat haqqında» AR Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 45.2-ci maddəsinə görə inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən – sənədlərdən, tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından, şahid ifadələrindən, müvafiq müayinələrin aparılmasından, ekspert rəylərindən, hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər. Həmin Qanunun 58-ci maddəsinə görə inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Həmin Qanunun 61.1-ci maddəsinə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.4-cü maddəsinə görə inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. AR Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda, səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Həmin Məcəllənin 38.7-ci maddəsinə görə yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): (38.7.1) vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda – həmin şəxsin olduğu yer müəyyən olunana qədər; (38.7.2) səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə – əmək qabiliyyəti bərpa olunanadək; (38.7.3) vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə – mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; (38.7.4) səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda – xarici ölkədən cavab alınanadək; (38.7.5) bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda – məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Həmin Məcəllənin 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 67.1-ci maddəsinə görə bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri, vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar, vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar, vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar, vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar, vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar, vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar, vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Həmin Məcəllənin 67.2-ci maddəsinə görə vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı, eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi, fəaliyyət göstərilən ərazi. Həmin Məcəllənin 67.4-cü maddəsinə görə vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. Həmin Məcəllənin 83.9-cu maddəsinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Məhkəmə iş üzrə tərəflərin, o cümlədən iddianın növünə (mübahisələndirmə haqqında) görə sübutetmə yükü daşıyan cavabdeh inzibati orqanın dəlillərinə, iş üzrə təqdiq olunmuş sübutlara qanunvericiliyin sadalanan müddəalarının tələbləri baxımından qiymət verərək, mübahisələndirilən əlverişsiz inzibati aktın – “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********198717 nömrəli 2 aprel 2020-ci il tarixli qərarın qəbulu üzrə inzibati icraatda müəyyən edilmiş aşağıdakı pozuntuları qeyd edir: 1) Vergi orqanı səyyar vergi yoxlamasını qanunla müəyyən edilmiş müddətlərə formal şəkildə riayət olunmaqla aparmışdır. Vergi Məcəlləsinin 38-ci maddəsi səyyar vergi yoxlamasının 30 gündən artıq davam edə bilmədiyini və yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən yoxlamanın müddətinin müvafiq, yəni Məcəllənin 38.7-ci maddəsində sadalanan konkret hallarda dayandırılmasının mümkünlüyünü nəzərdə tutur. Yoxlama aktından görünür ki, cavabdeh inzibati orqan səyyar vergi yoxlamasının müddətinin dayandırılması barədə “9” dəfə, yoxlama müddətinin uzadılması barədə “2” dəfə qərar qəbul etsə də, həmin qərarların zəruriliyini Vergi Məcəllənin 38.1, 38.7.1 – 38.7.5-ci maddələrində qeyd olunan hallar üzrə tutarlı dəlillərlə əsaslandırmamışdır. Belə hal isə, səyyar vergi yoxlamasının müddətinin əsassız olaraq uzadılması qənaətini yaradır; 2) Vergi qanunvericiliyinin müddəaları (VM 67-ci maddəsi) vergi ödəyicilərinə müvafiq hallarda, o cümlədən səyyar vergi yoxlaması zamanı əlavə vergi məbləğlərinin hesablanması üçün istifadə oluna bilən əlaqəli məlumatların dairəsini müəyyən edir, belə məlumatları əldə etmək mümkün olmadıqda isə, vergilərin analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanmasını nəzərdə tutur. Əlaqəli məlumatlara isə, vergi ödəyicsinin əvvəlki hesabat dövrləri üzrə vergi bəyannamələri, gəlirləri, xərcləri, mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak, istehsal və təqdim etdiyi malların (işlərin, xidmətlərin) fiziki həcmi, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər barədə rəsmi məlumatlar, aparılmış xronometraj müşahidələrin nəticələri, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar daxildir. Cavabdeh inzibati orqan isə, apardığı səyyar vergi yoxlamasında əlavə vergi məbləğlərini hesablayarkən yuxarıda sadalanan “əlaqəli məlumatlar”dan hər hansı birinə istinad etməmiş, eləcə də bu məlumatların mövcudluğuna toxunmadan, habelə xronometraj metodu ilə müşahidə aparılması və ya “mənbəyi bəlli olan” digər məlumatlara əsaslanmadan iddiaçıya müvafiq illər üzrə dövriyyə müəyyənləşdirmiş və həmin dövriyyəyə əlavə vergi məbləğləri hesablamış, maliyyə sanksiyaları tətbiq etmişdir. Cavabdehin istinad etdiyi “elektron daşıyıcı”dakı məlumatlara gəldikdə isə, bu məlumatlar rəsmi xarakterli olmadığından, Vergi Məcəlləsinin 67.1-ci maddəsində nəzərdə tutulan “əlaqəli məlumatlar” kimi qəbul edilə bilməz. Xüsusilə nəzərə alınmalıdır ki, vergi ödəyicisi kimi hazırkı İddiaçı MMC-nin müvafiq dövr üzrə fəaliyyətində xronometraj metodu ilə müşahidələr keçirilsə də (cavabdeh bu halı təkzib etməmişdir), cavabdeh tərəfindən bu müşahidənin nəticələrinə istinad olunmamış və səyyar vergi yoxlaması aktında, habelə iddiaya qarşı yazılı etirazda buna münasibət bildirilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» AR Qanununun 45.3-cü maddəsinə görə qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Bununla da, hazırkı mübahisə üzrə cavabdeh inzibati orqan **********198717 nömrəli 2 aprel 2020-ci il tarixli qərarının qanuni əsaslarla qəbulunu sübut edə bilməmişdir; 3) Cavabdeh inzibati orqanın (vergi orqanının) **********198717 nömrəli 2 aprel 2020-ci il tarixli qərarı – əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırmamışdır. Həmin inzibati aktın özündə yalnız Vergi Məcəlləsinin 62-ci və İPM-in 38.1-ci maddələrinə (qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad edilmiş, lakin inzibati icraatda qərar qəbul olunarkən vergi qanunvericiliyinin hansı müddəalarının pozulması və bu pozuntuya görə məsuliyyət müəyyən edən normalar, pozuntunun şəraiti, əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu) və bunların məcmusunda inzibati orqanın inzibati aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmamışdır. Vergi ödəyicisinin yoxlama aktı ilə bağlı dəlillərinin təqdim edilibedilməməsi barədə ümimiyyətlə bildirilməmişdir. Qanunvericiliklə («İnzibati icraat haqqında» AR Qanununun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallara gəldikdə isə, hazırkı mübahisələndirilən inzibati aktın qəbulu ilə həmin hallar uzlaşmır. Bu isə, öz növbəsində AR Vergi Məcəlləsinin 49.5-ci maddəsinin tələblərinə müvafiq olaraq vergi orqanının hazırda mübahisələndirilən **********198717 nömrəli 2 aprel 2020-ci il tarixli qərarının qanunsuzluğuna dəlalət edir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********198717 nömrəli 2 aprel 2020-ci il tarixli qərarı qanuna ziddir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Həmçinin məhkəmənin qənaətinə görə mübahisələndirilən inzibati akt (**********198717 nömrəli 2 aprel 2020-ci il tarixli qərar) qanuna zidd sayılmaqla yanaşı, qərarın qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun (əsas vergi borcu və maliyyə sanksiyasının) ödəmək öhdəliyi yaranır. Halbuki, AR Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Nəzərə alınmalıdır ki, AR Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********198717 nömrəli 2 aprel 2020-ci il tarixli qərarı ləğv edilməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********198717 nömrəli 2 aprel 2020-ci il tarixli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar