Məhkəmə qərarları › İş №2-1(112)-9053/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9053/2023

21.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9053/2023 21.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X16 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı cavabdehin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməklə ünvan 2 ünvanında yerləşən 40 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində onun adına ilkin hüquqi qeydiyyata alınması və buna dair onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2006-cı il tarixli “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”nın icrası ilə əlaqədar yaşadıqları binanın qəzalı vəziyyətdə olduğu üçün yenidən tikilməsi məqsədilə Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən akt əsasında alınaraq sökülmüşdür və bunun əvəzində həmin bina sakinlərinin yeni mənzillərə köçürülməsi qərara alınmışdır. Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının 136 nömrəli, 15 oktyabr 2012-ci il tarixli sərənamında da, qeyd olunduğu kimi Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Qaradağ rayon İcra Hakimiyyətinə 19 mart 2012-ci il tarixli, 29-780 BB saylı məktubu ilə müraciət edərək, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yeni inşa edilmiş yaşayış evinin 5 mərtəbəli, 20 mənzilli 44 və 6 mərtəbələri, 60 mənzilli 46 ünvanında yerləşən qəza vəziyyətində olan evlərdən sakinlərin yeni mənzillərə köçürülməsi barədə qərarın təsdiq edilməsini xahiş etmişdir. Bu müraciət və Qaradağ rayon İcra Hakimiyyəti başçısı aparatı yanında İctimai mənzil komissiyasının təklifi nəzərə alınaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və ANQSİHİ Respublika Komitəsinin Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yeni inşa edilmiş yaşayış evin 5 mərtəbəli, 20 mənzilli 44 və 6 mərtəbələri, 60 mənzilli 456 ünvanında yerləşən qəza vəziyyətində olan evlərdən sakinlərin yeni mənzillərə köçürülməsi barədə qərarı təsdiq edilmişdir. Bununla ona ailəsi ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yerləşən ev 46, 3-cü giriş, 5-ci mərtəbə, 2 otaqlı, 71.06 kv.m olan 40 saylı mənzil 4 nəfər ailə tərkibi olmaqla İddiaçı verilmişdir. 150 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən müvafiq mənzilin plan cizgisi də, tərtib edilmişdir. 2012-ci ildən fasiləsiz olaraq müvafiq mənzildə yaşayır. Bundan başqa, 150 saylı saylı Mənzil-Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş “Forma 2” arayışından da, görünür ki, müvafiq mənzil tam kommunal şəraitlidir. Mənzilin bütün kommunal xərcləri mütəmadi olaraq tərəflərindən ödənilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 219 saylı sərəncamı ilə təsdiq olunmuş tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komisiyasının aktı ilə ünvan 3 ünvanı) yerləşən yaşaış binası dövlət qəbul komissiyası tərəfindən istismara qəbul edilmişdir. Hətta müvafiq binada yerləşən bəzi mənzillər daşınmaz əmlakın reyestrində ilkin hüquqi qeydiyyata alınmış və müvafiq reyestrdən çıxarışlar və texniki sənədlər verilmişdir. Sözügedən mənzilə dair sənədləri cavabdehə təqdim edərək, mənzilin daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh inzibati orqan tərəfindən onun müraciətindən **********57 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla imtina edilmişdir. İmtinaya əsas kimi Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının 136 nömrəli sərəncamının 2012ci ildə verilməsi göstərilmişdir (müvafiq yaşayış binası 2012-ci ildə istismara qəbul edilməsinə baxmayaraq, xx.xx.2015-ciil tarixli əvvəlki müraciətinə cavab olaraq verilən imtina məktubunda isə, sözügedən mənzilin yerləşdiyi yaşayış binasının istismara qəbul aktının Bakı şəhər Ərazi İdarəsinə təqdim edilməməsi səbəb kimi göstərilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 46 saylı evin, 40 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi qeyd olunan mənzilə dair Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının 136 saylı sərəncamı xx.xx.2012ci il tarixdə verilmişdir. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün omamış və bu barədə vətəndaşa **********57 saylı xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2023cü il tarixli 3-21-3-30/2-B-0126-8,2023 **********57 nömrəli imtina məktubuna əsasən bildirilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 46 saylı evin 40 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Ərizəsinə əlavə etdiyi qeyd olunan mənzilə dair Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının 136 saylı sərəncamı xx.xx.2012-ci il tarixdə verilmişdir.

8. Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 136 nömrəli, 15 oktyabr 2012-ci il tarixli sərəncamından çıxarışdan müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaradağ rayon İcra Hakimiyyətinə 19 mart 2012-ci il tarixli, 29-780 BB saylı məktubu ilə müraciət edərək, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, yeni inşa edilmiş yaşayış evinin 5 mərtəbəli, 20 mənzilli 44 və 6 mərtəbəli, 60 mənzilli 46 ünvanında yerləşən qəza vəziyyətində olan evlərdən sakinlərin yeni mənzillərə köçürülməsi barədə qərarının təsdiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müraciətini və Qaradağ rayon İcra hakimiyyəti başçısı aparatı yanında “İctimai mənzil komisisyası”nın təklifini nəzərə alaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və ANQSİHİ Komitəsinin Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, yeni inşa edilmiş yaşayış evinin 5 mərtəbəli, 20 mənzilli 44 və 6 mərtəbəli, 60 mənzilli 46 ünvanında yerləşən qəza vəziyyətində olan evlərdən sakinlərin yeni mənzillərə köçürülməsi barədə qərarı təsdiq edilmiş (28 fevral 2012-ci il tarixli, 2 №-li protokol), İddiaçı – xx.xx.2000-ci ildən 4 nəfər ailə tərkibi tilə ARDNŞ üzrə mənzil növbəsinə dayanmışdır. Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 46, 3-cü giriş, 5ci mərtəbə, 2 otaqlı, 37.3 kv.m olan 40 saylı mənzil 4 nəfər ailə tərkibi ilə (İddiaçı – özü, X4 həyat yoldaşı, X2 – qızı, X7 – qızı) verilmişdir.

9. 150 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 476 nömrəli arayışın surətindən görünür ki, İddiaçı həqiqətən Bakı şəhəri, Qaradağ rayon, Lök-batan qəsəbəsi, S.Orucov küçəsi, 46 nömrəli, 6 mərtəbəi evin, 5 mərtəbəsində, sahəsi 37.3 kv.m olan, 40 nömrəli, 2 otaqlı mənzildə yaşayır. Mənzilin qısa təsvisi - tam kommunal şəraitlidir. Evin sahibi Qaradağ rayon MKTB, mənzili icarəyə götürən İddiaçıdır. X1 ailəsi 3 nəfərdən ibarətdir: 1973-cü il təvəllüdlü İddiaçı, 1994-cü il təvəllüdlü X10, 1997-ci il təvəllüdlü X8.

10. 150 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş ünvan 4 ünvanının sxemi və göstəriciləri tərtib edilmişdir.

11. Bakı şəhər icra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli 219 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyası”nın aktına əsasən Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 24, 24 “a”, 25 və 27-ci məhəllələrdə 6 mərtəbə (+çardaq, 3.30 m səviyyəsində zirzəmi) yaşayış binası (2 saylı) istissmara qəbul edilmişdir. Poçt ünvanı - ünvan 66 verilmişdir.

12. Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən 25 yanvar 2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 235820 nömrəli “Ölüm haqqında şəhadətnamə”yə əsasən, X5 17 oktyabr 2021-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2022-ci ilin 01 ayının 25-i günündə 68 nömrə ilə qeyd edilmişdir.

13. Notarial qaydada təsdiq edilmiş **********264 nömrəli ərizəyə əsasən X9 Bakı şəhəri, ünvan 7 ünvanında yerləşən 40 saylı mənzilin İddiaçı adına özəlləşməsinə və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmasına razıdır, etiraz etmir.

14. Notarial qaydada təsdiq edilmiş **********263 nömrəli ərizəyə əsasən X8 Bakı şəhəri, ünvan 7 ünvanında yerləşən 40 saylı mənzilin İddiaçı adına özəlləşməsinə və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmasına razıdır, etiraz etmir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

15. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

16. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

17. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

18. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

19. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

20. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

18. Belə ki, məhkəmə araşdırması zamanı işin hallarından müəyyən edilmişdir ki, , mübahisəli daşınmaz əmlak İddiaçı ailə üzvləri ilə birlikdə Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli sərəncamı əsasında ayrılsada, İddiaçı mübahisəli mənzilə hüquqları xx.xx.2012-ci il tarixdən deyil, xx.xx.2000-ci il tarixdən yaranmışdır. Lakin, sonradan Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2006-cı il tarixli “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının surətləndirilməsinə dair Tədbirlər Proqramı”nın icrası ilə əlaqədar yaşadıqları bina qəzalı vəziyyətdə olduğu üçün yenidən tikilməsi məqsədilə Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən akt əsasında alınaraq sökülmüşdür və bunun əvəzində həmin bina sakinlərinin yeni mənzillərə köçürülməsi qərara alınmışdır. İddiaçı qanuni əsaslarla mübahisəli mənzilin sahibi və istifadəçisidir, həmin mənzilə dair onun adına hüquqmüəyyənedici sənədlər mövcuddur. Həmçinin iş materiallarından göründüyü kimi, iddiaçının digər ailə üzvləri notarial qaydada razılıq ərizələri təqdim edərək mübahisəli mənzilin İddiaçı adına özəlləşdirilməsinə və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə etiraz etmədiklərini bildirirlər.

19. Məhkəmə hesab edir ki, dövlət mənzil fondunda olan mübahisəli mənzil Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 136 nömrəli Sərəncamı əsasında İddiaçı verildiyindən sonuncunun mübahisəli mənzili əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır.

20. Azərbaycan Respublikası Konstitusiyasının 13 maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

21. «İnsan Hüquqlarının və X3 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.

22. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçəməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi əsas hesab edilir.

23. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü maddəsinə əsasən dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu) mənzil fonduna daxildir. Həmin Məcəllənin 5-ci maddəsinin 1-ci abzasına əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır.

24. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: - mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; - mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; - yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; - özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Həmin Qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci abzasına əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən sonra iyirmi gün ərzində həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib həmin çıxarışı mənzilin mülkiyyətçisinə verir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir.

26. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 oktyabr 2010-cu il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.

27. Eləcə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə eyni binada yerləşən mənzillərə digər sakinlərə çıxarış verilmişdir ki, bu halda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin (Bərabərlik prinsipi) tələbləri baxımından inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinin pozulması deməkdir.

28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin tələblərinə əsasən: 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir.

29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin (Hüquqların dövlət qeydiyyatından imtina) tələblərinə əsasən: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

30. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və iddiaçı sözügedən mənzilə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etməkdə haqlı olmuşdur.

31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

32. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

33. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

34. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

35. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğun təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. ünvan 2 ünvanında yerləşən 40 saylı mənzilə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar