Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9055/2023 14.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin dayandırıldığı tarixdən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2, X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin dayandırıldığı tarixdən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 14 iyul 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: xx.xx.1959-cu il təvəllüdlü İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2010-cu il tarixdən 1 il müddətinə, sağ tərəfi İİ dərəcəli döş skaliozu, yayılmış osteoxondroz, radikulyar ağrı sindromu ilə, simfizin artrozu diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçıya xx.xx.2014-cü il tarixdə eyni diaqnoz ilə 1 il müddətinə yenidən ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçıya xx.xx.2015-ci il tarixdə eyni diaqnoz ilə 1 il müddətinə yenidən ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçıya xx.xx.2016-ci il tarixdə sağ tərəfi İİ dərəcəli dispastik döş skaliozu, yayılmış osteoxondroz diaqnozu ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Sonuncu təyin edilən əlliliyin müddətinin bitməsinə bir ay qalmış, yəni xx.xx.2021-ci il tarixdə tibb müəssisəsinə müraciət edərək müayinə edilmişdir. İddiaçıya xx.xx.2021-ci il tarixdə göndərişin natamam doldurulması səbəbindən əlillik təyin edilməsindən imtina edilmişdir. İddiaçıya xx.xx.2021-ci il tarixdə göndərişin natamam doldurulması səbəbindən əlillik təyin edilməsindən imtina edilmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçıya 5 il müddətinə, vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, kardial tip NSD.Skolioz, sağ tərəfli döş tipli ikinci dərəcəli anadangəlmə skolioz .2 dərəcəli (12) yayılmış osteoxondroz osteoporoz. Fəqərələrin lorsesi sağ tərəfə 1-ci sol tərəfdə 2-ci dərəcəli yastıpəncəlik. Yayılmış osteoxndroz daimi ağrı sindromu ikitərəfli koksartroz simfizin koksartrozu sol aşağı ətrafın 3 sm qısalığı daimi ağrı sindromu yerişin pozulması. Sol tərəfli spastik hemiparez diaqnozu ilə üçüncü dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı Dost Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********4 №li arayışdan müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsindən ikinci dərəcə əlilliyə görə 259,78 manat məbləğində əmək pensiyası almışdır. Təyinatın başlanma tarixi: xx.xx.2010. Təyinatın bitmə tarixi: xx.xx.2021-ci ildə dayandırılmışdır. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonar – cavaddeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ona əlillik təyin edilməsi öhdəliyinin qoyulması və əlilliyin təyin edilməsi tarixinin xx.xx.2021-ci il tarixindən müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda qeyd edilən hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, anadangəlmə yastıpəncə, əlin və ya pəncənin sallanması və hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları diaqnozu ilə əlilliyin müəyyən edilməsi ilə bağlı TSEK-ə müraciət etmişdir. Cavabdeh ona qeyd edilən diaqnoz ilə əlillik təyin edilməsindən imtina etmişdir. Əslində o, uşaqlıqdan sağlamlıq imkanları məhdud uşaq kimi qeydiyyatda olmuşdur. Daha sonra bu xəstəliyinin müalicəsi olmaması səbəbi ilə ona əlillik təyin edilmişdir. Ona xx.xx.2010-cu il tarixə qədər 2-ci qrup əlillik təyin edilmiş və o, əlilliyə görə əmək pensiyası almışdır. 16 fevral 2021-ci il tarixdən yenidən əlillik təyin edilməsi ilə bağlı müraciət etsə də, TSEK ona əlillik təyin edilməsindən imtina etmişdir. Ancaq onun xəstəliyinin müalicəsi yoxdur. Onu da qeyd edir ki, onda bundan başqa çoxlu xəstəliklər vardır. Bir ayağı o biri ayağından qısadır. Anadangəlmə onurğa əyriliyi mövcuddur. Ancaq buna baxmayaraq dəfələrlə TSEK-ə müraciət etsə də, ona əlillik təyin edilmir. Bu da onun sosial təminatsız qalmağı ilə nəticələnib. Onun əmək qabiliyyəti yoxdur. Bu baxımdan heç bir yerdə işləyə bilmir. Cavabdehin ona əlillik təyin etməməsi də onun maddi vəziyyətinin pisləşməsi ilə nəticələnib. Odur ki, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bakı İnzibati Məhkəməsini 2-1(112)-6164/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “...Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi, ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlilliyin müddətsiz müəyyən edilməsi üçün yeni “Forma 88”-in tərtib edilərək, əlilliyi müəyyən edən orqana göndərilməsi və ya əlillik təyin olunmuş şəxsin yenidən müayinə olunması nəzərdə tutulmamışdır. Lakin cavabdeh inzibati orqan tərəfindən iddiaçıya təyin olunmuş İİ dərəcə əlillik təyinatından on ildən artıq bir müddət keçdikdən sonra, ona əlillik dərəcəsinin təyinatından imtina barədə qərar qəbul edildiyi bildirilmişdir. Halbuki ikinci dərəcəli əlilliyin müddətsiz müəyyən edilməsinin yeganə şərti əlillik müddətinin fasiləsiz olaraq 10 il olmasıdır, bu şərt də iddiaçıya münasibətdə mövcud olmuşdur...” Cavabdeh qərardan apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-748/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakimlər – C.Yusifov (sədrlik edən və məruzəçi), P.Hüseynov, Ş.Məmmədova) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş məhkəmə icraatının davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “...iş materiallarından və hazırkı mərhələdə tərəflərin izahatlarına və iddiaçının əlilliyinə dair məhkəməyə təqdim olunmuş əlillik alt sistemindən elektron çıxarışlara əsasən müəyyən olunur ki, iddiaçıya artıq xx.xx.2021-ci il tarixdə 3 dərəcəli əlillik təyin olunmuş və həmin tarixdən etibarən əlilliyə görə pensiya alır. İddiaçı isə iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Konkret halda hazırkı iddianı qaldırmaqda iddiaçının məqsədi əlilliyin qurtardığı tarixdən yeni təyinat tarixinə qədər aralıqda olan 9 aya görə pensiya almaq üçün hazırkı əlilliyin əvvəlki əlilliyin bitdiyi tarixdən təyin edilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisə üçün əhəmiyyət kəsb edən əlliliyin qiymətlədirilməsinə dair TSEK-in qərarları kompleks şəkildə hərtərəfli olaraq məhkəmə araşdırmasının predmetini təşkil etməmiş, hazırkı iddianı qaldırmaqda iddiaçının məqsədi dəqiqləşdirilməmiş, yekunda, məhkəmə işdə mövcud olan sübutlar əsasında, təkrarən, iddiaçıya əlillik təyin edilməsi vəzifəsini cavabdehə həvalə etməklə, düzgün olmayan nəticəyə gəlinmişdir”... Məhkəmə apellyasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq qeyd edir ki, hazırda iddiaçının çatmaq istədiyi hüquqi marağı onun əlilliyin dayandırıldığı xx.xx.2021-ci il tarixdən əlilliyin təkrar təyin olunduğu xx.xx.2021-ci il tarixədək almadığı pensiya ödənişlərini almaqdan ibarətdir. İddiaçı isə bu istəyinə yalnız əlilliyin dayandırıldığı tarixdən təyin edilməsi barədə iddia qaldırmaqla çata bilər. Məhkəmə göstərilənlərə uyğun olaraq iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi barədə hüquqi yardım etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək ona əlilliyinin dayandırıldığı vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına əsasən iddiaçıya ilk dəfə xx.xx.2010-cu il tarixdə ümumi xəstəlik səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmiş və 2016-cı il tarixədək Tibbi Sosial-Ekspert Komissiyasında müayinələrdən keçmiş, iddiaçıya xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ümumi xəstəlik səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçının əlilliyi müddətinin bitməsinə görə xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. İddiaçıya xx.xx.2021-ci il tarixdən 3-cü dərəcə əlillik təyin edilmişdir. İddiaçı hazırkı tələbində əliliyinin dayandırıldığı tarixdən, yəni xx.xx.2021-ci il tarixdən təyin edilməsi tələbini irəli sürmüşdür. Cavabdeh isə iddiaya etiraz edərək əliliyin komissiya tərəfindəın tibb müəssisəsinin göndərişi əsasında müəyyən edildiyini, göndərişin isə xx.xx.2021-ci il tarixə daxil olduğunu göstərərək iddia tələbinin əsassız olduğunu bildirir. Məhkəmə hesab edir ki, cavabehin imtinası əsassızdır. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası” 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 1.6-cı bənd. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Hazırkı işin hallarında görünür ki, iddiaçıya xx.xx.2016-cı il tarixdə təyin edilmiş əlilliyin müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. İddiaçı isə həmn əlilliyin təyinatının bitməsinə bir ay qalmış M.Hüseynov adına 3 nömrəli Şəhər Polklinikasında xx.xx.2021-ci il tarixdə müayinə olunmuş, həmin tibb müəssisəsi tərəfindən 2750003AAEN3 nömrəli Forma 88 arayışını xx.xx.2021-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyasına göndərilmişdir. Həmin Forma 88 göndərişinin yanlış və natamam doldurulması əsası ilə cavabdeh xx.xx.2021-ci il tarixdə iddiaçıya əlillik təyin etməsindən imtina etmişdir. Həmin tibbi müəssisəsi tərəfindən yenidən 2750003AAE74 nömrəli Forma 88 arayışı xx.xx.2021-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyasına göndərilmişdir. Həmin Forma 88 göndərişinin yanlış və natamam doldurulması əsası ilə cavabdeh xx.xx.2021-ci il tarixdə iddiaçıya əlillik təyin etməsindən imtina etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X6 Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı Baş Səhiyyə Mərkəzi “3 Nömrəli Şəhər Poliklinikası”nın xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, …iddiaçı əlillik müddəti bitməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdə TSEK-a göndərilib, lakin xəstəyə imtina cavabı gəlib, imtinadan sonra yenidən xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərində Travmatologiya və Ortopediya İnstitutuna göndərilib. xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixlərində TSEK-a göndərilib, xəstəyə imtina cavabı gəlib. Təqdim edilmiş sənədlərdən görünüyü kimi, iddiaçı hələ onun əlillik müddətinin bitməsinə bir ay qalmış tibb müəssisəinə müraciət edərək müayinə olunmuş, həmin tibb müəssisəsi tərəfindən xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixlərdə Forma 88 arayışları Tibbi Sosial Ekspert Komissiyasına göndərilmiş, lakin xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixli göndərişlərin natamam doldurulması səbəbindən iddiaçıya əlillik təyin edilməsindən cavabdeh imtina etmiş, xx.xx.2021-ci il tarixlli göndəriş əsasında iddiaçıya 2.11.2021-ci il tarixdə əlillik təyin edilmişdir. Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.3- 1-ci maddəsinə əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. İddiaçının əlilliyi xx.xx.2021-ci il tarixdə bitmiş, iddiaçı təkrar müayinə ilə bağlı yanvar 2021-ci il tarixdə tibb müəssisəsinə müraciət etmiş, tibb müəssisəsi tərəfindən ilk dəfə xx.xx.2021-ci il tarixdə, yəni əlilliyin dayandırıldığı tarixdən 6 ay keçməmiş 2750003AAE74 N-li göndəriş TSEK-ə göndərilmişdir. Qanunun istinad edilən normasının mənasına görə əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə, yəni şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən, 6 ay keçibsə əlilliyin təkrar qiymətləndirilməsi tarixindən bərpa edilir. Məhkəmə qeyd edir ki, səhiyyə müəssisəsi tərəfindən göndərişin natamam və yanlış doldurulması iddiaçının təqsiri ucbatından olmamışdır və onun ziyanına təfsir oluna bilməz. İnzibati icraat hüququnun tələbləri baxımından cavabdeh normalda göndərişlə bağlı natamam məlumatların tamamlanmasını təmin etmək məqsədi ilə aidiyyəti quruma müraciət etməli və müvafiq məlumatların təqdim olunmasını tələb etməli idi. Yalnız bundan sonra əlillik dərəcəsinin müəyyən olunması ilə bağlı yekun qərar qəbul edilə bilərdi. Bu zaman həm də əlillik dərəcəsinin təyin olunması ilə bağlı ilkin müraciət tarixi də nəzərə alınmalıdır. Yəni cavabdeh tərəfindən əlillik dərəcəsinin müəyyən olunması ilə əlaqədar qəbul edilmiş yekun qərar son nəticədə iddiaçının həmin müraciəti ilə əlaqədardır və qərar həmin müraciət üzrə qəbul olunmuş sayılmalıdır. Bundan başqa cavabdeh orqan iddiaçıya təkrar göndəriş zamanı iddiaçının əlilliyini müəyyən edərkən iddiaçının tibb müəssisəsinə müraciətinin tarixini, tibb müəssisəsi tərəfindən verilmiş göndərişin natamam olmasını və qanunun yuxarıda istinad edilən normasını nəzərə alaraq xx.xx.2021-ci il tarixli göndəriş əsasında iddiaçının əlilliyini müəyyən edərkən əlilliyin dayandırıldığı tarixdən, yəni xx.xx.2021-ci il tarixdən müəyyən edə bilərdi. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. xx.xx.1959-cu il təvəllüdlü İddiaçı əlilliyinin dayandırıldığı tarixdən, yəni xx.xx.2021-ci il tarixdən təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-9055/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9055/2023
14.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver