Məhkəmə qərarları › İş №2-1(112)-9059/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9059/2022

20.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9059/2022 20.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızı, Tərəflərin iştirakı olmadan, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş ziyanın və dövlət ehtiyacları üçün alınmış torpağa görə qalıq məbləğin ödənilməməsi” tələbinə dair iddiası üzrə iş materiallarına 17 iyun 2022-ci il tarixdə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş ziyanın və dövlət ehtiyacları üçün alınmış torpağa görə qalıq məbləğin ödənilməməsi” tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Məhkəmə İPM-in 13-cü maddəsini rəhbər tutaraq iddiaçılara hüquqi yardım ünvanlayaraq aidiyyət məsələsinə münasibət bildirməsini təklif etmişdir. İddiaçılar xx.xx.2022-ci il tarixli ərizə ilə (dəftərxana vasitəsilə) məhkəməyə müraciət edərək iddia tələbində yol verilmiş formal xətanın aradan qaldırılmasını və işin aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməsini xahiş etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməlidir. Məhkəmə iş materialarına əsasən belə nəticəyə gəlir ki, iddia daşınmaz əmlakla bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisəyə aid olduğundan işin aidiyyəti müstəsna aidiyyət qaydalarına uyğun olaraq həll edilməlidir. İş materiallarına əlavə olunmuş sənədlərə əsasən müəyyən edilir ki, iddia İsmayıllı rayonu, Qarakollud kəndində olan torpaq sahəsinə dair hüquq münasibəti ilə bağlıdır. Odur ki, hazırki mübahisə həmin əmlakın olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır. Məhkəmə hesab edir ki, inzibati mübahisələrdə işə ərazi aidiyyatı qaydalarına uyğun olaraq qeyd edilən qaydada baxılmasının əsas məqsədi iddiaçının məhkəməyə çatımlığını, hüquqi müdafiə vasitələrindən səmərəli istifadənin təmin edilməsidir. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, ədalət mühakiməsinə əlçatanlıq Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ayrılmaz tərkib hissəsi olmaqla demokratik cəmiyyətdə hər kəs üçün ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsini zəruri edir (X1rşı iş üzrə 1975-ci il 21 fevral tarixli Qərar). Qeyd olunanları nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, məhkəmə müdafiəsi hüququnun təmin edilməsi üçün ədalət mühakiməsinə əlçatanlıq böyük əhəmiyyət kəsb edir. Ədalət mühakiməsinə əlçatanlıq hüququn aliliyi prinsipinin əsasını təşkil edərək, hər kəs üçün məhkəməyə müraciət hüququnun bərabər şəkildə tanınmasını, subyektiv hüquq və maraqlarının pozulmasınadək mövcud olmuş vəziyyətin tezliklə və effektiv bərpa edilməsi mexanizminin təmin edilməsini ehtiva edir (“Azərçörək” İstehsalat Birliyinin 18 saylı müəssisəsinin direktoru Rauf Əfəndiyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 1 may 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2019-cu il tarixli Qərarı). Belə olan halda məhkəmənin qənaətinə görə, işə İPM-in 8.1.1-ci maddəsinin müddəası tətbiq edilməklə daşınmaz əmlakın və ya ərazinin olduğu yer üzrə inzibati məhkəmədə baxılmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə “Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası” təsdiq edilmişdir. Qərara əsasən İsmayıllı rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Odur ki, məhkəmə hazırkı işə Şəki İnzibati Məhkəməsində baxılmasını qanunamüvafiq sayır. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2 – 8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Göstərilənlərə əsasən və İPM-in 2, 8, 23.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia tələbində qeyd olunmuş “ödənilməməsi” sözü formal xəta kimi nəzərə alınmaqla iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş ziyanın və dövlət ehtiyacları üçün alınmış torpağa görə qalıq məbləğin ödənilməsi” barədə iddia tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar