Məhkəmə qərarları › İş №2-1(112)-906/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-906/2021

19.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-906/2021 19.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, cavabdehin nümayəndəsi X21 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X16 və X12) «cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının və reyestrdən çıxarışın ləğv edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh AR İN yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və hüquqların reyestrdə qeydiyyatı haqqında çıxarışın ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 15 iyun 2017-ci il tarixdə vəfat etmiş X5 adına Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 27 ünvanında yerləşən qeyri-yaşayış binasına dair 15 avqust 2017-ci il tarixli ******* nömrəli “Hüquqların daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış” verilmişdir. İddiaçı sözügedən qeyri-yaşayılş binasının mülkiyyətçisidir və həmin çıxarışın verilməsi onun maraqlarına toxunur. Onun apardığı araşdırma zamanı müəyyən olunmuşdur ki, vətəndaş Bünyamin Məmmədzadənin vəfatından iki ay sonra Bakı şəhəri 13 saylı Notariat Kontorunun müraciəti əsasında cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən vəfat etmiş həmin şəxsin adına reyestrdə qeydiyyat aparılmış və onun adına 15 avqust 2017-ci il tarixli çıxarış verilmişdir. Hesab olunur ki, vətəndaş Bünyamin Məmmədzadə vəfat etdikdən sonra cavabdeh tərəfindən onun adına 15 avqust 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılması və reyestrdən çıxarış verilməsi daşınmaz əmlakın dövlət reyestri haqqında qüvvədə olan qanunvericiliyə birbaşa ziddir. Belə ki, ölmüş şəxsin adına dövlət reyestrində qeydiyyat aparılması və çıxarış verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. İddiaçı bununla əlaqədar cavabdeh təşkilata yazılı müraciət etsə də, onun tələbi yerinə yetirilməmiş və məhkəməyə müraciət etmək hüququ ona bildirilmişdir. İddaçı hesab edir ki, daşınmaz əmlakın dövlət reyestri haqqında qanunvericiliyin tələblərinə zidd olaraq vətəndaş Bünyamin Məmmədzadə vəfat etdikdən sonra onun adına Bakı şəhəri, Təbriz küçəsi, 27 ünvanında yerləşən qeyri-yaşayış binasına dair 15 avqust 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması ilə bağlı cavabdehin hərəkətləri qanunsuz hesab edilməli və vəfat etmiş şəxsin adına verilmiş 15 avqust 2017-ci il tarixli ******* nömrəli reyestrdən çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” 19 may 2014-cü il tarixli qərarına əsasən: 1. Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. 2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə bağlı inzibati orqanın hərəkəti və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Göstərilənlərə əsaslanaraq, vəfat etmiş X5 adına Bakı şəhəri, Təbriz küçəsi, 27 ünvanında yerləşən qeyri-yaşayış binasına dair 15 avqust 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması ilə bağlı DƏDRX Bakı şəhər Ərazi İdarəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi və vəfat etmiş X5 adına verilmiş 15 avqust 2017ci il tarixli ******* nömrəli reyestrdən çıxarışın ləğv edilməsi məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilməklə ondan iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış 2 oktyabr 2020-ci il tarixli məktubunda iddia ilə bağlı aşağıdakılar bildirilir: - İddiaçı iddiası etirazla qarşılanır. O, müvafiq məsələ ilə bağlı İdarəyə 24 fevral 2020-ci il tarixdə müraciət etmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bu barədə İddiaçı 28 fevral 2020-ci il tarixli məktub ünvanlanmışdır. Belə ki, AR Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” 19 yanvar 2006-cı il tarixli 000156 nömrəli şəhadətnaməsinə əsasən Bakı şəhəri, Təbriz küçəsi, 27 ünvanında yerləşən qeyri-yaşayış binası ümumi birgə mülkiyyət kimi İddiaçı və mərhum Bunyamin Məmmədzadənin adına ********** qeydiyyat nömrəsi ilə 15 avqust 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra 18 dekabr 2017-ci il tarixli 2V-222 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən müvafiq qeyri-yaşayış binasının 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi X17 və 1/2 hissəsi isə X2 adına ********** və ********** qeydiyyat nömrələri ilə 25 dekabr 2017-ci il və 26 dekabr 2017-ci il tarixlərdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. Sözügedən daşınmaz əmlak üzərinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4239/2019 nömrəli 13 sentyabr 2019-cu il tarixli qərardadı ilə həbs qoyulmuşdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 14.5-ci maddəsinə əsasən daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. AR Mülki Məcəlləsinin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 fevral 2020-ci il tarixli qərarının 13-cü bəndinə əsasən reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Lakin sözügedən arayış inzibati akta (hüquqmüəyyənedici sənəd) əsaslanaraq İdarə tərəfindən verilmişdir. Buna görə də iddianın İdarəyə qarşı qaldırılması mümkün hesab edilməməlidir. Yenə həmin qərarda qeyd olunur ki, reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə, inzibati məhkəməyə müraciət edilə bilər. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 11, 18, 23-cü maddələrinə, AR Mülki Məcəlləsinin 150-ci maddəsinə, İPM-in 35.1, 38.1-ci maddələrinə əsaslanaraq, eləcə də İPM-in 48.2-ci maddəsini rəhbər tutaraq, iddianın mümkün sayılmaması məhkəmədən xahiş olunur. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin 30 sentyabr 2020-ci il tarixli qərardadı ilə X16 və X12 inzibati məhkəmə icraatına üçüncü şəxs kimi cəlb olunmuşlar. Üçüncü şəxslərin nümayəndəsinin məhkəməyə iddia ilə bağlı təqdim olunmuş iddiaya qarşı yazılı etirazında aşağıdakılar bildirilir: - İddia tələbi qanunsuz və əsassız olduğundan, ləğv edilməlidir. Hazırkı işə müxtəlif məhkəmə instansiyalarında baxılaraq mübahisəyə hüquqi qiymət verilmiş və iş üzrə məhkəmə qərarları qəbul olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1277/2018 saylı iş üzrə 21 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçılar X6 və X3 cavabdeh İddiaçı Qasını oğluna, 3-cü şəxs DƏDRX Bakı şəhər Ərazi İdarəsinə qarşı «əmlakın naturada bölünməsi və payların müəyyən edilməsi» tələblərinin təmin edilməməsi, İddiaçı iddiasının təmin edilməsi, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində İddiaçı tam mülkiyyət hüququnun tanınması, X13, həmçinin X17 və X2 ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş ********** qeydiyyat nömrəli və ********** qeydiyyat nömrəli çıxarışların ləğv edilməsi, iddianın qaldırılması ilə əlaqədar tərəflərin dövlət büdcəsinə ödədiyi dövlət rüsumunun onların özlərinə aid edilməsi, aparılmış mühəndis-texniki ekspertiza tədqiqatının dəyəri iddiaçılardan müştərək qaydada 200 manat məbləğində pul tutularaq müvafiq hesaba keçirilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli həmin qətnaməsindən iddiaçılar tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3479/2019 saylı iş üzrə 25 aprel 2018-ci il tarixli qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamənin çıxarılması, iddiaçıların iddia tələblərinin təmin olunması, ünvan 2 ünvanında yerləşən qeyri- yaşayış sahəsinin (binasının) tam mülkiyyət hüququ ilə İddiaçı məxsus olması barədə hüquqların dövlət qeydiyyatı haqqında daşımaz əmlakın dövlət reyestrindən verilmiş 10.10.2017-ci il tarixli, RX Seriyalı, ******* nömrəli çıxarışın etibarsız hesab olunması, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının texniki pasport üzrə göstərilən 2 və 3 saylı tikililərinin arasındakı sökülmüş arakəsmə divarı yenidən bərpa olunmaqla, eyni zamanda 7 saylı tikilidən 8 saylı tikiliyə və 5 saylı tikilidən 4, 8 saylı tikililərə keçid qapıları bağlanmaqla, həmçinin 3 saylı tikilidən 4 saylı tikiliyə, 4 saylı tikilid6h 8 saylı tikiliyə keçid qapıları açılmaqla texniki pasport üzrə göstərilən 1, 2, 5, 6, 7, 9 saylı tikililərin X10 və X7, 3, 4, 8, 10, 1,1, 12 saylı tikililərin və texniki pasportda əks olunmayan əlavə tikililərin isə İddiaçı verilməsi qaydasında əmlakın naturada real bölgüsünün həyata keçirilməsi, İddiaçı DƏDRX Bakı şəhər Ərazi İdarəsinə, X10 və X8 qarşı «mülkiyyət hüququna xitam verilməsi, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın və həmin qeydiyyatın əsasında verilmiş çıxarışların qanunsuz hesab edilməsi» tələblərinə dair iddiasının rədd edilməsi qət edilmiş, iş üzrə keçirilmiş ekspertizanın xərci qismində 200 manat məbləğində pulun İddiaçı tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən kassasiya şikayəti verilmiş və AR Ali Məhkəməsinin 29 avqust 2019-cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2019-cu il tarixli qətnaməsinin dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır. AR Ali Məhkəməsinin 29 avqust 2019-cu il tarixli qərarından İddiaçı tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə şikayət verilmiş, Konstitusiya Məhkəməsinin 26 fevral 2020-ci il tarixli qərardadı ilə şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. İddiaçı bununla kifayətlənməmiş, X17 və X7 qarşı iddia tələbi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər X17 və X1 350.000 manat məbləğində pul alınaraq ona ödənilməsini xahiş etmişdir. Daha sonra həmin iş üzrə iddiaçı iddia ərizəsində dəqiqləşmə apararaq, cavabdehlərdən müştərək qaydada 450.000 manat pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. Hal-hazırda həmin iddia tələbi üzrə mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında baxılmaqdadır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində qaldırdğı pul tələbi ilə paralel olaraq, X17, X14, Bakı şəhəri 13 saylı Notariat Kontruna və DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin paylar müəyyən edilməklə cavabdehlər X11 və X8 verilməsi barədə Bakı şəhəri 13 saylı notariat kontorunun hərəkətlərinin qanunsuz sayılması, buna dair həmin notariat kontoru tərəfindən daşınmaz əmlakın reyestr xidmətinə ünvanlandığı göstəriş məktubları və vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, həmin notariat hərəkətləri əsasında ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində cavabdehlərin 1/4 hissədə paylarının müəyyən edilməsi barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* və ******* nömrəli çıxarışların ləğv edilməsi, dəymiş mənəvi ziyana görə Bakı şəhəri 13 saylı notariat kontorundan 15.000 manat pulun tutulmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası rədd edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və yeni qətnamə çıxarılmaqla iddiaçı X4 cavabdehlər X16, X15, Bakı Şəhəri 13 saylı Dövlət Notariat Kontoru və Azərbaycan Respublikası ƏMDK-nm yanında DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «vərəsəlik hüququ haqqında şəhadıətnamənin, vərəsəlik işi ilə bağlı daşınmaz əmlakın reyetrinə ünvanlanmış məktubların etibarsız hesab edilməsi, həmin şəhadətnamənin əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi, daşınmaz əmlakın reyestrindən verilmiş çıxarışların ləğv edilməsi» barədə iddia tələblərinin rədd edilməsi qət edilmişdir. Hələlik qeyd edilən qətnamədən İddiaçı tərəfindən kassasiya şikayəti verilməmisdir. Bunun səbəbi isə kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulan müddətin sonuna hələ bir müddət vaxtın olmasıdır və məqsədi əsassız iddialar qaldırmaqla süründürməçilik olan İddiaçı həmin işdə də müddətin sonunu gözləməklə kassasiya şikayəti verəcəkdir. Göstərilənlərə və İPM-in 1.2, 35.1-ci maddələrinə, AR Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 22.2-ci maddəsinə, AR Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş Təlimatın 7-ci bəndinə əsaslanaraq, İddiaçı hazırkı iddiasının mümkün sayılmaması məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «vəfat etmiş vətəndaş X5 adına Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 27 ünvanında yerləşən qeyri-yaşayış binasına dair 15 avqust 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və Bünyamin Məmmədzadənin adına daşınmaz əmlakın dövlət reyestrində mübahisəli qeyri-yaşayış sahəsinə dair aparılmış qeydiyyat və onun adına verilmiş ******* nömrəli 15 avqust 2017-ci il tarixli reyestrdən çıxarışın ləğv edilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə tərəflərə və üçüncü şəxslərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlmiş, iddiaçı tərəf və üçüncü şəxslər (nümayəndələr) gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X31 iddianı əsassız hesab edərək bildirdi ki, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binasının 1/2 hissəsinə dair hüquqların mərhum Məmmədzadə Bünyaminin adına qeydiyyata alınması ilə bağlı mərhumun vərəsəsi X12 ərizə ilə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sözügedən qeyri-yaşayış binası ümumi birgə mülkiyyət kimi AR Dövlət Əmlakın İdarə Edilməsi üzrə Dövlət Komitəsinin dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 19 yanvar 2006-cı il tarixli şəhadətnaməsi əsasında İddiaçı və mərhum Məmmədzadə Bünyaminin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daşınmaz əmlak üzərində hüquqlar “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın və “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alnmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci bəndinə uyğun olaraq qeydiyyat qanuni olaraq aparılmış və mərhumun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış hazırlanmışdır. Sözügedən əmlakın hazırki mülkiyyətçiləri X19 və X9 adına aparılmış qeydiyyatın etibarsız hesab edilməsi ilə bağlı məhkəmə mübahisəsi mövcud olmuşdur. Bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7126/2020 saylı qərarı ilə iddiaçı X4 “vərəsəlik hüququ haqqında şəhadətnamənin, vərəsəlik işi ilə bağlı daşınmaz əmlakın reyestrinə ünvanlanmış məktubların etibarsız hesab edilməsi, həmin şəhadətnamənin əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi, daşınmaz əmlakın reyestrindən verilmiş çıxarışların ləğv edilməsi’’ barədə iddia tələbləri rədd edilmiş, Ali Məhkəmənin 19 may 2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7126/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı tərəfindən onun hansı hüquqlarının pozulduğu sübuta yetirilməmiş, iddia tələbi əsaslandırılmamışdır. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ – İİİ hissəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan Gəncə “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 885833 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X18 15 iyun 2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan ünvan 3 ünvanlanmış 18 iyul 2017-ci il tarixli məktubunda aşağıdakılar qeyd edilmişdir: - X5 15 iyun 2017-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsəsinin ərizəsi əsasında 13 iyul 2017-ci il tarixdə Notariat Kontoru tərəfindən vərəsəlik işi açılmışdır. Qanunauyğun olaraq mərhum X5 vərəsələrindən biri – qızı X12 müəyyən olunmuşdur. Bunu nəzərə alaraq, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 27 ünvanında yerləşən ümumi sahəsi 132,8 kv.m qeyri-yaşayış sahəsində mərhum X5 adına olan 1/2 hissəsinə dair reyestrdən çıxarışın verilməsi xahiş olunur. İş materiallarında olan AR Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 19 yanvar 2006-cı il tarixli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Bakı şəhəri, Təbriz küçəsi, 27 ünvanında yerləşən 132,8 kv.m ölçüsü olan 27 nömrəli mağazanı İddiaçı və X18 qüvvədə olan qanunvericilik əsasında satın almışlar. İş materiallarından görünür ki, DƏDRX ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binasına X5 və İddiaçı mülkiyyət hüquqlarının (ümumi birgə) 15 avqust 2017-ci il tarixdə qeydiyyata alınması barədə RX seriyalı ******* nömrəli reyestrdən çıxarış verilmişdir. «İnzibati icraat haqqında» AR Qanununun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.3) daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; - (8.0.5) 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 22.2-ci maddəsinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında» Təlimatın 7.1-ci bəndində qeyd olunmuşdur ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs DƏDRX-in ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış veririr. Təlimatın 7.2-ci bəndinə əsasən sözügedən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə DƏDRX-in ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1ci bəndində göstərilən qaydada çıxarış verilir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, Bakı şəhəri, Təbriz küçəsi, 27 ünvanında yerləşən 132,8 kv.m ölçüsü olan 27 nömrəli mağaza X5 və hazırkı İddiaçı tərəfindən dövlət əmlakı kimi satın alınmışdır və bu barədə AR Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 19 yanvar 2006-cı il tarixli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə” verilmişdir. X18 15 iyun 2017-ci il tarixdə vəfat etmişdir. Onun vəfatı ilə əlaqədar 13 iyul 2017-ci il tarixdə Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontoru tərəfindən vərəsəlik işi açılmış və həmin vərəsəlik işi üzrə X12 miras qoyan X5 vərəsəsi müəyyən olunmuşdur. Sonuncunun müraciəti əsasında DƏDRX 1 saylı ünvan 5 ünvanında yerləşən 132,8 kv.m ölçüsü olan qeyriyaşayış binasının X5 və X20 ümumi birgə mülkiyyəti olmasına dair 15 avqust 2017-ci il tarixdə reyestrdən çıxarış verilmişdir. İddiaçı X29 hazırda cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin hərəkətlərini mübahisələndirir və sözügedən qeyri-yaşayış binasına dair 15 avqust 2017-ci il tarixdə reyestrdə aparılmış qeydiyyatın ləğvini tələb edir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.5-ci maddəsinə görə inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə ilk növbədə vurğulayır ki, iddiaçı X29 Bakı şəhəri, Təbriz küçəsi, 27 ünvanında yerləşən 132,8 kv.m ölçüsü olan qeyri-yaşayış binasının paylı mülkiyyətçisi kimi həmin əmlakla bağlı daşınmaz əmlakın dövlət reyestrondə aparılmış qeydiyyatı mübahisələndirmək üzrə subyektiv hüquqa malikdir, həmin qeydiyyat hazırkı cavabdeh inzibati orqan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən aparıldığından iş üzrə cavabdeh düzgün seçilmişdir, hazırkı mübahisə üzrə iddia tələbinə iddia müddəti şamil edilə bilməz, eləcə də iş üzrə iddianın mümkünlüyünü istisna edən digər hallar müəyyən edilmir. Ona görə də iddia mümkün iddiadır. Mübahisənin mahiyyətinə gəldikdə isə, qeyd edilməlidir ki, mövcud qanunvericilik daşınmaz əmlakın dövlət reyestrində şəxsin hüquqları qeydiyyata alınmamışdan əvvəl öldüyü halda müvafiq daşınmaz əmlaka hüquqların qeydiyyata alınmasını deyil, əmlakın ona məxsus olmasına dair arayışın verilməsini mümkün saysa da, həmin arayışın ayrıca, yəni reyestrdən çıxarışdan fərqlənən formasını müəyyən etmədiyindən, ardıcıl olaraq növbəti addım kimi vərəsəlik sənədləri əsasında əmlakın vərəsələrin mülkiyyəti kimi qeydiyyata açılnacağı da nəzərə alınmaqla, “əmlakın ölmüş şəxsə məxsus olması barədə arayış”ın “reyestrdən çıxarış” formasında verilməsi qanuna zidd sayıla bilməz. Bu qənaət həm də ondan irəli gəlir ki, əmlaka dair “müvafiq arayış” əvəzinə “reyestrdən çıxarış” verilərkən hazırkı iddiaçının əmlakakı 1/2 payına toxunulmamışdır. Xüsusilə nəzərə alınmalıdır ki, daşınmaz əmlakdakı miras qalan hissə müvafiq vərəsəlik şəhadətnaməsi əsasında vərəsələrin (hazırkı üçüncü şəxslərin) mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bundan sonra hazırkı iddiaçı X20 vərəsəlik şəhadətnaməsinin və növbəti qeydiyyatın mübahisələndirilməsi üzrə iddiası mülki məhkəmə icraatı üzrə məhkəmə qərarı ilə təmin edilməmişdir. Belə olan halda məhkəmənin qənaətinə görə cavabdeh DƏDRX 1 saylı ünvan 6 ünvanında yerləşən 132,8 kv.m ölçüsü olan paylı mülkiyyətdəki qeyri-yaşayış binasına dair X5 adına 15 avqust 2017-ci il tarixli qeydiyyat və ******* nömrəli reyestrdən çıxarışın verilməsi hərəkətləri qanuna zidd qiymətləndirilməməlidir. Odur ki, məhkəmə iddiaçının iddiasını əsaslı saymır. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X16 və X12) «cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının və reyestrdən çıxarışın ləğv edilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X16 və X12) «cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının və reyestrdən çıxarışın ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar