Məhkəmə qərarları › İş №2-1(112)-906/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-906/2025

11.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-906/2025 11.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “kirayə müqaviləsinin bağlanması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “kirayə müqaviləsinin bağlanması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, 9 saylı evin, 1 otaqlı, 318 saylı mənzilinə onun adına kirayə müqaviləsinin bağlanılmasına dair sərəncam verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov 9 ünvanında yerləşən yataqxananın 318 saylı mənzilində qeydiyyatda olmaqla faktiki olaraq ailə üzvləri ilə uzun illərdir ki, yaşayır. Halhazırda da, həmin mənzildə yaşamaqla mənzilə dair bütün kommunal xidmətlərə görə haqları ödəyir. Başqa yaşayış yeri yoxdur. Binanın əvvəllər məxsus olduğu "xxxx" ASC-nin xx.xx.1998-ci il tarixli, 234 saylı orderi ilə 318 saylı otaq və eləcə də, ailə üzvlərinin mənzil şəraitinin yaxşılaşdırılması üçün xx.xx.2007-ci il tarixli, 161 saylı orderi ilə 316 saylı otaq atası X1 istifadəsinə verilmişdir. O, hazırda 318 saylı mənzildə yaşayır. Yaşadığı mənzilin kirayə müqaviləsinin adına bağlanması barədə cavabdehə müraciət etsə də, müraciətinə cavab olaraq xx.xx.2024-cü il tarixli, 3-52-13/2-Y-xx-xx/2024 saylı məktubla bildirilmişdir ki, mövcud mənzil qanunvericiliyinə əsasən yaşayış sahəsinin kirayə müqaviləsi mənzilə köçməyə əsas verən hüquqmüəyyənedici sənəd (order) əsasında bağlanılır. ünvan 3 ünvanında yerləşən 318 saylı mənzilin istifadəsinə verilməsi barədə hüquqmüəyyənedici sənəd (order) təqdim edilmədiyindən xahişini təmin etmək mümkün olmamışdır. Bu səbəbdən də, qanunla qorunan hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət edə bilər.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin təqdim edilməsi barədə sərəncam təqdim edilərək iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı münasibət (etiraz) təqdim olunaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 200 nömrəli Qərarının icrası ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli, 584 saylı sərəncamına əsasən ləğv edilmiş "xxxx" DŞ-nin B.Sərdarov adına X5 Açıq Səhmdar Cəmiyyətinə məxsus ünvan 4 ünvanında yerləşən yataqxana binası 2 saylı Xüsusi Təyinatlı Mənzil-kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmişdir. İddiaçı yaşadığı mənzilə öz adına kirayə müqaviləsinin bağlanması barədə ərizə ilə Departamentə müraciət etmiş, Departamentin xx.xx.2024-cü il tarixli, 3-52-13/2-Y-xx-xx/2023 saylı cavab məktubu ilə bildirilmişdir ki, mövcud mənzil qanunvericiliyinə əsasən yaşayış sahəsinin kirayə müqaviləsi mənzilə köçməyə əsas verən hüquqmüəyyənedici sənəd (order) əsasında bağlanılır. ünvan 4 ünvanında yerləşən 318 saylı mənzilə köçməyə əsas verən hüquqmüəyyənedici sənəd (order, sərəncam, qərar və s.) təqdim olunmadığından kirayə müqaviləsinin onun adına bağlanması barədə xahişini təmin etmək mümkün olmamışdır.

4. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

6. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2024-cü il tarixli, 3-52-13/2-Y-xx-xx/2024 nömrəli məktubla imtina edilmişdir.

7. "xxxx" TASC tərəfindən verilmiş 234 nömrəli, 16 aprel 1998-ci il tarixli orderə əsasən ünvan 4 ünvanında yerləşən, 3 otaqlı, 318 nömrəli otaq 3 nəfər ailə tərkibi (özü, arvadı və oğlu) ilə X2 verilmişdir.

8. Notarial qaydada təsdiq edilmiş **********369, **********370, **********371 nömrəli ərizələrə əsasən X4, X7 və X6 cavabdeh inzibati orqana müraciət edərək mübahisəli daşınmaz əmlaka dair kirayə müqaviləsinin İddiaçı adına bağlanılmasını xahiş etmişlər.

9. İş materiallarına iddiaçının atası X2 məxsus əmək kitabçasının surəti əlavə edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

10. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

11. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

12. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

13. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

14. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

15. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

16. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının atası X4 "xxxx" ASC-yə tabe olunmuş təşkilatların birində işlədiyi müddətdə ailə tərkibi 3 nəfər olmaqla ailəvi yataqxanada yaşayış sahəsi ilə təmin olunması üçün ünvan 4 ünvanında yerləşən, 3 otaqlı, 318 nömrəli otaq "xxxx" TASC tərəfindən verilmiş 234 nömrəli, 16 aprel 1998-ci il tarixli orderə əsasən ona verilmişdir. Orderdə iddiaçının adı, yaşayış sahəsinin sahibinin ailə üzvləri sırasında qeyd edilmişdir. Ayrılmış yaşayış sahəsi Y.Yusifova verildiyi vaxtdan etibarən onun və ailə üzvlərinin istifadəsində olmuşdur. Hazırda həmin yaşayış sahəsində Y.Yusifovun oğlu, hazırki iş üzrə İddiaçı ailə üzvləri ilə birgə yaşadığından cavabdehə ərizə ilə müraciət edərək qeyd edilən yaşayış sahəsinə dair kirayə müqaviləsinin onun adına bağlanmasını xahiş etmişdir. Lakin, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən sözügedən yaşayış sahəsinə dair onun adına hüquqmüəyyənedici sənəd olmaması əsası ilə imtina edilmişdir. Halbuki, iddiaçı yaşayış sahəsinin sahibi (icarədarı) Y.Yusifovun ailə üzvüdür və sonuncu tərəfindən və onun digər ailə üzvləri tərəfindən yaşayış sahəsinə dair kirayə müqaviləsinin iddiaçının adına bağlanılmasına dair notarial qaydada təsdiq edilmiş razılıq ərizələri mövcuddur.

17. Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin xx.xx.1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və xx.xx.2009-cu il tarixədək qüvvədə olan) 83-cü maddəsinə görə SSR İttifaqının və müttəfiq Respublikaların mənzil qanunvericiliyi Əsaslarında, SSR İttifaqının digər qanunvericilik aktlarında və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, yaşayış sahəsinin icra müqaviləsi yalnız icarədarın, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər. Sözügedən Məcəllənin 53-cü madəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəziflərinə onlar da malik olurlar.

18. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü maddəsinin 4.0.2-ci bəndinə əsasən müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən bir mənzildə yaşayan və mənzildəki yaşayış sahələrindən ayrı-ayrı sosial kirayə müqavilələri əsasında istifadə edərək, bir ailədə birləşmiş vətəndaşların yaşadıqları bütün yaşayış sahələrinin sosial kirayə müqaviləsini onlardan biri ilə bağlamağı tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur.

18. Beləliklə istər yaşayış sahəsinin ayrıldığı zaman, istərsə də, hazırda qüvvədə olan mənzil qanunvericiliyin normalarına əsasən iddiaçı kirayəçinin (atası Y.Yusifovun) mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü kimi kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdir və onun digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır və hazırki işin hallarından göründüyü kimi, notarial qaydada təsdiq edilmiş razılıq ərizələrinə əsasən mənzilin ilkin kirayəçisi olan Y.Yusifov və onun digər ailə üzvləri iddiaçının kirayəçi kimi tanınmasına razıdırlar.

19. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı hesab edilməklə təmin edilməli və onunla mübahisəli yaşayış sahəsinə dair kirayə müqaviləsinin bağlanması öhdəliyi cavabdehə həvalə edilməlidir.

20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

23. Beləliklə, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 69, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, 9 saylı evin, 1 otaqlı, 318 saylı yaşayış sahəsinə dair İddiaçı ilə kirayə müaviləsinin bağlanması öhdəliyi Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar