Məhkəmə qərarları › İş №2-1(112)-9069/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9069/2021

18.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9069/2021 18.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququna xitam verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 Əlməmməd qızının və Cavabdeh2 ona məxsus ünvan 1 ünvanda istifadə hüququna xitam verilməsi tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Nərimanov rayon məhkəməsində iddia qaldıraraq onların ünvan 1 ünvandan məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdi. Məhkəmədə izahat verərkən bildirmişdi ki, mənzil anası Əliyeva Kəmalə tərəfindən 13 iyul 2013-cü il tarixdə ona bağışlanmışdır. O cavabdehlə, yəni F.Mustafayeva ilə 14 oktyabr 2013-cü il tarixində qanuni nikaha daxil olaraq ailə həyatı qurub. Cavabdehlər onlara qarşı olan yaxşı münasibətindən sui-istifadə etmişdir. Buna görə də münasibətləri pozulmuş, birgə nikahdan uşaqları olmadığından aralarında bağlanmış nikahın qeydiyyat şöbəsində pozulmasını təklif edib. Lakin cavabdeh razılaşmadığına görə iddia ərizəsi ilə Nərimanov rayon məhkəməsinə müraciət edib, məhkəmənin 19 may 2017-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Nikahları pozulduqdan sonra o məhkəməyə müraciət edərək və bir yerdə yaşamaqlarının mümkün olmaması səbəbindən cavabdehlərin ona məxsus mənzildən məcburi şəkildə çıxarılması ilə əlaqədar məhkəməyə müraciət edib. məhkəmənin qətnaməsi ilə iddiam təmin edilməmişdir. Apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib, Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh1 Əlməmməd qızının və Cavabdeh2 ünvan 1 ünvandan çıxarılması qət edilmişdir. Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin 24 may 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qüvvədə saxlanmışdır. Qətnamə icraya yönəldilmiş, 25.05.2021-ci il tarixdə icra edilmiş cavabdehlər mübahisəli mənzildən çıxarılmış və bununla əlaqədar akt tərtib edilmiş həmin akt icra məmuru və digər səlahiyyətli şəxslər tərəfindən imzalanmışdır. Hal-hazırda qeyd olunan tarixdən cavabdehlər mübahisəli mənzildə yaşamırlar. 134 saylı mənzil kommunal istismar sahəsinin 02.06.2021-ci il tarixli arayışından göründüyü kimi cavabdehlər ona məxsus mənzildə qeydiyyatdadırlar. Buna görə də onların həmin evdə istifadə hüququna xitam verilməsi barədə qərar qəbul edilməsi zəruridir.

3. Bakı Apellyasiya Məhkəməsinin 24.05.2019-cu il tarixli qətnaməsinə əsasən (iş №2- (103)-4786/2019) Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospektindəki 144 nömrəli evin 13 nömrəli mənzilindən çıxarılmaları qət edilmiş, həmin qətnamədən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsinin 22.01.2020-ci il tarixli qərarı ilə (iş№2(102)-391/2020) təmin edilməmişdir.

4. Məhkəmənin hazırlıq icraatı üzrə iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etmir.

II. İddianın mümkünlüyü

5. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

7. Məhkəmə müəyyən edir ki, hazırki iş üzrə tələb mülki xarakterlidir. Bununla əlaqədar iddiaçıya hüquqi yardım məktubu göndərilməklə cavabdeh olaraq inzibati orqanın müəyyənləşdirilməsi və iddia tələbi üzrə imtinasını təqdim etməklə iddia tələbinin dəqiqləşdirilməsi iddiaçıya təklif edilmiş (bununla əlaqədar iddiaçıya vaxt verilmiş), iddianın lazımi qaydada qaldırılmamasının onun mümkünsüzlüyünə səbəb ola biləcəyi izah edilmişdir. Lakin iddiaçı iddia tələbini dəqiqləşdirməmişdir.

8. Odur ki, məhkəmə hesab hesab edir ki, iddia mümkün sayılmamalıdır.

9. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

10. Bununla belə, məhkəmə hüquqi müəyyənlik baxımından aşağıdakıları qeyd etməyi zəruri hesab edir: - İcra sənədinin icrası həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır. - X1 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X1 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40-a baxın). -“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. -“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.09.2020-ci il tarixli qərarına əsasən: ....Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. -Beləliklə, məhkəmə müəyyən edir ki, məhkəmə aktı üzrə verilmiş icra vərəqəsinə əsasən, qeydiyyatdan çıxarılması tələb olunan şəxslərin yaşayış sahəsindən çıxarılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi həmin şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsasdır. Odur ki, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri həmin iş üzrə proses iştirakçısı olmasa da, qanunun mənasına və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə qeydiyyatdan çıxarılma təmin edilməlidir.

11. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar