Məhkəmə qərarları › İş №2-1(112)-907/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-907/2024

12.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-907/2024 12.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «arayışın verilməsi» tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «arayışın verilməsi» tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İstifadəmdə olan Bakı şəhəri, Sabunçu rayonu (keçmiş Lenin) rayonu XDS İK-nın 6/67 saylı xx.xx.1990-cı il tarixli qərarı ilə Maştağa qəsəbəsi, Xanlar küçəsi, 115 saylı sahədə mərhum həyat yoldaşı X4 fərdi yaşayış evi tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində tikilmiş fərdi yaşayış evinin üzərində hüquqların Daşınmaz Əmlak Dövlət Reyestrində qeydiyyata alınması və Bakı şəhəri, Sabunçu rayonu, Xanlar küçəsi, 115 saylı sahədə yerləşən mərhum həyat yoldaşım X4 fərdi yaşayış evi tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində tikilmiş fərdi yaşayış evinin mülkiyyət hüququnu təsdiq edən çıxarışın iddiaçının adına verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ailəmlə birlikdə istifadəsində olan ünvan 1 ünvanında yaşayıram. Bildirir ki, həmin mənzil artıq uzun illərdir mənim istifadəsindədir. Bildirir ki, hazırda istifadəsində olan ünvan 1 mənzilin yerləşdiyi torpaq sahəsi Bakı şəhəri, Sabunçu rayonu (keçmin Lenin) rayonu XDS İK-nın 6/67 saylı xx.xx.1990-cı il tarixli qərarı ilə Maştağa qəsəbəsi, Xanlar küçəsi, 115 saylı sahədə X4 fərdi yaşayış evi tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsidir. Bildirir ki, mərhum X6 onun həyat yoldaşı idi. Mərhum həyat yoldaşı xx.xx.2021-ci ildə vəfat etmişdir. Bildirir ki, həmin vaxtdan, yəni, xx.xx.1990-cı il tarixli qərarı ilə Maştağa qəsəbəsi, Xanlar küçəsi, 115 saylı sahədə fərdi yaşayış üçün torpaq ayrıldığı vaxtdan X6 həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi tikdirmişdir. Bildirir ki, artıq 33 ildir ki, Maştağa qəsəbəsi, Xanlar küçəsi, 115 saylı torpaq sahəsi və onun üzərində tikilmiş ev onun və ailəsinin istifadəsindədir. Həmin torpaq sahəsini abadlaşdırılmasını, yaşıllaşdırılmasını və həmin torpaq sahəsinin baxımlı qalmasını təmin etmişdir. Həmin torpaq sahəsinin heç bir qonşu ilə mübahisəli və paylı deyildir. Bildirir ki, Bakı şəhəri, Sabunçu rayonu (keçmin Lenin) rayonu XDS İK- nın 6/67 saylı xx.xx.1990-cı il tarixli qərarı ilə Maştağa qəsəbəsi, Xanlar küçəsi, 115 saylı sahədə X4 fərdi yaşayış evi tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsi üzərində fərdi yaşayış evi tikdirdiyimiz üçün, mən həmin torpaq və evi sənədləşdirmək məqsədi ilə Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyətə həmin torpaq sahəsinin yerləşmə sxemini tələb etmişdir. Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti ona xx.xx.2022-ci il tarixli 7-311-091 N-li cavabı ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu (keçmin Lenin) rayonu XDS İK-nın 6/67 saylı xx.xx.1990-cı il tarixli qərarı ilə Maştağa qəsəbəsi, Xanlar küçəsi, 115 saylı mərhum X3 adına fərdi ev tikmək üçün ayrılmış 600 kv.m. torpaq sahəsinin yerləşmə sxemini verdi. Bildirir ki, bundan sonra iddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi, 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək mərhum həyat yoldaşı X1 ona miras qalmış ünvan 1 torpaq üzərində hüquqların Daşınmaz Əmlak Dövlət Reyestrində qeydiyyata alınmasını xahiş etdi. Lakin, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi, 1 saylı Bakı Ərazi İdarəsi ona cavabında bildirmişdir ki, həmin torpaq sahəsi Maştağa Tərəvəzçilik-Südçülük Sovxozunun ərazisində yerləşir və bu səbəbdən də həmin torpaq sahəsinin Daşınmaz Əmlak Dövlət Reyestrində qeydiyyata alınmasının mümkün olmadığı bildirmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının “Bakı şəhəri, Sabunçu rayonu, (keçmiş Lenin) XDS İK-in 6/67 saylı xx.xx.1990-cı il tarixli qərarı ilə Maştağa qəsəbəsi, Xanlar küçəsi, 115 saylı sahədə mərhum yoldaşı X4 fərdi yaşayış evi tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinin üzərindəki mülkiyyət hüquqlarının vəfat etmiş X4 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçı, iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim etmişdir. Etirazda qeyd edilmişdir ki, İddiaçı müvafiq tələblə xx.xx.2022- ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi Maştağa Tərəvəzçilik- Südçülük sovxozunun ərazisində yerləşir. Qeyd olunan səbəbə görə ərizənin icrası idarə tərəfindən mümkün olmamış, bununla bağlı iddiaçıya **********98 saylı, İ8.08.2022-Cİ il, **********12 saylı, xx.xx.2022-ci il və **********49 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubları ünvanlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi Maştağa Tərəvəzçilik -Südçülük sovxozunun ərazisində yerləşir. - keçmiş Lenin rayon XDS İK-nin (indiki Sabunçu rayon İH) arxiv fondu üzrə xx.xx.1990-cı il tarixli, 6/67 saylı qərarı ilə Maştağa qəsəbəsi, Xanlar küçəsi, 115 saylı sahədə X4 fərdi yaşayış evi tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. - AZ-İİ 150772 nömrəli xx.xx.2021-ci il tarixli “Ölüm haqqında şəhadətnamənin” surətindən görünür ki, X6 xx.xx.2021-cü il tarixdə vəfat etmişdir. - Bakı şəhəri 54 saylı Notariat Ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin müvafiq ərazi idarəsinə ünvanlanmış, xx.xx.2022-ci il tarixli, məktubunda qeyd edilmişdir ki, mərhum X2 qalmış miras əmlaka dair vərəsəlik işinin açılması ilə bağlı İddiaçı tərəfindən Bakı şəhəri 54 saylı notariat ofisinə müraciət daxil olmuşdur. X3 xx.xx.2021-ci il tarixdə vəfatı ilə əlaqədar İddiaçı müraciəti əsasında vərəsələrin dairəsi müəyyən olunmuş, xx.xx.2021-ci il tarixində vərəsəlik işi açılmış və xx.xx.2021-ci il tarixində vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bununla əlaqədar mərhum X3 (ünvan 3 ünvanında qeydiyyatda olan, FİN : 2474QK0) mülkiyyətində olan Bakl şəhəri, Maştağa qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 600 kv. metr olan torpaq sahəsinə dair çıxarış verilməsi və çıxarışı mərhumun vərəsəsi İddiaçı ilə göndərilməsi xahiş edilmişdir. - Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli məktubu ilə Sabunçu (keçmiş Lenin) rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli 6/67 saylı qərarı ilə Maştağa qəsəbəsi, Xanlar küçəsi, 115 saylı sahədə fərdi yaşayış evinin tikintisi üçün X4 ayrılmış 600,0 kv.m. torpaq sahəsinin yerləşmə sxemi təsdiq olunaraq tərəfə göndərilmişdir. Həmin sxemin surəti iş materiallarına əlavə edilmişdir. - məhkəmənin sorğusuna cavab olaraq Dövlət Arxivinin Bakı Filialı tərəfindən xx.xx.2023-cü il tarixli məktubu ilə X4 torpaq sahəsi ayrılması barədə keçmiş Lenin rayon XDS İK-nin (indiki Sabunçu rayon İH) arxiv fondu üzrə xx.xx.1990-cı il tarixli, 6/67 saylı qərarının təsdiq edilmiş ksero surəti məhkəməyə təqdim edilmişdir. - məhkəmənin xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən müvafiq sənədlərin surəti məhkəməyə göndərilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı iddiadır. İddia əsaslı olduğundan təmin edilməlidir. Hazırkı iş üzrə iddia tələbinin predmetini Bakı şəhəri, Sabunçu rayonu, (keçmiş Lenin) XDS İK-in 6/67 saylı xx.xx.1990-cı il tarixli qərarı ilə Maştağa qəsəbəsi, Xanlar küçəsi, 115 saylı sahədə mərhum yoldaşı X4 fərdi yaşayış evi tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinin üzərindəki mülkiyyət hüquqlarının vəfat etmiş X4 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını təşkil edir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 54 saylı Notariat Ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin müvafiq ərazi idarəsinə ünvanlanmış, xx.xx.2022-ci il tarixli, məktubundan müəyyən edilir ki, iddiaçının hüququn ölmüş şəxsə (ərinə) məxsus olması haqqında arayış və ya çıxarış verilməsinə dair hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etməsi öz təsdiqini tapmışdır. İnzibati icraat zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlamış imtina haqqında bildirişdə, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun ərazisində yerləşdiyi qeyd edilmişdir. Həmin imtinadan razı qalmayan iddiaçı, cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə icraatı zamanı cavbdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş etiraz məktubu məzmunca inzibati icraat zamanı iddiaçıya ünvanladığı imtina məktubunda qeyd edilən imtina dəlillərini təkrarlamışdır. Məhkəmə hesab edir ki, aşağıda qeyd edilən səbəblərdən və istinad olunan normalara əsasən cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməkdən imtina etməkdə haqlı sayıla bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun (18 fevral 1995-ci il tarixli) 9-cu maddəsinə əsasən dövlət kənd təsərrüfatı istehsalı müəssisələri əmlakı özəlləşdirilən və əmlakı dövlət mülkiyyətində saxlanılan müəssisələrə bölünür. Toxumçuluq, cins mal-qara və damazlıq təsərrüfatları, atçılıq zavodları, elmitədqiqat və tədris müəssisələrinin, təcrübə bazaları, vəhşi heyvandarlıq sovxozları və dövlət əhəmiyyətli digər müəssisələrin yalnız əsas istehsal məqsədlərini təmin etmək üçün tələb olunan əmlakı dövlət mülkiyyətində saxlanılır, qalan əmlak özəlləşdirilir. Əmlakın xüsusi mülkiyyətə verilməsi üçün fərdi əmlak payları müəyyənləşdirilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 14-cü maddəsinə əsasən sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçirilir. Həmin Qanunun 25-ci maddəsinə əsasən (Keçid müddəaları) bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. İş materialları ilə də müəyyən edilmişdir ki, iddiaçının mərhum əri X4 mübahisəli torpaq sahəsi (600 kv.m) fərdi yaşayış evi tikmək üçün Bakı şəhəri, Sabunçu rayonu, (keçmiş Lenin) XDS İK-in 6/67 saylı xx.xx.1990-cı il tarixli qərarı ilə ayrılmışdır. Göründüyü kimi, səlahiyyətli inzibati orqan tərəfindən torpaq sahəsi ayırılarkən sovxoz və kolxozlar mövcud olmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.27-ci bəndinə əsasən dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr uçotu informasiya sistemindən yerquruluşu planına və kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatlarında çıxarışların verilməsini təmin etmək və 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aid edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin (publik hüquqi şəxsin) Nizamnaməsi”nin: 2.0.2. daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək DƏDKR-in fəaliyyət istiqamətlərinə aid edilmişdir. 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; ... 3.1.29. dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr uçotu informasiya sistemindən kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatda çıxarışların və yerquruluşu planının verilməsini təmin etmək DƏDKR-in vəzifələri və hüquqlarına aid edilmişdir. Məhkəmə, cavabdeh inzibati orqan tərəfindən X3 qanuni əsaslarla əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinasını iddiaçının hüquqlarının və qanunla qorunan mənafelərinin pozulması kimi hesab edir. Belə ki, X4 torpaq sahəsinin ayrılması zamanı səlahiyyətli olmuş yerli icra hakimiyyətinin qərarı (hüquq müəyyənedici sənəd) mövcuddur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısında 2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: .... 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsi üçün əsasdır. Belə olan halda, məhkəmə qeyd edir ki, iddiaçının mərhum əri X4 torpaq sahəsinin ayrılmasını nəzərdə Bakı şəhəri Sabunçu rayonu (keçmiş Lenin) XDS İK-in 6/67 saylı xx.xx.1990-cı il tarixli qərarı səlahiyyətli orqan tərəfindən qəbul edilməklə yanaşı, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısında da nəzərdə tutulmuşdur. Bundan başqa, məhkəmə qeyd edir ki, mübahisələndirilən torpaq sahəsinin yerləşmə sxemi təsdiq edilərək Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya təqdim edilmişdir. Əlavə olaraq məhkəmə icraatı zamanı məhkəməyə Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun müəyyən hissəsinin yerləşmə sərhədlərini göstərən xəritə təqdim edilmişdir. Həmin xəritədən də, göründüyü kimi, vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsinin Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşdiyi və həmin torpaq sahəsinin səlahiyyətli orqan tərəfindən X4 ayrılması müəyyən olunur. İddiaçı tərəfindən cavabdehə təqdim edilən hüquqmüəyyənedici sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsinin və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” 2.7-ci bəndinin tələblərinə uyğun olmuşdur. Bununla belə, cavabdeh inzibati orqanın imtinası hüquqların dövlət qeydiyyatına alınmasından imtina ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş hallara uyğun olmamış, imtina həmin maddəyə uyğun əsaslandırılmamışdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri də nəzərə almaqla qeyd edir ki, torpaq sahəsi qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun ayrıldığından və torpaq sahəsinin ayrılmasını müəyyən edən inzibati akt hazırda qüvvədə olduğundan, torpaq sahəsini ayıran inzibati orqan tərəfindən yerləşmə cizgisi də təsdiq edildiyindən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 140.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqlar müvafiq icra hakimiyyəti orqanının tərtib etdiyi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır. - 146-cı maddəsinə əsasən daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Qeydə alınmış hüququn məzmunu sənədlərlə və ya başqa şəkildə təsdiqlənə bilər. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasəndövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsitələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayanşəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həminəmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar 15.2- ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmçinin, nəzərə almaq lazımdır ki, eyni ərazidə ayrı-ayrı şəxslərin adına torpaq sahələrinə dair hüquqları qeydə alındığı və onlara bu barədə müvafiq çıxarışların verildiyi halda, onunla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya (iddiaçının mərhum əri X4) münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də də pozulmuşdur. Həmin prinsipə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin normaya görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Məhkəmə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. (Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)- 427/2023 nömrəli 27 aprel 2023-cü il tarixli, 2-1(102)-1013/2023 nömrəli 02 avqust 2023cü il tarixli qərarları). İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə və istinad olunan maddi hüquq normalarına əsasən hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, (keçmiş Lenin) XDS İK-in 6/67 saylı xx.xx.1990-cı il tarixli qərarı ilə Maştağa qəsəbəsi, Xanlar küçəsi, 115 saylı sahədə mərhum yoldaşı X4 fərdi yaşayış evi tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinin üzərindəki mülkiyyət hüquqlarının vəfat etmiş X4 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, (keçmiş Lenin) XDS İK-in 6/67 saylı xx.xx.1990-cı il tarixli qərarı ilə Maştağa qəsəbəsi, Xanlar küçəsi, 115 saylı sahədə mərhum yoldaşı X4 fərdi yaşayış evi tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinin üzərindəki mülkiyyət hüquqlarının vəfat etmiş X4 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar