Məhkəmə qərarları › İş №2-1(112)-9073/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9073/2022

30.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9073/2022 30.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə (üçüncü şəxs X5) qarşı “qərarın və orderin qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra - İddiaçı) cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə (bundan sonra - Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Pirşağı bağlar sahəsində 218 saylı BTK nəzdində sahəsi 0.12 hektar olan 1133v saylı bağ sahəsinin X2 ayrılmasına dair Bakı Şəhər İcra Hakimiyyətinin 13 aprel 1992-ci il tarixli 544 saylı qərarının və onun əsasında verilmiş 76 saylı orderin qüvvədən düşmüş hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək Pirşağı Bağlar sahəsində 218 saylı BTK nəzdində sahəsi 0,12 hektar olan 1133v saylı bağ sahəsinin X3 ayrılmasına dair Bakı şəhər İcra Hakimiyyətinin 13 aprel 1992-ci il tarixli 544 saylı qərarının X3 aid olan hissədə qanunsuz hesab edilməsi, habelə həmin qərar əsasında qəbul edilmiş 76 saylı orderin qanunsuz sayılması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-9073/2022 saylı qərardadı ilə X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən ümumi sahəsi 0,12 ha olan 1133v saylı bağ sahəsinin plan-sxeminin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 iyul 2011-ci il tarixli, 2in(82)-667/2011 saylı qərarı ilə onun iddiası təmin olunmuş və ona Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən sahəsi 0,12 hektardan ibarət 1133v saylı bağ sahəsinin plan-cizgisinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Həmin qərarı qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Məhkəmə qərarının icrası nəticəsində cavabdeh 24 sentyabr 2012-ci il tarixdə 32290 saylı uçota alınmış AN 414899 saylı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivi, sahəsi 0,12 ha olan 1133v saylı bağ sahəsinin planı və ölçüsünü vermişdir. Daha sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı onun adına olan 1133v saylı bağ sahəsi üzərinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. 93 saylı orderdən aydın olur ki, Bakı Şəhər İcra Hakimiyyətinin 04 avqust 1993-cü il tarixli 1496 saylı qərarına əsasən Pirşağı Bağlar sahəsində 218 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 1133v saylı bağ ona ayrılmışdır. Məhkəmə araşdırılmaları zamanı müəyyən edilmişdir ki, ona ayrılan bağ sahəsinə dair başqa şəxsin (X5) adına verilmiş order mövcuddur. 76 saylı orderdən görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin 13 aprel 1992-ci il tarixli, 544 saylı qərarına əsasən Pirşağı Bağlar sahəsində 218 saylı BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 1133v saylı bağ X2 ayrılmışdır. Pirşağı Bağlar sahəsində 218 saylı BTK nəzində sahəsi 0,12 ha olan 1133v saylı bağ sahəsinə dair ona və eyni zamanda X2 order verilsə də, X2 Bakı Şəhər İcra Hakimiyyətinin 13 aprel 1992-ci il tarixli, 544 saylı qərar və onun əsasında verilmiş order qüvvədən düşmüş hesab edilməlidir. Belə ki, 1133v nömrəli bağ sahəsi ona ayrıldığı vaxtdan yəni 04 avqust 1993-cü il tarixdən həmin bağ sahəsindən faktiki olaraq istifadə edir. Həmin bağ sahəsində abaşdlıq işləri aparmışdır. Daha sonra isə həmin bağ sahəsi üzərində hüquqlarının mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirmək üçün dövlət orqanlarına və məhkəmələrə müraciət etmişdir. Bağ sahəsindən istifadə etdiyi bu uzun müddət ərzində nə X5 adlı şəxs, nə də başqa şəxslər həmin bağ sahəsinə gəlmiş və bağa dair öz hüquqlarının olmasını irəli sürmüşlər. Göründüyü kimi, X2 1133v saylı bağ sahəsinin ayrılmasına dair Bakı Şəhər İcra Hakimiyyətinin 13 aprel 1992-ci il tarixli, 544 saylı qərarı və onun əsasında verilmiş 76 saylı order formal xarakter daşımışdır. Cavabdeh iddiaya dair yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatını dinləyib və iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin qərarın 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Qərarın 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə qeyd olunanlara əsasən işin hallarını araşdıraraq hesab edir ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. Çünki iddiaçının hazırkı iddia vasitəsilə çatmaq istədiyi məqsədə nail olması mümkünsüzdür, hazırkı iddia üzrə xüsusi müəyyən etmə marağı mövcud deyil. Belə ki, işdə olan Bakı şəhər İcra Hakimiyyətinin 1496 nömrəli, xx.xx.1993-cü il tarixli sərəncamından görünür ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin 02 iyun 1988-ci il 195 nömrəli qəranına əsasən İddiaçı Pirşağı Bağlar sahəsində 218 saylı BTK nəzdində bağ sahəsinin ayrılması qərara alınmışdır. Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatı İdarəsinin Pirşağı Bağlar sahəsinin 218 saylı kooperativinin 93 saylı orderindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin 04 avqust 1993-cü il tarixli 1496 saylı qərarına əsasən Pirşağı Bağlar sahəsində 218 saylı BTK nəzində 0,12 hektar torpaq sahəsi olan 1133v saylı bağ sahəsi İddiaçı ayrılmışdır. 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2in(82)-667/2011 saylı, xx.xx.2011-ci il tarixli qərarından görünür ki, İddiaçı iddia tələbi təmin edilmiş, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən sahəsi 0,12 hektardan ibarət 1133v saylı bağ sahəsinin plan-cizgisinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə həvalə edilmişdir. İşdə olan Bakı şəhər İcra Hakimiyyətinin 544 nömrəli, xx.xx.1992-ci il tarixli sərəncamından görünür ki, X2 Pirşağı Bağlar sahəsində 218 saylı BTK nəzdində bağ sahəsinin ayrılması qərara alınmışdır. Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X4 Bağlar sahəsindəki 218 nömrəli BTK-nın 76 nömrəli orderinin surətindən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin 13 aprel 1992-ci il tarixli 544 nömrəli qərarı ilə Pirşağı bağlar sahəsində 0.12 ha torpaq sahəsi olan 1133v saylı bağ sahəsi vətəndaş X2 ayrılmışdır. İddiaçı hazırda həm ona, həm də S.İsmayılovaya 1133v saylı bağ sahəsinin ayrıldığını iddia edərək, sonuncuya torpaq sahəsinin ayrılması barədə qərarın qanunsuz sayılmasını xahiş edir. Lakin işdən görünür ki, həm iddiaçıya, həm də S.İsmayılovaya ayrılmış bağ sahəsinin nömrəsi eyni olsa da (1133v saylı bağ), naturada həmin torpaq sahələri fərqli olmaqla üstüstə düşmür. Belə ki, işdə olan 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2in(82)-667/2011 saylı, xx.xx.2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, “İddiaçının tələbinə məhkəmədə baxılarkən cavabdehin nümayəndəsi məhkəməyə iyul 2011-ci il tarixli, “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktını təqdim edərək, İddiaçı qanuni istifadəsinə verilmiş bağ sahəsinin nömrəsinin əslində 1133b deyil, 1133v olmasını göstərmiş və iddiaçıya verilməsinin mümkün olduğu plan-sxemi təqdim edərək, iddiaçının tələbi üzrə aparılmış yerli baxış əsasında İdarənin mühəndisləri tərəfindən sözügedən bag sahəsinə plan-sxemin verilməsini mümkün sayıldıqlarını, mövcud vəziyyətə görə plansxemin verilməsinin digər istifadəçilərin hüquqlarını pozmadığını və heç kəsin bağ sahəsinə düşmədiyini göstərmiş, işin qanunauyğun şəkildə həll edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır.” Göründüyü kimi, hələ 2011-ci ildə iddiaçının istifadə etdiyi torpaq sahəsinin digər şəxslərin bağ sahəsinə düşmədiyi müəyyən olunmuşdur. Eyni zamanda işdə olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)- 13857/2022 saylı qərarından görünür ki, iddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən ümumi sahəsi 0,12 ha olan 1133v nömrəli torpaq sahəsinə dair mülkiyyət hüquqlarının X1 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin həmin qərarı ilə iddia təmin edilərək Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən ümumi sahəsi 0,12 ha olan 1133v nömrəli torpaq sahəsinə dair mülkiyyət hüquqlarının X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərarda məhkəmə qeyd etmişdir ki, “Məhkəmə iş materiallarına istinad etməklə bağ sahəsinin iddiaçının istifadəsinə verilməsi barədə Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 99 saylı orderin torpaq sahəsinin onun adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas olduğunu, İddiaçı qanuni istifadəsinə verilmiş bağ sahəsinə dair bütün sənədlər cavabdeh inzibati orqana təqdim edilsə də, cavabdeh orqanın formal mülahizələrə istinad etməklə əsassız olaraq çıxarış verilməsindən imtina etdiyini və onun imtinasının qanunvericiliyin müddəalarına uyğun olmadığını nəzərə alaraq cavabdeh inzibati orqanın imtinasında qeyd etdiyi dəlillər əsassız olduğundan, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq olsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir”. Göründüyü kimi, məhkəmə qərarı ilə S.İsmayılovanın qanuni istifadəsində olan bağ sahəsinə mülkiyyət hüququ tanınmış və bu hüququn qeydə alınması Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin iş üzrə S.İsmayılovanın qanuni istifadəsində olan bağ sahəsinin digər şəxs, yəni İddiaçı tərəfindən istifadə edilməsi, yaxud İddiaçı həmin torpaq sahəsinə haqq iddia etməsi müəyyən olunmamış, bu hallar ümumiyyətlə, həmin işin araşdırma predmeti olmamışdır. Beləliklə, istinad olunanlardan müəyyən olunur ki, iddiaçı hazırkı iddia vasitəsilə S.İsmayılovaya ayrılmış 1133v saylı bağ sahəsinin daha sonra ona ayrılması əsası ilə ilkin inzibati aktın, yəni S.İsmayılovaya bağ sahəsi ayrılması barədə qərarın öz qüvvəsini itirməsinin müəyyən edilməsinə, bununla da 1133v saylı bağ sahəsi üzərində yalnız özünün hüququnun olduğunu təsbit etməyə nail olmaq istəsə də, işin hallarından müəyyən olunur ki, hər iki şəxsin hazırda faktiki olaraq istifadə etdikləri torpaq sahələri fərqlidir. Deməli, həmin şəxslər müvafiq qərarlarla eyni deyil, fərqli bağ sahələrinə hüquqularının yarandığını iddia edirlər. Belə olan halda aydındır ki, iddiaçının üçüncü şəxsə torpaq sahəsi ayrılması barədə qərarın qanunsuz hesab edilməsi barədə hazırkı iddianı qaldırmaq üçün hüquqi marağı mövcud deyil. Halbuki hər hansı bir inzibati aktın qanunsuz olmasının müəyyən edilməsi üçün əsas şərt ondan ibarətdir ki, iddiaçı işin mahiyyəti üzrə qərar qəbul edilən an qanunsuz olmanın müəyyən edilməsində haqlı marağa malik olsun. Əgər belə bir maraq mövcud deyilsə, onda məhkəmənin işin mahiyyəti üzrə qərar qəbul etməsi üçün heç bir əsas olmayacaqdır. Başqa sözlə, iddiaçının hüquqları nəzərə alınmaqla işin mahiyyəti üzrə qərarın qəbul edilməsinə yalnız o zaman ehtiyac duyulur ki, həmin qərar iddiaçı üçün faydalı olsun. Yəni müəyyən etmə haqqında iddiaya dair çıxarılmış məhkəmə qərarı hansısa bir şəkildə iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırmaq üçün münasib olmalıdır. Belə bir münasiblik İPM-in 36-cı maddəsində təsbit edilmiş müəyyən etmə haqqında iddiaya münasibətdə nəzərdə tutulmuş xüsusi müəyyən etmə marağının olduğu hallarda mövcud olur. Məhkəmə bir daha qeyd edir ki, yuxarıda istinad olunanlara əsasən hazırkı iş üzrə belə bir maraq müəyyən olunmur. Çünki iddiaçının istifadəsində olmayan, onun haqq iddia etmədiyi, kənar şəxsə məxsus bağ sahəsi ilə bağlı qəbul edilmiş inzibati aktın qanunsuz sayılması iddiaçının hüquqi vəziyyətində hər hansı bir yaxşılaşdırma etmək imkanından mərhumdur. Buna görə də məhkəmə hesab edir ki, hazırkı iddia müəyyən etmə haqqında iddialar üzrə əsas mümkünlük şərtinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar