Məhkəmə qərarları › İş №2-1(112)-9074/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9074/2023

14.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9074/2023 14.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2022-ci il tarixli inzibati aktın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin iddiaçıdan 2022-ci il üçün 2160 manat əmlak və 160 manat torpaq vergi borcu, ötən illərə dair 1770 manat əmlak və torpaq vergi borcu, 384.09 manat gecikmə faiz borcu olmaqla, cəmi 4464.09 manat əmlak və torpaq vergi borcunun tutulması barədə qəbul etdiyi xx.xx.2022-ci il tarixli inzibati aktın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh bələdiyyənin xx.xx.2022-ci il tarixli **********3927 seriyalı tədiyyə bildirişi əsasında iddiaçıdan 4464,09 manat əmlak və torpaq vergisi tələb olunur. Həmin bildirişdən görünür ki, bu 4464, 09 manat məbləğin 2160 manatı əmlak və 160 manatı torpaq vergisi 2022-ci il vergi borcu, 1770 manat ötən illər üçün vergi borcu, 384,09 manat gecikmə faizi təşkil edir. tədiyyə bildirişi cavabdeh tərəfindən rəsmi qaydada iddiaçıya təqdim olunmayıb. Bununla birlikdə, Suraxanı rayon İcra şöbəsi tərəfindən cavabdehin verdiyi 62/7 saylı xx.xx.2022-ci il tarixli icra sənədi əsasında iddiaçıdan 4488,87 manat əmlak və torpaq vergisinin tutulması barədə xx.xx.2022-ci il tarixli 18-126658/22-28 saylı icra işi başlanmışdır. Həmin icra işinin başlanması barəsində icra şöbəsi də iddiaçıya rəsmi qaydada müvafiq məlumat verməyib. Bununla birlikdə, icra şöbəsi xx.xx.2023-cü il tarixində iddiaçının iş yerinə müvafiq məktub imzalayaraq həmin pulun iddiaçının əməkhaqqından tutulmasını tələb etmişdir. Bundan sonra iddiaçının cavabdeh bələdiyyənin tədiyyə bildirişindən və icra şöbəsindəki icra işindən məlumatı olmuşdr. İddiaçı hesab edir ki, cavabdeh bələdiyyənin xx.xx.2022-ci il tarixli **********3927 Seriyalı tədiyyə bildirişi (inzibati aktı) qanunsuzdur, bu səbəblə ləğv edilməlidir. İddiaçının mülkiyyətində 150 kv. metr torpaq sahəsi var və ona illik 100 manat vergi borcu hesablanmalı idi, lakin cavabdeh Bələdiyyə 150 manat vergi borcu hesablayıb. Bundan başqa eyni üsul ilə cavabdeh tərəfindən iddiaçıya hesablanmış 1770 manat ötən illər üçün vergi borcunun və 384,09 manat gecikmə faizi borcunun da qanunsuz olduğunu hesab edilir. Qeyd edilənləri nəzərə alaraq iddiaçı hesab edir ki, cavabdeh tərəfindən ona hesablanmış iddiaçıdan 2022-ci il üçün 2160 manatı əmlak və 160 manatı torpaq vergi borcunun, ötən illərə dair 1770 manat əmlak və torpaq vergi borcunun, 384,09 manat gecikmə faizinin, cəmi 4464,09 manat əmlak və torpaq vergi borcun tutulması barədə qəbul etdiyi xx.xx.2022-ci il tarixli inzibati akt ləğv olunmalıdr. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə göndərilmiş, iddiaçıya İPM-in 13-cü maddəsinə müvafiq olaraq hüquqi yardım məktubu göndərilmişdir. Cavabdeh iddiaya dair yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 73.1-ci maddəsinə əsasən-qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 4, 8, 198, 200.1 və 203-cü maddələrinə əsasən Cavabdehndə qeydiyyatda olan fiziki şəxslərin mülkiyyətində və istifadəsində olan əmlak və torpaq sahələrinə görə hesablanmış vergilər, yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 101 saylı qərarına əsasən hesablanır. İddiaçı məxsus əmlaka görə ödəməli oİduğu vergi barədə hər il üçün tədiyə bildirişi və xəbərdarlıq göndərilsə də, hər dəfə müxtəlif bəhanələr göstərərək vergini ödəməkdən yayınmışdır. Odur ki, Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun icrası məcburi olan qəbul edilmiş inzibati akt Cavabdeh tərəfindən əmlak və torpaq vergisini ödəməkdən imtina edən İddiaçı məxsus Qaraçuxur qəsəbəsi İ.Musayev küçəsi 16Q ünvanında yerləşən qeyri-yaşayış obyektinə əməkdaş T.Əliyev tərəfindən bildirilmişdir. Eləcə də, İddiaçı nümayəndəsi bir neçə dəfə bələdiyyəyə gəlmiş torpaq və əmlak vergisi barədə inzibati aktın müvafiq icra şöbəsinə yönəldilməsi nəzərinə çatdırılmışdır. Borclu barəsində qanunun tələblərinə uyğun icrası məcburi olan xx.xx.2022ci il tarixli inzibati akt qəbul edərək müvafiq icra şöbəsinə yönəldildikdən sonra İddiaçı məxsus əmlaka görə ödəməli olduğu 4488 manat 87 qəpik torpaq və əmlak vergisindən 1500.00 manat vergi borcunu ödəmişdir, qalıq borc barədə hər dəfə müxtəlif bəhanələr göstərərək, vergini ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 150.2-ci maddəsinə əsasən Bələdiyyənin qəbul etdiyi aktın icrası onun ərazisində yaşayan vətəndaşlar və onun ərazisində yerləşən hüquqi şəxslər üçün məcburidir. Vergi müəyyən edilmiş müddətdə ödənilmədikdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən ödənmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödənilməmiş vergi məbləğinin 0.1% məbləğində faiz tutularaq maliyyə sanksiyası tətbiq edilir. Odur ki, cavabdeh mövcud qanunvericiliyə və Vergi Məcəlləsinə istinad edərək borclu İddiaçı tərəfindən ödənilməmiş torpaq və əmlak vergisini yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. -2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; -2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Azərbaycan Respublikası Vergi Məcəlləsinin 4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir: dövlət vergiləri, muxtar respublika vergiləri, yerli vergilər (bələdiyyə vergiləri). Həmin Məcəllənin 4.4-cü maddəsinə əsasən yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. Həmin Məcəllənin 5-ci maddəsinə əsasən vergi məbləğləri aşağıdakı formalarda tutulur: bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması), bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması), bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun 3.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada fiziki şəxslərdən torpaq və əmlak vergilərini hesablamaq və hesablanmış məbləğin ödənilməsi üçün onlara tədiyə bildirişi göndərmək bələdiyyələrin vergi xidməti orqanının vəzifələrindən biridir. İddia ərizəsindən məzmunundan məlum olur ki, iddiaçı cavabdeh bələdiyyənin xx.xx.2022-ci il tarixli aktının (tədiyə bildirişinin) ləğv edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi 05 may 2022-ci il tarixli tədiyyə bildirişi inzibati akt hesab edilə bilməz. Çünki, yuxarıda istinad olunan normalardan göründüyü kimi, inzibati akt müəyyən tələblərə cavab verməlidir. Başqa sözlə, həmin akt publik hüquq sahəsinə aid olan müəyyən məsələni nizama salmalı və ya həll etməli, eyni zamanda da ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən hüquqi nəticələr yaratmalıdır. Tədiyə bildirişi isə bu xüsusiyyətlərə malik olmadığından inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməsi yolverilməzdir. Belə ki, bu akt iddiaçı üçün hər hansı hüquqi nəticə yaratmır və cavabdeh onun əsasında 25 may 2022-ci il tarixli 62/7 saylı əlverişsiz inzibati aktı (qərarı) qəbul etmişdir. Beləliklə, cavabdehin tədiyə bildirişi vergi ödəyicisi kimi iddiaçıya münasibətdə birbaşa hüquqi nəticə yaratmadığından inzibati akt qismində onun etibarsız sayılması inzibati məhkəmə icraatının predmeti ola bilməz. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır” (1.1-2.1-ci bəndlər). Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə xüsusi olaraq bildirir ki, Ali Məhkəmənin istinad olunan Plenum Qərarının 8.3-cü bəndində göstərilir ki, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Yuxarıda sadalanan hallara əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində mübahisələndirdiyi akt inzibati akt hesab edilmədiyindən işə inzibati qaydada baxıla bilməz. Odur ki, iddiaçının hazırkı tələbi inzibati prosessual qanunvericilik baxımından mümkün hesab edilməməlidir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar