Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9075/2023 24.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanova Fəridə Sultan qızının katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır) cavabdehin nümayəndəsi X1 (Bakı şəhərində qeydiyyatdadır, hüquq şöbəsində aparıcı mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya təyin edilmiş pensiyanın hal-hazırki dövrə qədər qanunverivciliyin tələblərinə uyğun olaraq yenidən hesablanması və aldığı pensiyaya əlavə edilərək ödənilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq iddiaçının pensiyasının yenidən hesablanmasına dair cavabdehin xx.xx.2022-ci il tarixli, **********1 saylı Qərarının ləğv olunması, hal-hazırda fərdi hesabında yığılmış 78078,89 manat pensiya sığorta kapitalına görə pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvədən düşmüş 29.2-ci maddəsi tətbiq edilməməklə, yəni qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ehtiyatda olan hərbi qulluqçudur, 2003-cü ildə ona əlilliyə görə pensiya təyin olunmuşdur.Yanvar 2004 - iyul 2022-ci illər ərzində müxtəlif təşkilatlarda mülki vəzifələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur.İşlədiyi bütün müddət ərzində ondan məcburi dövlət sosial sığorta haqqları tutularaq DSMF-ə ödənilmiş və fərdi hesabında toplanılmışdır. Hal-hazırda fərdi hesabında 78078,89 manat pensiya sığorta kapitalı toplanmışdır.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan, yaxud əmək pensiyası bu maddəyə əsasən yenidən hesablandıqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu Qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. 2021-ci ilin dekabr ayında iddiaçının 65 yaşı tamam olmuşdur, işlədiyi sonuncu təşkilat olan “Bos Slef MMC” tərəfindən 2022-ci ilin iyul ayında iddiaçının əmək fəaliyyətinə xitam verilərək müqaviləyə xitam verilmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli, **********1 saylı pensiyanın yenidən hesablanmasına dar Qərar həqiqəti əks etdirmir. İddiaçının pensiyası həmin qərarla düzgün hesablanmamışdır, ən əsası isə cavabdeh “Əmək pensiyaları haqqında qanun"un 37.3.1-ci maddəsinə istinad edir ki, bu maddə də “yaşa görə” pensiya təyin olunmuş şəxslərə aiddir, iddiaçı isə pensiyanı əlilliyə görə alır və ona münasibətdə həmin qanunun 37.3.2-ci maddəsi tərbiq olunmaldır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
2. Cаvаbdеh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, işin faktki hallarına görə, M.Əlıyevə xx.xx.2003-cü il tarixindən xidmət illərinə görə pensiya təyin edilmişdir, İddiaçı inzibati orqana təqdim etdiyi xx.xx.2022-ci il tarixli müraciət ərizəsində pensiya kapitalı əsasında pensiyasının yenidən hesablanmağını xahiş etmiş, inzibati orqan tərəfindən iddiaçıya ünvanlanan məktubda Qanunun 37.3.2-ci və 29.2-ci maddələrinin tələblərinə əsasən iddiaçının pensiyasının yenidən hesablandığı qeyd edilmişdir. Daha sonra iddiaçı 2023-cü ilin yanvar ayında inzibatı orqana pensiyasının hesablanması ilə bağlı yenidən müraciət etmiş, lakin iddiaçının müraciətindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, "Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2023-cü ilədək olan redaksiyasının 29.2-ci maddəsinə əsasən Qanunun 20-cı maddəsinə nəzərdə tutulmuş şəxslərin (qulluq stajına görə əmək pensiyasına əlavələr alan şəxslər) əmək pensiyasının sığorta hissəsi həmin Qanunun 29.1.-ci maddəsinə uyğun olaraq artırıldıqda va ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablandığı üçün iddiaçının pensiya vəsaitində artım olmamışdır, Həmçinin şəxsin pensiyası müraciət etdiyi tarixdəki qanunvericiliyə uyğun olaraq yenidən hesablandığı üçün şəxsin sığorta kapitalı artıq istifadə olunmuşdur. Sonrakı artımlar nəzərə alınmaqla İddiaçı əmək pensiyası 2022-ci il üzrə 737,52 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilib: -əmək pensiyasının sığorta hissəsi - 243,30 manat; -qulluq stajına görə əmək pensiyasına əlavəsi - 494,22 manat. M Əliyevin əmək pensiyasının yenidən hesablanması ilə bağlı 6 iyul 2022-cı ıl tarixindəki müraciəti ilə əlaqədar onun əmək pensiyasının sığorta hissəsı pensiya təyin edildikdən sonra topladığı pensiya sığorta kapitalına görə həmin tarixdə qüvvədə olmuş qanunvericiliyə uyğun olaraq yenidən hesablanıb. Belə ki, İddiaçı əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 66723,46 manat penslya sığorta kapitalı əsasında "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.3.2-ci və 29.2-ci maddələrinə uyğun olaraq pensiyasının sığorta hissəsi yenidən hesablanıb. Nəticədə İddiaçı pensiyasının sığorta hissəsi 706,66 manat, qulluq stajına görə əmək pensiyasına əlavə isə sığorta hissəsinin artan məbləğinə müvafiq olaraq azaldılmaqla 30,60 manat müəyyən edilib. İddiaçı əmək pensiyası "Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinin müraciət etdiyi tarixdə qüvvədə olan tələblərinə uyğun qaydada, yəni qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği sığorta hissəsindək artımlar qədər azaldılmaqla yenidən hesablanıb. İddiaçının pensiyası müraciət etdiyi tarixdəki qanunvericiliyə uyğun olaraq yenidən hesablandığı üçün şəxsin sığorta kapitalı artıq istifadə olunduğundan Qanunun 1 yanvar 2023-cü il yarixində qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələblərini ziddir.Bu səbəbdən də, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının imtina məktubu əsaslıdır.Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
İİ.İddianın növü və mümkünlüyü 3.Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). 4.Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). 5.Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər, 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 6.Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır
7. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə hazırki iddia ərizəsində göstərilən məsələ ilə bağlı müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.
8. İddaçı tərəfindən məhkəməyə iddiaçının şəxsiyyət vəsiqəsi,sığortaolunanın hesabı, xəstəlik haqqında şəhadətnamə,Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı, cavabdehin imtina məktubları,iddiaçının hərbi biletinin və əmək kitabçasının surətləri təqdim edilmişdir. 9.Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq iddiaçının pensiya işinə dair sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir. 10.Təqdim edilmiş sənədlərə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, iddiaçıya Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən xx.xx.2003-cü ildən əlilliyə görə hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir, iddiaçının əmək pensiyası 2022-ci il üzrə 737,52 manat məbləğində (əımək pensiyasının sığorta hissəsi 243,30 manat, qulluq stajına görə əmək pensiyasına əlavə 494,22 manat) iddiaçıya ödənilmişdir, İddiaçı əmək pensiyası təyin edildikdən sonra əmək fəaliyyətinə davam etmiş və məcburi sosial sığorta haqqını ödəmişdir, iddiaçı əmək pensiyası təyin edildikdən sona müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı əsasında pensiyasının yenidən hesablanmasını xahiş etmiş, iddiaçının məqsədi pensiyasının artırılmasına nail olmaq olmuşdur, cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı əsasında iddiaçının pensiyası yenidən hesablanmış və pensiyasının sığorta hissəsi 706,66 manat, qulluq stajına görə əmək pensiyasına əlavə isə sığorta hissəsinin artan məbləğinə müvafiq olaraq azaldılmaqla 30,86 manat, cəmi 737,52 manat müəyyən edilmişdir, yəni iddiaçı tərəfindən pensiyaya çıxdıqdan sonra cavabdehə müraciət etdiyi anda cavabdehin göstərdiyi 66723,46 manatdan da artıq pensiya kapitalı toplamasına baxmayaraq iddiaçının pensiya məbləğində heç bir artım olmamışdır. İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının qeyd edilən hərəkətlərini qanunsuz hesab edərək hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.
İV. Məhkəmənin mövqeyi
11.Məhkəmə, iddiaçının, cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. 12.Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 29-cü maddənin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 13.Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır, İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 14.Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. 15.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 9.6-cı maddəsinə görə isə hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Həmin Qanunun 37.3-cü maddəsinin iddiaçının cavabdehə müraciət etdiyi zaman qüvvədə olan redaksiyasına əsasən: “işləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir;” Hazırda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.3cü maddəsində göstərilir: “işləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır;” 16.İşin faktiki hallarına əsasən iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 37.3.1-ci maddəsinə əsasən pensiya təyin olunduğu gündən sonra 6 il işlədikdən sonra həmin işlədiyi dövr üzrə topladığı pensiya kapitalı nəzərə alınmaqla pensiyasının yenidən hesablanması, yəni artırılması barədə cavabdehə müraciət etmiş, lakin cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli qərarından göründüyü kimi iddiaçının pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilsə də pensiyanın məbləği qərarda iddiaçı cavabdehə pensiyasının yenidən hesablanması barədə müraciət edən gündə aldığı pensiyanın məbləği qədər müəyyən edilmişdir, yəni iddiaçının pensiyasında (əlavə topladığı sığorta pensiya kapitalı nəzərə alınmaqla hesabladıqda) artım olmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının 2006-yanvar – 2022 iyun dövrü ərzində topladığı pensiya kapitalı 78078,89 manat təşkil etmişdir. 17.Cavabdehin etirazından göründüyü kimi cavabdeh qeyd edilən halı “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə və habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2022-ci il tarixli qərarının təsviri əsaslandırıcı hissəsinə istinad etməklə iddiaçının pensiyasının sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasının əlavəsinin məbləğinin azaldılması ilə əsaslandırmışdır. 18.Məhkəmə cavabdehin mövqeyini yanlış və əsassız hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 29-cu maddəsinin adı: “Əmək pensiyalarının indeksləşdirilməsi”dir, həmin maddənin cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının qəbul edildiyi zaman qüvvədə olan redaksiyası aşağıdakı kimi idi: “29.1. Əmək pensiyasının sığorta hissəsi, ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.29.1-1. Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.29.2. Bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. 29.3. Əmək pensiyasının indeksləşdirilməsi bu Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş əmək pensiyasının ödənişinin maliyyə mənbələrinə uyğun olaraq müvafiq qaydada nəzərdə tutulmuş vəsaitlər dairəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 19.Göründüyü kimi cavabdehin istinad etdiyi “Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsi əmək pensiyalarının müvafiq icra hakimiyyətinin qərarına əsasən əmək pensiyasının istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilməsi məsələlərini tənzimləyir, indeksləşdirmə haqqında Qanunun 29.1-ci maddəsində (ikinci halda) nəzərdə tutulmuş qərar isə həmin “Əmək pensiyaları haqqında” Qanunun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına görə Azərbaycan Respublikasının Prezidentinin qərarı əsasında aparılır. 20.“Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Resrublikasının Qanununun 1-ci maddəsinə əsasən, indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. 21.İddiaçının istinad etdiyi, 6 il və daha çox işləyən əmək pensiyaçının topladığı pensiya kapitalı nəzərə alınmaqla pensiyanın yenidən hesablanmasını nəzərdə tutan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 37.3.1-ci maddəsi isə əmək pensiyasının Azərbaycan Respublikası Prezidentinin qərarına əsasən indeksləşdirilməsini deyil, fərdi hesabdakı sığorta kapitalına görə pensiyanın yenidən hesablanmasını nəzərdə tuturdu ki, hal-hazırda qüvvədə olan redaksiyada bunun artıq pensiyaçının müraciəti əsasında da deyil cavabdeh tərəfindən avtomatlaşdırılmış şəkildə (yəni heç bir halda müvafiq icra hakimiyyətinin qərarı olmadan) aparılması nəzərdə tutulur. 22.Bundan başqa məhkəmə onu da qeyd edir ki, cavabdehin istinad etdiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 2 fervral 2022-ci il tarixli qərarında təsviri-əsaslandırıcı hissədə həqiqətən də “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən, əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyası yenidən hesablanarkən pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği azaldılır” ifadəsi mövcuddur. 23.Lakin eyni ilə həmin ifadə ilə yanaşı Konstitusiya Məhkəməsinin həmin qərarının təsviri-əsaslandırıcı hissəsində qeyd edilmişdir: “Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydalarına dair müddəalar “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsində əks etdirilmişdir. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən, işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Bu norma imperativ norma olmaqla, pensiyaçıların hansı sahədə – pensiya təyin edilməzdən əvvəl işlədiyi sahədə və ya hər hansı digər sahədə işləməsindən asılı olmayaraq pensiya təyin olunan günədək pensiyanın qazanılmış sığorta hissəsinin tam şəkildə ödənilməli olmasını təsbit edir.Həmin maddədə pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması qaydası da müəyyən edilərək göstərilmişdir ki, pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. İşləyən əmək pensiyaçısı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiyaçı işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin qeyd edilən müddəalarından aydın olur ki, qanunverici pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarına münasibətdə pensiyanın yenidən hesablanmasını sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması ilə əlaqələndirmiş, pensiya ödənişi müddəti aylarının sayının isə pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər azaldılmaqla hesablandığını göstərmişdir.Beləliklə, qanunverici göstərilən maddədə pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir.” 24.Göründüyü kimi cavabdehin etirazında istinad etdiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstituiya Məhkəməsinin Plenumunun 2 fervral 2022-ci il tarixli qərarında xüsusi qeyd edilmişdir ki, pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir. 25.Belə olan halda iddiaçının müraciətinə baxılan və əmək pensiyası hesablanan zaman cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun “Əmək pensiyalarının indeksləşdirilməsi” haqqında normaları tətbiq edilməməli olduğu halda tətbiq edilmiş, bu da cavabdeh tərəfindən iddiaçı barədə əlverişsiz qanunsuz inzibati akt qəbul edilməsilə nəticələnmişdir. 26.Məhkəmə onu da qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2022-ci il tarixli qanun ilə cavabdehin istinad etdiyi “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsi ləğv edilmişdir. 27.«İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 28.“İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 29.Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı pensiyasının yenidən hesablanmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********1 saylı Qərarı ləğv olunmalı, hal-hazırda iddiaçının fərdi hesabında yığılmış 78078,89 manat pensiya sığorta kapitalına görə pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun qüvvədən düşmüş 29.2-ci maddəsi tətbiq edilməməklə, yəni qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. 30.Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 31.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,32,33,34, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı pensiyasının yenidən hesablanmasına dair cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********1 saylı Qərarı ləğv edilsin. İddiaçı fərdi hesabında yığılmış 78078,89 manat pensiya sığorta kapitalına görə pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun qüvvədən düşmüş 29.2-ci maddəsi tətbiq edilməməklə, yəni qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova