Məhkəmə qərarları › İş №2-1(112)-9076/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9076/2021

18.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9076/2021 18.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək cavabdehlərin qanunsuz qərarları və hərəkətləri nəticəsində 228 (iki yüz iyirmi səkkiz) manat maddi ziyanın və 5000 (beş min) manat mənəvi ziyanın, cəmisi 5228 (beş min iki yüz iyirmi səkkiz) manat tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edimb Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsi (hakim X7) 18 mart 2021-ci il tarixli 2(001)-3278/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina etmiş və müvafiq tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olduğunu izah etmişdir. Həmin qərardaddan şikayət verdiyindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (sədrlik edən və məruzəçi hakim X3) 24 iyun 2021-ci il tarixli 2(103)-6573/2021 saylı qərardadı ilə şikayəti təmin etməmiş, Binəqədi Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 2(001)-3278/2021 saylı qərardadını dəyişdirmədən saxlamışdır. Odur ki, həmin iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edir. O, 04.08.2020-ci il tarixdə özünə məxsus MERCEDES BENZ C 180 minik markalı, ** ME *** dövlət qeydiyyat nişanlı avtomabili növbəti texniki baxışdan keçirmək məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin Yevlax Qeydiyyat-İmtahan və X4 gedib. Şəxsi avtomabilini texniki baxışdan keçirmək istədikdə həmin texniki baxış şöbəsində işləyən müfəttişi ona bildirib ki, onun avtomobilinin 20 manat cəriməsi var, ödəyəndən sonra avtomobilini texniki baxışdan keçirə bilər. O, bu cərimədən xəbəri olmadığını, cərimənin hansı səbəbə olduğunu soruşduqda müfəttiş onun adına yazılmış cərimənin elektron qərarını kompüterində göstərdi və həmin qərarı çıxara bilməyəcəyini bildirdi. O, kompüterdə fotosu göstərilən cərimə edilən avtomobilin ona məxsus olmadığını, onun belə avtomobilinin olmadığını, bu cərimənin ona səhvən və qanunsuz yazıldığını bildirsə də, maşınını texniki baxışdan keçirə bilmədiyindən yaşadığı Göyçay rayonunun polis şöbəsinə gələrək DYP bölməsində avtomobilinə yazılmış cərimənin həm elektron qərarını, həm də şəkilləri çıxarmağı xahiş etdi. Bu qərardan ona məlum oldu ki, 20 iyul 2020-ci il tarixdə saat 10:34-də Puşkin küçəsində (şəhər və rayon göstərilmədən) dayanma qaydalarını pozduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş 20 manat məbləğində cərimə olunmağı barədə EQ ******* saylı inzibati tənbeh vermə haqqında Elektron qərar qəbul edilmişdir. Qeyd olunan elektron Qərar DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovniki X1 tərəfindən imzalanmışdır. Barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş 20 manat məbləğində cərimə olunmağı barədə EQ ******* saylı İnzibati tənbeh vermə haqqında elektron qərarın ona aidiyyəti olmadığını əsas gətirərək həmin 20 manat məbləğində cəriməni ödəməkdən imtina etdi. 07 avqust 2020-ci il tarixdə yenidən özünə məxsus MERCEDES BENZ C 180 minik markalı, ** ME *** dövlət qeydiyyat nişanlı avtomobili növbəti texniki baxışdan keçirmək məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin Yevlax Qeydiyyat-İmtahan və X4 gedib. Orda avtomabilini texniki baxışdan keçirmək üçün dövlət rüsumu olaraq 30,4 (otuz manat qırx qəpik) manat məbləğində pul ödədikdən sonra ona bildirdilər ki, onun 20 manat cəriməsi var və həmin cəriməni 18 (on səkkiz) manat ödədikdən sonra avtomobilini texniki baxışdan keçirmək olar. O dəfələrlə həmin cərimənin ona aidiyyəti olmadığını, dayanma qaydasını pozan maşının ona aidiyyatı olmadığını və Puşkin küçəsinin harada olduğunu bilmədiyini desə də, “20 manat məbləğində cərimə olunmağı barədə EQ ******* saylı İnzibati tənbeh vermə haqqında elektron qərardan narazı qaldığı təqdirdə məhkəməyə müraciət etməyi məsləhət görüldü. Şəxsi avtomobilinin texniki baxışdan keçmə vaxtının bitməsinə 3 gün qaldığından məcburiyyət qarşısında qalıb ona aid olmayan maşının, törətdiyi cəriməni (20 manatı) ödəyib özünə məxsus MERCEDES BENZ C 180 minik markalı, ** ME *** dövlət qeydiyyat nişanlı avtomabili növbəti texniki baxışdan keçirdi. 20 iyul 2020-ci il tarixdə saat 10:34-də Puşkin küçəsində dayanma qaydalarını guya o pozduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş 20 manat məbləğində cərimə olunmağı barədə EQ ******* saylı İnzibati tənbeh vermə haqqında Elektron qərarı qanunsuz və əsasız hesab etdiyindən həmin elektron qərarın ləğv edilməsi və ona məcburən ödətdirilmiş 18 manat pulumun geri qaytarılması barədə Göyçay Rayon Məhkəməsinə şikayət verdi. Göyçay Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli, 3(046)-317/2020 saylı Qərarı ilə şikayəti təmin edilərək, İddiaçı İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən 20 manat cərimə edilməsinə dair DİN BDYPnin X2 rəisi polis polkovniki X1 tərəfindən qəbul edilmiş 20 iyul 2020-ci il tarixli EQ ******* saylı İnzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Göyçay Rayon Məhkəməsi 28 avqust 2020-ci il tarixli, 3(046)-317/2020 saylı Qərarından apellyasiya şikayəti verilməmiş və qərar qanuni qüvvəsini almışdır. Bundan sonra barəsində İnzibati Xətalar Məcəlləsinin 346.1ci maddəsinə əsasən 20 manat cərimə edilməsinə dair DİN BDYP-nin X2 rəisi polis polkovniki X1 tərəfindən qəbul edilmiş 20 iyul 2020-ci il tarixli EQ ******* saylı İnzibati tənbeh vermə haqqında Elektron qərarın qanunsuz və əsassız olduğuna görə Göyçay Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli, 3(046)-317/2020 saylı Qərarı ilə ləğv edildiyindən onun məcbur qalıb qeyd olunan qanunsuz elektron qərara görə ödədiyi 18 manat pulunun geri qaytarılması barədə BDYPi-nə ərizə ünvanlasa da, onun 18 manat pulunu geri qaytarmırlar. Bildirir ki, o, 2009-cu ilin 30 mart tarixində bir, 2020-ci ilin 03 iyun tarixində iki ürək damarlarında daralma ilə bağlı stend qoydurub. Ona qarşı BDYPİnin qanunsuz hərəkətləri son dərəcə əsəb keçirməyinə və nəticə olaraq ürəyində əlavə narahatçılığa səbəb olmuşdur. Həkim müayinəsindən keçərkən ürəyində yaranan əlavə problemlərin əsəb keçirməyi ilə əlaqələndirilmiş və əlavə dərman peraparatları qəbul etmək məcburiyyətində qalıb. BDYPİ-nin vəzifəli şəxsinin qanunsuz hərəkətləri nəticəsində maddi ziyanla yanaşı mənəvi sarsıntı və iztirab keçirib. Bu səbəbdən də BDYPİ-sinin qanunsuz cəriməsi ucbatından keçirdiyim əsəb və sarsıntıya görə Azərbaycan Respublikası DİN BDYPİ-nə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. DİN BDYP-nin X2 rəisi polis polkovniki X1 tərəfindən qəbul edilmiş 20 iyul 2020-ci il tarixli EQ ******* saylı İnzibati tənbeh vermə haqqında elektron qərarı mənə maddi ziyan vurmaqla yanaşı, mənəvi ziyan da vurmuşdur. Qeyd etdiyim inzibati tənbeh vermə haqqında qərar Göyçay Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli, 3(046)-317/2020 saylı qərarı ilə qanunsuz hesab edilərək ləğv edilmişdir. Mən DİN BDYP-nin X2 rəisi polis polkovniki X1 tərəfindən qanunsuz və əsassız qəbul edilmiş 20 iyul 2020-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərara görə iki dəfə Göyçaydan Yevlax şəhərinə getmiş və hər dəfə 15 manat xərcləməklə 30 manat ziyana düşmüş, məcbur qalaraq 18 manat qanunsuz cəriməyə görə pul ödəmiş, 30 manat məhkəməyə dövlət rüsumu ödəmiş və Bakıya gəlib getmə xərcini də nəzərə alsaq, təxminən 150 manat da ziyana düşəcəyini düşünür. Eyni zamanda keçirdiyi əsəb və sarsıntı nəticəsində hesab edir ki, sağlamlığına 5000 (beş min) manat mənəvi ziyan dəymişdir.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3278/2021 nömrəli iş üzrə 18.03.2021-ci il qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 idarəsinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ərizənin icraata qəbul edilməsindən imtina edilmişdir. İddiaçıya müvafiq tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 24.06.2021-ci il tarixli iş üzrə 2(103)-6573/2021 qərarına əsasən, iddiaçının şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 2(001)-3278/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.

5. Göyçay Rayon Məhkəməsinin 3(046)-317/2020 nömrəli iş üzrə 28.08.2020-ci il tarixli qərarı ilə İddiaçı İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən 20 manat cərimə edilməsinə dair DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovniki X1 tərəfindən qəbul edilmiş 23.08.2019-cu il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilmiş, inzibati xəta haqqında iş uzrə icraata xitam verilmiş, qərara olan 18.02.2021-ci il tarixli düşəlişə əsasən, Göyçay Rayon Məhkəməsinin 3(046)-317/2020 saylı 28 avqust 2020-ci il tarixli qərarının nəticə hissəsində 23.08.2019-cu il tarixli EQ 1958788" ifadəsi “20.07.2020-cu il tarixli, EQ 3997236" sözləri kimi qeyd olunması və oxunması qərara alınmışdır.

6. Məhkəmənin hazırli icraatı üzrə (mümkünlük) iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun olaraq izahat verməklə iddia tələbini müdafiə etdi.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. II. İddianın mümkünlüyü

8. İddia tələbindən göründüyü kimi tələb inzibati xəta haqqında protokolun və inzibati tənbehvermə haqqında qərarın qəbulu ilə bağlı polisin qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi və mənəvi zərərin ödənilməsi ilə bağlıdır.

9. “İnzibati icraat haqqında” Qanunda inzibati orqanların hüquqazidd qərarlarının yoxlanılması, onların ləğv edilməsi və ya onlara dəyişiklik edilməsi məqsədi ilə maraqlı şəxslər üçün hüquqi müdafiə imkanları müəyyən edilmişdir. Həmin Qanunun 72-ci maddəsinin müddəalarına əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. İnzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir.

10. Məhkəmə hesab edir ki, hazırki iddia polisin inzibati xətalara dair işlər üzrə fəaliyyətindən irəli gəldiyi üçün mümkün deyil. Belə ki, zərər tələbi polisin inzibati icraatdan irəli gələn fəaliyyəti ilə bağlı deyil.

11. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı 10 aprel 2015-ci il 04 nömrəli qərarına əsasən: 7.2. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən, həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun.

12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

13. İnzibati Xətalar Məcəlləsindən: 36.1. İnzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. 36.2. İnzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. 36.3. İnzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir.

14. İş üzrə Bakı şəhər Binəqədi rayon məhkəməsinin qərarını qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin 24.06.2021-ci il tarixli qərardadı ilə bağlı məhkəmə qeyd edir ki, "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 10 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 fevral 2021-ci il tarixli qərarında ifadə edilən hüquqi mövqeyə görə qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərarı);

15. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 fevral 2020-ci il tarixli qərarında ifadə edilən hüquqi mövqeyə görə yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və yalnız prosessual qanunvericiliklə müəyyən edilmiş hədlərə malikdir. Belə ki, məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusunun müəyyən edilməsi vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış və yeni baxılan işlərdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Preyudisiallığın obyektiv hədlərini isə qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilən hallar, hüquqi faktlar və hüquq münasibətləri təşkil edir. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, preyudisiya institutunun məntiqi əsasını qanunni qüvvəyə minmiş məhkəmə aktının həqiqiliyi prezumpsiyası təşkil edir. Bu prezumpsiya bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunundan və xarakterindən asılı olaraq digər məhkəmə aktları da malik ola bilər. Yəni preyudisial əhəmiyyətə nəinki qətnamə, məhkəmə qərardadı da müəyyən şərtlərlə malik ola bilər. Bunun üçün məhkəmə qərardadı aşağıdakı vacib şərtlərə cavab verməlidir: - qərardad müstəqil məhkəmə icraatı çərçivəsində çıxarılmalı; - həmin qərardad ilə hüquqi faktlar və hüquq münasibətləri müəyyən edilməli; - tərəflərin məhkəmə baxışında iştirakı təmin edilməli; - baxış çəkişmə prinsipinə əməl edilməklə aparılmalı; - belə qərardadın yuxarı instansiya məhkəmələrində mübahisələndirilməsi imkanı olmalıdır. Həmçinin qeyd edilməlidir ki, hüquq nəzəriyyəsində məhkəmə aktlarının preyudisial əhəmiyyəti ilə bağlı iki yanaşma – forma və məzmun yanaşması mövcuddur. “Forma”, yəni qəbul edilmiş məhkəmə aktının prosessual forması yanaşması baxımından yalnız işi mahiyyəti üzrə həll edən qətnamələrin preyudisial əhəmiyyəti tanınır. “Məzmun” yanaşması baxımından isə prosessual formasından asılı olmayaraq məhkəmə aktı ilə maddi-hüquqi faktlar müəyyən edildikdə, həmin məhkəmə aktı preyudisial əhəmiyyət kəsb edir.

16. Məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. Bu məsələlərlə bağlı məhkəmə aidiyyəti həll edilərkən, ilk növbədə, iddiaçı tərəfindən təqdim edilən iddia tələbi əsas götürülməlidir. İddia tələbi konkret mübahisə ilə bağlı olduqda, həmin mübahisənin mahiyyəti təhlil edilərək məhkəmə aidiyyəti həll edilməlidir.

17. A.Kərimov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 iyul 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 may 2020-ci il tarixli qərarında ifadə edilən hüquqi mövqeyə görə qanunverici tərəfindən müəyyən edilmiş məhkəmə aidiyyətinə riayət olunmaması ədalətli məhkəmə araşdırılmasına dair konstitusion göstərişin, bununla da məhkəmə müdafiəsi hüququnun pozulmasına səbəb olur. Hər kəsin məhkəmə müdafiəsi hüququ yalnız qanuni, müstəqil və qərəzsiz məhkəmə tərəfindən təmin edildiyindən aidiyyət qaydalarının pozulması ilə qəbul olunmuş məhkəmə qərarı qanuni hesab oluna bilməz, çünki bu qərar işə baxmağa qanun üzrə səlahiyyətli olmayan məhkəmə tərəfindən qəbul edilir ki, bu, işin həllinə təsir edən və ədalət mühakiməsinin mahiyyətini təhrif edən əsaslı pozuntu kimi qəbul edilməlidir.

18. Odur ki, qeyd edilənlərə əsasən, Bakı Apellyasiya Məhkəməsinin 24.06.2021-ci il tarixli qərardadı hazırki iş üzrə preyudisial hesab edilmədiyindən iddia mümkün sayılmamalı, iddiaçıya müvafiq tələblə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ və ya qəbul edilmiş məhkəmə aktından yuxarı instansiyaya şikayət vermək hüququ izah olunmalıdır. Hər kəsin məhkəmə müdafiəsi hüququ yalnız qanuni, müstəqil və qərəzsiz məhkəmə tərəfindən məhkəmə aidiyyəti qaydalarına riayət edilməklə təmin edildiyindən və həmin qaydaların pozulması ilə qəbul olunmuş məhkəmə qərarı qanuni hesab olumadığından iddianın mümkün sayılmaması məhkəməyə çatımlılıq hüququnun pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, qəbul edilən məhkəmə aktı qarşıya qoyulan məqsədə mütənasibdir.

19. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

20. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar