Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9076/2024 01.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respubllikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik barədə məlumatın altsistemə yerləşdirilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik barədə məlumatın altsistemə yerləşdirilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 01 oktyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2014-cü ildən əvvəlki təyinatların elektron sistemə yüklənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, müddətsiz əlilliyə dair məlumatların altsistemə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, ona 2008-ci ildə ikinci dərəcəli əlillik təyin edilmişdir. Fasiləsiz olaraq 13 il bu statusda olmuşdur. Ona 2018-ci ildən ömürlük əlillik təyin edilməli idi, lakin 2014-cü ildən əvvəlki məlumatları elektron sistemə daxil edilməmişdir. Cavabdehin etirazı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya dair etirazla məhkəmə müraciət edərək bildirmişdir ki, iddiaçıya müddətsiz İİ dərəcə (61-80 faiz) əlillik dərəcəsi təyin edilməsi üçün ardıcıl olaraq 10 il əlillik müddəti və ya xüsusi göstəriş olan diaqnozu olmalıdır, lakin iddiaçının altsistemdə olan sənədlərində qeyd olunan halların heç biri öz əksini tapmır. Bu səbəbdən də iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnaməyə” əsasən 5 il müddətinə əlillik təyinatı aparılmışdır. İddiaçının 5 il müddətinə olan əlillik təyinatı qərarından 30 gün, inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o 2024-cü ilin may ayında, xx.xx.2016-cı il tarixli göndəriş əsasında 5 il müddətinə təyin edilən əlillik təyinatı qərarından məhkəməyə şikayət etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. İddiaçı xx.xx.2008-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilib. Vətəndaşın pensiyasının ödənişi əlillik müddətinin bitməsi səbəbindən xx.xx.2021-ci il tarixdən dayandırılıb. Əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi vasitəsi ilə həyata keçirilir. İddiaçı əlillik vəziyyəti yenidən qiymətləndirilərkən ona 29 sentyabr 2022-ci il tarixindən orqanizmin funksiyalarının 35 faiz pozulmasına görə ümumi səbəblərdən 1 il müddətinə əlillik müəyyən edilib. Bununla əlaqədar vətəndaşın əmək pensiyasının ödənişi 2022-ci ilin 29 sentyabr tarixindən bərpa edilib və əlillik müddətinin bitməsi səbəbindən 2023-cü ilin 1 oktyabr tarixindən dayandırılıb. Onun hazırda əlilliyinin olması ilə bağlı hər hansı bir məlumat mövcud deyil; Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində aşkar edilən məlumatlara əsasən İddiaçı xx.xx.2008-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçının əlillik müddətinin xx.xx.2021-ci il tarixində başa çatması və əlilliyin təkrar müəyyən edilməməsi səbəbindən əmək pensiyasının ödənişi dayandırılmışdır. Onun əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi zamanı ona xx.xx.2022-ci il tarixindən orqanizmin funksiyalarının 35 faiz pozulmasına görə ümumi səbəblərdən 1 il müddətinə əlillik müəyyən edilmişdir. Bununla əlaqədar vətəndaşın əmək pensiyasının ödənişi xx.xx.2022-ci il tarixindən bərpa edilmiş və əlillik müddətinin bitməsi səbəbindən xx.xx.2023-cü il tarixindən dayandırılmışdır. Tətbiq edilən hüquq: “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu (xx.xx.2018-ci il tarixədək qüvvədə olan): Maddə 2. Əsas anlayışlar əlil – anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir; Maddə 3. Tibbi-sosial ekspertiza Tibbi-sosial ekspertiza orqanizmin funksiyalarının davamlı pozulmaları nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılmasının qiymətləndirilməsi əsasında vətəndaşın sosial müdafiə tədbirlərinə olan ehtiyaclarının müəyyən edilməsidir. Tibbi-sosial ekspertiza müayinə olunan şəxsin klinik, funksional, sosial, məişət, peşə, əmək, psixoloji imkanlarının kompleks qiymətləndirilməsi yolu ilə əlillik, uşaqların sağlamlıq imkanlarının məhdudluğu meyarlarına uyğun olaraq həyata keçirilir. Tibbi-sosial ekspertiza tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Tibbi-sosial ekspert komissiyaları haqqında və əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 4-1. Şəxsin əlil və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan sayılması Şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan sayılır. ... Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” (iddiaçının əlilliklə bağlı inzibati orqana müraciət etdiyi zaman qüvvədə olmuş redaksiyası): 1.4. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. 4.1. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. 4.3. Göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir. 4.4. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə və “Vətəndaşın Elektron Sağlamlıq Kartı Sistemi”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışı təmin edilir. 4.9. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 Sosial Ekspertiza və X2 (bundan sonra - TSERAS) ötürülür. 4.26. Əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2015-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində Tibbi-Sosial Ekspertiza və X3 (TSERAS) yaradılmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçıya sonuncu dəfə xx.xx.2016-cı il tarixdə 5 il müddətinə əlillik təyin edilmişdir və iddiaçının əlillik müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. İddiaçıya 5 il müddətinə əlillik təyinatı barədə qərar iddiaçı tərəfindən mübahisələndirilməmişdir. İddiaçı hazırda həmin vaxt müddətsiz əlillik təyin edilməli olduğuna istinad edərək, müddətsiz əlillik barədə məlumatın altsistemə daxil edilməsi tələbini irəli sürür. Yuxarıda da qeyd edildiyi kimi, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizas; haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2015-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində Tibbi-Sosial Ekspertiza və X3 (TSERAS) yaradılmışdır. Məhkəmə TSERAS-da olan məlumatlarla iddiaçının pensiya işində olan TSEK-də müayinə aktından çıxarışlar arasına uyğunsuzluğun (iddiaçıya müddətsiz əlillik təyin edildiyi halda TSERAS-da əks olunmaması) olması ehtimalını da araşdırmış və müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2008-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilib. Vətəndaşın pensiyasının ödənişi əlillik müddətinin bitməsi səbəbindən xx.xx.2021-ci il tarixdən dayandırılıb. İddiaçıya müddətsiz əlilliyin təyin edilməsi ilə bağlı TSEK-də müayinə aktından çıxarış pensiya işində mövcud deyil. Bu səbəbdən müddətsiz əlilliyin təyin edilməsi ilə bağlı olmayan məlumatın da TSERAS-a yerləşdirilməsi cavabdehdən tələb edilə bilməz. Bundan başqa, iddiaçının ona 10 il müddətində fasiləsiz olaraq ikinci dərəcə əlillik təyin edildiyini bildirsə də, məhkəmə bu dəlili əsassız hesab edir. Belə ki, işin müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, iddiaçıya ikinci dərəcəli əlillik ilk dəfə 2008-ci ildə təyin edilmiş, sonuncu dəfə onun əlilliyi xx.xx.2016-cı il tarixində 5 il müddətinə uzadılmışdır. Beləliklə, iddiaçının əlilliyi cavabdeh tərəfindən uzadılarkən sözügedən 10 il tamam olmamışdır. Belə olan halda, cavabdeh orqan da haqlı olaraq əlilliyi müddətsiz yox, 5 il müddətinə təyin etmişdir. Həmin qərar da iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə 4.2-ci bəndinin ikinci cümləsinə əsasən ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Yəni, fasiləsiz olaraq 10 il ikinci dərəcə əlillik təyin olunduğu halda, növbəti qiymətləndirmə zamanı yenidən əlillik təyin olunarsa o zaman müddətsiz müəyyən edilir. Başqa sözlə, yalnız əvvəlki əlillik müddətləri və ardıcıllığı ilə bağlı şərtlər, növbəti qiymətləndirmə zamanı əlilliyin müəyyən edilməsinə əsas verən diaqnozun mövcud olması şərti ilə məcmu şəklində ödənildiyi halda, əlillik müddətsiz təyin edilir. Bu normanı hazırkı iş üzrə izah etsək, 2016-cı ildə 5 il müddətinə təyin edilmiş əlilliyin həmin müddət (5 il) ərzində fasiləsiz 10 ilin tamam olması ilə avtomatik müddətsiz əlilliyə çevrilməsi anlamında başa düşülməməlidir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddiаçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik barədə məlumatın altsistemə yerləşdirilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik barədə məlumatın altsistemə yerləşdirilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-9076/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9076/2024
01.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver