Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9078/2025 08.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (zəruri cəlbetmə qaydasında cəlb edilmiş üçüncü şəxs X4) “hasarın sökülməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərziəsi ilə müraciət edərək mənzilinin arxa otağına suyun axıdılmasına son qoyulmasına,o cümlədən aidiyyəti icra orqanları tərəfindən qanunsuz salınmış bağın qəza vəziyyətində olan hasarının sökülməsinə dair qərarın qəbul edilməsi xahiş edilmişdir.
2. İş üzrə məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadına əsasən Bakı Şəhər İcra Hakimiyyəti cavabdeh qismində prosessual iştirakına xitam verilməsi, cavabdeh qismində Cavabdeh nəzərə alınması və iddia tələbinin “qanunsuz tikilmiş hasarın sökülməsi barədə qərar qəbul edilməsi” kimi dəyişdirilməsi qərara alınmışdır.
3. Tələb onunla əsaslandırılmışdır ki, Bülbül prospekti ev 63, mənzil 6 ünvanında yerləşən ona məxsus mənzilin yuxarı mərtəbəsində mənzil 53, 55 və 56 ünvanlarında yaşayan qonşusu X3 tərəfindən evinə mütəmadi olaraq su axıdılır. Həmin mənzildə yaşayan Dilarə xanımdan bu məsələyə son qoyulmasını dəfələrlə xahiş etsə də, onlar tərəfindən bu günədək heç bir tədbir görülməmişdir. Qonşusu mənzilinin arxasında yerləşən küçədəki ərazini qanunsuz zəbt edərək bağ salmışdır. Həmin qanunsuz salınmış bağdan vaxtaşırı olaraq ona məxsus mənzilin arxa otağına suyun axıdılması, eyni zamanda qəza vəziyyətində olan bağın hasarı mənzilinin divarları, eləcə də pəncərələri üçün təhlükə mənbəyinə çevrilmişdir. Bununla bağlı Bakı şəhər və Cavabdehnə etdiyi rəsmi şikayət məktubları onlar tərəfindən aidiyyəti üzrə Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə yönəldilmiş, lakin qeyd olunan məsələyə dair heç bir tədbir görülməmişdir.
4. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd eidlmişdir ki, Nəsimi rayonu, Bülbül pr. ev 63, mənzil 6-da yaşayan vət.Rəhilə Abdullayevanın yaşadığı mənzilə qonşusu 53, 55, 56 nömrəli mənzilin sakini vət.X3 tərəfindən su axıdılması ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə ünvanlamış olduğu elektron müraciət əsasında Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinə daxil olmuş məktuba Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində baxılmışdır. Araşdırma və 15 nömrəli MKİS-in xx.xx.2025-ci il tarixli arayışına əsasən məlum olmuşdur ki, vət.İddiaçı mənzilinin arxa hissəsində yerləşən 53,55,56 nömrəli mənzilin sahibi tərəfindən uzun illər bundan əvvəl hasara alınmış ərazidən axan yağış sularının qarşısının alınması üçün qonşuya məlumat verilməsinə baxmayaraq, o, bundan imtina etmişdir. Qonşular arasında yaranmış məsələ mübahisəli olduğundan, bununla bağlı vət.İddiaçı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.
5. İş üzrə məhkəmənin xx.xx.2025-ci il tarxili qərardadına əsasən X4 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
6. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 63, mənzil 6 X1 (1 otaq- 10.5) və İddiaçı (2 otaq) adına qeydiyyata alınmışdır. (İddiaçıya məxsus texniki pasport iş materiallarına əlavə edilmişdir.)
7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
II. İddianın mümkünlüyü
8. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
9. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
10. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
11. Azərbaycan Respsublikası Mülki Məcəlləsi: 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
12. Məhkəməyə təqdim edilmiş iddia ərizəsinin məzmunundan görünür ki, qanunsuz tikilmiş hasarın sökülməsi barədə qərar qəbul edilməsini xahiş edir.
13. İddiaçının hüquqi marağı üçüncü şəxs X4 tərəfindən tikilmiş hasarın sökülməsi ilə bağlıdır.
14. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı mənzili əldə etdiyi vaxtdan (2013cü ildən) həmin hasar mövcuddur. İddiaçı bildirir ki, qonşu tərəfindən su axıdılması halı əvvəllər baş verməmiş, iddiaçı dəfələrlə qeyd edilən hala son qoyulması üçün qonşuya müraciət etmiş, lakin sonuncu tərəfindən hər hansı tədbir görülmədiyi üçün yerli icra hakimiyyətindən həmin hasarın sökülməsini tələb edir. Məhkəmə hesab edir ki, İddiaçı faktiki problemi hazırda prosesdə cavabdehlə deyil, üçüncü şəxs X4 ilə bağlıdır və marağı qonşu tərəfindən yaradılan narahatçılığa son qoyulması və ya hasarın sökülməsində ifadə olmaqla mübahisə mahiyyət etibarilə mülki xarakterlidir.
15. Belə olan təqdirdə məhkəmə prosessual qənaət prinsipindən irəli gələrək hesab edir ki, iddiaçı hüquqi marağına uyğun yekun məqsədinə daha tez, daha münasib və daha sadə yolla nail olmaq üçün səmərəli hüquqi müdafiə vasitəsi olaraq həmin iddia tələbi ilə üçüncü şəxs X2 qarşı səlahiyyətli ümumi məhkəməyə müraciət etməklə öz məqsədinə çata bilər.
16. Odur ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
17. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
18. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva