Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-908/2022 14.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Baki Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Baki Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli, **********1717 sayli “operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar” əsasında aparılmış yoxlama nəticəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktda qeyd edilən məlumatlar rəsmi faktlara və qaydalara zidd olduğu səbəbindən əsassız hesab edilməklə, həmin akta əsasən verilmiş xx.xx.2021-ci il tarixli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə **********6996 saylı qərarın və **********6997 saylı “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” tələbnamənin ləğvi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin xx.xx.2021-ci il tarixli, **********1717 saylı “operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarı” əsasında onun əməkdaşları N.X.Məmmədov və S.E.Quliyev tərəfindən 24.02.-xx.xx.2021ci il tarixdə İddiaçı MTK-da Pos-Terminalların quraşdırılması hallarına nəzarət edilməsi və orada nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi üçün plandankənar yoxlama təşkil edilmiş, yoxlamanın nəticəsi 000425 nömrəli DVX seriyalı xx.xx.2021-ci il tarixli aktla rəsmiləşdirilmiş, iddiaçı tərəfindən Azərbaycan Respublikası VM-nin guya 16.1.1-11-ci maddə tələblərinin pozulması haqda xx.xx.2021-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə **********6996 saylı qərar çıxartmışdır. Həmin aktla və qərarla aşağıdakı hallara görə razı deyillər. Vergi əməkdaşları obyektə gəlməzdən əvvəl vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi ilə əlaqə saxlayaraq, xahiş etmişlər ki, obyektdəki Pos Terminalın işləyibişləmədiyi barədə məlumat üçün ödəniş qəbzinin surəti elektron formada vergi orqanına göndərilsin və bu məqsədlə obyektdə quraşdırılmış, fəaliyyətdə olan avadanlıqdan istifadə etməklə əldə edilmiş xx.xx.2021-ci il tarixli qəbz həmin gün vergi xidmətinə təqdim edilmişdir. Bu halın özü təsdiq edir ki, xx.xx.2021-ci il tarixli qərar əsasında yoxlamaya gələn əməkdaşlara 6 gün əvvəldən rəsmi yazılı məlumata əsasən mötəbər qaydada aşkar olmuşdur ki, obyektdə Pos Terminalın quraşdırılmışdır, həmin terminalın çıxış məlumatları nədən ibarətdir və nəhayət bu terminal işlək vəziyyətdədir. Vergi əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktda göstərilən operativ nəzarət hərəkətləri Pos Terminal haqda həqiqətə uyğun deyil. Belə ki, aktın 1-ci səhifəsində obyektdə quraşdırılmış Pos Terminal haqda məlumatların qeydinə aid sətirlər xətlənərək, guya belə məlumatların olmadığı bildirilmişdir. Baxmayaraq ki, bir həftə əvvəl bu məlumatlar iddiaçı tərəfindən vergi orqanı əməkdaşına təqdim edilmişdir. Aktda göstərilən əsas faktmüəyyənedici hal, guya sakinlər F.Məhəmmədli və M.İsayevin tərəfindən kommunal xərclərini plastik bank kartı ilə ödəniş etmək istəmələri, lakin avadanlığın seyfdə olduğu, enerji doldurucusu olmadığı və vergi orqanında qeydiyyatda olmadığı səbəbləri ilə belə bir ödənişin həyata keçirilməsinin mümkün olmamasıdır. Bu halla bağlı aşağıdakıları qeyd etmək lazımdır: F.Məhəmmədli adlı vətəndaş rəsmi qeydiyyatla həmin binada rəsmi qeydiyyatda yaşamır və onun qohumunun yanında qeydiyyatsız yaşayan vətəndaş olduğu səbəbindən İddiaçı MTK tərəfindən onun mənzil sahibi kimi özünə aid ödəmə kartı ilə ödənişi qəbul edilə bilməz, Aktda adı göstərilən M.İsayev isə avadanlıqdan istifadə etmək istəyi ilə bağlı nəinki İddiaçı MTK-ya nə həmin gün, nə də əvvəl və ya sonra müraciət etməmişdir. Akt tərtib ediləndən sonra, bu aktda adının olmasını təəcüblə qarşılayan M.İsayevin etibarnamə ilə səlahiyyətli nümayəndəsi, oğlu, Yaqub İsayev həmin binanın, həmin mənzildə qeydiyyatlı sakini kimi dövlət orqanına müraciət edərək M.İsayevin adının Akta salınmasına qəti etirazını bildirmişdir. Aktda göstərilən Pos terminala aid uçot, qeydiyyat və işləklik haqda məlumatlar isə reallığa uyğun deyildir. Qeyd edilən yoxlama ilə bağlı xüsusi ilə onu da göstərmək lazımdır ki, Aktda adları keçən və istehlakçı hüquqlarının müdafiəsi üçün operativ vergi nəzarəti aparılan F.Məhəmmədli və M.İsayev onlara Pos Terminal xidmətinə imkan yaradılmaması haqda nə İddiaçı MTK-ya, nə də vergi orqanına müraciət etməmişlər, yoxlama zamanı isə İddiaçı MTK-nın ofisində olmamışlar. Belə ki, aktda qeyd edilmişdir ki, saat 17:25-də vergi əməkdaşları yoxlayıcı şəxslər kimi vətəndaşlar F.Məhəmmədli və M.İsayevin plastik kartla ödəniş imkanından məhrum edildiyini müşahidə etmişlər, lakin həmin tarixdə o şəxslərin heç biri orada olmamışdır və onları akta göstərildiyi kimi müşahidə etmək mümkün deyildir, o cümlədən cəmi 6 dəqiqə fərqlə saat 17:31-də vergi əməkdaşı N.Məmmədov obyekdəki Pos Terminaldan istifadə edərək qəbz götürmüşdür. Əgər saat 17:25-də Akta görə Post terminal seyfdə idisə yoxlayıcı onun enerjidoldurucusuz olduğunu haradan bilərdi, yenə də həmin akta görə cəmi 6 dəqiqə sonra həmin Pos Terminal enerji dolduruculu və seyfdənkənar necə istifadə edilib? Pos Terminalın barəsində istər qeydiyyat, istərsə də işləklik məlumatlarının isə İddiaçı MTK ilə bank ekvayeri arasında bağlanmış xx.xx.2019cu il tarixli, 596 saylı Müqaviləyə əsasən (bənd 2.1.3) və “Azərbaycan Respublikasının ərazisində Pos Terminallar quraşdırılması, istifadəsi və tətbiqi” qaydalarına (bəndlər 4.8, 4.11) görə ekvayer bank vergi orqanına təqdim etməlidir. Vergi yoxlayıcılarının yoxlama zamanı və yoxlamadan sonra qərəzli olmasını o halda təsdiq edir ki, yoxlama obyektində özləri tərəfindən(vergi orqanı) Pos-Terminal istifadə edilmiş olmasına və Pos terminalın işlək vəziyyətdə olmasına baxmayaraq xx.xx.2021-ci ildə vergi ödəyicisi Laguna” MTK-ya bildiriş göndərilmişdir ki, obyektdə Pos Terminal quraşdırsın. Cavabdeh orqanın tərtib etdiyi məlum aktda və çıxartdığı məlumat qərarda və cavabdehin nümayəndələri ilə birgə araşdırma protokolunda qanunvericiliyin normalarını tətbiq edərək səhvə yol vermişir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmiş və etiraz onunla əsaslandırmışıdır ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********1717 saylı qərarına əsasən İddiaçı MTK-ya məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov 45, korpus B, 1-ci mərtəbə qapı 1-2 ünvanında operativ vergi nəzarəti tədbirləri keçirilmiş və nəticəsi xx.xx.2021-ci il tarixli, DVX 000425 nömrəli aktla rəsmiləşdirilmişdir. xx.xx.2021-ci il tarixli akta əsasən “Laguna" MTK Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-1 maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”nın və “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları”nın təsdiq edilməsi barədə 2012-ci il 4 oktybar tarixli 219 saylı qərarının 2 bəndinin tələblərini pozmuş və buna görə də Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən maliyyə sanksiyası tətbiq edilməsi təklif edilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə OVN çərçivəsində aparılan müşahidə zamanı bina sakinləri Fərhad Məhəmmədli və Muradxan İsayev tərəfindən aylıq kommunal xərclərin (40.72 manat) plastik bank kartı vasitəsi ilə nağdsız qaydada ödənilməsini istəmişdirlər. Lakin obyektdə POS terminal aparatının seyfdə olduğunu, enerji doldurucusunun olmadığını və müvafiq vergi orqanlarında qeydiyyatdan keçmədiyindən nağdsız ödənişi həyata keçirmək mümkün olmamışdır. Vergi orqanı tərəfindən tərtib edilən xx.xx.2021-ci il tarixli, DVX 000425 nömrəli akta əsasən xx.xx.2021-ci il tarixli, **********6996 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilmiş və vergi ödəyicisinə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddia ərizəsində qeyd edilir ki, obyektdə quraşdırılmış və fəaliyyətdə olan avadanlıqdan istifadə etməklə əldə edilmiş xx.xx.2021-ci il tarixli qəbz həmin gün vergi xidmətinə təqdim edilmişdir. Bununla bağlı bildirilir ki, iddia ərizəsində qeyd edilən xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə vergi ödəyicisi tərəfindən hər hansı qəbz təqdim edilməmiş, həmçinin iddiaçı tərəfindən sözügedən qəbzin təqdim edilməsini sübut edən məlumat iddia ərizəsinə qoşma edilməmişdir. İddiaçının digər dəlili ondan ibarətdir ki, operativ vergi nəzarətini həyata keçirən vergi əməkdaşları tərəfindən akt tərtib edilərkən, Vergi Məcəlləsində mövcüd olmayan, yəni 16.1.1-11-ci maddəyə istinad edilmişdir. Bununla bağlı bildirilir ki, operativ vergi nəzarəti nəticəsində tərtib edilən xx.xx.2021-ci il tarixli aktda Vergi Məcəlləsinin 16.1.1-11 yox 16.1.11-1-ci maddəsinə istinad edilmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, aktda adı keçən F.Məhəmmədli ona POS terminal xidmətinə imkan yaradılmaması haqda nə iddiaçıya, nə də vergi orqanına müraciət etməmişdir. Bununla bağlı bildirilir ki, X5 xx.xx.2021-ci il tarixdə Çağrı Mərkəzi vasitəsi ilə vergi orqanına müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən İddiaçı MTK tərəfindən göstərilən kommunal xidmətlərə görə nağdsiz ödənişlərin qəbulundan imtina edilməsi faktı üzrə araşdırılma aparılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının səlahiyyətlərinə aid edilmişdir. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən, operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Göründüyü kimi iddiaçının iddia ərizəsində qeyd etdikləri işin faktiki hallarını əks etdirmədiyindən və formal mülahizələrdən ibarət olduğundan təmin edilə bilməz. Yuxarıda göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada xəbərdarlıq edilmiş, lakin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-908/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi “**********6997 saylı “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” tələbnamənin ləğvi” hissəsində mümkün sayılmamışdır. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********1717 №-li operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçınə (VÖEN: **********) məxsus olan obyektdə AZ1070, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov 45 korpus B, 1-ci mərtəbə, qapı 1-2 ünvanında “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərə POS terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POSterminalların quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi məsələsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmaqla) yoxlayıcı şəxslər X2, X7 tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsinə qərar verilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 23 fevral 2021-ci il tarixli, KY211561000 №-li çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçınə (VÖEN: **********) məxsus olan AZ1070, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov 45 korpus B, 1-ci mərtəbə, qapı 1-2 ünvanındakı ofisə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərə POS terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminalların quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmaqla) yoxlayıcı şəxslər X2, X7 tərəfindən plandankənar (növbədənkənar) operativ vergi nəzarətinin həyata keçirilməsi qeydə alınmışdır. Plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar, Vergi Məcəlləsinin 50.2.4-cü maddəsi qeyd edilmişdir. - “POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə plastik kartlar vasitəsilə nağdsız ödənişlərin qəbulundan imtina halların müəyyən edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2021-ci il tarixli, DVX № 000425 aktın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 17:25-də operativ vergi nəzarəti keçirilən zaman, müşahidə zamanı, obyektdə bina sakinlərinin Məhəmmədli Fərhad, İsayev Muradxan tərəfindən aylıq kommunal xərclərini İddiaçı MTK-nın 45 №-li binanın komendatı Ş.Ə.Qurbanova = 40 manat 72 qəpik məbləğində plastik bank kartı ilə ödənişin həyata keçirilməsi istənilmiş, lakin obyektdə posterminal aparatının seyfdə olduğu, enerji doldurucusunun olmadığı və müvafiq vergi orqanlarında qeydiyyatdan keçmədiyindən plastik bank kartı ilə nağdsız ödənişin həyata keçirilməsi mümkün olmamışdır. Nəticədə "xxxx" Mənzil Tikinti Kooperativi - VÖEN: ********** Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-1-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində POS terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”nın və “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları”nın təsdiq edilməsi barədə 2012ci il 4 oktyabr tarixli 219 saylı qərarının 2-ci bədinin tələblərini pozmuş və buna görə də "xxxx" MTK barəsində Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunur. Obyektə posterminal aparatının quraşdırılması və ya post aparatının qeydiyyatdan (vergi orqanlarında) keçirilməsi və nağdsız ödənişlərin aparılması tövsiyə edildi. - “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********6996 №-li qərarın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin qərara əsasən İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.1.14-cü maddəsinə əsasən POS terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2021-ci il tarixədək 1000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. - “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimlərinin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə **********6997 №-li tələbnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 49-cu maddələrini əsas tutaraq operativ vergi nəzarətinin materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2021-ci il tarixli **********6996 saylı qərar əsasında hesablanmış 1000 manat maliyyə sanksiyasının xx.xx.2021-ci il tarixə kimi Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin hesabına ödənilməsi tələb edilmişdir. - Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 verdiyi izahatında göstərmişdir ki, vergi xidmətinin əməkdaşıdır. xx.xx.2021-ci il tarixdə İddiaçı (VÖEN: **********) məxsus olan AZ1070, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov 45 korpus B, 1-ci mərtəbə, qapı 1-2 ünvanındakı ofisə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərə POS terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminalların quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi məqsədi ilə keçirilən operativ vergi nəzarətində iştirak etmişdir. Vergi yoxlamasının həyata keçirilməsinə əsasən vətəndaşın qaynar xəttə etdiyi şikayət olmuşdur. Belə ki, vətəndaş kommunal borcları nağdsız qaydada ödəmək istəsə də MTK tərəfindən buna şərait yaradılmamasını bildirmişdir. Araşdırma zamanı MTK-nın 2019-cu ildə post-terminal alması, lakin qeydiyyatdan keçirməməsi müəyyən edilmişdir. Opertiv vergi nəzarəti zamanı bir nəfər bina sakinindən də kommunal borcun nağd qaydada alınması müşahidə olunmuşdur. Həmin obyektdə özünü komendant kimi təqdim edən X8 post terminalın olduğunu, lakin işlək vəziyyətdə olmadığını bildirmişdir. Səlahiyyətli şəxslə əlaqə saxlanıldığından post terminalın bank tərəfindən aktiv edilmədiyi bildirilmiş, hətta bank əməkdaşı da onlarla əlaqə saxlamışdır. MTK-ya məxsus post terminal xx.xx.2021-ci il tarixdə, yəni yoxlamadan sonra qeydiyyata alınmışdır. Posterminalın qeydiyyatının həyata keçirilməsi bankdan və pos-terminalı əldə edən tərəfdən asılıdır. - Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 verdiyi izahatında göstərmişdir ki, İddiaçınə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov 45 ünvanında yerləşən binanın sakinidir. Təxminən 10 ildir ki, kommunal ödənişləri nağd formada binanın komendantına ödəyir və əvəzində çek alır. O, xx.xx.2021-ci il tarixdə əmək pensiyasını aldığından komendanta yaxınlaşmışdır. Ödəniş etmək üçün komendanta 100 manat vermiş, lakin komendant xırdası olmadığını bildirdikdə, yaxında olan şəxsdən pulunu xırdalamağı xahiş etmişdir. Həmin şəxsin sonradan vergi əməkdaşı olduğunu bildirmişdir. 2 aylıq kommunal xərcinin ödənilməsi məqsədi ilə 100 manatı onların vasitəsi ilə xırdalamış və 40 manat 72 qəpik məbləğində ödəniş etmişdir. Ödənişin edilməsi müvafiq kassa mədaxil qəbzi ilə rəsmiləşdirilmişdir. Məhkəmə işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı (VÖEN: **********) məxsus olan AZ1070, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov 45 korpus B, 1-ci mərtəbə, qapı 1-2 ünvanındakı ofisə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POSterminalların quraşdırılması məcburi olan obyektlərə POS terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminalların quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmaqla) yoxlayıcı şəxslər X2, X7 tərəfindən plandankənar (növbədənkənar) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. Operativ vergi nəzarəti zamanı iddiaçının vergi pozuntusuna yol verdiyi, nağdsız hesablaşmanın həyata keçirmədiyi müəyyən olunmuşdur. Bundan sonra cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********6996 №-li qərarı ilə İddiaçı Azərbaycan Respublikası VM-nin 50.1.14-cü maddəsinə əsasən POS terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində maliyyə sanksiyasə tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən qəbul edilmiş həmin qərarı inzibati məhkəmə icraatı qaydasında mübahisələndirir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: - 16.1.11-1-ci maddəsinə əsasən nağdsız ödənişlərin aparılması üçün “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılmasını və (və ya) “Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə uyğun olaraq satıcı kimi fəaliyyət göstərdikdə, həmin Qanuna əsasən istehlakçıların elektron ödəniş etmək imkanını təmin etmək vergi ödəyicisinin vəzifəsidir. - 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: - 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; - 50.1.14. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POSterminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi. - 50.2-ci maddəsinə əsasən operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1.vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2.vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. - 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir - 58.7-ci maddəsinə əsasən bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POSterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Yuxarıda adıçəkilən qanunvericiliyin normalarından göründüyü kimi, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarət formasıdır. Vergi Məcəlləsində vergi orqanları tərəfindən vergilərin yalnız kameral və səyyar vergi yoxlamaları ilə hesablanması, həmçinin operativ nəzarət tədbirləri ilə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq operativ vergi nəzarətinin keçirilməsi qaydaları, o cümlədən operativ vergi nəzarəti üçün əsaslar, nəzarətin keçirilməsi haqqında qərarın qəbul edilməsi və onun nəticələrinin rəsmiləşdirilməsi VM ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Göstərilən hesablama qərarlarından (inzibati aktlardan) başqa hər hansı digər fərqli formada vergilərin hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, vergi öhdəliyi yaradan vergilərin hesablanması və ya yenidən hesablanması üçün inzibati aktların qəbul edilməsi tələb olunur. Belə inzibati aktlar vergi öhdəliyinin yaranmasının hüquqi əsasını təşkil edirlər və müvafiq olaraq şəxsi hesab vərəqəsində onlara uyğun hesablama əməliyyatları aparılır. Operativ vergi nəzarəti zamanı aşkar olunan nöqsanlar əsasında vergi ödəyicisinin maliyyə sanksiyasına cəlb olunması ilə bağlı isə qeyd olunmalıdır ki, maliyyə sanksiyasıvergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə, vergi agentlərinə və banklara tətbiq edilən pulla ifadə edilmiş tənbeh növüdür. Operativ vergi nəzarəti zamanı maliyyə sanksiyasının hansı hallarda tətbiq edildiyi qanunvericilikdə ətraflı olaraq sadalanmışdır ki, bunlardan biri də “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina halları ilə bağlıdır. Mübahisələndirilən qərardan görünür ki, cavabdeh tərəfindən iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin həyata keçirilməsi ilə bağlı qaydalar pozulmuşdur. Qanunvericiliyin tələbləri nəzərə alınmaqla hazırkı halda müəyyən edilməli məsələ iddiaçının təqsirli hərəkətləri nəticəsində həqiqətən də həmin qaydaların pozulubpozulmaması ilə bağlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi” Qaydalarının: - 2.1.6-cı bəndinə əsasən POS-terminal - nağdsız ödənişlərin (o cümlədən təmassız ödənişlərin) aparılması və/və ya nağd pul vəsaitinin alınması üçün nəzərdə tutulmuş avadanlıq, o cümlədən lazımi proqram təminatı ilə təmin edilmiş mobil cihaz (mobil operatorların ümumistifadəli telekommunikasiya şəbəkələrində mobil (sellülar) xidmət alan (xidmət almağa yararlı olan) telefon aparatı və digər son avadanlıq); - 4.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti) qanunvericiliyə müvafiq olaraq POS-terminalların quraşdırılması tələb olunan sifarişçiyə məxsus bütün təsərrüfat subyektlərində POS-terminalların quraşdırılması üçün bu Qaydaların 2 nömrəli əlavəsinə uyğun bildiriş göndərir. - 4.2-ci bəndinə əsasən Sifarişçi bildirişi aldıqdan sonra 10 (on) iş günü müddətində POS-terminalın quraşdırılması üçün bank ekvayerə müraciət etməlidir. - 4.3-cü bəndinə əsasən Sifarişçi POS-terminalın quraşdırılması üçün ərizə ilə birlikdə müvafiq sənədləri və ya məlumatları bank ekvayerə təqdim etməlidir. - 4.8-ci bəndinə əsasən Bank ekvayer tərəfindən sifarişçinin müraciətinə müsbət baxıldıqda və müqavilə şərtləri üzrə razılıq əldə edildikdə, tərəflər arasında müqavilə bağlanılır və 10 (on) iş günü müddətində sifarişçinin müqavilədə nəzərdə tutulmuş təsərrüfat subyektində POS-terminal quraşdırılır. Bank ekvayer POS-terminal quraşdırıldıqdan sonra 1 (bir) iş günü müddətində sifarişçinin müqavilədə nəzərdə tutulmuş təsərrüfat subyektində quraşdırılmış POS-terminalın qeydiyyatı üçün elektron və ya kağız daşıyıcıda Dövlət Vergi Xidmətinə bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq müraciət göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları”na əsasən, ölkə ərazisində POS-terminalların quraşdırılması məcburi olan obyektlərin siyahısı müəyyən edilmişdir: - dövriyyəsindən və ərazisindən asılı olmayaraq, ƏDV ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri) (vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alındığı tarixdən); - dövriyyəsindən və ərazisindən asılı olmayaraq, avtomobil və mebel satışı üzrə ixtisaslaşmış müəssisələr, idman və sağlamlıq kompleksləri, səhiyyə obyektləri, istirahət və əyləncə obyektləri, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, hava, su, dəmiryol və avtomobil nəqliyyatı vasitələri ilə sərnişindaşımada biletlərin satışını həyata keçirən satış məntəqələri və turizm şirkətləri (təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alındığı tarixdən); - rüb üzrə orta aylıq dövriyyəsi 2.000 (iki min) manatdan artıq olan vergi ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri); - hüquqi şəxslərə və fərdi sahibkarlara məxsus minik avtomobili ilə (taksi) sərnişin daşınmasını həyata keçirən nəqliyyat vasitələri; - vergilərin və göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənişini qəbul edən dövlət orqanları. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunun: - 3.1-ci maddəsinə əsasən nağdsız hesablaşma dedikdə, aşağıdakılar nəzərdə tutulur: 3.1.1. bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar; 3.1.2. ödəniş terminalları ilə həyata keçirilən hesablaşmalar; 3.1.3. birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar. - 3.4.5-ci maddəsinə əsasən stasionar telefon xidmətlərinin və kommunal xərclərin ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir. - 4.1-ci maddəsinə əsasən bu Qanunun tələblərinə riayət edilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 4.2-ci maddəsinə əsasən bu Qanunun tələblərinin pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Göründüyü kimi nağdsız hesablaşma - bank hesablarındakı qeydlər vasitəsi ilə həyata keçirilən hesablaşmalardır, bu zaman pullar ödənişi edənin hesabından silinərək, qəbul edicinin hesabına yazılır. Nağdsız hesablaşmalar təsərrüfatda müəyyən sistem əsasında təşkil olunur – nağd hesablaşmalarının təşkili prinsiplərinin məcmusu, konkret təsərrüfat növləri tərəfindən müəyyən edilən hesablaşmaların təşkili ilə bağlı irəli sürülən tələblər, həmçinin hesablaşma növləri və formaları, həmçinin onlarla əlaqəli sənədləşmə işləri. Nəzərə alınmalıdır ki, nağdsız hesablaşmalar banklar, müvafiq hesabların açıldığı başqa kredit təşkilatları və poçt rabitəsinin milli operatoru vasitəsilə aparılır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 971-ci maddəsi) Xüsusi ilə qeyd olunmalıdır ki, qüvvədə olan qanunvericilik və normativ hüquqi aktlar nağdsız hesablaşma üzrə əməliyyatların aparılmasını, hansı ödənişlərin yalnız nağdsız qaydada həyata keçirildiyini müəyyən etmişdir. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu kommunal xərclərin ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilməsini imperativ qaydada nəzərdə tutmuşdur. Hazırki mübahisələndirilən qərardan görünür ki, vergi orqanı vergi ödəyicisinə münasibətdə maliyyə sanksiyasını tətbiq edərkən iddiaçının nağdsız hesablaşmalar üzrə qanunpozuntusuna yol verdiyinə istinad etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı həqiqətən də həmin qanunpozuntusuna yol vermişdir. Belə ki, iş materiallarında olan sənədlərdən və şahid ifadələrindən görünür ki, operativ vergi yoxlaması zamanı fiziki şəxs tərəfindən kommunal xərclər nağd hesablaşma qaydası ilə qəbul edilmişdir. Halbuki, qüvvədə olan qanunvericiliyin tələblərinə görə kommunal xərclərin ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilməlidir ki, iddiaçı vergi ödəyicisi kimi bu tələbləri pozmuş, ödənişin nağdsız qaydada həyata keçirilməsini təmin etməmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, ümumiyyətlə iddiaçı vergi ödəyicisi kimi POSterminalların quraşdırılması məcburi olan obyektlərin siyahısına daxil olsa da, POSterminal quraşdırdığı təqdirdə, həmin terminalın vergi orqanında qeydiyyatdan keçməsini təmin etməmişdir. Belə ki, yuxarıda adı çəkilən və hazırda qüvvədə olan normativ hüquqi aktların tələblərinə görə POS-terminal (ing. X15) kart vasitəsilə malların, iş və xidmətlərin dəyərinin ödənilməsi, valyuta mübadiləsi əməliyyatlarının aparılması, habelə nağd pul vəsaitinin alınması üçün nəzərdə tutulmuş avadanlıqdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qanunvericiliyə müvafiq olaraq POS-terminalların quraşdırılması tələb olunan sifarişçiyə məxsus bütün təsərrüfat subyektlərində POSterminalların quraşdırılması bildiriş göndərir. Sifarişçi həmin bildiriş əsasında müvafiq sənədlər ilə bank ekvayerə müraciət edir. Bank ekvayer isə öz növbəsində müraciətə baxır, müraciəti təmin etdikdə sifarişçi ilə müqavilə bağlayır və sifarişçinin müqavilədə nəzərdə tutulmuş təsərrüfat subyektində POS-terminal quraşdırır. Bank ekvayer POSterminal quraşdırıldıqdan sonra 1 (bir) iş günü müddətində sifarişçinin müqavilədə nəzərdə tutulmuş təsərrüfat subyektində quraşdırılmış POS-terminalın qeydiyyatı üçün elektron və ya kağız daşıyıcıda Dövlət Vergi Xidmətinə bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq müraciət göndərir. Göründüyü kimi pos-terminalın dövlət vergi xidmətində qeydiyyatdan keçməsi üçün pos-terminala dair müraciət, bank ekvayer ilə sifarişçi arasında bağlanmış müqavilə təqdim olunmalıdır. Buna baxmayaraq, hazırki iş üzrə iddiaçının malik olduğu POS-terminalın vergi orqanında qeydiyyatdan keçməsi müəyyən olunmamış, bunu təsdiq edən mötəbər dəlillər olmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 53.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 54.0-ci maddəsinə əsasən şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz: 54.0.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması; 54.0.2. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması; 54.0.3. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunu törədən fiziki şəxsin həmin əməl törədildiyi ana məsuliyyətə cəlb edilmə yaşına çatmaması; 54.0.4. vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qurtarması. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 14.1 -ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Məhkəmə işin hallarına qiymət verərək qeyd edir ki, iddiaçı tərəfindən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-1 maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”nın və “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları”nın təsdiq edilməsi barədə 2012-ci il 4 oktybar tarixli 219 saylı qərarının 2-ci bəndinin tələbləri pozduğundan cavabdeh iddiaçıya münasibətdə 1000 manat məbləğində maliyyə sanksiyasının tətbiqində haqlı olmuşdur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, mübahisələndirilən qərar qanuni və əsaslı olduğundan iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-908/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-908/2022
14.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver