Məhkəmə qərarları › İş №2-1(112)-908/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-908/2025

15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-908/2025 15.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Səyaddin oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı Səyaddin oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2019-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi bitirmiş və Azərbaycan Respublikası Müdafiə Nazirinin 0511 saylı xx.xx.2019-cu il tarixli əmri ilə leytenant hərbi rütbəsi verilməklə hərbi xidmətini Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeçiliyində olan 704, 879, 218, N saylı hərbi hissələrində davam etdirmişdir. Hərbi xidmətini vicdanla, layiqincə yerinə yetirmişdir. Dəfələrlə komandanlıq tərəfindən mükafatlara, tərifnamələrə layiq görülmüşdür. Bildirir ki, məlum 2-ci Qarabağ müharibəsində erməni qəsbkarlarına qarşı N saylı hərbi hissənin tərkibində xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş tapşırıqlarını yerinə yetirərkən düşmən tərəfindən atılan atəş nəticəsində sol saidin orta 1/3-nin və topuğun iç səthinin qəlpə yarası, Barotravma” xəsarətləri almışdır. Füzuli döyüş meydanında, xx.xx.2020-ci il tarixdə Göyçay Rayon Mərkəzi Xəstəxanasında, daha sonra xx.xx.2020-ci il tarixdə N saylı hərbi hissədə (Gəncə hospitalında) şəhadətlərimiş və səhəti ilə əlaqədar ona 15 gün məzuniyyət verilmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixədək Göyçay RMX-da, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Respublika Psixiatriya Xəstəxanasında, 05.04.203-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2 saylı X1, xx.xx.2023-cü il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinkasında müayinə və müalicə olunmuşdur. İkinci Qarabağ müharibəsində, yəni xx.xx.2020-ci il tarixdən N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş tapşırıqlarını yerinə yetirərkən xx.xx.2020-ci il tarixdə düşmən tərəfindən atılan atəş nəticəsində sol saidin orta 1/3-nin və topuğun iç səthinin qəlpə yarası, Barotravma” xəsarətləri almışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən barəsində xx.xx.2023-cü il tarixdə əlilliyin müəyyən edilməsi barədə müayinə məlumatı tərtib edilmişdir. Əlilliyin müayinə məlumatında orqanizmin funksiyasının pozulmasına dair qiymətləndirmədə onun barəsində tərtib edilmiş diaqnozda göstərilmişdir: Diaqnoz: Üzvi (2-ci Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsidə) şəxsiyyət pozuntusu, özünü kəsmələr, tez-tez baş verən funksional tutmalar, koqnitiv funksiyaların enməsi, intihar cəhdi ilə (F07.0) müşayiət olunur. Göstərilən diaqnoz “Əlilliyin müəyyən olunması meyarlarf’nm təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 187 saylı xx.xx.2022-ci il tarixli Qərarının (bu Qərar 2022-ci il iyulun 1-dən qüvvəyə minir) Psixi və davranış pozuntuları bölməsinin 7.6.2-ci bəndinə uyğun, yəni üzvi mənşəli şəxsiyyət pozuntusu-F07.0 diaqnozu əlilliyin müəyyən olunması meyarının təsiri altına düşür. Beləliklə, həmin diaqnozla ona əlillik müəyyən olunmalıdır. Ancaq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən onun barəsində xx.xx.2023-cü il tarixdə əlilliyin müəyyən edilməsi barədə müayinə məlumatında qanunsuz və əsassız olaraq göstərilmişdir ki, ona həmin diaqnoz əlillik əlamətləri təyin etmir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən barəsində xx.xx.2023-cü il tarixli əlilliyin müəyyən edilməsi barədə müayinə məlumatını o, xx.xx.2024-cü il tarixdə almışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Bakı 2 nömrəli X2 xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, özünü kəsmələr, tez-tez baş verən funksional tutmalar, koqnitiv funksiyaların enməsi ilə Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi – Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəb ilə imtina verilmişdir. Bakı şəhər sakini xx.xx.1996-cı il təvəllüdlü İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli, 10592 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu, özünü kəsmələr, tez-tez baş verən funksional tutmalar, koqnitiv funksiyaların enməsi ilə. Orta (mülayim) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, intihar fikirləri ilə. Partlayış travması (xx.xx.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli, 10051829 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz “Üzvi dissosiativ pozğunluq. Posttravmatik stress pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X2 PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli, 2847/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Baş beynin üzvü xəstəliyi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma) nəticəsində affektiv pozuntu, depressiv epizod, dissosiativ daxilolmalarla, anamnezində özünə xəsarət yetirmə ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli, 1720 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, özünü kəsmələr, tez-tez baş verən funksional tutmalar, koqnitiv funksiyaların enməsi ilə” kimi müəyyənləşdirilmişdir (təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir). Xəstə hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, əsəbilikdən, gərginlikdən yuxunun pozulmasından şikayətlənmişdir. Sol saidin bayır səthində müxtəlif istiqamətli çox səthi cızıq izləri (özünə xəsarət) və orta 1/3-də qəlpə xəsarət çapığı izlənilmişdir. Müayinəyə demonstrativ olaraq süst şəkildə başlamış, astenik görünməyə çalışmışdır. Emosiyaları stabil affektli adaptiv olmuş, mühakimə qabiliyyəti və özünü tənqidi tam qorunmuşdur. Hazırki psixi vəziyyəti mütəxəssislər tərəfindən “Fəlakətdən sonra isterik tip şəxsiyət pozuntusu (aqravasiya əlamətləri ilə) konpensasiya mərhələsi” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər, həmçinin, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. İddiaçı tərəfindən müayinə sənədləri, hərbi bilet, həkim psixiatr komissiyasının rəyləri iş materiallarına əlavə edilmişdir.

8. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 13 oktyabr 2023-cü il tarixli 10592 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”nə əsasən İddiaçı “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” kimi şəhadətləndirilmişdir.

9. Cavabdeh tərəfindən iddiaçının TSEK müayinə sənədləri məhkəməyə təqdim edilmişdir.

10. Məhkəmənin 2-1(112)-7164/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəmə psixiatriya ekspertizasının icrası ilə əlaqədar olaraq “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 tərəfindən xx.xx.2025-ci il tarixli, 338 nömrəli məktubla təqdim edilmiş məhkəmə psixiatrik ekspertizası rəyinə əsasən İddiaçı üzvi şəxsiyyət pozuntusu (F07.0) özünükəsmələr, tez-tez baş verən funksional tutmalar, koqnitiv funksiyaların enməsi ilə” aşkar olunur. Sualda qeyd olunan diaqnoz tibbi sənədlərə əsasən İddiaçı müəyyən edilməmiş və hal-hazırki müayinə zamanı da, aşkar olunmur. Sualda qeyd olunmuş digər xüsusatlar əlillik dərəcəsinin təyini ilə əlaqədar olduğundan məhkəmə-psixiatrik ekspertizasının səlahiyyətinə aid deyil və Tibbi-Sosial Ekpsert komissiyası tərəfindən təyin olunur. İddiaçı hazırki psixi vəziyyətinə görə ambulator şəraitdə müalicəyə ehtiyacı var. Reabilitasiya tədbirləri aktiv müalicədən sonra həyata keçirilməlidir. Müalicə və reabilitasiyanın nə dərəcədə effektiv olacağını əvvəlcədən müəyyən etmək mümkün deyildir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

11. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb məcburetmə haqqında iddia növünə aiddir.

12. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

13. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

14. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

15. Məcburetmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən müraciəti təmin edilmədiyindən aidiyyəti üzrə məhkəməyə müraciət etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

16. Məhkəmə işdə iştirak edən proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

17. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddət bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi- sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

18. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona əlillik dərəcəsinin təyin edilməsinə yönəlmişdir.

19. Bununla bağlı işin araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Bakı 2 nömrəli X2 xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, özünü kəsmələr, tez-tez baş verən funksional tutmalar, koqnitiv funksiyaların enməsi ilə Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi – Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəb ilə imtina verilmişdir. İddiaçının müraciəti əsasında cavabdeh tərəfindən iddiaçı əlavə əyani müayinə edilmiş və əlavə əyani müayinənin nəticələrinə əsasən iddiaçının psixi vəziyyəti mütəxəssislər tərəfindən “Fəlakətdən sonra isterik tip şəxsiyət pozuntusu (aqravasiya əlamətləri ilə) konpensasiya mərhələsi” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər, həmçinin, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq barəsində Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

20. Məhkəmə tərəfindən cavabdehin iddiaçı barəsində qəbul etdiyi qərarların qanuniliyinə düzgün hüquqi qiymət verilməsi məqsədilə tibb müəssisəsi tərəfindən iddiaçı barəsində tərtib edilmiş Forma 88 arayışda göstərilən əsas diaqnozun (Baş beyin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları. Baş beyin üzvü xəstəliyinin davamlı qalıq əlamətləri, kəskin ifadələri şəxsiyyət və davranış pozuntusu. Yaddaş və intellektin inkaşafdan qalması. İQ əmsalı -50 %-dir” (F84.0)) öz təsdiqini tapıb tapmaması ilə bağlı məhkəmə psixiatriya ekspertizası təyin edilmiş və əldə edilmiş ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, iddiaçıda üzvi şəxsiyyət pozuntusu (F07.0) özünükəsmələr, tez-tez baş verən funksional tutmalar, koqnitiv funksiyaların enməsi ilə” aşkar olunur. Sualda qeyd olunan diaqnoz tibbi sənədlərə əsasən İddiaçı müəyyən edilməmiş və hal-hazırki müayinə zamanı da, aşkar olunmur. İddiaçı hazırki psixi vəziyyətinə görə ambulator şəraitdə müalicəyə ehtiyacı var. Reabilitasiya tədbirləri aktiv müalicədən sonra həyata keçirilməlidir. Müalicə və reabilitasiyanın nə dərəcədə effektiv olacağını əvvəlcədən müəyyən etmək mümkün deyildir.

21. Göründüyü kimi, məhkəmə araşdırması zamanı əldə edilmiş ekspert rəyi ilə bir daha təsdiq olunur ki, iddiaçı barəsində tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88 arayışında göstərilmiş əsas diaqnoz iddiaçının sağlamlıq vəziyyətində öz təsdiqini tapmamışdır. Bundan əlavə, iddiaçının psixi durumuna görə kənar şəxsin nəzarəti və ya qulluğuna ehtiyac yaradan ağırlaşmalarının olması müəyyən edilməmiş, iddiaçının stasionar deyil, ambulator şəkildə müalicəyə ehtiyacı olması müəyyən edilmişdir. Belə olan təqdirdə, sözügedən Forma 88 əsasında cavabdeh tərəfindən qəbul edilmiş iddiaçının əlillik vəziyyətinin təyin edilməsindən imtina barədə qərarı qanuni və əsaslı olmuşdur.

22. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

23. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».

24. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.

25. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.

27. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X4 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.

28. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.

29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).

30. Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

32. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

33. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

34. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

35. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar