Məhkəmə qərarları › İş №2-1(112)-9084/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9084/2023

03.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9084/2023 03.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “artıq tutulmuş pulların qaytarılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC-in hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, alınmış kreditə görə iddiaçının gecikmiş kreditlərinə görə kartdan pulun tutlmasının qadağan edilməsi və artıq tutulmuş pulların qaytarılması barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Quba filialından alınmış kreditə görə bank əməkdaşlarının səhvinə görə gecikməsi olmuşdur, qanunsuz olaraq pul əlavə faizlə iddiaçının kartından tutulub. 2022-ci ilin sentyabr ayında iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə müraciət edərək bildirmişdir ki, krediti ödəməkdə problemlər yarandığından ona köməklik göstərsinlər (möhlət və ya restruktizasiya). Cavabdeh tərəfindən isə bu məsələyə baxılacağı qeyd olunmuşdur. İddiaçıya Cavabdeh ASC-dən gələn məktuba əsasən iddiaçı Quba filialına dəfələrlə getsə də, nə restruktizasiya nə də köməklik göstərilməmişdir. İddiaçının xx.xx.2023 tarixli müracətindən sonra bankın baş ofisindən sms göndərilmişdir ki, araşdırılacaq, lakin iddiaçı ilə əlaqə saxlanmamış və rəsmi cavab da verilməmişdir. xx.xx.2023-cü il tarixində isə sms göndərilmiş və yenidən iddiaçının kartından artıq pul tutulmuşdur. İddiaçı hesab edir ki, Cavabdeh Açıq səhmdar Cəmiyyətinin hərəkətləri qanunsuz və əsassızdır.

3. Cavabdeh Kapital Bank Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur ki, iddiaçı ilə Bankın Quba rayon filialı arasında 01 sentyabr 2021-ci il tarixdə 48 ay müddətinə 7590 (yeddi min beş yüz doxsan) manat məbləğində kredit müqaviləsi rəsmiləşdirilmişdir, Müqavilədə tərəflərin hüquq və öhdəlikləri, Öhdəliklərin icra qaydası və digər şərtlər razılaşdırılmışdır. İddiaçının müraciəti nəzərə alınaraq güzəşt imkanları araşdırılmış, kredit müqaviləsinin rəsmiləşdirilmə tarixindən sonra baş vermiş əmək haqqında azalma, işdən çıxma, gəlirin azalması və ya əlavə xərclərin yaranması barədə arayış təqdim edildiyi təqdirdə və zaminlik təminatı şərti ilə borcun restrukturizasiyasına baxılması mümkün hesab edilmişdir. İddiaçı təklif edilən şərtləri qəbul etdiyi təqdirdə Bankın filiallarına müraciət edə biləcəyi bildirilmişdir. Əlavə olaraq bildirilir ki, güzəştin tətbiqi ilə bağlı dədiqləşdirmə tələb edildiyi təqdirdə filial əməkdaşları tərəfindən Bankın aidiyyəti struktur bölməsinə müraciət edilir.

4. Cavabdeh Kapital Bank Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur ki, Banka daha əvvəl daxil olmuş eyni məzmunlu müraciətlər müvafiq qaydada cavablandırılmışdır. Məlumat üçün bildirilir ki, vətəndaşla Bankın Quba rayon filialı arasında 01 sentyabr 2021-ci il tarixdə 48 ay müddətinə illik 24,21 faiz dərəcəsi ilə 7590 (yeddi min beş yüz doxsan) manat məbləğində kredit müqaviləsi rəsmiləşdirilmişdir. Müqavilədə tərəflərin hüquq və öhdəlikləri, öhdəliklərin icra qaydası və digər şərtlər razılaşdırılmışdır. Müqaviləyə əsasən əsas və faiz borcları qədər vəsait borcalanın sərəncamı olmadan onun istənilən bank hesabından akseptsiz qaydada tutula (silinə) bilər və ya borclar ödənilənədək borcların məbləği həcmində vəsait borcalanın istənilən hesabında bloklaşdırıla bilər. Müqavilədə faiz tətbiqinin dayandırılması, borcun və ya onun bir hissəsinin bağışlanması nəzərdə tutulmamışdır. Ödəniş qrafikində 2023-cü il fevral ayı üzrə öhdəliyin icra tarixi 01 fevral əks olunur. Müqavilə üzrə öhdəliklər vaxtından icra edilmədiyi üçün borcun tutulması kart hesabına yönəldilmişdir. 18 fevral 2023-cü il tarixdə 416974******0575 nömrəli plastik karta 506,04 (beş yüz altı, 04) manat məbləğində vəsait köçürülmüş, 20 fevral 2023-cü il tarixdə qeyd edilən vəsaitdən 245 (iki yüz qırx beş) manat məxaric edilmiş, 261,04 (iki yüz altmış bir, 04) manat kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilmişdir. İddiaçının müraciəti nəzərə alınaraq güzəşt imkanları araşdırılmış, illik faiz dərəcəsinin azaldılması ilə qalıq borcun restrukrizasiya edilməsi mümkün hesab edilmişdir. Vətəndaş şərtləri qəbul etdiyi təqdirdə Bankın filiallarına müraciət edə biləcəyi bildirilmişdir. Güzəştin tətbiqi ilə bağlı dədiqləşdirmə tələb edildiyi təqdirdə filial əməkdaşları tərəfindən Bankın aidiyyəti struktur bölməsinə müraciət edilir.

5. İddiaçı tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli ərizədə qeyd olunur ki, iddiaçı Cavabdeh ASC-in Quba filialından kredit götürmüşdür. Dəfələrlə yenidən kredit üçün müraciət etsə də, bildirilmişdir ki, şərtlər dəyişdirilib, pensiya kartından artıq ödənişlər tutulmuşdur. Ölkə rəhbərliyinə müraciətdən sonra borc üzrə restruktizasiya aparılmış, kreditin müddəti uzadılmışdır, hazırda da həmin işin məhkəmə qaydasında baxılmasına ehtiyac qalmadığından işə xitam verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh ASC-ə qarşı verdiyi ərizə üzrə işə xitam verilməsi barədə göstəriş verilməyini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasında tərəflər iştirak etmir.

II. İddianın mümkünlüyü

7. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. 17.Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

8. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda Cavabdeh Açıq Səhmdar Cəmiyyəti inzibati orqan kimi müəyyən olunmur.

9. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir. Belə ki, hazırkı mübahisə inzibati orqan olmayan hüquqi şəxslə iddiaçı arasında arasındakı mülki münasibətlərindən irəli gəlir.

10. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil. Odur ki, iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, iddiaçı ona maddi və mənəvi zərər vurulduğunu hesab etdiyi təqdirdə, mülki məhkəmə icraatı qaydasında iddia qaldıra bilər.

11. Məhkəmə hesab edir ki, mübahisə inzibati hüquq münasibətləri ilə bağlı olmadığından mübahisənin məhkəmədənkənar həll olunmaı ilə əlaqadar iddiaçının iş üzrə icraata xitam verilməsinə dair vəsatətinə münasibət bildirmək zərurəti də yoxdur.

12. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

13. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar