Məhkəmə qərarları › İş №2-1(112)-9086/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9086/2024

21.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9086/2024 21.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi və ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi tələbinə dair iddiası üzrə inzibati işə 21 iyun 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1961-ci il təvəllüdlüdür. BT seriyalı, 037540 nömrəli diplomun surətinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Texniki Universitetinin Nəzdində Bakı Texniki Kollecinin 658 nömrəli, xx.xx.2023-cü il tarixli arayışının əslinin məlumatlarına əsasən, iddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1980-ci ilədək Bakı Politexnik Texnikumunda əyani təhsil aldı (3 il 9 ay 29 gün ümumi staj). ИТ-İ ******* nömrəli, 04 oktyabr 1983-cü il tarixli əmək kitabçasının notariat qaydasında tərcümə və təsdiq olunmuş surətinin və “Barama” kiçik müəssisəsinin AB- 152/2023 nömrəli, xx.xx.2023-cü il tarixli arayışının əslinin məlumatlarına əsasən iddiaçı: xx.xx.1980-cı ildən xx.xx.1983-cü il tarixədək Azərbaycan SSR Texniki peşə təhsili üzrə dövlət komitəsinin 112 saylı KPM-də istehsalat təhsili ustası peşəsində, (3 il 1 ay 11 gün), xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək “İİTM” trestinin 1 nömrəli İTMİ-də 3-cü və 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsində (1 il 6 ay 4 gün), xx.xx.1985-ci il tarixdən xx.xx.1989-cu il tarixədək BMİ-də 3-cü və 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsində (4 il 3 ay 29 gün), xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək Toz metallurgiyası sınaq zavodunda 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsində (3 ay 9 gün), xx.xx.1990-cı ildən xx.xx.1990-cı il tarixədək BŞİ “İxtisaslaşdırılmış təmir tikinti” trestinin 7 nömrəli İTTİ-də 4cü dərəcəli elektrik qaynaqçısı peşəsində (5 ay 25 gün), xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək Mərkəzi avto təmir tikinti montaj İxtisaslaşdırılmış tresti Sumqayıt İxtisaslaşdırılmış təsərrüfat hesablı sahəsində 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsində (6 ay 25 gün), xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək “Murad” kiçik müəssisəsində 4-cü dərəcəli əl qaynağı elektrik qaynaqçısı peşəsində (8 ay 22 gün), xx.xx.1991-ci il tarixdən xx.xx.1994-cü il tarixədək “Barama” kiçik müəssisəsində 5-ci və 6cı dərəcəli elektrik qaynaqçısı peşəsində (2 il 3 ay 29 gün), xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Çirkey HES tikintidə 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsində, (4 ay 22 gün). xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək “Barama” kiçik müəssisəsində 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsində (5 il 2 ay 26 gün güzəştli staj), xx.xx.2000-ci il tarixdən xx.xx.2011-ci il tarixədək “Barama” kiçik müəssisəsində elektrik qaynaqçısı peşəsində (xx.xx.2006-cı ilədək 5 il 11 ay 26 gün) işləyib. İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktublarla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “...təqdim etdiyiniz ******* nömrəli əmək kitabçasının surətində xx.xx.1991-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1999-cu il və xx.xx.2000xx.xx.2011-ci il tarixləri arasındakı dövrlər ərzində “Barama” kiçik müəssisəsində işlədiyi qeyd olunmuşdur. Araşdırma zamanı xx.xx.2006-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində məcburi dövlət sosial sığorta haqlarının İddiaçı fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilmişdir. Buna görə də, adıçəkilən şəxsin xx.xx.1991xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1999-cu il və xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər ərzində də işləyib-işləməməsinə dair əsaslı şübhələr yaranıb. Bununla əlaqədar, İddiaçı sözügedən müəssisədəki iş staiına aid sənədlərdə qeyd olunan məlumatların Mərkəzi Filialın mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi həyata keçirilib. Dəqiqləşdirmə zamanı qeyd olunan dövrlərdə onun işləməsini təsdiq edən hər hansı sənəd tapılmadığı və təqdim edilən güzəştli arayışına əmək kitabçası əsasında yazıldığı müəyyən edilib. Bu fakt “Barama” kiçik müəssisəsinin 22 fevral 2023-cü il tarixli birgə Aktı ilə təsdiq edilib. Bu səbəbdən də həmin dövrləri onun iş staiına daxil etmək mümkün deyil. Eyni zamanda, təqdim etdiyiniz sənədlərdə xx.xx.1994-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində İddiaçı Rusiya Federasiyasında işlədiyi qeyd olunmuşdur. Bildiririk ki, Qanunun 23.1-ci maddəsinə əsasən vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta staiına daxil edilir. Bundan başqa həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stalı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stalına daxil edilir. Bu səbəbdən də yuxarıda qeyd olunan dövr Qanunun 23.2-ci maddəsində nəzərdə tutulan tarixdən sonraya aid olduğundan həmin dövrün adıçəkilən şəxsin sosial sığorta staiına daxil edilməsi mümkün deyil, Göstərilən səbəblərdən də, adıçəkilən şəxsin ümumi iş stafı 25 ildən az (16 il 5 ay 23 gün (xx.xx.1976-xx.xx.1980-cu il, xx.xx.1980-xx.xx.1983cü il, xx.xx.1983xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1990xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər və 2009-2011-ci illər üzrə cəmi 1 il 8 ay)), güzəştli iş stajı isə 12 il 6 aydan az (7 il 10 ay 23 gün (xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1989cu il, xx.xx.1990-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1991-ci il və xx.xx.1991-xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa adıçəkilən şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 12105,65 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək bensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”. İddia tələbi, iddiaçının əsaslandırması və cavabdehin etirazları: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiyasının hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan faktiki hallarına istinad edərək iddiaçı tələbi onunla əsaslandırılmışdır ki, onun xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 29 il 9 ay 17 gün, güzəştli iş stajı isə 21 il 10 ay 7 gün gün təşkil edir. xx.xx.1961-ci il tarixdə anadan olub və xx.xx.2018-ci il tarixdə 57 yaşına çatıb. Hesab edir ki, xx.xx.2006-cı il tarixədək 29 il 9 ay 17 gün ümumi stajı, 21 il 10 ay 7 gün güzəştli stajı topladığına görə, ona X2 haqqında Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan pensiya təyin edilməldir. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən xx.xx.2024-cü il tarixli məktubla imtina etmiş, iddiaçı xx.xx.2024-cü il tarixdə iddia verərək iddia müddətinə riayət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin olunması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. İddiaçının cavabdehə müraciət etdiyi vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş X2nı tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “X2 haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan normalardan görünür ki, 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin şəxsin: - 2006-cı ilin yanvarın 1-dək ümumi stajı 25 ildən; - güzəştli iş stajı 12 il 6 aydan az olmamalıdır. İddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı barədə İşin mübahisələndirilməyən hallarına əsasən iddiaçı xx.xx.1961-ci ildə doğulmuş, onun 57 yaşı xx.xx.2018-ci il tarixdə tamam olmuşdur. İddiaçının hərbi xidmət dövrü və təhsil illəri də nəzərə alınmaqla ümumi iş stajı 25 ildən çoxdur. “X2 haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... Cavabdeh tərəfindən iddiaçının mübahisələndirilməyən stajı 16 il, 5 ay, 23 gündür. Cavabdeh iddiaçının “Barama” kiçik müəssisəsində işlədiyi dövləri nəzərə almır. Buna əsas kimi də o hala istinad edir ki, araşdırma zamanı xx.xx.2006-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində məcburi dövlət sosial sığorta haqlarının iddiaçının fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, cavdeh bu barədə gəldiyi nəticə əsassız və qanunsuzdur. Cavabdeh iddiaçını pensiya hüququndan məhrum etmək üçün formal dəlillərə istinad edir. Belə ki, formalaşmış məhkəmə təcrübəsinə görə, artıq məhkəmə icrfaatında olan yüzlərlə işlər üzrə məhkəmələr tərəfindən hüquqi mövqe sərgilənmişdir ki, xx.xx.2006-cı ilə qədər stajı müəyyən edən sənəd əmək kitabçasıdır. MDSS ödənişləri xx.xx.2006-cı ildən sonra nəzərə alınır. Müəssisənin xx.xx.2006-cı ildən sonra MDSS ödəməməsi, iddiaçının bütövlükdə həmin müəssisədəki əmək stajının (2006-cı ildən əvvəlki dövrləri) nəzərə alınmaması üçün əsas ola bilməz. Əmək kitabçası ilə yanaşı, həmin müəssisə tərəfindən verilən arayışlarla da iddiaçının həmin müəssədə işləməsi öz təsdiqini tapır. Belə ki, “Barama” kiçik müəssisəsi tərəfindən verilmiş arayışa əsasən İddiaçı xx.xx.1991-ci ildən xx.xx.1994-cü ilədək elektron qaynaqçı, xx.xx.1994-xx.xx.1999-cu ilədək elektron qaynaqçı, xx.xx.2000-ci ildən xx.xx.2011-ci ilədək “Barama” kiçik müəssisəsində elektron qaynaqçı vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş (hal-hazırda qüvvədən düşmüş) “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın “XXXİİİ.Ümumi peşələr” bölməsinin 23200000-19906 yarımbəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin vəzifələrinin və göstəricilərinin siyahısı”nın 35-ci bəndinə (Ümumi peşələr üzrə) əsasən əl ilə qaynaq aparan elektrik qaynaqçıları güzəştli pensiya hüququ verir. Həmçinin həmin müəssisənin mövcudluğu və faəliyyət göstərməsi, məhkəməyə təqdim edilmiş Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə də müəyyən edilir. Göründüyü kimi, iddiaçının həmin müəssədə işləməsi (xx.xx.2006-cı ilə qədər ümumilikdə 13 il, 6 ay, 26 gün) nəzərə alındıqda, iddiaçının həm ümumi stajı 25 ildən çox, həm də güzəştli stajı 12 il 6 aydan çoxdur. Cavabdehin pensiya kapitalının olmaması ilə bağlı məhkəmə qeyd edir ki, əvvəlki qanunvericilikdı, yəni “X2 haqqında” Qanunverilikdə velə bir tələb yox idi. Cavabdeh formal (təkralanan) imtinaya istinad edərək iddiaçının ən mühüm konstitusion hüquq olan sosial təminat hüququndan məhrum edir. Həmçinin cavabdeh eyni imtina dəlillərinə dəfələrlə istinad edərək məhkəmələrdə iş yükünün çoxalmasına səbəb olur. Bu isə öz növbəsində məhkəmə icraatının səmərəliliyinə, işlərə vaxtında baxılmasına mane olmaqla, vətəndaşların dövlət təşkilatlarına və məhkəmə sisteminə etimadını sarsıdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir. Beləliklə, məhkəmə işin sadalanan hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının xx.xx.2006-cı il tarixə 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi (güzəştli) iş stajı mövcuddur. Deməli, iddiaçı qanunvericiliklə tələb olunan bütün tələbləri ödəyir. Məhkəmə pensiyanın ödənilmə tarixi ilə bağlı qeyd edir ki, Əmək Pensiyaları haqqında Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən yaranıb. Lakin iddiaçı ona əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə xx.xx.2023cü il tarixdə müraciət etmişdir. Ona görə də, Qanunun 32.1-1-ci maddəsinin tələbinə əsasən iddiaçıya cavabdeh orqana müraciət etdiyi tarixdən əvvəlki üç il nəzərə alınmaqla xx.xx.2020-ci il tarixdən pensiya ödənilməlidir. Məhz bu səbəbdən də iddiaçının iddia tələbi qismən təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi qismən təmin edilsin. İddiaçı oğluna 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2020-ci il tarixdən ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar