Məhkəmə qərarları › İş №2-1(112)-9087/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9087/2024

24.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9087/2024 24.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Səbail rayonu Badamdar Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Səbail rayonu Badamdar Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 24 sentyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İş üzrə cavabdeh Səbail rayonu Badamdar Bələdiyyəsi tərəfindən qəbul edilmiş 03/05 saylı, xx.xx.2023-cü il tarixli qərar əsasında iddiaçıya ümumilikdə 845,30 manat vergi hesablanmış və tutulması üçün müvafiq icra şöbəsinə göndərilmişdir. İddiaçı cavabdeh Səbail rayonu Badamdar Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səbail rayonu Badamdar Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Səbail rayon İcra və Probasiya Şöbəsi tərəfindən ona gündərilən məktubda onun Səbail rayonu Badamdar Bələdiyyəsinə olan vergi borcunun könüllü icrasına dair bildiriş almışdır. xx.xx.2023-cü il tarixdə isə onun Badamdar Bələdiyyəsinə borcunun olmadığını təsdiqləyən rəsmi sənədlərlə cavab məktubu göndərmişdir. Lakin göndərdiyi məktuba bugünə qədər cavab almamışdır. O, DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş **********75 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü massivdə 0,045 ha torpaq sahəsi üzərində tam mülkiyyət hüququ əldə etmişdir. 2012-ci ildə həmin torpaq sahəsində yarımçıq tikili tikmişdir. xx.xx.2014-cü il tarixdə ailəsi ilə birgə yaşadığı Badamdar qəsəbəsi Ə.Nəzərov küçəsi ev 1a, mənzil 7 ünvanında yerləşən iki otaqlı mənzilini satmışdır, lakin 2015-ci ilin iyul ayına kimi həmin məzildə kirayədə yaşayaraq həmin yarımçıq tikilidə yaşayış üçün qismən şərait yaradıb ailəsi ilə birlikdə ora köçmüşdür lakin, 2022-ci ilin mart ayına qədər həmin yarımçıq tikilinin nə təmir-tikitni işlərini tamamlaya bilmiş, nə də pasport qeydiyyatına alınmaq üçün həmin tikiliyə dair çıxarış ala bilməmişdir, bugünə kimi də bütün ailə üzvləri ilə 2014-cü ildə satdığı Ə.Nəzərov küçəsi 1a, mənzil 7 ünvanında pasport qeydiyyatındadırlar. xx.xx.2022-ci il tarixdə, DƏRX-nin xx.xx.2008-ci il tarixli, ********** saylı çıxarışına əsasən Badamdar qəsəbəsi 3-cü yaşayış massivi ünvanında yerləşən ümumi sahəsi 0.045 ha olan torpaq sahəsini daşınmaz əmlakın xx.xx.2022-ci il tarixli, AN-İ/0989795 saylı alqı-satqı müqaviləsinə əsasən satıb, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən Dövlət büdcəsinə 405.00 manat məbləğində vergi ödəmişdir. Həmin torpağın yeni sahibi torpaq üzərindəki qanunsuz tikilinin təmir-tikinti işlərini tamamlayaraq əmlaka dair çıxarış almış və üçüncü şəxsə satmışdır. Göründüyü kimi Badamdar Bələdiyyəsi eyni bir əmlaka görə üç nəfərdən ayrı-ayrılıqda vergi tutmaq istəyir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən fiziki şəxslərdən onların xüsusi mülkiyyətində olan əmlaka görə vergi tutula bilər. 2008-2022-ci il ərzində onun xüsusi mülkiyyətində 0.045 ha torpaq sahəsi olub və həmin torpaq sahəsi üçün Badamdar Bələdiyyəsi tərəfindən ona təqdim olunmuş ödəniş qəbzlərinə əsasən 563,60 manat, yəni qanunla nəzərdə tutulduğundan qat-qat artıq pul vəsaitini Badamdar Bələdiyyəsinin hesabına ödəmişdir. Bakı şəhəri Cavabdeh xx.xx.2023-cü il tarixli qərarının heç bir hüquqi əsası yoxdur və böyük qanun pozuntularını özündə əks etdirir. Çünki onun əmlakı hesab edilən torpaq sahəsi xx.xx.2022-ci il tarixdən qanuni sənəd əsasında başqasının mülkiyyətindədir. X5 bir əmlaka görə həm ondan, həm də əmlakın yeni sahiblərindən vergi tələb edir. Bu isə Badamdar Bələdiyəsinin vergi adı altında əmlak sahiblərindən qanunsuz pul toplamasına dair əsaslı sübutdur. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Badamdar qəsəbəsi 3-cü yaşayış massivi ünvanında yerləşən ümumi sahəsi 0.045 ha olan torpaq sahəsi İddiaçı mülkiyyətində olmuşdur. xx.xx.2022-ci il tarixli, AN-İ/0989795 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Həsənov X4 qəsəbəsi 3-cü yaşayış massivi ünvanında yerləşən ümumi sahəsi 0.045 ha olan torpaq sahəsini X2. Səbail rayonu Badamdar Bələdiyyəsi tərəfindən qəbul edilmiş 03/05 saylı, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivi, 29-cu küçə ünvanında yerləşən torpaq sahəsi və əmlaka görə ümumilikdə 845,30 manat vergi hesablanmış və tutulması üçün müvafiq icra şöbəsinə göndərilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 5. Vergitutmanın formaları 5.0. Vergi məbləğləri aşağıdakı formalarda tutulur: 5.0.1. bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması); 5.0.2. bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması); 5.0.3. Bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). Maddə 200. Binalara, su və hava nəqliyyatı vasitələrinə görə fiziki şəxslərin əmlak vergisinin hesablanması və ödənilməsi qaydası 200.1. Binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. ... 200.4. Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. 200.5. Cari il üçün verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir. ... “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ... 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə bildirir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Qanunvericiliyin yuxarıda sadalanan normalarından göründüyü kimi, fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi bildiriş üzrə (tədiyə bildirişi əsasında) ödənilən vergilərə aiddir. Həmin vergi məbləği əmlakın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Bələdiyyələr verginin ödənilməsi barədə tədiyyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. Lakin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş inzibati icraat materiallarından müəyyən olunur ki, cavabdeh xx.xx.2023-cü il tarixli tədiyə bildirişi qəbul etmiş, həmin tədiyə bildirişində xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixədək ödənilməli olan məbləğ qeyd edilmişdir. Mübahisələndirilən qərar da məhz həmin tədiyə bildirişi əsasında xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Həmin qərarda da borcun hansı dövrü əhatə etdiyi göstərilməmişdir. Belə ki, cavabdeh ödəniş müddəti çatmadığı halda xx.xx.2023-cü il tarixli tədiyə bildirişi əsasında xx.xx.2023-cü il tarixli qərar qəbul edərək qanunvericiliyin tələbini pozmuşdur. Bundan başqa cavabdeh tərəfindən nə tədiyə bildirişi, nə də müvafiq qərarın iddiaçıya təqdim edilməsi ilə bağlı heç bir sübut təqdim edilməmişdir. İnzibati icraat materiallarına əlavə edilmiş yeganə xəbarnəmə xx.xx.2023-cü il tarixdə qəbul edilməklə, hansı sənədin çatdırılmasını göstərdiyi aydın olmur. Cavabdeh tərəfindən tədiyə bildirişi və qərarla bağlı göştərişlərə əməl edilmiş olsa idi belə, iddiaçı barəsində 2022 və 2023-cü illər üzrə vergi məbləği hesablaması qanunsuzdur. Çünki fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Belə ki iddiaçı yalnız xüsusi mülkiyyətində olan əmlaka görə vergiyə cəlb edilə bilər. Lakin iş materiallarından görünür ki, mübahisələndirilən qərarda qeyd edilən əmlak xx.xx.2022-ci il tarixli, AN- İ/0989795 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı tərəfindən X1. Məhkəmə qeyd edir ki, hazırkı iddia mübahisələndirmə növündə iddiadır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qeyd edilən maddəyə əsasən cavabdeh qəbul etdiyi inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməli idi. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Səbail rayonu Badamdar Bələdiyyəsi tərəfindən qəbul edilmiş 03/05 saylı, xx.xx.2023-cü il tarixli qərar ləğv edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Səbail rayonu Badamdar Bələdiyyəsi tərəfindən qəbul edilmiş 03/05 saylı, xx.xx.2023-cü il tarixli qərar ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar