Məhkəmə qərarları › İş №2-1(112)-909/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-909/2021

24.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-909/2021 24.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, üçüncü şəxsin nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlunun iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respubılikasının Mərkəzi Bankına və üçüncü şəxs Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə qarşı «kredit müqaviləsi üzrə borcun restrukturizasiya siyahısına daxil edilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər AR Mərkəzi Bankına və Ləğv prosesində olan Cavabdeh1 ASC-yə qarşı gecikdirilmiş kredit borclarının restrukturizasiya olunması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının müddəalarının iddiaçıya şamil olunması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehlərə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı (İddiaçı) “Zaminbank" ASC-dən 8 oktyabr 2015-ci il tarixdə GEN**********4630001 saylı müqavilə ilə 15.000 manat nəğd pul krediti almışdır. Bu kreditin qarşılığında Şamaxı şəhərindəki 100.000 manat qiyməti olan evimi girov qoymuşdur. Sözügedən kredit müqaviləsi üzrə aylıq borclarını vaxtında ödəyirdi. Lakin həmin vaxtlarda pulun devalivasiyası səbəbindən iddiaçının yaşayış şəraiti pisləşdi, ona görə də aylıq ödənişləri vaxtında yerinə yetirə bilməmişdir. Bu səbəbdən "xxxx" ASC məhkəmədə ona qarşı iddia qaldırmışdır. Şamaxı Rayon Məhkəməsinin 2(074)- 36/2018 saylı iş üzrə 1 mart 2018-ci il tarixli qətnaməsi ilə 14.825 manat əsas, 718.72 manat faiz borcu, 30 manat isə dövlət rüsumu öhdəliyinin olması müəyyən edilmişdir. Lakin sonradan Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əiavə tədbirlər haqqında» Fərmanına əsasən 1 mart 2019-cu il tarixədək fiziki şəxslərin milli valyutada 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borcları, yəni 360 gündən çox gecikdirilmiş borcların restrukturizasiya olunması nəzərdə tutulmuşdur. Həmin Fərmanın müvafiq müddəaları qanuni əsaslarla ona (iddiaçıya) da şamil olunmalı idi. Bu məsələ ilə bağlı o, dəfələrlə, həm də vaxtında aidiyyəti orqanlara müraciətlər etsə də, hər dəfə müraciətlərə səthi yanaşmışlar. Belə ki, müraciətilə əlaqədar olaraq o vaxt fəaliyyət göstərən Maliyyə Bazarlarına Nəzarət Palatası 12 oktyabr 2019-cu il tarixdə 27471 saylı cavabda ona bildirilmişdir ki, guya kreditinin ödənişi üzrə gecikdirilmiş günlər 360 gündən az (297 gün) olduğundan, Azərbaycan Prezidentinin Fərmanının əhatə dairəsinə düşməmişdir. Bu səbəbdən iddiaçı sonuncu dəfə 14 avqust 2019-cu il tarixdə aidiyyəti orqana 47069 saylı ərizə ilə elektron qaydada müraciət etmişdir. Ərizədə bildirmişdir ki, təqdim etdiyi kredit ödənişi sənədlərində və həm də MKR-də sonuncu ödənişinn 2015-ci ildə olması, bu səbəbdən də gecikmənin 360 gündən artıq olması aşkar görünürr. Odur ki, 297 gün gecikmə yazılması tamamilə səhvdir. MKR məlumatlarının bu mənada səhv olması səbəbindən məsələyə yenidən baxılması xahiş edilsə də, müraciətə məhəl qoyulmamışdır. İddiaçı yuxarıda qeyd edilən süni problemlərin araşdırılması üçün 4 noyabr 2019-cu il tarixdə Ləğv prosesində olan "xxxx" ASC-yə də ərizə ilə müraciət etmişdir. Bu ərizəyə cavab olaraq Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin İdarə Edilməsi Departamentinin rəhbəri tərəfindən ona ünvanlanmış 5 dekabr 2019-cu il tarixli məktubla bildirilmişdir ki, sözügedən kredit müqaviləsi üzrə gecikmə günlərinin sayı 360 gündən yuxarıdır. Bu bir daha təsdiq edir ki, 12 oktyabr 2019-cu il tarixdə 27471 saylı məktubla ona cavab göndərmiş Maliyyə Bazarlarına Nəzarət Palatası real məlumatları vermir. Azərbaycan Respublikasının Prezidentinin növbəti Sərəncamı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilmiş və onun səlahiyyətləri Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir. Digər tərəfdən isə "xxxx" ASC artıq ləğv olma mərhələsindədir və faktiki olaraq fəaliyyət göstərmədiyindən yaranmış belə mübahisələrə Azərbaycan Respublikasının Mərkəzi Bankı və Əmanətlərin Sığortalanması Fondu cavabdehlik daşıyır. Qeyd edildiyi kimi, bu Fond ona 5 dekabr 2019-cu il tarixli məktubla cavab vermiş və qeyd etmişdir ki, hazırkı mübahisələndirilən kredit müqaviləsi üzrə gecikmə günlərinin sayı həqiqətən də 360 gündən yuxarı olmuşdur. Deməli gecikdirilmiş borcların restrukturizasiya olunması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ona da şamil olunmalıdır. Aidiyyəti dövlət orqanları şifahi qaydada ona məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Bildirilmişdir ki, buna dair yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduqdan sonra yaranmış süni problem öz həllini tapacaqdır. İddiaçı altı uşaq anasısır, maddi durumu çətindir. 28 fevral 2019-cu il tarixli Fərmana əsasən 1 mart 2019-cu il tarixədək fiziki şəxslərin milli valyutada 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borcları, yəni 360 gündən çox gecikdirilmiş borcların restrukturizasiya olunması ona da şamil olunmalıdır. Bununla əlaqədar iddiaçı ilk olaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 2(011)-2923/2020 saylı iş üzrə 13 mart 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. Ona inzibati məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Göstərilənlərə və İPM-in 2, 27, 45-ci maddələrinə əsaslanaraq, gecikdirilmiş kredit borclarının restrukturizasiya olunması ilə bağlı 28 fevral 2019-cu il tarixli Fərmanın müddəalarının iddiaçıya şamil olunması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh AR Mərkəzi Bankının məhkəməyə ünvanlanmış 22 iyun 2020-ci il tarixli məktubunda iddia ilə bağlı aşağıdakılar bildirilir: - «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası Mərkəzi Bankın 1 mart 2019-cu il tarixə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı ilə Ləğv prosesində olan Cavabdeh1 ASC arasında 8 oktyabr 2015-ci il tarixdə 15.000 manat dəyərində kredit müqaviləsinin bağlanılmasına dair qeyd mövcud olsa da, bu kredit borcu Fərman çərçivəsində restrukturizasiya olunacaq kreditlər siyahısına daxil edilməmişdir. Belə ki, məlumat bazasına əsasən Fərmanın qüvvəyə mindiyi 1 mart 2019-cu il tarixə borclunun sözügedən kredit müqaviləsi üzrə əsas kredit borcunun cəmi 14.825 manat təşkil etməsi göstərilsə də, bazaya borcun ödənilməsinin yalnız 144 gün gecikdirildiyi barədə məlumat ötürülmüşdür. Fərmana əsasən 1 mart 2019cu il tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunması nəzərdə tutulmuşdur. Fərmanın 8.6-cı bəndinə görə bu Fərmanın məqsədləri üçün vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 1 yanvar 2012-ci il tarixdən Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar müəyyən edilmişdir. Borclu İddiaçı sözügedən kredit müqaviləsi üzrə borcu 360 gündən az gecikdirildiyindən sözügedən kredit borcu restrukturizasiya siyahısına daxil edilməmişdir. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «kredit müqaviləsi üzrə borcun restrukturizasiya siyahısına daxil edilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 28.1-ci madadəsinə görə iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmiş və Ləğv prosesində olan Cavabdeh1 ASC inzibati məhkəmə icraatına onun cavabdeh kimi prosessual iştirakına xitam verilməklə üçüncü şəxs qismində cəlb olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə prosesdə iştirak edən şəxslərə müvafiq bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına cavabdeh AR Mərkəzi Bankının nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlu mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 12-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan sənədlər və məhkəmə prosesində işdə iştirak edən şəxslərin verdikləri izahatlar əsasında aparılan məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh1 ASC (hazırda Ləğv prosesində olan) arasında 8 oktyabr 2015-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Müqavilə əsasında Cavabdeh1 ASC iddiaçıya 15.000 manat məbləğində kredit vermişdir. Müvafiq məhkəmə icraatı üzrə birinci instansiya məhkəməsinin 1 mart 2018-ci il tarixli məhkəmə qətnaməsinə əsasən hazırkı iddiaçının sözügedən kredit müqaviləsi üzrə əsas borcu 14.825 manat, faiz borcu 718,72 manat müəyyən edilmiş və həmin qətnamə apellyasiya instansiyası məntəqəsinin 9 yanvar 2019cu il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. İddiaçının müqavilə üzrə sonuncu ödənişi 21 iyul 2016-cı il tarixdə olmuşdur. 1 mart 2019-cu il tarixə borcun ödənilməsi üzrə gecikdirilmiş günlərin sayı 360-dan artıqdır. Müvafiq bazada kreditin gecikdirilmiş günlərinn sayı isə, 144 gün göstərilmişdir. Bunu əsas gətirərək, Azərbaycan Respublikasının Mərkəzi Bankı (ləğv olunmuş Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətlərini həyata keçirən qurum kimi) İddiaçı qalıq kredit borcunu Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının müddəalarına uyğun olaraq restrukturizasiya ediləcək kreditlərin siyahısına daxil etməmişdir. Bundan sonra iddiaçı cavabdehin hərəkətlərini mübahisələndirir. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı ilə qərar alınmışdır: - (1-ci bənd) Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10.000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: (1.1) 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; (1.2) 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; (1.3) 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. - (3-cü bənd) Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: (3.2) bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. - (5-ci bənd) Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki: (5.1) bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682.000.000 manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin; - (7-ci bənd) Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: (7.1) banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. - (8-ci bənd) müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün: (8.1) fiziki şəxslərin xarici valyutada 10.000 ABŞ dollarınadək və ya milli valyutada 17.000 manatadək olan əsas kredit borcları dedikdə onların bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; (8.2) 10.000 ABŞ dollarınadək və ya 17.000 manatadək məbləğ dedikdə müvafiq olaraq 10.000 ABŞ dollarının və ya 17.000 manatın da daxil olduğu məbləğ; (8.3) bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; - (8.6-cı bənd) vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar. Qeyd olunmalıdır ki, İddiaçı 8 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə qalıq borcunun Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının müddəalarına uyğun olaraq restrukturizasiya ediləcək kreditlərin siyahısına daxil edilməsi üçün zəruri şərtlərin bir hissəsi, yəni kreditin 2015-ci ilin oktyabr ayında verilməsi, qalıq məbləğin hər bir halda 17.000 manatdan və ya 10.000 ABŞ dollarından az olması və ödəyicinin (borc alanın) fiziki şəxs olması işin mübahisələndirilən hallarına aid deyil. Məhkəmə həmçinin vurğulayır ki, iddiaçının müvafiq kredit müqaviləsi əsasında borcun ödənilməsi üzrə gecikdirilmiş günlərin sayının 360 gündən artıq olması da aidiyyəti qurumun (Ləğv prosesində olan Cavabdeh1 ASC-nin) ödəniş qrafikindən çıxarışda təsdiqini tapmışdır. Mübahisənin mahiyyətinə gəldikdə isə, iddaçının 1 mart 2019-cu il tarixə müvafiq kredit müqaviləsi üzrə qalıq borcunun gecikdirilmiş günlərinin sayının Mərkəzi Bankın MKR və PK bazalarına daxil edilməməsi onun iradəsindən asılı olan hal kimi olmadığından, tam şəkildə təkzib olunduğundan, məhkəmə belə qənaətə gəlir ki, cavabdeh iddiaçının müraciəti üzrə inzibati icraatı tam və hərtərəfli aparmamış, formal mülahizələrə əsaslanaraq qaldırılan məsələnin həllindən qanunsuz olaraq imtina etmişdir. Cavabdehin iddiaçının kredit borcları restrukturizasiya ediləcək borcların siyahısına daxil edilməməsi «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15, 17 və 24.2-ci maddələrinin tələblərinı ziddir. Odur ki, məhkəmə cavabdehin hərəkətlərini (imtinasını) qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3 və 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı Cavabdeh1 ASC ilə bağlanmış 8 oktybar 2015-ci il tarixli GEN**********4630001 saylı kredit müqaviləsi üzrə qalıq borcunun restrukturizasiya ediləcək kreditlər siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2, 4.1, 13, 14, 23.1, 52, 58.7, 62, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Cavabdeh1 ASC ilə bağlanmış 8 oktybar 2015-ci il tarixli GEN**********4630001 saylı kredit müqaviləsi üzrə qalıq borcunun restrukturizasiya ediləcək kreditlər siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar