Məhkəmə qərarları › İş №2-1(112)-9091/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9091/2024

27.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9091/2024 27.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının ərizəsinə əsasən iddia tələbi “İddiaçı 58 yaş 06 ayının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 06 dekabr 2023-cü il tarixində pensiya təyin edilməsi barədə müraciət etmişdir. Müraciətinə 28 dekabr 2023-cü il tarixli imtina bildirişində qeyd edilmişdir ki, “bildiririk ki, “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 55 yaşına çatdıqda çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin hazırda qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan olan işlərin (istehsalın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların həmin Qanununun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə 63 il 6 ayına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya kapitalına təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək penssiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyiniz ”32 Gözəl” MMC-nin Sizə dair 23 noyabr 2023-cü il tarixli 04 nönrəli arayışında xx.xx.2002-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində Rentgenoloq-fizioterapevt vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. İşlədiyiniz vəzifə sözügedən arayışda istinad Azərbaycan Respulikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın tibb və sosial təminat müəssisələrində (19) nəzərdə tutulmamışdır. Bu səbəbdən də sizin güzəştli ış stajınız 10 idən az (3 il 7 ay 17 gün (xx.xx.2020 - xx.xx.2023-cü il tarixləri arasındakı dövr) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.” İddiaçı xx xxxx 1964-cü il tarixdə anadan olmuşdur. Yəni, hazırda 60 yaşı var. Əmək fəaliyyətinə daha əvvəl başlasa da, "xxxx" MMC-də xx.xx.2007-ci il tarixdən rentgenoloq-fizioterapevt vəzifəsinə keçirilmiş, xx.xx.2011-ci il tarixdə öz ərizəsi ilə həmin vəzifədən kənarlaşdırılmış, xx.xx.2011-ci il tarixdən "xxxx" MMC-də rentgenoloqfizioterapevt vəzifəsinə təyin edilmiş, xx.xx.2019-cu il tarixdə həmin vəzifədən öz ərizəsi ilə kənarlaşdırılmış, xx.xx.2020-ci il tarixdə isə həmin MMC-nin 32 beauty stomatoloji klinikasının rentgen kabinetində rentgen-texniki vəzifəsinə keçirilmişdir. Bütün bu dövrlərdə rentgen kabinetində işləmişdir. Əgər rentgen kabinetində işləməsə və rentgenoloq kimi fəaliyyət göstərməsə, onu həmin vəzifəyə də təyin etməzdilər. İddiaçının ixtisaslaşması da rentgenoloq ixtisası üzrə olmuşdur. İmtina bildirişində qeyd edilir ki, NK-nın 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı nın tibb və sosial təminat müəssisələri bölməsində rentgenoloq vəzifəsi nəzərdə tutulmuşdur. Göründüyü kimi onun 10 ildən artıq müddətə güzəştli şərtlərlə əmək stajı vardır.

4. Cavabdeh qurumun iddiaçıya ünvanladığı güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin hazırda qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 63 il 6 ayına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyiniz "xxxx" MMC-nin sizə dair 23 noyabr 2023-cü il tarixli 04 №li arayışında xx.xx.2002-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində Rentgenoloqfizioterapevt vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. İşlədiyiniz vəzifə sözügedən arayışda istinad edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın tibb və sosial təminat müəssisələri bölməsində (19) nəzərdə tutulmamışdır. Bu səbəbdən də sizin güzəştli iş stajınız 10 ildən az (3 il 7 ay 17 gün (xx.xx.2020- xx.xx.2023-cü il tarixləri arasındakı dövr) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.”

5. Cavabdehin məhkəməyə ünvanladığı iddiaya yazılı etirazda bildirilmişdir ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən "xxxx" MMC-nın 23 noyabr 2023-cu il tarixli 04 nömrəli arayışında xx.xx.2002-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində Rentgenoloq-fizioterapevt vəzifəsində işlədiyi qeyd edilmişdir. İddiaçı işlədiyi vəzifə sözügedən arayışda istinad edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın tibb və sosial təminat müəssisələri bölməsin də (19) nəzərdə tutulmamışdır. Göstərilən səbəblərdən də İddiaçı güzəştli iş stajı 10 ildən az (03 il 07 ay 17 gün (xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasındakı dövr) təşkil edir. Beləliklə, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan güzəştli iş stajı tamamlanmır. Göründüyü kimi, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi üçün tələb olunan şərtlər ödənilmədiyindən həmin tarixdən ona yaşa görə pensiyanın təyin edilməsi mümkün olmamışdır.

6. Məhkəmənin sorğusuna əsasən "xxxx" MMC-nin 31 may 2024-cü il tarixli məktubu ilə iş stajı barədə məlumatlar məhkəməyə təqdim edilmişdir. “Əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması üçün” arayışda qeyd olunur ki, 32 Beauty stlomatoloji klinikasında rentgen texniki xx.xx.2019-xx.xx.2023 tarixləri arasındakı işlədiyi dövr ərzində onun əmək haqqının ümumi məbləği 16366.67 (on altı min üç yüz altmış altı manat 67 qəpik) manat təşkil etmişdir. “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışda qeyd olunur ki, iddiaçı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) 32 Beauty stomatoloji klinikasında rentgen texniki vəzifəsində (əmr **********1) xx.xx.2019-cu ildən bu günədək işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 04 il 20 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri ionlaşdırıcı şüalanma mənbələri olan rentgen aparatları ilə işdən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 19 bəndinə (yarımbəndinə) və (və ya) 3211 vəzifə koduna uyğundur.

7. “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” xx.xx.2023-cü il tarixli arayışa əsasən İddiaçı "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən "xxxx" MMC-də Rentgenoloq-fizioterapevt vəzifəsində xx.xx.2011-xx.xx.2019 (Əmr № 03/2; Əmr № 41/19) dövr ərzində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta stajı 8 il 5 ay 14 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri ionlaşdırıcı şüalanma mənbələri olan rentgen aparatı ilə iş ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 19 bəndinə (yarımbəndinə) və (və ya) 3211 vəzifə koduna uyğundur.

8. “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” xx.xx.2023-cü il tarixli arayışa əsasən İddiaçı “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən “32 Gözəl’’ MMC-də Rentgenoloq-fizioterapevt vəzifəsində xx.xx.2002-xx.xx.2011 (Əmr № 03/6; Əmr № 04) dövr ərzində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta stajı 8 il 8 ay 5 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri ionlaşdırıcı şüalanma mənbələri olan rentgen aparatı ilə iş ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 19 bəndinə (yarımbəndinə) və (və ya) 3211 vəzifə koduna uyğundur.

9. İddiaçının İT-İ ******* nömrəli əmək kitabçasının sürətinə əsasən, o, əmək fəaliyyətinə xx.xx.1982-ci ildə başlamış, xx.xx.2001-xx.xx.2002-ci illərdə Stomatoloji Poliklinikada tibb bacısı vəzifəsində, "xxxx" MMC-də xx.xx.2002-ci ildən tibb bacısı, xx.xx.2007-ci ildən xx.xx.2011-ci ilədək rentgenoloq-fizioterapevt, "xxxx" MMC-də xx.xx.2011-ci ildən xx.xx.2019-cu ilədək rentgenoloq-fizioterapevt, xx.xx.2019-cu ildən 32 Beauty Stomatoloji klinikasında feldşer-laborant, xx.xx.2020-ci ildən 32 Beauty Stomatoloji klinikasının rentgen kabinetində rentgen-texniki vəzifəsində işləmişdir.

10. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdilər.

11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi güzəştli şərlətlə yaşa görə pensiya təyinindən imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

12. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.

13. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

14. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

15. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.

17. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).

18. Odur ki, bu qəbildən olan nəzəri baxımdan iddia məcburetmə iddiası kimi qəbul edilərsə, iddiaçının fundamental konstitusyon hüququ iddia müddəti ilə əsassız olaraq məhdudlaşdırılmış olar. Bu isə dövlətin ali məqsədi ilə uzlaşa bilməz və qarşıya qoyulmuş məqsədlərə uyğun hesab edilə bilməz. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsi əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsini nəzərdə tutur. Bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.

III. Məhkəmənin mövqeyi

19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

20. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir. - əvvəlki redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

21. İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür və güzəştli şərtlərlə pensiya təyininə dair xx.xx.2023cü il tarixdə müraciət etmişdir.

22. İddiaçının ümumi iş stajı ilə bağlı mübahisə yoxdur. Əmək kitabçasına əsasən 58 yaş 6 ayının tamam olduğu xx.xx.2022-ci il tarixə iddiaçının ümumi stajı 20 ildən çoxdur.

23. İddiaçının mübahisələndirilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına münasibətdə məhkəmə qeyd edir ki, “32 Gözəl’’ MMC və "xxxx" MMC tərəfinfən təqdim edilən arayışlardan məlum olur ki, iddiaçı güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə): - “32 Gözəl’’ MMC-də Rentgenoloq-fizioterapevt vəzifəsində xx.xx.2002-xx.xx.2011 (Əmr № 03/6; Əmr № 04) dövr ərzində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta stajı 8 il 8 ay 5 gün təşkil edir. - "xxxx" MMC-də Rentgenoloq-fizioterapevt vəzifəsində xx.xx.2011-xx.xx.2019 (Əmr № 03/2; Əmr № 41/19) dövr ərzində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta stajı 8 il 5 ay 14 gün təşkil edir. - 32 Beauty stomatoloji klinikasında rentgen texniki vəzifəsində (əmr **********1) xx.xx.2019-cu ildən bu günədək işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 04 il 20 gün təşkil edir. Qeyd olunan vəzifələrin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri ionlaşdırıcı şüalanma mənbələri olan rentgen aparatı ilə iş ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 19 bəndinə (yarımbəndinə) və (və ya) 3211 vəzifə koduna uyğundur.

24. Məhkəmə qeyd edir ki, iddiaçının əmək kitabçasında xx.xx.2007-ci il tarixdən xx.xx.2011-ci il tarixə, həmçinin xx.xx.2011-ci il tarixdən xx.xx.2019-cu il tarixədək çalışdığı rentgenoloqfizioterapevt və xx.xx.2020-ci il tarixdən çalışdığı rentgen texniki vəzifəsi ilə bağlı “32 Gözəl’’ MMC və "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli arayışlarında rentgenoloqfizioterapevt və rentgen texniki vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 19-cu bəndinə (yarımbəndinə) və (və ya) 3211 vəzifə koduna uyğun olduğu qeyd edilmişdir.

25. İnzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur.

26. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işəgötürən hüquqi şəxslər tərəfindən təqdim edilən arayışlardan bəlli olur ki, iddiaçının işlədiyi sözügedən vəzifələr ionlaşdırıcı şüalanma mənbələri olan rentgen aparatı ilə işlərdir və güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətlərə sahibdir.

27. Göründüyü kimi iddiaçının xx.xx.2007-ci il tarixdən xx.xx.2011-ci il tarixədək və xx.xx.2011ci il tarixdən xx.xx.2019-cu il tarixədək çalışdığı rentgenoloq-fizioterapevt vəzifəsi güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə iş stajı olmuşdur. Bu iddiaçının əmək fəaliyyətinin cavabdeh tərəfindən mübahisələndirilən dövrüdür.

28. Bundan başqa iddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən güzəştli iş stajına münasibətdə məhkəmə qeyd edir ki, xx.xx.2020-xx.xx.2023-cü il tarixdə işlədiyi rentgen kabinetində rentgen texniki vəzifəsi də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdir.

29. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 19. Tibb və sosial təminat müəssisələri bölməsinin rentgen laborantları, o cümlədən rentgen cərrahiyyəsi, angioqrafiya və flüroqrafiya kabinetlərinin, rentgen şöbələrinin (kabinetlərinin) orta tibb heyəti, həmçinin rentgen cərrahiyyəsi, angioqrafiya kabinetlərində daimi məşğul olan orta tibb heyəti yarımbölməsi üzrə vəzifələr iddiaçının rentgenoloq-fizioterapevt və rentgen texniki vəzifələrinə uyğundur.

30. Beləliklə, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən peşədə qanunvericiliklə tələb olunan 10 il müddətindən çox müddətdə işləməsi xx.xx.1982-ci il tarixli əmək kitabçası, işəgötürən müəssisələrin - “32 Gözəl’’ MMC və "xxxx" MMC-nin arayışları ilə təsdiqlənir.

31. Odur ki, İddiaçı 58 yaş 6 ayının tamam olduğu xx.xx.2022-ci ilədək (15 il 16 gün) əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı mövcuddur.

32. İddiaçının pensiya kapitalı ilə bağlı mübahisə yoxdur. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verir. Bununla belə, məhkəmə hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədə olan redaksiyası həmin tələbi istisna etmişdir və qeyd edilən hal əmək pensiyaçısının hüquqi vəziyyətini yüngülləşdirən haldır. Bununla bağlı məhkəmə əlavə araşdırmanın və əsaslandırmanın aparılmasına prosessual qənaət prinsipindən irəli gələrək zərurət görmür.

33. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

34. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

35. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

36. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

37. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı 58 yaş 6 ayının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar