Məhkəmə qərarları › İş №2-1(112)-9094/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9094/2021

30.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9094/2021 30.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı məlumatın verilməsi tələbinə dair iddiası üzrə iş materiallarına 30 avqust 2021-ci il tarixdə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “23 iyun 2004-cü il tarixdə Azərbaycan Respublikası torpağa mülkiyyət hüququna dair JN-2254 KOD 30800027 saylı Dövlət aktına əsasən Abşeron rayonunda cizgidə göstərilən sərhəd daxilində 0,41 ha torpaq sahəsinin faktiki istifadə vəziyyətində olaraq 0,58 ha kimi kimin adına qeydə alındığı və peyk çəkilişinə əsasən sözügedən torpaq sahəsində kim tərəfindən fərdi yaşayış evinin inşa edilməsi barədə məlumatın verilməsi” tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, 23 iyun 2004-cü il tarixdə Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüququna dair JN-2554 KOD 30800027 saylı Dövlət aktına əsasən Abşeron rayonunda cizgidə göstərilən sərhəd daxilində 0,41 ha torpaq sahəsini 4Ə/505 saylı alqı-satqı müqaviləsinə əsasən alıb. Həmin torpaq sahəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən 30 sentyabr 2004-cü il tarixli dövlət aktı qeydiyyat kitabında 7358 nömrə ilə qeydiyyata alınmışdır. Yaranmış zərurətlə əlaqədar torpaq sahəsinə hər hansı zəbt etmə halının olub-olmamasını müəyyən etmək üçün 4 saylı Abşeron Ərazi İdarəsinə rəsmi müraciət edib və ona Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin Kadastr və Yerquluşu Layihə-Tədqiqat Mərkəzi MMC-yə müraciət etməsi tövsiyə olunmuşdur. 4Ə/508 saylı 23 iyun 2004-cü il tarixdə alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi Abşeron rayonunda cizgidə göstərilən sərhəd daxilində 0,41 ha torpaq sahəsinin xəritə üzərində hazırki vəziyyəti barədə rəsmi məlumat verilməsi tələbinə bildirilmişdir ki, 0,41 ha torpaq sahəsinin faktiki istifadə vəziyyətində olaraq 0,58 ha kimi qeydə alındığı və peyk çəkilişinə əsasən həmin torpaq sahəsində fərdi yaşayş evinin inşa edildiyi göstərilmişdir. Həmin 0,41 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır və hər hansı tikinti aparılmamışdır. Məlum olmuşdur ki, həmin torpaq sahəsi şəxsiyyəti ona məlum olmayan başqa bir şəxs tərəfindən zəbt olunmuşdur. Şəxsin kimliyinin müəyyən olunması üçün cavabdeh tərəfindən məsələyə tam aydınlıq gətirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə müvafiq olaraq, işin hazırlıq icraatına başlanılmış və hazırlıq icraatı zamanı ərazi aidiyyətinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, mübahisənin ərazi aidiyyətinin müzakirə edilməsini zəruri sayır və tərəflərin dinlənilmə hüququnu təmin etməklə xidməti vəzifəsinə görə mübahisənin aidiyyətinin müəyyənləşdirilməli olduğunu hesab edir. Məhkəmənin hazırlıq icraatı üzrə aidiyyət iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etmir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-nin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən, daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə müəyyən edir ki, hazırki tələb Abşeron rayonun inzibati ərazisində yerləşən torpaq sahəsinə hüquq münasibəti ilə əlaqədardır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın DÖvlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 30.04.2021-ci il tarixli məktuba əsasən bildirilmişdir ki, 4 saylı Abşeron Ərazi İdarəsində hüquqmüəyyənedici və texniki sənədlər əsasında daşınmaz əmlakların qeydiyyatı aparılır. Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinə ləğv edilmiş DTXK-nın Abşeron rayon şöbəsi tərəfindən verilmiş JN-2554 nömrəli “torpağın mülkiyyət hüququna dair” dövlət aktı əsasında 0,41 ha torpaq sahəsinin xəritə üzərində hazırki vəziyyəti barədə məlumat verilməsi idarənin səlahiyyətlərinə aid deyil. Bu məqsədlə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin Kadastr və Yerquluşu Layihə-Tədqiqat Mərkəzi MMC-yə müraciət etməsi tövsiyə olunmuşdur. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti tərəfindən iddiaçıya ünvanlanmış 11.06.2021-ci il tarixli məktubla bildirilmişdir ki, Abşeron rayonu üzrə yeni hazırlanmış rəqəmsal kadastr xəritəsində JN-2554 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasənda ona məxsus kənd təsərrüfatı təyinatlı 0,41 ha torpaq sahəsi faktiki istifadə vəziyyətinə uyğun olaraq 0,58 ha kimi qeydə alınmış və peyk çəkilişinə əsasən torpaq sahəsində fərdi yaşayış evi inşa edilmişdir. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrində fərdi yaşayış evlərinin və digər tikinti ilərinin aparılması Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən kateqoriyası dəyişdirildikdən sonra həyata keçirilə bilər. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası” təsdiq edilmişdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Qərara əsasən Abşeron rayonu Sumqayıt İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Odur ki, məhkəmə hazırki işə müstəsna aidiyyət qaydalarına uyğun olaraq Sumqayıt İnzibati Məhkəməsində baxılmasını qanunamüvafiq sayır. İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. İPM-in 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2 – 8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 2, 8, 23.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı məlumatın verilməsi iddia tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar