Məhkəmə qərarları › İş №2-1(112)-9097/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9097/2022

06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9097/2022 06.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X3, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, iddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Atatürk prospekti, 3078 “A” məhəlləsində inşa edilmiş yaşayış binasında D korpusunun 16-cı mərtəbəsində yerləşən 2 otaqdan ibarət 31 saylı mənzilə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X6 izahatında bildirdi ki, iddiaçı ilə "xxxx" MMC arasında Bakı şəhəri, Atatürk prospekti, 3078 “a” məhəlləsində inşa edilmiş yaşayış binasında D korpusunun 16-cı mərtəbəsində yerləşən 2 otaqdan ibarət, ümumi sahəsi 122,44 kv.m olan mənzilin əldə edilməsi ilə bağlı 11 aprel 2003-cü il tarixli müqavilə imzalanmışdır. Bundan əlavə 13 aprel 2003-cü il tarixli kassa mədaxil orderində iddiaçı tərəfindən 36732 ABŞ dolları tam ödəniş həyata keçirildiyi qeyd olunmuşdur. İddiaçı qeyd olunan mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. Cavabdeh orqan imtinanın səbəbi olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, X14 prospekti məhəllə 3078A ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 350 saylı, xx.xx.2020-ci il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibinin "xxxx" MMC göstərildiyi və "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra baxılmasının mümkün olacağı bildirilmişdir. Hazırda qeyd edilən ünvanda sakinlər tərəfindən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınmaqla “Binəqədi 21” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti təsis edilmişdir. “Binəqədi 21” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2022ci il tarixli maliyyə arayışına əsasən iddiaçı tərəfindən qeyd olunan mənzilin dəyəri tam ödənilmişdir və heç bir borcu yoxdur. Cavabdehin imtinası tam əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 izahatında bildirdi ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, X14 prospekti, məhəllə 3078A ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 350 saylı, xx.xx.2020-ci il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi, sifarişçisi "xxxx" MMC göstərilmişdir. Qeyd olunan ünvanda yerləşən yaşayış binası "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra iddiaçı tərəfindən təqdim ediləcək notarial qaydada təsdiq edilmiş müqavilə əsasında qeyd olunan daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparıla bilər. Həmçinin müraciətə əlavə edilən sənədlərdə mənzil barədə tam məlumat (mənzil nömrəsi) qeyd edilməmişdir və müraciət ərizəsi imzalanmamışdır. Mənzilin faktiki ölçüsü 106,1 kv.m təşkil edir. Qeyd olunan səbəblərə görə ərizənin icrası mümkün olmamış, bununla bağlı iddiaçıya xx.xx.2022-ci il tarixli imtina məktubu ünvanlanmışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Bakı şəhəri, Binəqədi rayonu, X14 prospekti, məhəllə 3078A ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının D korpusunun 16-cı mərtəbəsində yerləşən -- saylı mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2022-ci il tarixli müraciətinizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, X14 prospekti, məhəllə 3078A ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 350 saylı, xx.xx.2020-ci il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi (sifarişçisi) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti göstərilmişdir. Qeyd olunan ünvanda yerləşən yaşayış binası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra təqdim ediləcək notarial qaydada təsdiq edilmiş müqavilə əsasında qeyd olunan daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparıla bilər. Həmçinin müraciətinizə əlavə etdiyiniz sənədlərdə mənzil barədə tam məlumat (mənzil nömrəsi) qeyd edilməmişdir. Əlavə olaraq bildiririk ki, müraciətiniz tərəfinizdən imzalanmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. İş materiallarında olan "xxxx" MMC ilə alıcı Rzaizadeh X11 (X2) arasında bağlanmış 11 aprel 2003-cü il tarixli, 73 nömrəli müqavilənin surətindən görünür ki, müqavilənin predmetini Bakı şəhəri, Atatürk prospekti 3078 A məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində layihə sənədlərinə uyğun olaraq qüsursuz və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş, tikinti norma və qaydalarına görə çoxmərtəbəli binaların tikintisi təşkil edir. İcraçı "xxxx" MMC D korpusu, 16-cı mərtəbə 2 otaqdan ibarət, ümumi sahəsi 122,44 kv.m, yaşayış sahəsi 66,88 kv.m təşkil edən mənzili müqavilədə nəzərdə tutulmuş şərtlərlə Alıcı Rzaizadeh X8 təhvil verir. Mənzilin ümumi dəyəri 36732 ABŞ dolları təşkil edir. İş materiallarında olan "xxxx" MMMC tərəfindən verilmiş 06 aprel 2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Rzaizadeh X11 "xxxx" MMC tərəfindən Bakı şəhəri, Atatürk prospekti, 3078 A məhəlləsində yerləşən yeni yaşayış binasında D korpusu, 16-cı mərtəbə, 2 otaqdan ibarət sahəsi 122,44 kv.m olan 31 saylı mənzilin ümumi dəyərini tam ödəmişdir və borcu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx.xx.2022-ci il tarixli MİHO/2.1-2-2022-4614 nömrəli məktubla xx.xx.2020-ci il tarixli, 350 saylı “2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə”nin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Qeyd olunan icazənin təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılmış müayinənin nəticələrinə əsasən yükdaşıyan konstruksiyaların dayanıqlılıq, möhkəmlilik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndiskommunikasiya təminatı sistemlərinin istismara hazırlığı barədə verilmiş müsbət rəy nəzərə alınaraq, xx.xx.2020-ci il tarixindən Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, məhəllə 3078A; 8 girişli: 2 girişi zirzəmili, kürsülü, 17/18 mərtəbəli (Blok A2 və A5); 2 girişi zirzəmili, kürsülü, 18 mərtəbəli (Blok E və A3); 2 girişi zirzəmili, kürsülü, 19 mərtəbəli (Blok B və A4); 2 girişi zirzəmili, kürsülü, 17 mərtəbəli (Blok C və D) yaşayış binasının istismarına icazə verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubla Bakı şəhəri, Binəqədi rayonu, X14 prospekti məhəllə 3078A ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının D korpusundakı daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqları qeydiyyata alınmış mənzillərə dair çıxarış və sənədlər məhkəməyə təqdim edilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, "xxxx" MMC ilə alıcı X2 arasında bağlanmış 11 aprel 2003-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, X14 prospekti məhəllə 3078A ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında D korpusu, 16-cı mərtəbə 2 otaqdan ibarət, ümumi sahəsi 122,44 kv.m təşkil edən 31 saylı mənzil müqavilədə nəzərdə tutulmuş şərtlərlə İddiaçıya satılmışdır. Mənzilin dəyəri iddiaçı tərəfindən ödənilmişdir və qalıq borcu yoxdur. xx.xx.2020-ci il tarixli, 350 saylı “2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə”yə əsasən qeyd olunan yaşayış binasının istismarına icazə verilmişdir. İddiaçı həmin mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. Göründüyü kimi, iddiaçı mənzili "xxxx" MMC-dən əvəzini ödəməklə almış, onun həmin mənzilə görə borcu yoxdur, mənzilin yerləşdiyi bina istismara qəbul edilmiş və müvafiq dövlət orqanları tərəfindən mənzilin istismarına razılıq verilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının aldığı mənzilin yerləşdiyi bina istismara qəbul edildiyi, aldığı mənzilə görə borcu olmadığı üçün, bununla da iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi üçün heç bir əsas olmadığına görə cavabdehin imtinası əsassız hesab edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. Həmin Qanunda MMC tərəfindən inşa edilmiş binada yaşayış və qeyri-yaşayış sahələrinə dair daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı (çıxarışın verilməsi) nəzərdə tutulmamışdır. Hazırkı işdə iddiaçı MMC tərəfindən inşa edilmiş binada yaşayış sahəsi əldə etmiş, yaşayış sahəsinin dəyərini tam ödəmişdir. Məhkəmə hesab edir ki, hazırki mübahisəni tənzimləyən normativ hüquqi akt olmadığından qanunun analogiyasından istifadə edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Bu əsasdan məhkəmə hesab edir ki, hazırki işlə bağlı mübahisənin həllinə aşağıdakı normalar, eyni zamanda «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.6-cı maddəsi tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139-1.1.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə, cavabdeh inzibati orqanın imtina üçün istinad etdiyi halları əsassız hesab edərək həmin halları hüquqların dövlət qeydiyyatından imtina üçün əsas hesab etmir. Belə ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin halları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilərək göstərilmişdir. Həmin maddəyə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Sadalanan əsaslardan hər hansı birinin olması barədə cavabdeh tərəfindən məhkəməyə sübutlar təqdim edilməmişdir. İş materialları ilə də hər hansı halın mövcud olduğu müəyyən edilməmişdir. Cavabdeh inzibati orqan iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin və dəlillərin hüquqların dövlət qeydiyyatı üçün əsas olmadığını sübut edə bilməmişdir. Qanunvericiliyin tələbi baxımından həmin sənədlər hüquqların qeydiyyatı üçün əsasdır. Göründüyü kimi, cavabdeh inzibati orqan hüquqların dövlət qeydiyyatından imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədi. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. "xxxx" MMC tərəfindən Bakı şəhəri, Atatürk prospekti, 3078 “A” məhəlləsində inşa edilmiş yaşayış binasında D korpusunun 16-cı mərtəbəsində yerləşən 2 otaqdan ibarət 31 saylı mənzilə iddiaçı X1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar