Məhkəmə qərarları › İş №2-1(112)-9097/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9097/2023

30.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9097/2023 30.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı “qeydiyyata alınma və şəxsiyyət vəsiqəsinin verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin üzərinə yaşayış yeri üzrə qeydiyyata alınma və Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus hər hansı daşınmaz əmlak mövcud olmadığı və hazırda kirayədə yaşadığı üçün, hər hansı ev ünvanına qeydiyyata düşə bilmir. Məsələ ilə bağlı inzibati binaya qeydiyyata alınması üçün iddiaçı Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə rəsmi qaydada müraciət etmiş müraciəti nəticəsiz qalmışdır. İddiaçı İnsan Hüquqları üzrə Müvəkkil, Ombudsman Aparatına məsələnin hüquqi mexanizminin təşkili qaydası ilə bağlı məlumatlandırılması üçün müraciət ünvanlamışdır. İddiaçının şifahi qaydada aldığı məlumata əsasən etibarlı şəxsiyyət vəsiqəsi olmadan məhkəməyə müraciət etmənin mümkün olmadığı bildirilmiş, daha sonra həmin məlumatın yalnış olduğunu öyrənmişdir. Ombudsman Aparatı tərəfindən həmin idarənin rəisinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s saylı sərəncamı əsas göstərilməklə iddiaçının qeydiyyata alınmalı olduğu bildirilsə də, həmin idarə hələ də məsələnin həllində heç bir addım atmamışdır.

3. Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatı tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 aprel tarixli, 55s saylı Sərəncamının tələblərinə əsasən, yaşayış yeri olmayan Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməli və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” qrafasında həmin ünvan şərti olaraq göstərilməlidir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsasən İddiaçı qeydiyyata alınmasında yardımçı olmağınızı və nəticəsi barədə bizə məlumat verilməsini xahiş edirik.

4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri üzrə qeydiyyata alınması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində nəzərdə tutulan sənədlərdən biri - yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında Daxili İşlər Nazirliyinin ərazi polis orqanlarının və “ASAN xidmət” mərkəzlərindəki qeydiyyat ve şəxsiyyət vəsiqəsi xidmətləri tərəfindən həyata keçirilir. Odur ki, yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş müvafiq sənədlərlə birlikdə istənilən “ASAN xidmət” mərkəzinə müraciət edəcəyiniz təqdirdə yeni yaşayış yeri üzrə qeydiyyata alınaraq şəxsiyyət vəsiqəsi ilə təmin edilə bilərsiniz.

5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Cavabdeh tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixli ərizə ünvanlayaraq məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilərək işə baxılmasını xahiş etmişdir.

7. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

II. İddianın mümkünlüyü

8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

9. Məhkəmə iddianın mümkünlüyü baxımdan işin hallarını yoxlayaraq hesab edir ki, iddia tələbi iddiaya cavab verməli olmayan inzibati orqana qarşı yönəldilmişdir.

10. Belə ki, iddia ərizəsindən aydın olur ki, iddiaçı onun Bakı şəhəri, Nəsimi rayonunda yaşayış yeri üzrə qeydiyyata alınmasını xahiş edir.

11. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin 3-cü hissəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün həmin yerin müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. 12.“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 1999-cu il tarixli 244 nömrəli Fərmanına əsasən 2.2-ci bəndinə əsasən həmin Əsasnamənin 3-cü maddəsinin birinci abzasında, nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir. 13.Göründüyü kimi, qanunvericiliyə əsasən şəxsin yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınması müvafiq ərizə ilə müraciət edilən ünvanın Daxili İşlər Nazirliyinin ərazi polis idarələri tərəfindən həyata keçirilir.

14. İddiaçı hazırda Bakı şəhəri, Nəsimi rayonu üzrə qeydiyyata alınması tələbi irəli sürdüyündən, deməli, bu tələbə cavab verməli inzibati orqan həmin yerin səlahiyyətli qurumu olan Nəsimi rayon Polis Şöbəsidir. 15.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

16. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

17. Hazırkı iddia qeydiyyata alınma öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir.

18. Lakin iş materiallarından iddiaçının hazırkı tələblə Nəsimi rayon Polis Şöbəsinə müraciət etməsi müəyyən olunmur. 19.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 20.Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. 21.İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. 22.Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar