Məhkəmə qərarları › İş №2-1(112)-9098/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9098/2024

24.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9098/2024 24.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdehin X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka -1 qəsəbəsində yerləşən, 1195 saylı bağ sahəsi üzərində hüququn, həmin bağ sahəsinin faktiki ölçü və konfiqurasiyasına uyğun olaraq ölmüş şəxs - X6 məxsus olmasına dair arayışın (çıxarışın) İddiaçı verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, vəfat etmiş X7 onun anasıdır. “Vərəsəlik hüququ haqqında şəhadətnamə”nin verilməsi üçün o, Bakı şəhəri 17 saylı Notariat ofisinə müraciət etmiş və mərhum X2 vərəsəsi kimi tanınmışdır. Bakı şəhər İcra Hakimiyyəti Aparatının X4 və İstismarı Birliyi ilə X7 arasında bağlanmış xx.xx.1982-ci il tarixli, 3007 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka -1 qəsəbəsində yerləşən, 0,25 hektar torpaq sahəsi olan 1195 saylı bağ sahəsi onun istifadəsinə verilmişdir. Sözügdən torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etdi. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi sözü gedən torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edərək, 24 noyabr 2023-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, “elektron kadastr məlumatlarına əsasən göstərilən sahə bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Həmçinin idarənin arxivində olan cizgi ilə torpaq sahəsinin faktiki vəziyyəti arasında perimetrik ölçü və konfiqurasiya uyğunsuzluğu olduğundan sənədlərin göstərilən sahəyə aid olub- olmadığını müəyyən etmək olmamışdır. Həmçinin imtina məktubunda, torpaq sahəsinin şimal hissəsindən hasarboyu 219 mm-lik qaz xəttinin keçməsi, torpaq sahəsinin faktiki ölçüsünün 0,2476 hektar olduğu və sair qeyd edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin torpaq sahəsinə dair hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinasını əsassız hesab edir. Belə ki, sözügedən bağ sahəsinin ayrılması, yerinin müəyyən edilməsi, sxematik xəritənin tərtib edilməsi kimi texniki işlər mərhum anası tərəfindən icra edilmədiyi üçün həmin sənədlərdə hər hansısa uyğunsuzluğa görə o, məsuliyyət daşımır. Ayrılmış bağ sahəsinin yerinin asanlıqla müəyyən edilməsi və yaxud da yerləşmə sxeminə uyğun yerinin dəqiqləşdirilməsi də heç bir çətinlik yaratmır. İmtina məktubunda qeyd edilən nöqsanları aradan qaldırmaq mümkün olduğu halda cavabdeh orqan bunu etməkdən yayınır. Onun əlində sözügedən torpaq sahəsinə dair qüvvədə olan sənəd var və hesab edir ki, həmin sənədə uyğun olaraq, lakin torpaq sahəsinin faktiki ölçüsü əsas götürülməklə həmin bağ sahəsi üzərində hüququn mərhum - X6 məxsus olması haqqında arayışın verilməsi öhdəliyi məhkəmə qərarı ilə cavabdeh orqanın üzərinə qoyulmalıdır. Bundan əlavə, cavabdeh orqanın imtina məktubunda istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” qaydalarında torpaq sahəsinin boru kəmərlərinin mühafizə zonasında yerləşməsinə görə həmin torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina üçün əsas olması barədə heç bir qeyd yoxdur. Qeyd olunanlara əsasən hesab edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 qəsəbəsində yerləşən, 1195 saylı bağ sahəsi üzərində hüququn, həmin bağ sahəsinin faktiki ölçüsü nəzərə alınmaqla ölmüş şəxs - X6 məxsus olmasına dair arayışın verilməsi öhdəliyi məhkəmə qərarı ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.

3. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən sahə bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Həmçinin idarənin arxivində olan cizgi ilə torpaq sahəsinin faktiki vəziyyəti arasında perimetrik ölçü və konfiqurasiya uyğunsuzluğu olduğundan sənədlərin göstərilən sahəyə aid olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin şimal hissəsindən hasarboyu 219 mm-lik qaz xəttinin keçdiyi, icarə müqaviləsində və arxiv cizgisində göstərilən ev və digər tikililərin faktiki mövcud olmadığı müəyyən edilmişdir. Bundan başqa təqdim olunan müqavilədə və müqavilənin arxiv nüsxəsində torpaq sahəsinin nömrəsində həqiqiliyi təsdiqlənməmiş düzəliş edilmişdir. Qeyd olunanlarla yanaşı, torpaq sahəsinin sənəd üzrə ölçüsü 0.25 ha olsa da, faktiki 0.2476 ha təşkil edir.

4. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Vişnyovka-1 qəsəbəsində yerləşən, 0.25 hektar torpaq sahəsi olan 1195 saylı bağ sahəsinin üzərində olan tikili ilə icarəyə verilməsinə dair keçmiş X4 və istismarı Birliyi ilə X7 (sənəddə olduğu kimi) arasında bağlanılmış xx.xx.1982-ci il tarixli, 3007 nömrəli müqavilə idarənin arxivində mövcuddur.

5. Cavabdeh iddiaya dair yazılı etirazını onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatlarına əsasən göstərilən sahə bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Həmçinin idarənin arxivində olan cizgi ilə torpaq sahəsinin faktiki vəziyyəti arasında perimetrik ölçü və konfiqurasiya uyğunsuzluğu olduğundan sənədlərin göstərilən sahəyə aid olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin şimal hissəsindən hasarboyu 219 mm-lik qaz xəttinin keçdiyi, icarə müqaviləsində və arxiv cizgisində göstərilən ev və digər tikililərin faktiki mövcud olmadığı müəyyən edilmişdir. Bundan başqa təqdim olunan müqavilədə və müqavilənin arxiv nüsxəsində torpaq sahəsinin nömrəsində həqiqiliyi təsdiqlənməmiş düzəliş edilmişdir. Qeyd olunanlarla yanaşı, torpaq sahəsinin sənəd üzrə ölçüsü 0.25 ha olsa da, faktiki 0.2476 ha təşkil edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” qaydalarının 2.7-ci bəndinin tələblərinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir və boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul etməyinizi xahiş edirik.

6. Bakı şəhər İcra Hakimiyyəti Aparatının X4 və İstismarı Birliyi ilə X7 arasında bağlanılmış xx.xx.1982-ci il tarixli, 3007 nömrəli müqaviləyə əsasən, Bakı şəhəri Sabunçu rayonu, Vişnyovka -1 qəsəbəsində yerləşən 0,25 hektar torpaq sahəsində olan 1195 saylı bağ sahəsi istifadəyə verilmişdir.

7. 268055 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X7 xx.xx.1990-cı il tarixdə vəfat etmişdir.

8. ünvan 1 ünvanlanan xx.xx.2023-cü il tarixli 691 nömrəli məktubunda qeyd edilmişdir ki, X1 hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmadığından «Daşınmaz əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə və «Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrində arayışın verilməsi haqqında» Təlimatın 7-ci bəndinə uyğun olaraq miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş çıxarışın, və ya forma 1№ arayışını, dublikatın və bu barədə müvafiq məlumatın İddiaçı və ya onun etibarnamə üzrə nümayəndəsinin vasitəsi ilə verilməsini təmin etməyinizi xahiş edilir.

9. Cavabdehin məhkəməyə ünvanlandığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, torpaq (bağ) sahəsinin sərhədləri üç tərəfdən iki sıra mişar daşı düzülərək, cənub tərəfdən isə qonşu hasarla ayrılmışdır. Faktiki sahəsi 0.2476 ha təşkil edir. Eyni zamanda sözügedən sahənin şimal hissəsindən 1.3-4.2 metr aralığından 220 mm diametrində qaz xətti keçir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Göstərilən sahədə sxematik xəritədə bağ nömrəsi qeyd olunmamışdır.

10. Cavabdehin məhkəməyə ünvanlandığı xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, mərhum X3 aid Bakı şəhəri Vişnyovka -1 bağ massivi 1195 saylı bağa baxış keçirilərkən torpaq sahəsinin faktiki olaraq 0,2476 ha olduğu, bağ sahəsinin sərhədlərinin 3 tərəfdən 2 sıra daşı düzülüb, cənub tərəfdən isə qonşu hasarla ayrıldığı. Bağ sahəsində 1-s/q tiklinin olduğu. Bağ sahəsinin şimal hissəsindən 1.3 - 4.2 m. aralığından 220 mm diametrində qaz xətti keçdiyi qeyd edilmişdir.

11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun olaraq izahat verməklə iddianın rədd edilməsini xahiş etdi.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

I. İddianın növü və mümkünlüyü

13. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

14. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

15. İddia mümkündür.

II. Məhkəmənin mövqeyi

16. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Aparatının X4 və İstismarı Birliyi ilə mərhum X7 arasında bağlanılmış xx.xx.1982-ci il tarixli 3007 nömrəli müqaviləyə əsasən Bakı şəhəri Vişnyovka -1 qəsəbəsində yerləşən 0,25 hektar torpaq sahəsində olan 1195 saylı bağ sahəsi istifadəyə verilmişdir, həmin şəxs isə xx.xx.1990-cı il tarixdə vəfat etmişdir. ünvan 2 ünvanlanmış məktubuna əsasən iddiaçı vəfat etmiş şəxsin varisidir. Notariat ofisi tərəfindən cavabdehə məktub ünvanlanaraq sözügedən əmlaka dair ölmüş şəxsin adına hüquqmüəyyənedici sənəd verilməsi xahiş edilmişdir.

17. Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüqqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarrrında göstərilən qaydada başqa şəxslərə keçir.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1. Şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsində qeyd olunmuşdur: “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”.

20. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

21. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

22. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

23. Azərbaycan Respublikası Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

25. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

26. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhər İcra Hakimiyyəti Aparatının X4 və İstismarı Birliyinin xx.xx.1982-ci il tarixli 3007 nömrəli müqaviləsinə əsasən Bakı şəhəri Vişnyovka -1 qəsəbəsində yerləşən 1195 saylı 0,25 hektar torpaq sahəsi iddiaçının mərhum anasına ayrılmışdır. Torpaq sahəsi geri alınmamış, bağ sahəsinin ayrılmasına dair müqavilə qüvvədədir və sahə ilə bağlı mübahisə yoxdur.

27. Cavabdeh orqan tərəfindən imtinanın əsası elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin yerləşməsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi olmuşdur.

28. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən bildirilən dəlil bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsindən imtina üçün əsas ola bilməz.

29. Belə ki, inzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında mümkün uyğunsuzluğu aradan qaldırmaqla bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü verilməlidir.

30. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

31. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə sorğusu nəticəsində əldə olunan bağ sahələrinin sxematik xəritəsinin və ortofotosunun qarşılaşdırılması zamanı iddiaçının faktiki istifadəsində olan bağ sahəsinin “1195” saylı bağ sahəsinə uyğunluğu müəyyən olunur.

32. Məhkəmə eyni zamanda qeyd edir ki, hüquqmüəyyənedici sənədlə 1195 saylı bağ sahəsinin ölçüsü 0,25 ha olaraq qeyd olunsa da, faktiki ölçüsü 0,2476 ha təşkil edir. İddiaçının hazırki tələbi isə faktiki istifadəsində olan 0,2476 ha torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasıdır.

33. Cavabdehin imtinasının digər dəlili göstərilən torpaq sahəsinin şimal hissəsindən hasarboyu 219 mm-lik qaz xəttinin keçdiyi olmuşdur.

34. Bununla bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” qaydalarının 2.7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir və boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır.

35. Mübahisəli ünvanda yerləşən iddiaçının istifadəsində olan torpaq sahəsi sözügedən «Qaydalar» qəbul edilənə qədər, yəni Bakı şəhər İcra Hakimiyyəti Aparatının X4 və İstismarı Birliyinin xx.xx.1982-ci il tarixli müqaviləsi ilə mərhum anasına ayrılmışdır.

36. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının anasının istifadəsinə verilmiş torpaq sahəsinə dair müqavilə qüvvədədir, torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil, həmin torpaq sahəsinin faktiki olaraq ölçüsü 0,2476 ha olmaqla iddiaçının istifadəsindədir, torpaqla bağlı hər hansı mübahisə mövcud deyil. İddiaçı məhz qanuni istifadəsində olan torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatını tələb edir.

37. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

38. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuni hesab edilə bilməz və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

39. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

40. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

41. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

42. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka -1 qəsəbəsində yerləşən 1195 nömrəli bağ sahəsinə dair mülkiyyət hüququnun mərhum X2 məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar