Məhkəmə qərarları › İş №2-1(112)-910/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-910/2022

14.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-910/2022 14.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «faiz borcunun silinməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «faiz borcunun silinməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı 2007-ci ildə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçdikdən sonra vergi ödəyicisi kimi uçota alınaraq fəaliyyət göstərir (VÖEN **********). Müəssisə tikinti fəaliyyəti ilə məşğuldur. 17 may 2018ci il tarixdə müəssisənin 141.298,58 manat əsas borcu, 81.834,97 manat faiz borcu mövcud idi. 2 iyun 2018-ci il tarixdə 109.985 manat vergi borcu (28.150,03 manat əsas borc, 81.834,97 manat faiz borcu) ödənilmiş və həmin tarixə müəssisənin əsas borc üzrə 113.642,40 manat borcu qalmış, faiz borcu isə qalmamışdır. 20 iyun 2018-ci il tarixdə müəssisəyə 117.391,42 manat məbləğində əsas borc, 52.220,71 manat məbləğində isə faiz borcu hesablanmışdır. Şəxsi hesab vərəqəsində həmin borcun məhkəmənin 20 fevral 2017-ci il tarixli qətnaməsi ilə əsasında hesablandığı qeyd olunmuşdur. Müəssisə ilə bağlı həmin tarixdə heç bir məhkəmə qətnaməsi olmamış, yalnız 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 2-1(81)-4314/2016 saylı iş üzrə 15 dekabr 2016-cı il tarixli qərar qəbul etmiş və həmin məhkəmə aktında İddiaçı 16 avqust 2016-cı il tarixə dövlət büdcəsinə ödənilməmiş 77.356,35 manat məbləğində borcunun təmin edilməsi məqsədi ilə 500.000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması qərara alınmışdır. 20 iyun 2018-ci il tarixdə hesablanmış 52.220,71 manat faiz borcu artaraq 30 noyabr 2018-ci il tarixdə müəssisə tərəfindən 59.940 manat məbləğində vergi borcu ödənilmiş, əsas borc üzrə 50.492,86 manat qalmış, lakin faiz borcu 5 ay 10 gün ərzində artaraq 73.756,41 manat olmuşdur. 30 iyun 2019-cu il tarixdə əsas borc sabit qalaraq 50.492,86 manat olsa da, faiz borcu artaraq 81.864,94 manat olmuşdur. Bu günkü tarixə müəssisənin vergi üzrə əsas borcu 100 manat, faiz borcu 87.537,70 manatdır. Müəssisə tərəfindən cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəilrlər Baş İdarəsinə 5 mart 2021-ci il tarixdə məktub ünvanlanaraq, həmin faiz borcunun hansı əsaslarla hesablanması və silinməsi xahiş olunmuşdur. Lakin cavabdeh tərəfindən heç bir əsaslandırma olmadan, formal cavab verilmiş və müraciətin təmin olunmasından imtina edilmişdir. Cavabdehin İddiaçınə 87.537,70 manat faiz borcu hesablaması tamamilə qanunsuz və əsassızdır. Belə ki, 2 iyun 2018-ci il tarixdə müəssisə tərəfindən faiz borcu tam ödənilmiş, həmin dövr üzrə 113.642,40 manat əsas borc qalmışdır. 18 gün keçdikdən sonra, yəni 20 iyun 2018-ci il tarixdə 52.220,71 manat faiz borcu yaranmış bu borc həmin tarixdən 5 ay 10 gün sonra, yəni 30 noyabr 2018-ci il tarixdə əsas borc 50.492,86 manat olsa da, faiz borcu artaraq 73.756,41 manat olmuş, növbəti 5 aydan sonra, yəni 30 aprel 2019-cu il tarixdə həmin əsas borca münasibətdə faiz borcu artaraq 81.864,94 mant olmuşdur. Göründüyü kimi, faiz borcu heç bir əsas olmadan hesablanmış, həmçinin Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 59-cu maddəsinə zidd olaraq artmışdır. Həmin Məcəllənin 59.1 maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən bu Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Bu faiz səyyar vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə həmin vergi məbləğlərinin vergi ödəyicisinə hesablandığı gündən tətbiq edilir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 12, 26, 60, 71, 73-cü maddələrinə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8, 24, 53, 85-ci maddələrinə, İPM-in 2.1, 32.1, 34.1-ci maddələrinə əsaslanaraq, cavabdeh tərəfindən iddiaçıya hesablanmış 87.537,70 manat faiz borcunun silinməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 1 iyun 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi İddiaçı iddia tələbinə etiraz edir. İddiaçı (VÖEN **********) şəxsi hesab vərəqəsinə əsasən 1 iyun 2021-ci il tarixə 87.537,70 manat məbləğində faiz borcu mövcuddur. İddiaçı tərəfindən mübahisələndirilən faiz borcu bunlardan ibarətdir – “torpaq vergisi” 15 avqust 2016-cı il tarixə 113,43 manat, 15 noyabr 2016-cı il tarixə 113,43 manat, 15 avqust 2017-ci il tarixə 90,12 manat, 15 noyabr 2017-ci il tarixə 61,53 manat, 15 avqust 2018-ci il tarixə 113,42 manat, 15 noyabr 2018-ci il tarixə 113,41 manat, 15 avqust 2019-cu il tarixə 113,73 manat, 15 noyabr 2019-cu il tarixə 95,09 manat; “bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi” 20 aprel 2017-ci il tarixə 19.232,53 manat, 20 iyul 2017-ci il tarixə 16.344,06 manat, 20 oktyabr 2017-ci il tarixə 10.384,06 manat, 22 yanvar 2018-ci il tarixə 10.994,61 manat, 20 aprel 2018-ci il tarixə 3.366,36 manat, 20 iyul 2018-ci il tarixə 26.401,91 manat, cəmi 87.537,70 manat. İddiaçı vergi borcu özünün təqdim etdiyi hesabatlara əsasən vergi məbləğlərinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilməməsi ilə əlaqədar hesablanmış faiz məbləğlərindən ibarətdir. İddiaçı iddia ərizəsində 2 iyun 2018-ci il tarixdə faiz borcunun tam ödənildiyi, həmin dövr üzrə 113.642,40 manat əsas borcun qaldığını iddia edir. Əsas borc tam ödənilmədikdə faiz borcunun ödənilməsi mümkün deyil. Belə ki, Vergi Məcəlləsinin 88.1-ci maddəsinə əsasən vergilər üzrə yaranmış borc bu Məcəllənin 85.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı sıra qaydası ilə ödənilir: (88.1.1) yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği; (88.1.2) hesablanmış faizlərin məbləği; (88.1.3) tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği. Göründüyü kimi, vergi ödəyicisi tərəfindən edilən ödənişlər ilk öncə əsas borca və yalnız əsas borc tam ödənildikdən sonra faiz borcuna yönəldilir. Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə, İPM-in 58.7-ci maddəsinə, Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsaslanaraq, İddiaçı iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılması məhkəmədən xahiş edilir. Cavabdeh tərəf iddiaya etirazına aşağıdakı məzmunda “etiraza əlavə” təqdim etmişdir: - 2 iyun 2018-ci il tarixdə həyata keçirilən 109.985 manat məbləğində ödəniş Azərbaycan Respublikası Vergi Məcəlləsinin 88.1.1-ci maddəsinə əsasən yaranma tarixi ardıcıllığı ilə hesablanmış 66.634,08 manat əsas verginin məbləğinə aid edilmiş, qalan 43.350,92 manat vəsait isə, həmin tarixdə mövcud olan 102.313,98 manat faiz borcuna qismən yönəldilməklə, həmin dövrə 58.963,06 manat faiz borcu qalmışdır. Qeyd edilənlər şəxsi hesab vərəqəsi ilə öz təsdiqini tapır. Göründüyü kimi, iddiaçının iddia ərizəsində irəli sürdüyü dəlillərin hər hansı əsası yoxdur. Göstərilənləri nəzərə alaraq, hesablanmış faiz borcunun silinməsi üçün hər hansı əsas mövcud deyil. Bu səbəbdən, İddiaçı 87.537,70 manat məbləğində faiz borcunun silinməsinə dair iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 29-1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müvafiq müddəaları tətbiq olunur. MPM-in 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Məhkəmənin 8 oktyabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur: - İddiaçı müvafiq vergi borcları üzrə məbləğlərə, o cümlədən 1 iyun 2018-ci il tarixədək yaranmış vergi borcuna görə sonrakı ödəmələr də nəzərə alınmaqla vergi ödəyicisi kimi şəxsi hesab vərəqəsində əks olunmuş faiz borcunun düzgün hesablanmasının müəyyən edilməsi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə ünvanlanmış 12 noyabr 2021-ci il tarixli məktubu ilə Mərkəzin ekspertinin həmin tarixli 9/7657 nömrəli rəyi təqdim edilmişdir. Rəydə (tədqiqatın nəticə hissəsində) aşağıdakılar bildirilmişdir: - Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, İddiaçı müvafiq vergi borcları üzrə məbləğlərə, o cümlədən 1 iyun 2018-ci il tarixədək yaranmış vergi borcuna görə sonrakı ödəmələr də nəzərə alınmaqla vergi ödəyicisi kimi şəxsi hesab vərəqəsində əks olunmuş faiz borclarının düzgün hesablanmaması müəyyən olunur. Həmçinin, İddiaçı şəxsi hesab vərəqəsinin son yazılış tarixinə, yəni 30 yanvar 2021-ci il tarixə faiz borcu 30.018,09 manat müəyyən edilir. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məhkəməyə ünvanlanmış 20 dekabr 2021-ci il tarixli məktubunda ekspert rəyinə aşağıdakı məzmunda mülahizə bildirilmişdir: - Bakı İnzibati Məhkəməsinin 8 oktyabr 2021-ci il tarixli qərardadı ilə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və həmin qərardad üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 12 noyabr 2021-ci il tarixli 9/7657 nömrəli ekspert rəyi təqdim edilmişdir. Hesab olunur ki, təqdim edilmiş ekspert rəyi işin faktiki halların əhatə etmədiyindən, iş üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz. İlk növdədə məhkəmənin nəzərinə çatdırılır ki, Azərbaycan Respublikası Vergilər nazirinin 28 dekabr 2018-ci il tarixli **********501600 nömrəli əmri ilə təsdiq edilmiş «Vergi orqanlarında hesablanmış və ödənilmiş vəsaitlərin uçotunun aparılması Qaydaları»nın 3.8-ci bəndində şəxsi hesab vərəqəsinin növü kimi “faiz hesablanması məqsədləri üçün” istifadə edilən vərəqə öz əksini tapmışdır və faiz hesablamaların açıqlaması həmin vərəqədə öz əksini tapır. İddiaçı “faiz hesablanması məqsədləri üçün” vərəqəsinin iş materiallarında olmasına baxmayaraq, ekspert tərəfindən həmin vərəqə ümumiyyətlə nəzərə alınmamışdır. Belə ki, həmin vərəqəyə əsasən 2 iyun 2018-ci il tarixə (109.985 manat vəsaitin ödənildiyi tarixə) vergi ödəyicisinin 66.634,08 manat ödəmə müddəti çatmış əsas borcu və 102.313,98 manat faiz borcu mövcud olmuşdur. 2 iyun 2018-ci il tarixdə həyata keçirilən 109.985 manat məbləğində ödəniş Azərbaycan Respublikası Vergi Məcəlləsinin 88.1.1-ci maddəsinə əsasən yaranma tarixi ardıcıllığı ilə hesablanmış 66.634,08 manat əsas verginin məbləğinə aid edilmiş, qalan 43.350, 92 manat vəsait isə həmin tarixdə mövcud olan 102.313,98 manat faiz borcuna qismən yönəldilməklə, həmin dövrə 58.963,06 manat faiz borcu qalmışdır (66.634,08 + 43.350,92 = 109.985 manat). Eyni zamanda, ödənişin faiz borcuna qismən aid edilməsindən sonra qalan 58.963,06 manat faiz borcunun üzərinə 2016-cı ilin 1-ci rübü üçün “bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi” üzrə bəyan edilmiş 134.580,6 manat verginin 65.630 manat hissəsinin ödənişinin 28 gün ərzində gecikdirilməsinə görə əlavə olaraq 1.837,7 manat faiz borcu hesablanmış, 20 iyul 2018-ci il tarixə vergi ödəyicisinin faiz borcu 60.800,76 manat təşkil etmişdir. Qeyd edilən tarixə 2016-cı il üzrə “bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi”nin 110.432,86 manat hissəsinin ödəniş müddəti çatmış, vergi borcu ödənilmədiyinə görə faizlərin hesablanması davam etdirilmişdir. Ekspert isə, 2 iyun 2018-ci il tarixə ödənilmiş 109.985 manat vəsaiti Azərbaycan Respublikası Vergi Məcəlləsinin 88.1.1-ci maddəsinin tələblərini nəzərə almadan faiz borcuna aid etmişdir. Belə ki, ekspert rəyinə əsasən 109.985 manat ödəniş vergilər üzrə vərəqədə həmin tarixə əks olunan 81.834,97 manat faiz borcuna və daha sonra əsas borca yönəldilmişdir. Ekspert rəyinə əsasən ödəniş ödənilməmişdən öncə vergi ödəyicisinin 141.298,58 manat əsas borcu mövcud olmuş, 109.985 manat ödəniş edildikdən sonra 113.642,40 manat əsas borc qalmış və faiz borcu tam silinmişdir. Ekspert rəyini əsas götürdükdə, vergi ödəyicisinin ümumilikdə 109.491,15 manat (əsas borcdan silinmiş 27.656,18 manat + 81.834,97 manat faiz borcu) ödənişi qəbul edilmişdir. Göründüyü kimi, ekspert rəyində qeyd edilənlər sadə riyazi hesablamalarla öz təsdiqini tapmır. Həmçinin, Vergi Məcəlləsinin 88.1-ci maddəsinə əsasən vergilər üzrə yaranmış borc bu Məcəllənin 85.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı sıra qaydası ilə ödənilir: (88.1.1) yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği; (88.1.2) hesablanmış faizlərin məbləği; (88.1.3) tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği. Göründüyü kimi, vergi ödəyicisinin vaxtı çatmış əsas borcu mövcud olduğu halda ödənişin faizlərə yönəldilməsi mümkün deyil. Ekspert tərəfindən isə, tam qanuna zidd bir mövqe göstərilmişdir. Vergi ödəyicisinin həmin tarixə 141.298,58 manat ödəmə müddəti başa çatmış əsas borcu mövcud olsa idi, edilmiş bütün ödəniş yalnız əsas borca yönəldilərdi. Ekspert tərəfindən nəzərə alınmayan daha bir məqam isə, 2016-cı ildə qüvvədə olan qanunvericilik olmuşdur. Belə ki, vergi ödəyicisinin vergiləri torpaq vergisi və bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün 2016-cı il üzrə sadələşdirilmiş vergidən (BTFSV) ibarət olmuşdur. Həmin dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 221.5-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər hər bir tikinti sahəsi üçün sadələşdirilmiş vergini bu Məcəllənin 220.8-ci maddəsində nəzərdə tutulmuş qaydada tikinti-quraşdırma işlərinin başlandığı rübdə hesablayır və həmin rübdən sonrakı ayın 20dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə vergi orqanına bəyannamə təqdim edir, həmin maddədə nəzərdə tutulmuş bəyannamə vergi orqanına təqdim edildikdən sonra hesablanmış vergi bərabər hissələrlə 10 faiz həcmində hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq öhdəlik tam yerinə yetirilənədək dövlət büdcəsinə ödənilir. Vergi ödəyicisinin vergilər üzrə vərəqəsinə nəzər yetirdikdə (yazılış tarixi 12 aprel 2016-cı il) BTFSV 2016-cı il üzrə müvafiq hesablamaların aparıldığı görsənir və həmin tarixə vergi ödəyicisinin “qalıq” qrafasında 1.218.812,87 manat borc əks edilmişdir. Lakin “ödəmə tarixi” qrafasında həmin verginin rüblər üzrə son ödəniş tarixi əks olunur ki, faizlərin hesablanması da məhz ödəmə tarixi əsas götürülərək həyata keçirilir. Vergilər üzrə və faiz hesablanması məqsədləri üçün istifadə edilən vərəqələr arasında fərq də məhz bu səbəbdən yaranmışdır: vergilər üzrə vərəqədə hesablanmış bütün vergi yazılış tarixi ilə şəxsi hesab vərəqəsinə daxil edilmiş, “qalıq” qrafasında əks olunan borcların tərkibində həm ödəmə müddəti çatmış, həm də ödəmə müddəti çatmamış borclar əks olunmuşdur. Faiz hesablanması məqdsədləri üçün isə, yalnız ödəmə müddəti çatmış ödənilməyən vergi borcları əsas götürülür. Ekspert tərəfindən isə, qeyd edilən xüsusatlar nəzərə alınmamışdır. Bu səbəbdən, faizlərin hesablanmasının açıqlaması “faiz hesablanması məqsədləri” üçün istifadə edilən vərəqədə aydın şəkildə öz əksini taparaq hesablamalarda hər hansı uyğunsuzluğun olmadığını, ekspert rəyinin və iddia tələbinin əsassız olduğunu sübut edir. Əlavə olaraq, 39.610,84 manat məbləğin düzgün hesablanmadığını və qətnamənin iş materiallarında olmadığını bildirir. 16 dekabr 2016-cı il tarixli qətnaməyə əsasən vergi ödəyicisinin siyahıya alınmış əmlakının açıq hərracda satılması ilə bağlı qərar qəbul edilmişdir. Həmin qətnamə vergi orqanına 20 fevarl 2017-ci il tarixdə daxil olduqdan sonra “Vergilər üzrə vərəqə”də 39.610,84 manat azaldılaraq (vergilər üzrə vərəqənin 3-cü səhifəsi, yazılış tarixi 5 aprel 2017-ci il), “Əmlaka yönəldilən məbləğ üzrə vərəqə”yə daxil edilmişdir. Sonradan vergi ödəyicisi tərəfindən borc ödənildiyinə görə əmlakın satılması zərurəti aradan qalxmış, həmin məbləğ “Əmlaka yönəldilən məbləğ üzrə vərəqə”dən “Vergilər üzrə vərəqə”yə daxil edilmişdir və vergi ödəyicisinin vergi öhdəliyinin artmasına səbəb olmamışdır. Yuxarıdakılara əsasən qeyd edilir ki, hesablamalara dair hər hansı araşdırma aparılmadan və sübutlara istinad edilmədən ekspert rəyi verilmişdir. Göstərilənləri və İPM-in 58.7-ci maddəsinin, MPM-in 76.1-ci maddəsinin tələblərini nəzərə alaraq, Məhkəmə Ekspertizası Mərkəzinin 12 noyabr 2021-ci il tarixli 9/7657 saylı ekspert rəyinin iş üzrə mötəbər sübut kimi qiymətləndirilməməsi və bu səbəbdən sübutlar sırasından çıxarılması məhkəmədən xahiş olunur. Məhkəmə iclasın iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələri sırasına aiddir. Həmin Məcəllənin 23.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüquqlarına daxildir. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. Həmin Məcəllənin 59.1-ci maddəsinə görə vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən bu Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Bu faiz səyyar vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə həmin vergi məbləğlərinin vergi ödəyicisinə hesablandığı gündən tətbiq edilir. Həmin Məcəllənin 62.1-ci maddəsinə görə hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər (8.1.1 – 8.13-1-ci maddələrindən başqa) hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Nizami rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə vurğulayır ki, iddiaçının vergi ödəyicisi kimi hazırda ona faiz hesablanmasını mübahisələndirmək üzrə subyektiv hüququ olduğundan (faiz borcu vergi ödəyicisi kimi iddiaçı üçün vergi öhdəliyi – hüquqi nəticə yaradır), cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi bu iddiaya cavab verməli olduğundan, iddianın mümkünlüyünü istisna edən digər hal mövcud olmadıından (o cümlədən iddianın növünə görə iddia müddəti nəzərdə tutulmur), iddia mümkün iddiadır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdeh inzibati orqanın yerləşdiyi yer (Bakı şəhərinin Nizami rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. İddia ərizəsi məhkəmənin icraatına 1 oktyabr 2021-ci il tarixdən əvvəlki dövrdə daxil olduğundan, hazırkı iddia İPM-in 8.1.2-ci maddəsinin həmin tarixdən qüvvədə olan tələbləri ilə tənzimlənmir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 88.1-ci maddəsinə əsasən vergilər üzrə yaranmış borc bu Məcəllənin 85.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı sıra qaydası ilə ödənilir: (88.1.1) yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği; (88.1.2) hesablanmış faizlərin məbləği; (88.1.3) tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği. Hazırkı iş üzrə mübahisə predmeti ondan ibarətdir ki, iddiaçının “bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi” və “torpaq vergisi” üzrə mövcud borcuna görə ödənişlər aparmış, cavabdeh tərəfindən onun şəxsi hesab vərəqəsində həmin borc və ödənişlər əks olunmaqla vergi borcuna azalmalar aparılmışdır. Lakin bu ödənişlərin onun əsas vergi borcuna və faiz borcuna aid edilməsi üzrə xüsusatlar iddiaçını qane etmədiyindən, vergi ödəyicisi kimi ona münasibətdə qalıq faiz borcunu mübahisələndirir. Göründüyü kimi, mübahisə predmeti olan faiz borcu vergi ödəyicisinin vergi borcları və ödənişlərinin tarix və məbləğləri nəzərə alınmaqla şəxsi hesab vərəqəsində əks olunan qalıq məbləğlərinin məcmusudur və onun hesablanması nəzərə alınan həmin xüsusatlara görə xüsusi bilik tələb edən haldır. Bu səbəbdən də, məhkəmə iş üzrə aidiyyəti orqandan alınmış ekspert rəyinin qiymətləndirilməsini zəruri sayır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 12 noyabr 2021-ci il tarixli 9/7657 nömrəli ekspert rəyində Vergi Məcəlləsinin 88.1ci maddəsinə istinad olunaraq İddiaçı müvafiq dövrlərdə ödənişləri nəzərə alınmaqla, onun 30.018,09 manat faiz borcunun mövcud olması nəticəsi əldə olunmuşdur. Məhkəmə hazırkı iş üzrə alınmış 12 noyabr 2021-ci il tarixli 9/7657 nömrəli ekspetiza rəyi ilə razılaşmamaq üzrə hər hansı əsas müəyyən etmir, rəyi qoyulan məsələlər üzrə əsaslandırılmış qiymətləndirir. MPM-in 103.2-ci maddəsinə görə ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddia qismən, yəni “57.519,61 (87.537,70 – 30.018,09) manat faiz borcunun silinməsi” hissəsində əsaslıdır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, İddiaçınə hesablanmış 57.519,61 manat faiz borcunun silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçınə hesablanmış 57.519,61 manat faiz borcunun silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar