Məhkəmə qərarları › İş №2-1(112)-9100/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9100/2024

13.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9100/2024 13.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “qərarın və dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Gənc Alim” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Yasamal-68” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin ümumi yığıncağının xx.xx.2023-cü il tarixli qərarının və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət reyestrində aparılmış xx.xx.2023-cü il tarixli, 1123-MM10-0297 saylı qeydiyyatın ləğv edilməsi öhdəliyinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində Xidmətlər Baş idarəsinin (əvvəlki Qeydiyyat Notariat Baş idarəsinin) üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində "xxxx" mənzil istehlak kooperativinin bir qrup üzvlərinin təşəbbüsü ilə altmış nəfər iclas keçirərək “Alimlər” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini təsis etmişlər. Lakin sənədlərdə 124 nəfərin (yüz iyirmi dörd) iştirakı haqda siyahı tərtib edilərək Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat idarəsinə təqdim etmişlər. “Alimlər” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti xx.xx.2023-cü il tarixdə ümumi yığıncaq keçirərək “Alimlər” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin adının dəyişdirilməsi və nizamnamədə dəyişikliklər edilməsi barədə qərar qəbul etmişdir. Hər iki qərar Qərar lehinə 124 (yüz iyirmi dörd) nəfər, əlehinə 0 olmaqla qərar qəbul etmişdir. Qərar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilmiş və xx.xx.2023 tarixli, 1123- MM10-0297 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Hesab edirlər ki, “Alimlər” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin xx.xx.2023-cü il tarixdə ümumi yığıncağının qərarı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyininin dövlət reyestrində xx.xx.2023 tarixli 1123-MM10-0297 qeydiyyatı etibarsız hesab edilməlidir. Əslində bu siyahı iclasdan xeyli əvvəl komunal xərclərin artırılmasına etiraz adı ilə imzalanmışlar, imza atmayanların yerinə isə Boran Əziz və onun tərəfdarları tərəfindən saxta imza çəkilmişdir. Onlar xx.xx.2023-cü il tarixində isə heç bir iclas keçirmədən 124 nəfər əvvəlki eyni siyahı ilə saxta protokol tərtib edərək “Alimlər” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin adını dəyişdirərək “Yasamal-68” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti olması barədə qərar qəbul etmişlər. "xxxx" Mənzil istehlak Kooperativinin sahə mülkiyyətçilərinin 260 nəfər üzvündən yığıncaqda iştirak edən mülkiyyətçilərin sayının 124 nəfərdən (yüz iyirmi dörd) ibarət göstərilmişdir. xx.xx.2023-cü il tarixində Boran Əzizin xahişi ilə Ədliyyə Nazirliyinə təqdim etmək üçün "xxxx" MİK üzvlərinin sayı 237 göstərilmişdir. Sonradan arayışda sahə mülkiyyətçilərinin sayının düz göstərilmədiyinə görə Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat idarəsinə məktubla müraciət edilmişdir. Adlarının protokolda qeyd olunmasına baxmayaraq, yığıncaqda iştirak etməyən və protokolda adlarının qarşısında başqa şəxslərin imza etməsinə görə bir qrup sakinlər Yasamal rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişlər. Onlar hesab edirlər ki, “Yasamal-68” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin təsis olunması üçün keçirilən yığıncaq və qəbul edilmiş qərarlar və tərtib edilmiş protokol saxtadır. Hazırda məhkəmə prosesi davam edir və müraciət edənlərin imzalarının yoxlanılması imza nümunələri Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. Cəmiyyətin protokolunun qanuni olması və iclasın legitim hesab edilməsi üçün cəmiyyətin 260 üzvülərinin yarısından çoxu, ən azı 131 üzv həmin yığıncaqda iştirak etməli idi. Amma qeyd olunan təsis yığıncağında cəmi 124 nəfərin adı qeyd olunmuş, onlardan da bir çoxları qeyd olunan yığıncaqda iştirak etməmişdir. Digər tərəfdən yığıncaqda faktiki iştirak edənlərin imzalı siyahısından çəkilmiş telefotoşəkil (iclasın başlanmasından 12 dəqiqə sonra çəkilmiş 18 iyun 2023-cü il saat 17:12) bir daha sübut edir ki, Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat idarəsinə təqdim edilmiş siyahı həqiqəti əks etdirmir. Həmin siyahı təsis iclası zamanı yox, başqa vaxt tərtib edilmişdir. Bunu hər iki siyahını müqaisə etdikdə görünür. Belə ki, siyahılarda eyni mənzillər üçün fərqli şəxslərin imzaları var (hətta siyahıda MİK-in üzvü olmayan şəxslərin imzaları var). Hətta 60 nəfərlik siyahıda 20 nəfər MİK-in üzvü olmayan şəslər yazılaraq imzalanıb. X2 və X19 oglu 1 və 2 ci səhifədə təkrar yazılaraq eyni şəxs tərəfindən imzalanıb. 18 iyun 2023cü il tarixində ümümi yığıncaqda faktiki iştirak edənlərin doğru siyahısınin baş hissəsində yazılmışdır: “Yeni yasamal-2 Kənar dairəvi yol, ev 11 ünvanında yerləşən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin 18 iyun 2023-cü il tarixində keçirilən ümumi yığıncağında iştirak edənlər” olduğu halda Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat idarəsinə təqdim edilmiş siyahıda siyahının nə üçün tərtib edildiyi göstərilməmiş və tarix isə səhifənin aşağısında yazılmışdır. Faktiki siyahıda yetərsayın olmadığına görə Boran Əziz digər vasitələrdən istifadə edərək “məqsədinə” çatmışdır. Qeyd edirlər ki, 1989-cu ildə Bakı şəhəri XDS icraiyə Komitəsinin 11/411 qərarı ilə Yeni ünvan 1 ünvanında Bakı Dövlət Universitetnun əməkdaşları üçün torpaq sahəsi ayrılmış və "xxxx" Mənzil Tikinti Kooperativi yaradılmışdır. Mənzillərin dəyərinin 30 faizi üzvlər tərəfindən dövlətə ödənilmişdir. Həmin il 8 bloklu 10 mərtəbəli binanın təməli qoyulmuşdur. Lakin 1990-92-cı illərdə AXC və Müsavat partiyalarının yaratdıqları ixtişaşlar uzun illər birianın tikintisini davam etdirmək mümkün olmamışdır. 1990-cı İİ layihəsində MTK-nın 144 üzvündən 108 nəfəri BDU-nun əməkdaşı, 36 üzv isə Bakı şəhər Kooperativ təsərrüfatı idarəsindən təqdim edilmiş üzvlərdən ibarət olmuşdur. 1992-ci ildə mənzillərinin dəyərinin qalan 70 faiz hissəsi də dövlətə tam ödənilsə də tikintini davam etdirmək mümkün olmamışdır. 1999-cu ildə MTK sədrinin şəxsi təşəbbüsü ilə Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş idarəsi ilə razılaşdırma əsasında (18/04f- 761 saylı xx.xx.1999-cu il tarixli məktub) və şəxsi vəsaiti hesabina 210 mənzildən ibarət 11 mərtəbəli yeni proekt layihələndirilmişdir.Lakin tikintiyə dövlət tərəfindən maliyyə ayrılmadığından və MTK üzvlərinin yenidən ödəniş etmək imkanları olmadığından 2004-cü yanvar ay ina qəd ər tikintini da vam et dirmək mümkün olmamışdır. MTK sədrinin şəxsi imkanları hesabına tikintisyə başlamaq qərara alınmışdır. MTK-nin üzvləri ilə bağlanılmış yeni 'müqaviləyə əsasən 2004-cü yanvar ayında MTK-nin 2004-cü ilə qədər üzlərinə bir kvadrat metri 130 ABŞ dolları (100 manat) olmaqla iki il müddətində hissə-hissə ödəniş etməklə iki ilə binanı təhvil verməyi MTK öhdəsinə götürməklə tikintiyə başlamışdır. Müqaviləyə əsasən bir otaqlı mənzil 4200 manat, iki otaqlı mənzil 6000 manat, üç otaqlı mənzil 8000 manat, dörd otaqlı mənzil 10000 manat razılaşdırıldı. Tikintiyə 2004-cu ilin fevralında başlayaraq 2006-ci ilin fevralında mənzillər MTK üzvlərinə təhvil verdilmişdi. Tikinti başa çatdığından sonra 2006-cı ilin mart ayında "xxxx" MTK-nın bazasında "xxxx" mənzil istehlak kooperativi yaradılmışdır. Müqaviləyə əsasən mənzillərin dəyəri iki ilə ödənilməli idi. Lakin ödəniş demək olar ki, 2015-ci ilə qədər davam etmişdir. Bu gün də mənzil sahiblərindən ödənişə görə MİK-ə borcu olanlar var. Ödənişlər vaxtında ödənilmədiyindən və tikinti materiallarının qiymətləri dəfələrlə qalxdığından liftlərin montajı və binanın qazlaşdırılmasında bəzi problemlərin həlli gecikdirildi. Maliyyə problərinin həlli üçün heç bir MİK üzvdən əlavə vəsait yığmadan həmin binada MİK-in sədrinə məxsus olan mənzil Boran Əzizə satılıb binanın ekspertizası xərclərinə görə Fövqalədə Hallar nazirliyinə və digər borclar üçün ödənilmişdi. Binanın qazlaşdırılması üçün bütün texniki şərtlər tam yerinə yetirilsə də bəzi süni - bürokratik maneələrə görə binaya qazin verilməsi gecikdirilirdi. 2017-2018-ci iliərda sonradan binadan ev alan Boran Əziz və onun bəzi tərəfdarları Azəriqazda kimlərəsə rüşvət vermə adı ilə hər bir mənzildən 500 manat əlavə pul yığaraq guya Azəriqazın səlahiyyətli nümayəndələrinə vermişlər. Lakin binaya qazın verilməsi tam qanuni olaraq təmin edilmişdir. Sənədlər ərizəyə əlavə edilir. Boran Əziz və onun bir neçə tərəfdarları həmin pulları öz mənafeləri üçün sərf etmişlər. Bu barədə hazırda sakinlərin tələbi ilə Yasamal rayon Prokurorluğunda araşdırma aparılır. MİK-in idarə heyəti heç bir səlahəti olmadan kimlərinsə vəziyyətdən istifadə edərək qeyri-qanuni olaraq sakinlərdən əlavə pul yığmalarının əleyhinə olduğundan Boran Əziz və onun bir neçə tərəfdarları "xxxx" mənzil istehlak kooperativinin normal işləməsinə həmişə mane olmuşlar. Onların qonşular arasında apardıqları anti - təbliğat nəticəsində sakinlər kommunal xidmətlərə görə ödənişləri vaxtlı - vaxtında ödəmirdilər. Belələri hətta həyətin abadlaşdırılması zamanı aparılan işlərə maneə olmaqla işlərin görülməsini gecikdirirdilər. Bütün bu və ya digər hərəkətlərlə onlar məqsədi şəkildə normal iş şəraitinə bütün vasitələrlə maneə olaraq "xxxx" MİK-in rəhbərliyini nüfuzdan salmaq və rəhbərliyi öz əllərinə keçirməklə özlərinə "xxxx" yaratmaq olmuşdur. Bundan başqa MMMC-nin sədri "xxxx" mənzil istehlak kooperativindən qeyri- yaşayış sahələri alan, lakin hələ özəlləşdirilməyən sahə mülkiyyətçilərinin qanuni hüquqlarını pozaraq onları MMMC-nin mülkiyyəti hesab edəcəkləri haqda təhdidlər irəli sürürlər. "xxxx" MMMC- nin idarə heyəti "xxxx" MİK-nə olan köhnə borcların verilməməsi üçün sahə və mənzil mülkiyyətçiləri arasında təbliğat apararaq MİK-in fəaliyyətinə mane olurlar. Əslində MMMC-nin yaranmasında məqsəd sakinlərə kommunal xidmətin göstərilməsi olduğu halda onlar "xxxx" MİK-nin hüquqlarına və fəaliyyətinə zidd təsir göstərməklə sahə mülkiyyətçilərinin qanuni əmlaklarına təhdidlərlə yanaşmaq olmuşdur. Nəticədə MİK öz borclarını almaqda, öhdəliklərini yerinə yetirməkdə və digər fəaliyyətində çətinliklərlə üzləşmiş olur. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi) Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan: Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında 0106-P233-46207 №-li şəhadətnamədən görünür ki, "xxxx" Mənzil-İstehlak Kooperativi xx.xx.2006-cı il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsinin “X1 Reyestrindən” çıxarışdan müəyyən olunur ki, xx.xx.2006-cı il tarixdə "xxxx" Mənzil-İstehlak Kooperativi Bakı şəhəri İH-nin xx.xx.1990-cı il tarixli, 6/216 nömrəli qərarı ilə dövlət qeydiyyatına alınmış “Gəncə Alim” Mənzil-İstehlak Kooperativinin bazasında yaradılmışdır və onun hüquqi varisidir. “Alimlər” Mənzil Mülkiyyətçilərinin müştərək cəmiyyətinin ümumi yığıncağının xx.xx.2023-cü il tarixli qərarının təsdiq olunmuş surətindən müəyyən olunur ki, aşağıdakılar qərara alınmışdır: “Alimlər” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti təsis edilsin: “Alimlər” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin nizamnaməsi təsdiq edilsin; “Alimlər” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin icra orqanı olan -İdarəheyəti aşağıdakı tərkibdə seçilsin: X15 - İdarə heyətinin sədri; X5 - İdarə heyətinin sədr müavini; X6 - İdarə heyətinin üzvü; X8 - İdarə heyətinin üzvü; X4 - İdarə heyətinin üzvü; X12 - İdarə heyətinin üzvü; X10 - İdarə heyətinin üzvü. “Alimlər” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin hüquqi ünvanı aşağıdakı kimi müəyyən edilsin; ünvan 3al rayonu, Yeni Yaşamal 2-çi yaşayış massivi, Xarici Dairəvi yolu, ev 11, mənzil 44. giriş 2; “Alimlər” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin dövlət qeydiyyatı ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət edilməsi, bununla əlaqədar bütün zəruri sənədlərin, o cümlədən nizamnamənin imzalanması üzrə səlahiyyətli şəxs X3. “Alimlər” Mənzil Mülkiyyətçilərinin müştərək cəmiyyətinin ümumi yığıncağının xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Cəmiyyətin adı “Yasamal-68” mənzil mülkiyyətçilətinin müştərək cəmiyyətinə dəyişdirilməsi, nizamnaməyə dəyişiklik edilməsi və Dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün sənədlərin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeyri-kommersiya Qurumlarının Dövlət Reyestrindən çıxarışdan müəyyən olunur ki, hüquqi ünvanı və fəaliyyət ərazi ünvan 3al rayonu, Yeni Yasamal 2-ci yaşayış massivi, Xarici Dairəvi yolu, ev 11, mənzil 44, giriş 2 olan və X9 qanuni təmsilçisi olduğu “Yasamal-68” Mənzil Mülkiyyətçilərinin müştərək cəmiyyəti sahə mülkiyyətçilərinin xx.xx.2023-cü il, ümumi yığıncağın xx.xx.2023-cü il tarixli qərarları və digər sənədləri əsasında qeyri-kommersiya Qurumlarının Dövlət Reyestrində xx.xx.2023-cü il tarixdə № 1123-MM10-0297 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən verilmiş imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, “Yasamal-68” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti xx.xx.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyət dövlət qeydiyyatına alınarkən təqdim olunmuş İddiaçı xx.xx.2023-cü il tarixli arayışına əsasən binada 210 mənzil və 27 qeyri-yaşayış sahə mülkiyyətçisi mövcud olmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 120.1-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılması haqqında qərar çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən onların ümumi yığıncağında qəbul edilir. Bu qərar onun lehinə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən çoxuna malik olan sahə mülkiyyətçiləri səs verdikdə qəbul edilmiş hesab edilir. Təşkilatın təsis edilməsi ilə bağlı ümumi yığıncağın qərarını 237 sahə mülkiyyətçisindən 124-ü (52 %) imzalamış və cəmiyyətin yaradılmasının lehinə səs vermişdir. İmzaların saxtalığının yoxlanılması mülki prosessual qanunvericiliyə uyğun olaraq həyata keçirilir. Bununla yanaşı Mənzil Məcəlləsinin 109.5-ci maddəsinə əsasən kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənziltikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. İddiaçı hazırda “Yasamal-68” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin ümumi yığıncaqda yetərsay olmadan yaradılmasına istinad edərək “Yasamal-68” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin ümumi yığıncağının xx.xx.2023-cü il tarixli qərarının və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət reyestrində aparılmış xx.xx.2023-cü il tarixli, 1123-MM10-0297 saylı qeydiyyatın ləğv edilməsi xahiş edir. Məhkəmə qeyd edir ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 2.1-ci bəndinə qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində isə qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını ... qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını ... yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir ... İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Məhkəmə qeyd edir ki, məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Məhkəmə müəyyən edir ki, hazırkı iddia üzrə iddiaçının "Yasamal-68" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin qeydiyyatını və onun tərəfindən qəbul edilmiş ümumi yığıncaq qərarlarını mübahisələndirmək hüququ mövcud deyil. Belə ki, təqdim edilmiş materiallardan aydın olur ki, bu cəmiyyət əvvəllər "Alimlər" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti kimi fəaliyyət göstərmiş, adıçəkilən cəmiyyətlərin "xxxx" Mənzil İstehlak Kooperativi ilə hər hansı hüquqi bağlılığı olmamışdır. Hüquqi bağlılığın olmaması faktı isə iddiaçının subyektiv hüququnun mövcudluğunu təsdiq edən zəruri əsasların olmadığını göstərir. Məhkəmə qeyd edir ki, subyektiv hüquq anlayışı birbaşa hüquqi maraq və hüquqi əsaslarla bağlıdır. Təqdim edilmiş sənədlər və sübutlar əsasında aydın olur ki, iddiaçının hazırkı iddiası ilə əlaqədar olaraq hüquqi maraq və subyektiv hüquq elementləri təmin olunmamışdır. Buna görə də, məhkəmə gəldiyi nəticəyə əsasən, iddiaçının "Yasamal-68" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin hüquqi fəaliyyətinə dair iddia irəli sürmək üçün kifayət qədər hüquqi əsasa malik olmadığını, beləliklə də, irəli sürülən tələbin qəbul olunmasının mümkün olmadığını bəyan edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar