Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9101/2021 22.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçı, Üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə (üçüncü şəxslər X15, X8, X13 və X11) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 243 saylı fərdi yaşayış evindən X9, X3, X6 və X4 pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdeh Nəsimi Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 243 saylı fərdi yaşayış evi 2006-cı il tarixli notarial qaydada alqı-satqı müqaviləsinə əsasən İddiaçı mülkiyyətinə keçmişdir. Lakin bugünədək həmin fərdi yaşayış evində qeydiyyatda olan X15, X8, X14 və X11 qeydiyyatdan çıxmamışdır. İddiaçı Nəsimi Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, X15, X8, X13 və X4 iddiaçıya məxsus fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Lakin Nəsimi Rayon Polis İdarəsi iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin imtinası əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9101/2021 nömrəli, 10 avqust 2021-ci il tarixli qərardadı ilə iddiaçının “ünvan 1 ünvanından X9, X3, X6 və X4 pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehə həvalə olunması” barədə iddianın dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9101/2021 nömrəli, 10 avqust 2021-ci il tarixli qərardadı ilə X15, X8, X13 və X11 İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X8 iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh inzibati orqan məhkəməyə ünvanladığı 12.10.2021-ci il tarixli, 082-37846 nömrəli məktubunda məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və digər üçüncü şəxslərin iştirakları olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 243, 28.09 kv.m yaşayış sahəsindən ibarət 29 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 25.10.2006-cı il tarixdə ********* qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 23.07.2021-ci il tarixli, ******* nömrəli arayışından müəyyən olunur ki, X15, X8, X13 və X11 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 28.08.2021-ci il tarixli, 018-13114-1221 nömrəli məktubunda bildirilmişdir ki, 31.10.1948-ci il təvəllüdlü X15, 29.02.1952-ci il təvəllüdlü X8, 20.05.1983-cü il təvəllüdlü X13 2003-cü il və övladı 15.03.2010-cu il təvəllüdlü X11 12.03.2014-cü il tarixdən hal-hazıradək Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, ev 243, mənzil 29 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Əlavə olaraq bildirilir ki, adları qeyd olunan şəxslərin qeydiyyata alınmalarına əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 01.09.2021-ci il tarixli, **********21 nömrəli məktubda bildirilmişdir ki, ünvan 1 ünvanı üzərində sorğuda sadalanan şəxslərin istifadə hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən verilmiş 02.09.2021-ci il tarixli, 082- 32231-1221 nömrəli məktubda bildirilmişdir ki, ünvan 2 ünvanda qeydiyyatda olan X15, X8 və X13 2003-cü ildə Nəsimi Rayon Polis İdarəsi tərəfindən X11 isə 2014-cü ildə Asan-1 xidməti tərəfindən qeydiyyata alınmışdırlar. Yuxarıda adları çəkilən vətəndaşlar Nəsimi Rayon Polis İdarəsi tərəfindən qeydiyyata alındıqlarından və üzərindən beş il müddəti keçdiyindən qeydiyyata alınmalarına əsas olmuş sənədlərin saxlanma yeri və müddətləri haqqında Siyahının təsdiq edilməsi barədə DİN-in 30.09.2015-ci il tarixli Q36-001-15 nömrəli qərarına əsasən arxivdə saxlanıldıqdan sonra yandırılaraq məhv edilmiş, lakin A.B.Əsgərovun, N.H.Əsgərovanın və S.A.Əsgərovanın Fərdi uçot kartoçkalarının surətləri göndərilir, lakin L.O.Sərdarova Asan-1 xidməti tərəfindən qeydiyyata alındığından onun Fərdi uçot kartoçkasının əldə edilməsi üçün Asan-1 xidmətinə müraciət etmək tövsiyə edilir. Həmin məktubla təqdim edilmiş X9, X3 və X6 fərdi uçot kartoçkalarının surətlərindən görünür ki, adları çəkilən şəxslərin fərdi uçot kartoçkalarında Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 243, 29 saylı mənzilə qeydiyyata alınmaları üçün sənəd qrafalarında 12.07.2003-cü il tarixli, 30/14167 nömrəli qeydiyyat vəsiqəsi göstərilmişdir. İş materiallarına əlavə edilmiş 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 70 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 282 nömrəli, 30.08.2021-ci il tarixli arayışında göstərilmişdir ki, verilir İddiaçı ondan ötəri ki, o, həqiqətən Nəsimi rayonu, D.Əliyeva küçəsi, 243 saylı evin giriş 14, 29 nömrəli mənzilinin mülkiyyətçisidir. Çıxarış № 0040777, 25.06.2006-cı il, qeydiyyatda heç kim yoxdur. Digər sakinlər: X2 rayonu, D.Əliyeva küçəsi, ev 243, giriş 10, mənzil 29-un mülkiyyətçisidir. Çıxarış № 30/14168. Qeydiyyatda olanlar: özü - X8 - 1952, h/y - X15 - 1948, qızı - X13 - 1983, nəvəsi - X11 - 2010. X1 rayonu, D.Əliyeva küçəsi, ev 243, giriş 4, mənzil 29-un mülkiyyətçisidir. Qeydiyyatda olanlar: özü - X7 - 1947. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin ÖM seriyalı, 157351 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 243 saylı evin yaşayış sahəsi 36.0 kv.m olan 29 saylı mənzili X3 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 315 saylı reyestr kitabında 30/14168 nömrəsi ilə 12.07.2003-cü il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 31.01.2020-ci il tarixli, ******* nömrəli arayışından müəyyən olunur ki, X15, X8, X13 və X11 ünvan 1 ünvanında qeydiyyatdadırlar. 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 70 saylı Mənzil- Kommunal İstismar Sahəsinin 274 nömrəli, 25.08.2021-ci il tarixli arayışında göstərilmişdir ki, verilir X5 ondan ötəri ki, o, həqiqətən Nəsimi rayonu, D.Əliyeva küçəsi, ev 243, giriş 10, 29 nömrəli mənzilin 12.07.2003-cü ildən mülkiyyətçisidir. Çıxarış № 30/14168. Qeydiyyatda olanlar: özü - X8 - 1952, h//yoldaşı - X15 - 1948, qızı - X13 - 1983 və nəvəsi - X11 - 2010. Digər sakinlər: İddiaçı Nəsimi rayonu, D.Əliyeva küçəsi, ev 243, giriş 14, 29 nömrəli mənzilin mülkiyyətçisidir. Çıxarış № 0040777, 25.10.2006-cı il, qeydiyyatda heç kim yoxdur. X1 rayonu, D.Əliyeva küçəsi, ev 243, giriş 4, mənzil 29-un mülkiyyətçisidir. Qeydiyyatda olanlar: özü - X7 - 1947. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı 04.08.2021-ci il tarixli, 082-27191R-3221 nömrəli məktubda bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə əsasən müraciətdə göstərilən şəxslərin ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qətnaməsi əsasında həyata keçirilir. Nəzərinizə çatdırılır ki, sizin məhkəmə orqanlarına müraciət etmək hüququnuz var. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Mülki Məcəllənin: -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər”. Hazırkı işdən müəyyən olunur ki, iddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi üçüncü şəxslər X8 eyni ünvan göstəricilərinə malik başqa bir mənzilin mülkiyyətçisi, X15, X13 və X11 isə X3 ailə üzvləridir. Belə ki, Mənzil İstismar Sahəsinin təqdim etdiyi arayışlardan, eləcə də mübahisəli ünvanla bağlı əldə edilmiş hüquqmüəyyənedici sənədlərdən müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində 243 nömrəli bina və həmin binanın 29 nömrəsi ilə qeyd edilmiş, lakin girişləri fərqli olan bir neçə mənzili var. Adıçəkilən 243 nömrəli binanın 14 nömrəli girişində yerləşən 29 nömrəli mənzil İddiaçı, 10 nömrəli girişində yerləşən 29 nömrəli mənzil X5 məxsusdur. İddiaçı və üçüncü şəxs X3 adlarına verilmiş mülkiyyət hüququnu təsdiq edən çıxarış və qeydiyyat vəsiqəsində qeydə alınmış əmlak kimi mənzillərin fərqli texniki göstəriciləri (İddiaçı məxsus mənzilin yaşayış sahəsi 28.09 kv.m, X5 məxsus mənzilin yaşayış sahəsi 36.0 kv.m) qeyd edilsə də, lakin həmin mənzillər daşınmaz əmlakın fərdiləşdirilməsini təmin edən rəqəm və hərflərdən və (və ya) işarələrdən ibarət eyni ünvan göstəriciləri ilə qeydiyyata alınmışlar. Azərbaycan Respublikasının Prezidentinin 27 noyabr 2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın 1.4-cü bəndinə görə ünvan reyestri daşınmaz əmlakın vahid kadastrı ilə əlaqələndirilməklə, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat bazasıdır. Ünvan reyestri ünvan istifadəçilərini ünvanla bağlı zəruri informasiya ilə təmin etmək məqsədi ilə tərtib edilir və aparılır. Həmin Qaydaların: -3.7-ci bəndinə görə daşınmaz əmlak obyektinin ünvanı təkrarolunmaz olmaqla, aşağıdakı rekvizitlərdən ibarətdir: 3.7.1. ərazi vahidinin adı və kodlaşdırılmış nömrəsi; 3.7.2. nəqliyyat infrastrukturu obyektinin adı (adları) və kodlaşdırılmış nömrəsi (nömrələri); 3.7.3. ünvan verilmiş daşınmaz əmlak obyektinin növü; 3.7.4. daşınmaz əmlak obyektinin fərdiləşdirilməni təmin edən rəqəmlərdən və zəruri hallarda onlara əlavə edilmiş hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi; 3.7.5. daşınmaz tarix və mədəniyyət abidəsi olub-olmamasına dair qeyd; 3.7.6. daşınmaz əmlak obyektinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8.1-ci maddəsinə uyğun olaraq ərazi üzrə zonası (Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşən torpaq (kənd təsərrüfatı təyinatlı torpaq sahələri istisna olmaqla), yaşayış və qeyri-yaşayış sahələrinə münasibətdə). -3.8-ci bəndinə əsasən daşınmaz əmlak obyektinin ünvanının bu qaydaların 3.7.4cü bəndində göstərilən rekvizitinin (ünvan nömrəsinin) müəyyənləşdirilməsi Komitə tərəfindən bu Qaydalara uyğun olaraq həyata keçirilir. -3.9-cu bəndinə əsasən çoxmənzilli binaların, fərdi yaşayış evlərinin, qeyri-yaşayış sahələrinin və onların tərkib hissələrinin girişlərinə ünvan verilir. Hər bir girişə nəqliyyat infrastrukturu obyektinin başlanğıcından sağdakılara cüt, soldakılara tək olmaqla ünvan nömrəsi verilir. Nəqliyyat infrastrukturu obyektinə çıxışı olan torpaq sahələrinə və onlar üzərindəki qurğulara ünvan verilir. -3.11-ci bəndinə görə çoxmənzilli binaların hər bir mənzilinə, qeyri-yaşayış binalarının hər bir tərkib hissəsinə ünvan nömrəsi verilir. Çoxmənzilli binaların hər bir mənzilinə və qeyri-yaşayış binalarının hər bir tərkib hissəsinə ünvan nömrəsi verilərkən mərtəbəlilik nəzərə alınır. Bu zaman nömrələmə giriş qapısının yerləşdiyi mərtəbədən başlanır. Hər bir mənzilin və qeyri-yaşayış obyektinin tərkib hissəsinin ünvan nömrəsi binanın və ya qeyri-yaşayış obyektinin girişinin, həmin mərtəbənin və mənzilin nömrəsindən ibarət olur. Çoxmənzilli binanın hər bir mənzilinə ünvan nömrələrinin alınması həmin binanın sifarişçisi və ya mülkiyyətçisi tərəfindən təmin edilir. -4.2-ci bəndinə görə dövlət orqanları və bələdiyyələr, hüquqi və fiziki şəxslər bu qaydalara uyğun olaraq, rəsmi sənədlərdə yalnız ünvan reyestrinə daxil edilmiş ünvanlardan istifadə etməlidirlər. Bu Qaydalara uyğun olaraq daşınmaz əmlak obyektlərinə ünvan verilməsi və ya ünvanın dəyişdirilməsi barədə məlumat 7 gün müddətində Komitə tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilir. Daşınmaz əmlak obyektinin ünvanı dəyişdirildikdə, Komitə obyektin mülkiyyətçisinə bu barədə məlumat verir. Məhkəmə mülkiyyət hüququnun toxunulmazlığı, daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası prinsiplərindən çıxış edərək hesab edir ki, hazırkı iddia tələbi əsaslı hesab edilə bilməz. Belə ki, şəxsin qeydiyyatı daşınmaz əmlakın özünə deyil, həmin əmlakın (fərdi yaşayış evi, mənzil) məxsus olduğu ünvan reyestrində qeydiyyata alınmış konkret ünvan üzrə aparılır. Nəzərə alınsa ki, iddiaçı ilə üçüncü şəxs hər ikisi ayrı-ayrı mənzillərin mülkiyyətçiləri olsalar da eyni ünvan göstəricilərinə malikdirlər və üçüncü şəxs və onun ailə üzvləri də məhz özünün mülkiyyətində olan mənzilin dövlət reyestrində qeydiyyatdan keçmiş ünvanı üzrə qeydiyyata alınmışdır, belə olan halda iddiaçı onunla bərabər mülkiyyətçi statusunda olan, fərqli mənzillər olsa da, lakin eyni ünvan göstəricilərinə hüququ olan başqa bir mülkiyyətçini (və ya ailə üzvlərini) həmin ünvan üzrə qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı hesab edilə bilməz. Odur ki, məhkəmənin qənaətinə görə cavabdehin iddiaçının müraciəti ilə əlaqədar adıçəkilən üçüncü şəxslər X15, X8, X13 və X4 həmin ünvan üzrə qeydiyyatdan çıxarılmaqdan imtinası qanuni olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə (üçüncü şəxslər X15, X8, X13 və X11) qarşı “qeydiyyatdan çıxarılma” barədə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-9101/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9101/2021
22.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver