Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9101/2022 14.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisə predmetini təşkil edən mənzilin ayrılması ilə bağlı Sərəncam 2013-cü ilə aid olsa da, iddiaçının yerli icra hakimiyyəti ilə mənzil münasibətləri onun mənzil növbəsinə dayandığı vaxtdan, yəni, 2005-ci ildən yaranmışdır.İddiaçı yaşayış sahəsinə çıxarışın alınması məqsədi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, qeyd olunan ünvanda yerləşən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin həmin mənzilə dair Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 149 saylı sərəncamının 22 may 2013-cü il tarixdə verildiyi müəyyən edilmişdir. Bundan əlavə, ərizəyə mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı, mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayanların ərizəsi əlavə edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış zamanı məlum olmuşdur ki, mənzil birmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşir. Eyni zamanda cavabdeh qeyd etmişdir ki, iddiaçı tərəfindən hazırki iddia tələbi ilə İdarəyə müraciət olunmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq Məhkəmə vurğulamağı zəruri hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının hazırki tələb ilə bağlı İdarəyə müraciət etməməsini əsas gətirsə də, məhkəmə araşdırılması zamanı bu hal imtina məktubunun mövcudluğu ilə təkzib olunmuşdur. Belə ki, iş materiallarında olan məktublardan görünür ki, iddiaçı Bakı şəhəri, Səbail rayonu, X4 küçəsi, ev 27 ünvanda yerləşən 17 saylı mənzilə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş, sonuncu onun müraciəti üzrə rəsmi cavab verərək yerli icra hakimiyyətinin sərəncamının xx.xx.2009-cu il tarixdən sonraya aid olduğunu bildirmişdir. Göründüyü kimi iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə müraciətin mövcudluğunu şübhə altına alacaq hər hansı hal yoxdur. Çünki, hazırki cavabdeh qismində çıxış edən 1 saylı Bakı Ərazi İdarəsi həmin dövrdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin nəznində olan struktur idarəsi olmuş, bununla da müraciətin İdarənin özü tərəfindən deyil də, məhz Xidmət tərəfindən cavablandırılması müraciətin ümumiyyətlə olmamasına dəlalət etmir. Belə olan halda Məhkəmə hesab edir, iddia mümkün iddiadır. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, imtina məktubunun və yazılı etirazın surətindən görünür ki, cavabdeh iddiaçının müraciətinin təmin olunmaması üçün aşağıdakı halları əsas gətirmişdir: -Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 149 saylı sərəncamının xx.xx.2013-cü il tarixdə verilməsi; -Mənzilə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi; -Mənzilin özəlləşdirilməsinə dair razılıq ərizələrinin müraciətə əlavə olunmaması; -Mənzilin birmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşməsidir. Məhkəmə cavabdeh tərəfindən verilmiş imtinanın əsaslı olub-olmaması istiqamətində dəyərləndirmənin aparılmasını aşağıdaki qanunvericiliyin və normativ hüquqi aktların müddəaları ilə həyata keçirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6.mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7.2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Normaların məzmunundan da göründüyü kimi qanunverici mənzilin özəlləşdirilməsi və mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün tələb olunan sənədlərin siyahısını dəqiq müəyyən edib. Həm də qanunverici orderin, kirayə müqaviləsinin və onun verilməsinə dair sərəncamın – hər üç sənədin eyni vaxtda mövcudluğunu şərt kimi müəyyən etmir. Həmin sənədlərdən hər hansı birinin mövcudluğu mənzilə dair hüququn qeydə alınması üçün əsasdır. Lakin nəzərə alınmalıdır ki, həmin maddənin tələbindən də aydın olduğu kimi, qanunvericilikdə həmin sənədlərin 2009-cu il oktyabrın 1-dək, yəni Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək aid olması şərti də nəzərdə tutulmuşdur. Təkzib olunmaz haldır ki, hazırki mübahisə predmetini təşkil edən mənzilin əsasında duran Sərəncam xx.xx.2009-cu il tarixdən sonraya aiddir. Məhkəmə diqqətə çatdırır ki, hazırki iddia üzrə Sərəncamın 2009-cu il tarixdən sonraya aid olması iddiaçının ziyanına şərh edilməməli və onun mülkiyyət hüquqlarının qeydiyyata alınmasından məhrum etməməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı xx.xx.2005-ci ildə 2 nəfər ailə tərkibi ilə (özü, qardaşı) mənzil uçotuna götürülmüşdür. ARDNŞ-nın və ANQSİHİ RK-nin 06 yanvar 2011-ci il tarixli birgə iclasının 1 saylı protokolu ilə İddiaçı 2 nəfər ailə tərkibi ilə (özü, qardaşı Fikrət) ünvan 2 ünvanında yerləşən 2 otaqdan ibarət 23 kv.m yaşayış sahəsi olan 17 saylı mənzil müvəqqəti məskunlaşması üçün verilmişdir. Bundan sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və ANQSİHİ Respublika Komitəsinin birgə iclasının xx.xx.2013-cü il tarixli, 3 nömrəli protokolu ilə ünvan 2 ünvanında yerləşən 2 otaqdan ibarət 23 kv.m yaşayış sahəsi olan 17 saylı mənzilin İddiaçı 2 nəfər ailə tərkibinə (özü, qardaşı) verilməsi qərara alınmışdır. Baki şəhəri Səbail rayonu İcra Hakimiyyətinin başçısı 22 may 2013-cü il tarixdə 149 №-li Sərəncam qəbul edərək İddiaçı 2 nəfər ailə üzvü ilə (özü, qardaşı) ünvan 3 ünvanında yerləşən evin, yaşayış sahəsi 23 kv.m olan 1 otaqlı, 27 saylı mənzilin ayrılması və mənzil növbəsindən çıxarılmasını qərara almışdır. Son olaraq, yerli icra hakimiyyəti 07 fevral 2014-cü il tarixdə Sərəncam qəbul edərək Baki şəhəri Səbail rayonu İcra Hakimiyyətinin başçısının 22 may 2013-cü il tarixdə təsdiq edilmiş 149 №-li Sərəncamın 4-cü bölməsində düzəliş edilərək mənzilin “17” kimi Beləliklə, iş materialları ilə də aydın olur ki, hal-hazırda iddiaçının daşınmaz əmlaka mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinanın əsasında yerli icra hakimiyyəti orqanının sərəncamının xx.xx.2009-cu il tarixdən sonra qəbul edildiyi dayanır. Lakin, cavabdeh inzibati orqan bu hala istinad edərkən Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2013-ci il tarixli Sərəncamının əsasında təkcə mənzilin iddiaçıya ayrılması ilə bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş məktubun deyil, ümumiyyətlə iddiaçının xx.xx.2005-ci il tarixdən mənzil növbəsində olması əsasının dayandığını nəzərə almamışdır. Təkzib olunmaz haldır ki, iddiaçı 2 nəfər ailə tərkibi ilə mənzil növbəsinə dayandığı zaman ona hər hansı bir əmlak ayrılmamış, əmlakın ayrılması 2011-ci ildən həyata keçirilmişdir ki, bu da onun mübahisə predmetinə təşkil edən mənzilə münasibətdə hüquqlarının məhz həmin ildən yarandığının göstəricisidir. Baxmayaraq ki, iddiaçının mənzilə münasibətdə hüquqları 2011-ci ildə yaransa da, o, həmin mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyatını gərçəkləşdirmək hüququna malikdir. Çünki, iddiaçı ilə yerli icra hakimiyyəti orqanı arasında yaranmış hüquq münasibətləri məhz onun mənzil növbəsinə götürüldüyü vaxtdan, yəni xx.xx.2005-ci il tarixdən yaranmışdır. Məhkəmə bildirir ki, iddiaçı xx.xx.2005-ci il tarixdən etibarən mənzil növbəsində olduğu halda, onun mənzillə təmin edilməsi barədə sərəncamın 2013-cü ilə aid olması onun iradə ifadəsindən asılı olmayan bir haldır. Belə ki, zamana görə qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin 32-ci maddəsində qeyd olunmuşdur ki, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotunu aparmaq və dövlət yaşayış fonduna daxil olan binalarda onlara mənzil vermək icra hakimiyyəti başçısının səlahiyyətlərinə aiddir. Bununla bağlı Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2005-ci il tarixdən mənzil növbəsinə dayandığı halda, onun mənzillə məhz 2013-cü ildə təmin olunması, yerli icra hakimiyyətinin hərəkətlərin irəli gələn bir haldır və bu hal iddiaçının əlavə məsuliyyətə cəlb olunmasına səbəb ola bilməz. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Göründüyü kimi Konstitusiya Məhkəməsi Avropa Məhkəməsinin də müvafiq qərarlarını də nəzərə almaqla hesab etmişdir ki, inzibati orqan tərəfindən, daha doğrusu inzibati orqanın məsul əməkdaşları tərəfindən yol verilən səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz. İndiki halda isə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçının xx.xx.2009-cu il tarixdən sonra mənzillə təmin edilməsi iddiaçının ziyanına şərh edilə bilməz. Məhkəmə hesab edir ki, bu zaman sərəncamın 2009-cu il oktyabr ayının 1-dən sonra qəbul edilməsi iddiaçının ziyanına şərh edilməməli, Səbail Rayon İcra Hakimiyyətinin 2013-cu il sərəncamının əsasında duran hal, yəni xx.xx.2005-ci il tarixdən etibarən mənzil növbəsində olması əsas götürülməlidir. Beləliklə Məhkəmə hesab edir ki, hazırki iddia üzrə mübahisənin həllində hüquq münasibətlərinin yarandığı anın müəyyən olunması mühim rol oynamışdır.(Bu mövqeyi bir çox oxşar mübahisələrdə əks olunmuşdur: Ali məhkəmənin 2-1(102)-722/2021 saylı qərarı) İddiaçının köçürülən mənzilə hüquqları 2009-cu il oktyabrın 1-dək yaranmasa da, onun yerli icra hakimiyyəti ilə münasibətləri həmin vaxtdan əvvələ yarandığından (mənzil növbəsində olması əsası ilə), məhkəmə hesab edir ki, iddiaçıya münasibətdə Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2013-ci il tarixli Sərəncamı hüquqmüəyyənedici sənəd kimi qəbul olunmalıdır. Məhkəmə diqqətə çatdırır ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2013-ci il tarixli Sərəncamına əsasən iddiaçı ilə yanaşı onun qardaşı X1 da mənzilə münasibətdə hüquqları yaranmışdır. Lakin məhkəmə icraatı zamanı təqdim olunmuş notarial qaydada təsdiq olunmuş ərizənin surətindən də göründüyü kimi X2 mənzilin iddiaçının adına özəlləşdirilməsində etirazının olmadığını bildirmiş, bununla da iddianın təmin edilməsində iradə ifadəsini nümayiş etdirmişdir. Məhkəmə cavabdehin imtina əsası kimi istinad etdiyi digər əsasa münasibətdə qeyd edir ki, cavabdeh mənzilin birmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşdiyini vurğulasa da, bu halın mənzilin özəlləşdirilməsində hər hansı maneənin yaratdığını, ümumiyyətlə qonşuluqda olan vətəndaşların hüquqlarının pozulduğunu sübut edə bilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası hər hansı hüquqi əsasa söykənmir və formal xarakter daşıyır. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, dövlət qeydiyyatından imtinanın əsaslarını nəzərdə tutan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının qeyd olunan daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Səbail rayonu, X4 küçəsi, ev 27 ünvanda yerləşən 17 saylı mənzilə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, X4 küçəsi, ev 27 ünvanda yerləşən 17 saylı mənzilə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-9101/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9101/2022
14.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver