Məhkəmə qərarları › İş №2-1(112)-9102/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9102/2022

19.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9102/2022 19.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı əlilliyə görə əmək pensiyasının yenidən hesablanması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək işlədiyi illərin əlilliyə görə əmək pensiyasına təyin edilməsinə köməklik göstərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək əlilliyə görə ona təyin edilmiş əmək pensiyasının “Sevinc” Səhmdar Cəmiyyətində (Bakı oyuncaq fabrikində) işlədiyi xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixədək dövrlər sığorta stajı kimi nəzərə alınmaqla yenidən hesablanması və pensiya təyin edildiyi tarixdən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh inzibati orqana həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun müraciətinin əsas səbəbi əlilliyə görə əmək pensiyasında 20 il stajın hesablanmamasıdır. xx.xx.1979-xx.xx.1999-cu il tarixləri müddəti 20 il 2 ay 8 gün Bakı oyuncaqlar və uşaq malları fabrikində işlədiyi müddət hesablanmamışdır. Buna səbəb fabrikin yanması göstərilmişdir. Bununla əlaqədar cavabdeh quruma müraciət olunmuşdur, lakin təmin olunmamışdır. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, cavabdehin qərarı qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi qeyd olunanlara görə təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2022-ci il tarixədək qüvvədə olan 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçı xx.xx.1962-ci il təvəllüdlü İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən pensiya hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. İddiaçı X3 ərizə ilə müraciət edərək ona təyin edilmiş əlilliyə görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının xx.xx.2022-ci il tarixli, **********8 nömrəli “əlilliyə görə əmək pensiyasının yenidən hesablanması barədə” qərarına əsasən, İddiaçı əmək pensiyası yenidən hesablanmış və xx.xx.2020-ci il tarixdən əmək pensiyasının məbləği 206,85 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar İddiaçı əmək pensiyasının məbləği xx.xx.2021-ci il tarixdən 230,43 manat məbləğinə çatdırılmışdır. Qanunun 6-1-ci maddəsinə əsasən əmək pensiyasının minimum məbləği 2022-ci il yanvarın 1-dən 240 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. Qeyd olunan maddənin tələblərinə əsasən İddiaçı əmək pensiyasının məbləği xx.xx.2022-ci il tarixdən 240 manata çatdırılmışdır. İddiaçı mübahisələndirilməyən sığorta stajı təqdim etdiyi ******* nömrəli əmək kitabçasına əsasən xx.xx.1979-cu il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək, xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi müddətdir ki, ümumilikdə 16 il 9 ay 19 gün təşkil edir. İddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********8 nömrəli imtina məktubunda qeyd edilən məsələlərə aydınlıq gətirilməsi və işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün tərəflərdən Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filiala xx.xx.2022-ci il tarixli, **********8 nömrəli xidməti məktubla müraciət edilmişdir. Filial tərəfindən xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktubla sözügedən məsələlərə aydınlıq gətirilmiş və bildirilmişdir ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçının əmək kitabçasına əsasən xx.xx.1979-cu il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək, xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti dövrü olmaqla onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 16 il 9 ay 19 gün təşkil edir. Sözügedən Qanunun xx.xx.2021-ci il tarixədək qüvvədə olan 13.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. Qanunun 13.3-cü maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; К - sığorta davamiyyəti əmsalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 7 mart 2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndinə əsasən bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. Məlumat üçün bildirilir ki, iddiaçının əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün ilk növbədə tələb olunan sığorta stajı hesablanmış (58 yaş - 15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü) x 4 ay = 172 ay) və tələb olunan sığorta stajı 192-ə bölünməklə sığorta davamiyyəti əmsalı müəyyən edilmişdir (172 ay / 192 = 0,89). İddiaçının xx.xx.2021-ci il tarixli müraciəti əsasında pensiyasının məbləği aşağıdakı qaydada hesablanmışdır: xx.xx.2006-cı il tarixədək vətəndaşın 16 il 9 ay 19 gün sığorta stajına əsasən pensiya kapitalının məbləği - (16 il tam iş stajı x 306 manat) + (306 manat :12 ay x 9 ay) + (306 manat: 12 ay:30 gün x 29 gün) = 5.150,15 manat. Həmin kapitalın xx.xx.2020-ci il tarixinə indeksləşdirilmiş məbləği: 5.150,15x1,083x1,167x1,208x1,015x1,057x1,079x1,011x1,024x1,014x1,04x1,124x1,057x 1,03x1,026=12.455,51 manat. xx.xx.2006-cı il tarixindən xx.xx.2020-ci il tarixinədək pensiya kapitalının xx.xx.2020-ci il tarixinə indeksləşdirilmiş məbləği 14.228,63 manat təşkil edir. SH=((12.455,51 + 14.228,63) / (0,89 x 144))= 206,85. Adıçəkilən şəxsin pensiyasının məbləği illər üzrə indeksləşərək aşağıdakı qaydada hesablanmışdır: xx.xx.2021-206,85+11,4%=230,43; xx.xx.2022-240 (Qanunun 6-1-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixindən əmək pensiyasının məbləği 240 manata çatdırılmışdır). xx.xx.2022- 240+3,4%=248,16. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, İddiaçı təyin olunmuş əlilliyə görə əmək pensiyasının məbləği 248,16 manat müəyyən edilmişdir. İddiaçının mübahisələndirilən sığorta stajı xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixədək “Bakı oyuncaqlar fabriki”ndə ("xxxx" ASC) işlədiyini iddia etdiyi müddətdir ki, ümumilikdə 7 il 10 ay təşkil edir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının Monitorinq və araşdırma şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli aparılmış xidməti araşdırmaya əsasən “Bakı oyuncaqlar fabriki”nin ("xxxx" ASC) faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün əmək kitabçasındakı qeydlərin qarşılıqlı yoxlanılaraq təsdiq edilməsini həyata keçirmək və həmin müddətin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Bu səbəbdən əmək kitabçasında sözügedən qeydlər mötəbər hesab edilməmiş və həmin dövrlər iddiaçının sığorta stajına daxil edilməmişdir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciətinə ilə bağlı verdiyi qərarı qanuna uyğun olmuşdur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** №-li, xx.xx.2013-cü il tarixli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. - İddiaçıya məxsus xx.xx.1979-cu il tarixli, ИТ-İ seriyalı, ******* №-li əmək kitabçasının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu ildən xx.xx.1999-cu il tarixə kimi Bakı Oynucaqlar və uşaq malları” Fabirkində, "xxxx" ATSC-də tikici-motorist (20 il 2 ay 9 gün), xx.xx.2001-ci ildən xx.xx.2003-cü ilədək Respublika Uşaq Klinik Xəstəxanasında mətbəxdə aşpaz (1 il 11 ya 1 gün), xx.xx.2003-cü il tarixdən Azərbaycan Tibb Universitetində İnsan anatomiyası kafedrasında baş preparator, 0.5 vahid baş preparator, 0.5 vahid laborant, hal hazıradək həmin kafedrada tam vahid laborant işləyir. - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış İddiaçı əlilliyə görə təyin edilmiş pensiya işinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2020-ci il tarixli qərarına əsasən İddiaçı ümumi xəstəlik səbəbi ilə xx.xx.2025-ci il tarixədək qüvvədə olan ikinci dərəcəli əlillik təyin edilmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixli, **********4 nömrəli qərarı ilə iddiaçı Zəmin Nuriyevaya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə əsasən xx.xx.2020-ci ildən xx.xx.2025-ci ilədək qüvvədə olan 2 qrup əlilliyə görə pensiya təyin edilmiş, pensiya məbləği 204,09 manat müəyyən edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********22 №-li məktubdan görünür ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 617 nömrəli sərəncamı ilə “Xalq üçün mallar” Dövlət Konserinin tabeliyində olmuş Bakı oyuncaqları və uşaq malları fabrikinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2006cı il tarixində tam başa çatdırılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılan zaman müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən hazırlanmış sənədlərə əsasən bildirilmişdir ki müraciətdə qeyd olunan iddiaçı X1 adı əmək kollektivinin üzvü kimi (xx.xx.1979-cu il tarixindən biçici vəzifəsində işləmişdir) səhmləri güzəştlə almaq hüququ olan şəxslərin siyahısına daxil edilmişdir. - Həmin məktuba əlavə edilmiş 617 №-li, xx.xx.1997-ci il tarixli "xxxx" Açıq Səhmdar Cəmiyyətinin yaradılması barədə sərəncamın surətindən görünür ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na, “Dövlət müəssəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnama”yə uyğun olaraq, Azərbaycan Respublikası Prezdentinin “Xalq üçün mallar” Dövlət Konserinin ləğv edilməsi haqqında 24 iyun 1997-ci il tarixli 586 saylı sərəncamının icrasını təmin etmək məqsədilə Bakı şəhəri, Nəsimi rayonu, Alatava, 2 ünvanında yerləşən “Bakı oyuncaqlar və uşaq malları” fabrikinin əsasında "xxxx" açıq tipli səhmdar cəmiyyəti yaradılmışdır. "xxxx" səhmdar cəmiyyətinin Nizamnaməsi və Özəlləşdirmə planı (emissiya prospekti) təsdiq edilmişdir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 28 iyun 2022-ci il tarixli, 4/1225 №-li məktubdan görünür ki, “Bakı oyuncaq və uşaq malları” fabrikinin və "xxxx" ATSC-nin arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********965000 №-li məktubundan görünür ki, Dövlət reyestr məlumatlarına əsasən bildirilmişdir ki, "xxxx" ASC xx.xx.1997-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Bundan başqa, vergi ödəyicisinin fəaliyyətinin xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək dayandırılması, xx.xx.2016-cı il tarixdən bərpa olması, xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək dayandırılması, xx.xx.2021-ci il tarixdən bərpa olması, xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək dayandırılması və hazırda dayandırılmış vəziyyətdə olması barədə məlumat müəyyən edilmişdir. - Həmin məktuba əlavə edilmiş "xxxx" ASC-nin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin və nizamnaməsinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, "xxxx" ASC xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindən qeydiyyata alınmışdır. Cəmiyyət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.1997-ci il tarixdə, D-2309 nömrə ilə qeydiyyata alınmış "xxxx" ATSC-nin bazasında yaradılır və onun hüquqi davamçısıdır. Cəmiyyətin hüquqi ünvanı Bakı şəhəri, AZ1002, Nəsimi rayonu, Alatava-2-dir - Filial tərəfindən iddiaçıya ünvanlanmış 14 yanvar 2022-ci il tarixli, **********8 nömrəli əlilliyə görə əmək pensiyasının yenidən hesablanması haqqında məktubdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondundan daxil olmuş ərizəsinə və ona əlavə edilmiş sənədlərə aidiyyatı üzrə Mərkəzi Filialda baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Sözügedən maddənin tələblərinə əsasən ona xx.xx.2020-ci il tarixindən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Müraciəti ilə əlaqədar olaraq bildirilmişdir ki, təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 16 il 9 ay sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2020-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 15850,69 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanmış və xx.xx.2020-ci il tarixindən əmək pensiyası məbləği 206,85 manat müəyyən edilmişdir. Eyni zamanda bildirilmişdir ki, Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyasının məbləği xx.xx.2021-ci il tarixindən 230,43 manat məbləğinə çatdırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinə əsasən əmək pensiyasının minimum məbləği 2022-ci il yanvarın 1-dən 240 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. Məlumat üçün bildirilmişdir ki, qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyasının məbləği xx.xx.2022-ci il tarixindən 240 manata çatdırılmışdır. Əlavə olaraq bildirilmişdir ki, ötən dövr üzrə (xx.xx.2020-ci il tarixindən) hesablanmış fərq məbləği cari pensiyasının üzərinə əlavə edilməklə ödənilmişdir. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. Məhkəmə işdə iştirak edən şəxlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun - 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı – əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilmişdir. - 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. - xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. - Hazırda qüvvədə olan 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. - 13.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 200-ə olan nisbəti şəklində müəyyənləşdirilir. - 13.3-cü maddəsinin tələbinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır. Hazırki iş üzrə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2020-ci ildən xx.xx.2025-ci il tarixədək qüvvədə olan ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçının müraciətinə əsasən cavabdeh tərəfindən ona xx.xx.2020-ci il tarixli, **********4 nömrəli qərarı ilə xx.xx.2020-ci il tarixdən ikinci dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilən zaman xx.xx.2006-cı il tarixinədək 16 il 9 ay 19 gün sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2020-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 14228,63 manat pensiya kapitalı nəzərə alınmışdır. İddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixədək “Bakı oyuncaqlar və uşaq malları” fabrikində və "xxxx" ATSC-də işlədiyi dövrlər isə müəssisənin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün əmək kitabçasındakı qeydlərin qarşılıqlı yoxlanılaraq təsdiq edilməsini həyata keçirmək və həmin müddətin sığorta stajına daxil edilməsi mümkün olmaması əsas gətirilərək əmək kitabçasında sözügedən qeydlərin mötəbər hesab edilməməmiş və iddiaçının sığorta stajına daxil edilməmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1979-xx.xx.1992-ci il, xx.xx.2001-xx.xx.2003-cü il, xx.xx.2003-xx.xx.2006-cı ilədək olan dövrləri sosial sığorta stajlı kimi qəbul etsə də xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixədək “Bakı oyuncaqlar və uşaq malları” fabrikində və "xxxx" ATSC-də işlədiyi dövrləri sosial sığorta stajına daxil etməyərək bunu müəssisənin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün əmək kitabçasındakı qeydlərin qarşılıqlı yoxlanılaraq təsdiq edilməsini həyata keçirməyin mümkün olmaması ilə əsaslandırır. Məhkəmə qeyd edir ki, xx.xx.2006-cı ilədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə əsasən əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranır ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Bundan başqa adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Əsasnamənin 25-ci bəndində tələb olunur ki, əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əgər əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməklə aparılmamışsa, bu halda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə iki hissəyə – Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qaydaların 3.2.1-ci bəndinə görə qazanılmış əmək pensiyası hüququnun PAS-a daxil edilməsi üçün əsaslardan biri də əmək kitabçasıdır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. Göründüyü kimi qanunvericilik əmək kitabçasını sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübut kimi qəbul edir. Əmək kitabçasındakı qeydlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən sosial sığorta stajı müəyyən edilə bilər. Hazırki işdə iddiaçının əmək kitabçasında əmək kitabçalarının doldurulma qaydalarına uyğun olaraq onu vermiş müəssisə, hansı vaxtda, hansı vəzifələrdə işləməsi, işə təyin olunması və azad edilməsi, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraq göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işlədiyi müəssisələrin möhürləri ilə təsdiqlənmişdir. Əmək kitabçasındakı qeydləri şübhə altına alan halların mövcud olması məhkəmə araşdırılması zamanı müəyyən edilməmiş, həmçinin cavabdeh tərəfindən bununla bağlı əsaslı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə icraatı zamanı eyni zamanda iddiaçının işlədiyi müəssisənin Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin xx.xx.1997-ci il tarixli 671 №-li sərəncamı ilə yaradılması, yaradılan zaman orada işləyən şəxslərin siyahısında iddiaçının işləməsi barədə qeydin olması müəyyən edilmişdir. Belə olan halda məhkəmə cavabdeh inzibati orqanın iddiaçının işlədiyi “Bakı oyuncaqlar və uşaq malları” fabrikinin və "xxxx" ATSC-nin arxiv sənədləri olmadığından xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixədək dövrə aid əmək fəaliyyətinin araşdırılmasının mümkün olmadığından həmin dövrlərin sığorta stajına daxil edilməməsi barədə gətirdiyi dəlili əsaslı hesab etmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, adıçəkilən müəssisələr ilə bağlı arxiv sənədlərinin olmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özüözlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Eləcə də oxşar tələblə bağlı işlər üzrə formalaşmış Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyindən görünür ki, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixədək işləməsi onun əmək kitabçası ilə təsdiq olunduğundan digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Bundan başqa «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. - 4-cü maddəsinə əsasən bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. - 5-ci maddəsinə əsasən bu Qanun 2018-ci ilin aprelin 1-dən qüvvəyə minir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixədək (7 il 10 ay 1 gün) “Bakı oyuncaqlar və uşaq malları” fabrikində və "xxxx" ATSC-də işlədiyi dövrlər sosial sığorta stajına daxil edilməklə ona təyin edilmiş əlilliyə görə əmək pensiyasının yenidən hesablanması və təyin edildiyi tarixdən ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixədək (7 il 10 ay 1 gün) “Bakı oyuncaqlar və uşaq malları” fabrikində və "xxxx" ATSC-də işlədiyi dövrlər sosial sığorta stajına daxil edilməklə ona təyin edilmiş əlilliyə görə əmək pensiyasının yenidən hesablanması və təyin edildiyi tarixdən ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar