Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9103/2021 22.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı “mənzillə təmin olunma və ya kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra - İddiaçı) cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə (bundan sonra - Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən təmirli və əmlakla təchiz olunmuş 4 otaqlı mənzilin verilməsi və ya 160.000 (bir yüz altmış min) manat dəyərinin ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, İİ qrup əmək əlilidir, 63,5 yaşı var və 23 ildir ki, Xətai rayon İcra Hakimiyyətində güzəştli siyahıda mənzil növbəsindədir. Xətai Polis İdarəsinin inzibati binasında qeydiyyatdadır, rəsmi və faktiki olaraq Azərbaycanda sığınacaq yeri yoxdur. Himayəsində məskunlaşdırılmamış Ermənistandan qaçqın anası, oğlu, gəlini, iki nəvəsi olduğu halda, növbədə ailə tərkibi bir nəfər kimi göstərilmiş, əmək əlili olduğu halda növbədə ümumi əlil kimi göstərilmiş, növbəlilik hüququ da pozulmuşdur. Ali təhsil aldıqdan sonra vətəninə qayıtmaq mümkün olmamışdır. Hazırda o, məskunlaşdırılmamış qaçqındır. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il tarixli Fərmanına görə həmin il məskunlaşdırılmalı idi. Lakin, həmin fərmana əməl olunmamış, ermənistanlı qaçqınlara dövlət tərəfindən mənzil verilməmışdir. 2009-cu ilə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin 39-cu maddəsinə görə əmək əlili olduğundan ona növbədənkənar mənzil verilməli idi. Mənzil Məcəlləsinin 48.1-ci və 56.2-ci maddələrinə görə də mənzillə təmin olunmalı idi. Ona verilməli təmirli və əmlakla təchiz olunmuş 4 otaqlı mənzilin 160.000 (bir yüz altmış min) manat dəyəri cavabdeh, yaxud Konstitusiyanın 68-ci maddəsinə görə dövlət büdcəsindən ödənilməlidir. Cavabdeh iddiaya etirazını təqdim etmiş və göstərmişdir ki, iddiaçının “mənzillə təmin olunma və ya kompensasiyanın ödənilməsi” tələbi ilə bağlı 2021-ci il ərzində müraciəti daxil olmamış, İddiaçı müvafiq iddia tələbinin təmin edilməsindən imtina olunması barədə Komitədən yazılı imtina cavabı almamışdır. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 6 mart 2008-ci il tarixli 719 nömrəli Fərmanı ilə Komitənin Əsasnaməsində edilmiş dəyişikliklərə əsasən Komitənin üzərindən “qaçqın” statusunun verilməsi götürüldüyündən, həmçinin müvafiq fərmanların tələblərinə uyğun olaraq Ermənistan Respublikasından olan qaçqınların məskunlaşdırılması sona çatdığından və onlara verilən güzəştlər dayandırıldığından, həmçinin iddiaçının əlillik dərəcəsi olan şəxs kimi mənzillə təmin edilməsi Komitənin səlahiyyətlərinə aid olmadığından, iddia təmin edilməməli və mümkünsüz sayılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun çıxış edərək, tələbin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hazırkı iddianı mümkün hesab etmir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsi (bundan sonra - Komitə) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin (bundan sonra - qaçqınlar və məcburi köçkünlər) yerləşdirilməsi, məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzilməişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Əsasnamənin 2.3-cü bəndinə əsasən qaçqınlar və məcburi köçkünlər üçün mənzil və sosial obyektlərin təmir-tikinti işlərinin aparılmasını və tikinti obyektlərinin müvafiq layihəsmeta sənədləri ilə təminatını təşkil etmək Komitənin vəzifəsinə, 3.17-ci və 3.19-cü bəndlərinə əsasən məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş və Komitənin balansına götürülmüş mənzil fondunun qorunub saxlanılmasını və istismarını təmin etmək, öz səlahiyyətləri daxilində mənzil, sosial, mədəni-məişət obyektlərinin tikilməsi, qaçqınların və məcburi köçkünlərin müvəqqəti məskunlaşması, işlə təmin edilməsi, onlara torpaq sahələrinin ayrılması ilə bağlı təkliflər hazırlamaq Komitənin funksiyalarına aid edilmişdir. Göründüyü kimi, qanunvericiliyə əsasən cavabdeh qaçqın və məcburi köçkün olan şəxslərin yerləşdirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı səlahiyyətlərə malik dövlət orqanıdır. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən isə qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxs; məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) isə Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin Qanunun 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. İşdə olan cavabdehin 02/1125 nömrəli xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının qaçqın və ya məcburi köçkün statusuna malik olması ilə bağlı məlumat aşkar olunmamışdır. İddiaçı da həmin statusdan hər hansı birinə malik olmasını təsdiq edən sənədi məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda müəyyən olunur ki, iddiaçı qaçqın və ya məcburi köçkün statusuna malik olmadığından həmin statuslu şəxslərin sosial, mənzil və digər təminatlarını həyata keçirən orqana qarşı iddia qaldırmaq üçün subyektiv hüququ olmamışdır. Çünki hazırkı halda cavabdeh konkret kateqoriya şəxslərə münasibətdə mənzil təminatı ilə bağlı səlahiyyətlərə malikdir, hansı ki, iddiaçı həmin kateqoriya şəxslərə aid deyil. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”na əsasən: - 1.5. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Komitənin qərarı ilə həyata keçirilir. - 2.1. Məcburi köçkünlərin yeni yaşayış sahələrində müvəqqəti yerləşdirilməsi Komitənin qərarı ilə yaradılmış Komissiya tərəfindən mərhələli və şəffaf şəkildə həyata keçirilir. Komissiya Komitənin, aidiyyəti yerli rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin, həmçinin məcburi köçkün icmalarının nümayəndələrindən ibarət təşkil olunur. Məcburi köçkünlərin mənzillə təmin edilməsi müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edilmiş siyahı və bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada təqdim edilmiş ərizələr əsasında həyata keçirilir.. - 2.3. Rayon (şəhər) icra hakimiyyətlərinin bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edərək Komitəyə təqdim etdikləri siyahılar və məcburi köçkünlərin mənzillə təmin edilməsi barədə Komitəyə bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada təqdim etdikləri ərizələr Komissiya tərəfindən araşdırılaraq yekun qərar qəbul edilir. Normalardan görünür ki, məcburi köçkünlərin yeni yaşayış sahələrində müvəqqəti yerləşdirilməsi Komitə tərəfindən yardılmış Komissiyanın qərarı əsasında həyata keçirilir. İddiaçı hazırda onun barəsində belə bir əlverişli inzibati akt - qərar qəbul edilməsni istəyir ki, onun bu tələbi məcburetmə haqqında iddiaya aiddir. Çünki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra –İPM) 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialar və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar məcburetmə haqqında iddialara aiddir. İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İşdə olan cavabdehin xx.xx.2019-cu il tarixli 01/11133 nömrəli məkbundan görünür ki, iddiaçı hazırkı tələblə 2019-cu ildə cavabdehə müraciət etmiş, cavabdeh isə Ermənistandan olan qaçqınların daimi məskunlaşdırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 avqust tarixli, 562 nömrəli “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” Fərmanının icrası başa çatdığından iddiaçının məcburi köçkün ailələri üçün inşa olunmuş qəsəbələrdə mənzillə təmin olunmasının imkan xaricində olduğu bildirmişdir. İddiaçı isə imtina cavabını aldıqdan sonra 30 günlük müddəti ötürməklə, təxminən iki ildən sonra məhkəməyə müraciət etmiş, bununla da qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. İPM-in 24.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. İPM-in 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İşin hallarından müəyyən olunur ki, iddiaçı hazırkı iddia ərizəsini müraciət tarixindən 1 ildən çox keçdikdən sonra verdiyindən və İPM-in 24.4-cü maddəsində göstərilən halları sübuta yetirmədiyindən hazırkı iş üzrə müddətin bərpasına dair ərizə də verilə bilməz. Beləliklə, məhkəmə sadalananlara əsasən hesab edir ki, iddiaçının hazırkı tələbi inzibati prosessal qanunvericiliyin tələblərinə əsasən mümkünlük şərtlərinə cavab vermir. Buna görə də iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-9103/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9103/2021
22.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver