Məhkəmə qərarları › İş №2-1(112)-9105/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9105/2021

18.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9105/2021 18.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 (Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi 26, mənzil 2 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X2 (hüquq məsləhətçisi, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə “çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 3 ünvanında yerləşən mənzilin fərdi yaşayış kimi və altında olan torpaq sahəsinin və ünvan 4 ünvanında yerləşən 2 nömrəli mənzil fərdi yaşayış evi kimi və texniki pasportunda göstərilən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınaraq, reyestrdən İddiaçı adına çıxarışların və texniki pasportların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ünvan 3 ünvanında yerləşən mənzilin fərdi yaşayış kimi və altında olan torpaq sahəsinin və ünvan 4 ünvanında yerləşən 2 nömrəli mənzil fərdi yaşayış evi kimi və texniki pasportunda göstərilən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınaraq, reyestrdən İddiaçı adına çıxarışların və texniki pasportların verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi tələbinə dair 2-1(112)-9105/2021 saylı işdən, “ünvan 4 ünvanında yerləşən 2 nömrəli mənzil fərdi yaşayış evi kimi və texniki pasportunda göstərilən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınaraq, reyestrdən İddiaçı adına çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi yeni nömrə ilə qeydiyyata alınmaqla icraatlar ayrılmışdır. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Nizami rayonu, Məmmədli Şərifli küçəsi, ev 46, mənzil 1A ünvanında yerləşən mənzilin fərdi yaşayış evi kimi dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın yerləşdiyi 0.0494 kv.m torpaq sahəsi üzərində İddiaçı adına mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 18 noyabr 2021-ci il tarixli 2-1(112)-9300/2021 saylı qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, B Nizami rayonu, Məmmədli Şərifli küçəsi, ev 46, mənzil 1A ünvanında yerləşən mənzil çıxarışa əsəsən mənim xüsusi mülkiyyətimdədir. Evin altında olan torpaq sahəsi də uzun illərdir mənim istifadəmdədir. Torpaq sahəsi öz əksini texniki pasportda tapıb. Qeyd edilən daşınmaz əmlak mənzil kimi qeydiyyatdan keçsə də, təyinatı fərdi yaşayış evinə uyğundur. Daşınmaz əmlakın fərdi yaşayış evinə keçirilməsi və altındakı torpaq sahələrinin sənədləşməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli imtina məktubunda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər təqdim olunmadığına görə və xx.xx.2021-ci il tarixli imtina məktubunda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər təqdim olunmadığına görə sənədləşmədən imtina olunmuşdur. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, İddiaçı ünvan 3 ünvanında yerləşən mənzilin fərdi yaşayış kimi və altında olan torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən İddiaçı adına çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı ünvan 5 ünvanında yerləşən mənzilin yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2021-ci il tarixdə idarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, mənzilin yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak-Obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısfnda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********49 saylı, xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır. Qeyd edilən əmlak mənzil kimi qeydiyyatdan keçmişdir. Bundan əlavə torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, hasardan 4.5 metr məsafədən orta təzyiqli 325 mm-lik yeraltı qaz xətti keçir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunun 9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 9.1.1-ci maddəsinə əsasən icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə 9.1.2-ci maddəsinə əsasən məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd, 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilmiş tikililərə dair: 8.0.10.2-ci maddəsinə əsasən məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq- planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd təqdim edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci məddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində qeyd olunanlara uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Hazırda iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tərəfindən verilmiş MH seriyalı, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli hüquqları Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa və 07 iyun 2014-cü il tarixli 04/17930 inventar nömrəli Texniki Pasporta istinad edərək faktiki istifadəsində olan Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, ev 46 ünvanda yerləşən 1 saylı mənzilin fərdi yaşayış evi kimi dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın altında yerləşən 0.0494 ha torpaq sahəsi üzərində İddiaçı adına mülkiyyət hüququna dair çıxarışın verilməsini istəyir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -İddiaçı Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, ev 46 ünvanda yerləşən 1 saylı mənziln fərdi yaşayış evinə keçirilməsi və torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. - Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlananı 24 iyun 2021-ci il tarixli **********50 nömrəli imtina məktubu ilə iddiaçının Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, ev 46 ünvanda yerləşən 1 saylı mənzililin yerləşdiyi torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı ********** nömrəli xx.xx.2021-ci il tarixli ərizəsinə baxılaraq bildirilmişdir ki, mənzilin yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Məhkəmə cavabdeh inzibati orqanın dəlillərini əsassız hesab edir və imtinası ilə razılaşmır. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 8.0.4-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri qanuni qüvvəyə minmiş məhkəmə qərarları hesab olunur. Həmin Qanunun «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq Həmin Qanunun 8.0.8-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin Dövlət qeydiyyatı üçün əsaslardan biri də, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlərdir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Məhkəmə araşdırması dövründə iş üzrə zərurət yarandığından Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tərəfindən verilmiş MH seriyalı, **********76-05101-093001 reyestr nömrəli Çıxarışın verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surəti sorğu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********61 saylı məktub əsasında **********76-05101-093001 reyestr nömrəli Çıxarışın verilməsinə əsas olmuş sənədlərin surəti göndərilmişdir. Sorğuya cavab olaraq cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı ilə X3 arasında bağlanmış AN-İ№ ******* saylı xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqısatqısına dair müqavilənin təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən MH seriyalı **********76- 05101-093001 reyestr nömrəli xx.xx.2021-ci il tarixli Çıxarışa əsasən X3 tam mülkiyyət üzrə ona məxsus ünvan 7 ünvanda yerləşən ümumi sahəsi 39.8 kv.metr olan mənzili İddiaçı satmışdır. Məktuba əlavə edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən MH seriyalı **********76-05101-093001 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli Çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, ev 46, ünvanda yerləşən 39.6 kv.metr sahədən ibarət 1 a №li mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına rəsmiləşdirilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən 07 iyun 2014-cü il tarixli, 04/17930 inventar nömrəli 07 iyun 2021-ci tarixdə tərtib edilən Texniki Pasportdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, ev 46, ünvanda yerləşən 1 a №li mənzilin faktiki sahə üzrə 0.0494 ha, tikintialtı sahə üzrə 0.0098 ha göstərilmişdir. İş materiallarına əlavə edilmiş X5 tərəfindən tərtib və təsdiq olunan mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, ev 46, ünvanda yerləşən 1 a №li tikiliyə yerli baxış keçirilərək müəyyən edilmişdir ki, ünvan 7 ünvanda yerləşən tikili çoxmənzilli binanın tərkib hissəsi deyil, ayrıca girişi və tam avtonom kommnikasiyalara malik, otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi yaşayış evidir, qeyd olunan evin tikintialtı sahəsi 494 kv.metrdən ibarətdir. Göründüyü kimi «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 4-cü abzasına əsasən «Fərdi yaşayış evlərinin, həyətyani sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir». “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi müəyyənləşdirilmişdir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmçinin, qeyd olunmalıdır ki, bu prosesi tənzimləyən qanunvericiliyə görə əvvəllər vətəndaşların daimi istifadəsinə verilmiş torpaq sahələrinin onların xüsusi mülkiyyətinə verilməsi məhdudlaşdırılmamış, bir şərtlə ki, torpaq islahatı aparılan zaman həmin torpaq sahəsi onların qanuni istifadəsində olsun. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə X3 arasında bağlanmış AN-İ№ ******* saylı xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqısatqısına dair müqavilənə əsasən ünvan 7 ünvanda yerləşən ümumi sahəsi 39.8 kv.metr olan mənzili İddiaçı satılmış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən MH seriyalı **********76-05101-093001 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli Çıxarışa əsasən iddiaçı qeyd olunan mənzilə mülkiyyət hüququ əldə etmiş, həmçinin Texniki Pasport tərtib edilərək təsdiq edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13.2-ci maddəsinə əsasən otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Göründüyü kimi işin faktiki hallarından müəyyən edilir ki, sözügedən tikili çoxmənzilli binanın tərkib hissəsi deyil, ayrıca girişi və tam avtonom kommnikasiyalara malik, otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət olmaqla fərdi yaşayış evi hesab edilir. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçının qeyd olunan mənzil (faktiki olaraq təyinatı fərdi yaşayış evinə uyğundur) üzərində mülkiyyət hüququqlarının dövlət reyestrində qeydə alındığını, o cümlədən evin yerləşdiyi torpaq sahəsinin uzun illərdən bəri iddiaçının sahibliyində olmasını nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfinən Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, ev 46 ünvanda yerləşən 1a nömrəli mənzilin fərdi yaşayış evi kimi dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın yerləşdiyi 0.0494 ha torpaq sahəsi üzərində İddiaçı adına mülkiyyət hüququna dair çıxarışın verilməsindən imtina edilməsi əsassız olmuşdur. Başqa sözlə iddiaçının sözügedən fərdi yaşayış evinə dair yuxarıda sadalanan sənədlərinin olduğu təqdirdə cavabdeh inzibati orqan tərəfindən qeyd olunan daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Bayramovanın şikayəti üzrə...” xx.xx.2012-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, “Torpaq islahatı haqqında” Qanunda təsbit olunmuş vəzifələrin yerinə yetirilməsi daimi istifadəyə verilmiş həyətyanı torpaq sahələri üzərində vətəndaşların xüsusi mülkiyyət hüququnun təmin edilməsini və səlahiyyətli dövlət orqanları tərəfindən vətəndaşların torpaq sahələrinə xüsusi mülkiyyət hüququnun maneəsiz əldə olunması üçün bütün lazımi tədbirlərin görülməsini tələb edir. Bu mənada, həmin dövlət orqanları tərəfindən həyətyanı torpaq sahəsinin orada qeydiyyatda olan şəxslərin mülkiyyətinə verilməsi torpaq islahatlarının səmərəli həyata keçirilməsinə yönələn tədbirlərdən biri hesab oluna bilər. Həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən, kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarışlar qeydiyyat üçün əsas hesab edilir. Torpaq islahatı ilə bağlı publik münasibətlərin tənzimlənməsi üçün qəbul olunmuş “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hazırlanmış “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamə ilə müəyyən olunmuş qayda və şərtlər pozulduğu halda hüququ pozulmuş şəxs inzibati orqan olan cavabdeh tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüququ mübahisələndirə bilər. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.11-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 3.0.24-ci maddəsinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək cavabdehin vəzifələrinə aid edilmişdir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Cavabdehin imtinası ilə bağlı məhkəmə qeyd edir ki, imtina formal mülahisələrə istinadən verilmişdir və əsaslı dəlillərə söykənmir. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçı ünvan 5 ünvanında yerləşən mənzilin fərdi yaşayış evi kimi dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın yerləşdiyi 0.0494 ha torpaq sahəsi üzərində İddiaçı adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş sənədləri təqdim etdiyindən, cavabdehin imtinası «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci və 10.2-ci maddələrinin, o cümlədən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1, 24.2-ci müddəalarının tələblərinə uyğun deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka(əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı iddia tələbi təmin edilməli, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, ev 46 ünvanda yerləşən 1a nömrəli mənzilin fərdi yaşayış evi kimi dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın yerləşdiyi 0.0494 ha torpaq sahəsi üzərində İddiaçı adına mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 62-ci, 68-ci, 85-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı iddia tələbi təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, ev 46 ünvanda yerləşən 1a nömrəli mənzilin fərdi yaşayış evi kimi dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın yerləşdiyi 0.0494 ha torpaq sahəsi üzərində İddiaçı adına mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar