Məhkəmə qərarları › İş №2-1(112)-9106/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9106/2021

24.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9106/2021 24.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “sərəmncamın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 55 nömrəli, 11.03.2020-ci il tarixli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 296 saylı, 16 iyul 2018-ci il tarixli “çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi haqqında” sərəncamı ilə Nərimanov rayonu Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülməsini və yerində yeni hündiirmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə, 4,44 ha torpaq sahəsi İddiaçı MMC-nin daimi istifadəsinə verilmişdir. Yuxarıda göstərilən sərəncamdan sonra, İddiaçı MMC tərəfindən ərazini layihələndirilmə-planlaşdırma işlərinə başlanılmış və ərazinin tikinti-planlaşdırma eskizi və izahat yazısı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb, təsdiq edilmişdir. O cümlədən, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri ilə danışıqlar apararaq, böyük bir qismi ilə ilkin razılaşmalar əldə edilmiş, layihə-axtarış işlərinə başlanılmış, mühəndis kommunikasiya xətlərin müəyyən edilməsi, yerin ekoloji xüsusiyyətlərin öyrənilməsi, yaşıllıqların köçürülməsi və s. işlərlə məşğul olunmağa başlanılmışdır. İddiaçı tərəfindən Nərimanov Rayon İcra Hakimiyyətinə rəsmi ərizə ilə müraciət edilərək tikintiyə icazə barədə sərəncamın, xüsusi nişanın və digər müvafiq razılıqların verilməsi zəruriəti nəzərə alınaraq köməklik göstərilməsi xahiş edilmişdir. Bu zaman, "xxxx" MTK adlı bir şirkət ərazini hasara almağa başlamış və məlum olmuşdur ki, ərazi onlara verilmişdir. Dərhal Azərbaycan Respublikası Nazirlər Kabinetinə, Bakı Şəhər İcra Hakimiyyətinə və Nərimanov Rayon İcra Hakimiyyətinə teleqramlar vuraraq, məsələyə aydınlıq gətirilməsi, pozulmuş hüquqlarının bərpa edilməsinə köməklik göstərmələri xahiş edilmişdir. Çoxsaylı şikayətlərdən sonra Bakı Şəhər İcra Hakimiyyəti başçısının 7-163/2 saylı, 22.09.2020-ci il tarixli cavab məktubunda bəlli oldu ki, Nərimanov Rayon İcra Hakimiyyətinin 356 saylı, 01.10.2018-ci il tarixli sərəncamı ilə İddiaçı MMC-yə verilmiş 296 saylı, 16 iyul 2018-ci il tarixli sərəncam ləğv edilmişdir. Halbuki, Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı MMC-yə heç bir bildiriş, xəbərdarlıq edilməmiş, hər hansı irad bildirilməmiş, sərəncam ləğv edilirkən də bu barədə heç bir məlumat verilməmişdir. Bütün bunlardan sonra, İddiaçı MMC-yə ayrılmış, yuxarıda qeyd edilən Nərimanov rayonu Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən 4,44 ha torpaq sahəsinin 2.7520 ha sahəsi (Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən ərazi) Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 55 nömrəli, 11.03.2020-ci il tarixli sərəncamı ilə "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək, mübahisəyə tam aydınlıq gətirənə qədər 55 nömrəli, 11.03.2020-ci il tarixli sərəncamın icrasını və ərazidə "xxxx" MMC tərəfindən söküntü-tikinti işlərinin dayandırılmasını xahiş etsələrdə, ərizələr baxılması üçün nədənsə Nərimanov Rayon İcra Hakimiyyətinə göndərilmiş, oradan da cavab verilməmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 55 nömrəli, 11.03.2020-ci il tarixli sərəncamı əsassız və qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd edilən maddənin tələbinə uyğun olaraq, 24 sentyabr 2021-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsinə hüquqi yardım göstərilərək iddianın mümkünlüyü ilə bağlı qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəfin fikirləri dinlənilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddia tələbinin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Nərimanov Rayon İcra Hakimiyyətinin 01.10.2018-ci il tarixli, 356 nömrəli Sərəncamı tərəflərin mübahisələndirilmişdir, lakin məhkəmə aktı hələ ki qəbul edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Nərimanov Rayon İcra Hakimiyyətinin 16.07.2018-ci il tarixli, 296 nömrəli sərəncamından görünür ki, Nərimanov rayonunun Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə 4,44 ha torpaq sahəsi İddiaçı MMC-nin daimi istifadəsinə verilmişdir; Bakı Şəhər İcra Hakimiyyətinin 22 sentyabr 2020-ci il tarixli məktubunda göstərilmişdir ki, qaldırılan məsələnin ətraflı araşdırılması məqsədilə tərəflərindən Nərimanov Rayon icra Hakimiyyətinə müraciət edilmişdir. Aparılan araşdırma nəticəsində, rayon icra hakimiyyəti tərəfindən təqdim edilmiş və əldə olunan müvafiq sənədlərə əsasən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 16.07.2018-ci il tarixli 296 nömrəli Sərəncamı ilə sözügedən ünvanda mövcud qəzalı binaların sökülməsi, yerində hündürmərtəbəli çoxmənzilli binaların tikintisi məqsədilə 4.44 ha torpaq sahəsinin “X2" MMC-yə ayrıldığı bildirilmişdir. Bundan sonra uzun müddət keçməsinə baxmayaraq, "X2’’ MMC tərəfindən müvafiq sənədləşdirmə işlərinin başa çatdırılmadığı, müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, əhalinin köçürülməsi və ərazinin hasarlanaraq tikintiyə hazırlıq işlərinə başlanılmadığı, eləcə də nəzərdə tutulan tikintiyə dair layihə sənədləri mövcud şəhərsalma normalarına və prinsiplərinə uyğun hazırlanmadığından Nərimanov Rayon İcra Hakimiyyətinin 01.10.2018-ci il tarixli, 356 nömrəli Sərəncamı ilə İddiaçı MMC-yə dair Sərəncamın qüvvədən düşdüyü qeyd edilmişdir; Bakı Şəhər İcra Hakimiyyətinin 11.03.2020-ci il tarixli, 55 nömrəli sərəncamından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən, yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 2,7520 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilmişdir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Belə ki, işin faktiki hallarından görünür ki, iş üzrə iddiaçı qismində çıxış edən İddiaçı MMC hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 55 nömrəli, 11.03.2020-ci il tarixli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən də təsdiq edilmişdir ki, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 16.07.2018-ci il tarixli 296 nömrəli Sərəncamı ilə sözügedən ünvanda mövcud qəzalı binaların sökülməsi, yerində hündürmərtəbəli çoxmənzilli binaların tikintisi məqsədilə 4.44 ha torpaq sahəsinin “X2" MMC-yə ayrılmış, daha sonra Nərimanov Rayon İcra Hakimiyyətinin 01.10.2018-ci il tarixli, 356 nömrəli Sərəncamı ilə İddiaçı MMCyə dair Sərəncam qüvvədən düşmüş və Bakı Şəhər İcra Hakimiyyətinin 11.03.2020-ci il tarixli, 55 nömrəli sərəncamı ilə həmin ünvanda yerləşən 2,7520 ha torpaq sahəsi icarə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilmişdir. Belə olan halda, nə qədər ki, Nərimanov Rayon İcra Hakimiyyətinin 01.10.2018-ci il tarixli, 356 nömrəli Sərəncamı qüvvədədir, iddiaçının sözügedən torpaq sahəsinə dair hər hansı hüququ ilə bağlı qüvvədə olan hər hansı sənəd mövcud deyil. Bu kontekstdə iddiaçının hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olması qənaətinə gəlmək mümkün deyildir. Bu mənada, iddiaçının hazırkı iddiaya hüquqi marağı müəyyən edilmir. Həmçinin qeyd edilməlidir ki, iddiaçı tərəfindən hazırkı iddianın irəli sürülməsi üçün iddia müddətinə riayət edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarından göründüyü kimi, iddia müddətlərinə riayət edilməsi iddianın mümkünlüyü komponentlərindən biridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27.12.2001ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25.01.2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan Bakı Şəhər İcra Hakimiyyəti başçısının 11.03.2020-ci il tarixli, 55 nömrəli sərəncamı ən azı həmin sərəncamın tarixinə və nömrəsinə istinad edərək onun icrasının dayandırılması ilə bağlı 02 iyun 2021-ci il tarixli məktubla cavabdehə müraciət edərkən iddiaçıya məlum olmuşdur. Nəzərə alınmalıdır ki, qüvvədə olan qanunvericilik (İPM-in 38.1-ci maddəsi) belə aktların mübahisələndirilməsi (ləğv edilməsi) ilə bağlı iddiaların irəli sürülməsi üzrə 30 gün müddət müəyyən etmişdir. İddiaçı isə 04.08.2021-ci il tarixdə məhkəməyə müraciət etməklə həmin iddia müddətini ötürmüşdür. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia həm ümumi, həm də xüsusi mümkünlük şərtlərini ödəmədiyi üçün mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “sərəmncamın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar