Məhkəmə qərarları › İş №2-1(112)-9109/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9109/2021

24.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9109/2021 24.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) 04 avqust 2021-ci il tarixdə cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Biləcəri qəsəbəsi ərazisində tikdirdiyi ümumi sahəsi 96 kv.m olan iki mərtəbəli ofisin cavabdeh tərəfindən dağıdılması nəticəsində ona dəymiş 38.000 manat məbləğində maddi ziyanın, işgüzar nüfuzuna vurulmuş 131.000 manat həcmində zərərin əvəzinin, 36.000 manat həcmində əldən çıxmış faydanın, ümumilikdə 267.000 manatın cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətindən onun xeyrinə tutulması və qeyd olunan qurumun əməkdaşları barədə xüsusi qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı Binəqədi rayonu, Biləcəri qəsəbə Bələdiyyəsinin 02 noyabr 2007-cı il tarixli, 943/b saylı qərarı əsasında mülkiyyətinə verilmiş 120 kv.metr torpaq sahəsini, 03 noyabr 2005-ci il tarixdə həmin qəsəbə ərazisindən 13 saylı protokolla, 679 saylı Bələdiyyə qərarı ilə 98,0 kv.metr torpaq sahəsini və bu qaydada bir neçə torpaq sahələrini almışdır. İddiaçının faktiki olaraq istifadəsində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olunması üçün 800 kv.metrdən artıq torpaq sahəsi vardır. İddiaçı xırda sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün həmin ərazidə tikinti aparmaq üçün Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etmiş, onlar isə ona 40 ədəd hər biri 370 manat dəyərində olan plasmas zibil yeşikləri aldırdıqdan sonra heç bir sənəd vermədən tikinti apara biləcəyinə icazə vermişlər. İddiaçı qeyd edilən ərazidə dəmir özüllü yüngül konstruksiyalı 96 kv.metr ölçüdə ofis inşa etmiş, daha sonra Xocasən qəsəbəsi ərazisində əkmək üçün İcra Hakimiyyətinin sifarişinə əsasən 300 ədəd şam ağacı əlavə olaraq fəhlələrin istirahəti üçün 3000 manat dəyərində olan dəmir butka alaraq onlara vermişdir. Bir neçə ay bundan əvvəl icra başçısının müavini iddiaçının yerinə gələrək ofisi böyük tikdirdiyini, onların isə balacasını nəzərdə tutduğunu bildirmişdir. Ertəsi gün qəsəbə nümayəndəsi vasitəsilə bildirmişlər ki, icra hakimiyyətinin adından 5 şəhidin qəbirinin üstü götürülməlidi. İddiaçı onlara ciddi narazılıq edərək buna imkanının çatmadığını, ancaq İcra Hakimiyyətinin deyil, öz adından iki şəhidin qəbrinin üstünü götürə biləcəyini bildirmişdir. Təxminən 2-3 gün sonra Binəqədi rayon İcra Hakimiyyətinin əməkdaşları 08 noyabr 2020ci il tarixdə iddiaçının mülkiyyətində olan Bələdiyyə torpaqları hesab edilən əraziyə qanunsuz daxil olaraq öz vəsaiti hesabına tikilən tikililəri, heç bir xəbərdarlıq etmədən traktorun qabağına verərək uçurmuşlar. Bununla da ona məxsus əmlak qanunsuz olaraq dağıdılmış və 38.000 manat dəyərində ziyan vurulmuşdur. Eləcə də ərazinin sahə inspektoru və digər şəxslər DYP əməkdaşları onu həbs etdirmək istədiklərini və bunun üçün hazırlıq getdiyini bildirmişlər. O, hədələrə görə məcburən ölkəni tərk edərək məcbur 5 ay müddətində xaricdə qaldıqdan sonra ölkəyə qayıtmışdır. Beləliklə, Binəqədi rayon İcra Hakimiyyəti nümayəndələri qanunsuz olaraq ona məxsus torpaq sahəsinə daxil olaraq iddiaçıya maddi və mənəvi ziyan vurmuşdur. Belə ki, iddiaçı 2018-ci il mart ayından 2020ci ilə kimi mülkiyyətinə məxsus torpaq sahəsinə külli miqdarda xərclər çəkmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iclasında iştirak edən Cavabehin nümayəndəsi iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-nin 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi və mənəvi ziyanın cavabdehdən tutulmasından ibarətdir. Bu iddia İPM-in 2.2.7-ci maddəsinə əsasən kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır ki, yuxarıda da qeyd olunduğu kimi digər mümkünlük şərtləri ilə yanaşı bu iddia, yəni inzibati orqanların qanunsuz qərarları və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsinə dair iddianın qaldırıla bilməsi üçün tələb olunan mümkünlük şərtlərindən biri zərərçəkmiş şəxsin vurulmuş zərərin əvəzinin ödənilməsinə dair ərizə ilə əvvəlcə müvafiq inzibati orqana müraciət etməsidir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Lakin iş materiallarından müəyyən olunur ki, iddiaçı hazırkı tələblə bağlı məhkəməyə müraciət etməzdən öncə inzibati orqana müraciət etməmişdir. Məhkəmə tərəfindən hüquqi yardım göstərilməklə hazırkı tələblə ilkin olaraq cavabdehə müraciət edilməsini təsdiq edən sənədin təqdim edilməsi iddiaçıya təklif olunmuş, iddiaçı cavabdehə etdiyi müraciətə əsasən ona verilmiş 04.08.2021-ci il tarixli cavab məktubunu məhkəməyə təqdim etmişdir. Lakin həmin məktubdan görünür ki, iddiaçının müraciəti ona dəymiş maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı deyil, Biləcəri-Xocasən qəsəbələrinin kəsişməsi, Biləcəri qəbirstanlığının qarşı tərəfində qeyriyaşayış obyektinin tikintisinə icazə verilməsi ilə bağlı olmuş, həmin müraciət cavabdehə deyil, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanlanmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçının həmin müraciətindən də görünür ki, Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış müraciət müvafiq şəxslərin cəzalandırılması və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı olmuşdur. Belə olan halda, müəyyən olunur ki, hazırkı iddia məhkəmədə mahiyyəti üzə baxılması üçün tələb olunan mümkünlük şərtlərinə cavab vermir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə onu da iddiaçıya izah edir ki, iddianın mümkün sayılmamasına dair hazırkı qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar