Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9111/2025 17.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı pulun ödənilməsi tələbinə dair iddiası üzrə mümkünlük məsələsinə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç. 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhsil haqqı olaraq, ödədiyi 15500 (on beş min beş yüz) manat pulun tutularaq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o 2013-cü il tarixdə Xəzər Universiteti, Humanitar və Sosial elmlər fakültəsinin "Tərcümə" ixtisası üzrə əyani şöbəsinə qəbul olunmuşdur. 2018-ci il tarixdə, həmin Universiteti bitirmiş. Universitetdə təhsil haqqı ödənişli olduğu üçün - bu dövr ərzində dövlət büdcəsinə ümumilikdə 15500 (on beş min beş yüz) manat pul ödəmiş. Təhsilini başa vurub, hərbi xidmətə çağrılmış, sonradan ona məlum olmuşdur ki, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olunmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq təhsil haqqını dövlət büdcəsi vəsaiti hesabına ödənməli idi. Əlavə olaraq bildirir ki, Qanunun bu tələbindən xəbərsiz olmuş, bu səbəbdən təhsil haqqını ödəmiş. Əslində bu güzəşt ona şamil olunmalıdır, belə ki, atası İddiaçı Misir oğlu 09 dekabr 1996-cı il tarixdə vəfat etmiş, anası, X2 isə 1974-cü il tarixdən 2-ci qrup ümumi xəstəlik üzrə əlildir. Bütün bunlarla onu qeyd etmək istəyir ki, "Təhsil haqqından azad edilən şəxslərin" siyahısı ona də şamil olunur, bu öz əksini 19 iyun 2009-cu il tarixdə qəbul olunmuş "Təhsil Haqqında" Azərbaycan Respublikası Qanununun 14.8.1 -ci maddələrində qeyd olunmuşur. Odur ki, hesab edi ki, təhsil almaq üçün ödədiyi 15500 manat pul, ona qaytarılmalıdır. Cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin mümkün hesab edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən ödənilmiş təhsil haqqı Elm və Təhsil Nazirliyin hesabına köçürülməsini təsdiq edən hər hansı bir subut növü mövcud deyil. Belə ki, iddiaçı ilə Xəzər Universiteti arasında müqavilə münasibətində olmuş və təhsil haqqı müqavilə şərtlərinə uyğun olaraq ödənilmişdir. Təhsil haqqı Universitetin hesabına ödənilmiş və Universitetin məqsədləri üçün istifadə edilmişdir. Həmin vəsaitin Təhsil Nazirliyi ilə heç bir bağlılığı və əlaqəsi olmayıb. Eyni zamanda Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında” Əsasnamənin 5.5.14-cü bəndinə görə, dövlət büdcəsindən ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsini təmin etmək nazirliyin vəzifələrindən biridir. Ödənilmiş təhsil haqqının geri qaytarılması isə nazirliyin funksiyasına daxil deyildir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 14.8-1-ci maddəsinə əsasən, Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Qeyd edilən qərarın icra mexanizmi ilə əlaqədar bildiririk ki, təhsilalanlar müvafiq imtiyaza sahib olmalarını təsdiq edən sənədləri təhsil müəssisəsinə təqdim etdikdən sonra, təhsil müəssisəsinin məsul şəxsləri tərəfindən aidiyyatı üzrə yoxlanılaraq hər tədris ilinin əvvəlində təhsilalanlarla bağlı müvafiq məlumatlar müəssisə rəhbərinin imzası ilə Elm və Təhsil Nazirliyinə rəsmi formada təqdim edilir. Nazirliyə təqdim edilən məlumatlar əsasında da Maliyyə Nazirliyi tərəfindən həmin şəxslərin sayı nəzərə alınmaqla hər il dövlət büdcəsində müvafiq məbləğdə proqnozlaşdırılır və aidiyyəti üzrə icra edilir. Ali təhsil müəssisələri tərəfindən təqdim edilən imtiyazlı şəxslərin siyahısına kimlərisə əlavə etmək Nazirliyin funksiyasına aid deyildir. Nazirlik yalnız təhsil müəsissisəsi tərəfindən təqdim olunan siyahını Maliyyə Nazirliyinə təqdim edir və vəsait həmin adlı siyahıya uyğun olaraq ayrılır. Maliyyə Nazirliyi tərəfindən ayrılmış vəsait ETN tərəfindən adlı siyahıya uyğun olaraq ali təhsil müəssiələrinə köçürülür. Həmçinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbycan Respublikasının Qanunun preambulasına əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından 23 yaşınadək olan şəxslərin sosial müdafiəsi üzrə dövlət təminatının məzmununu, tədbirlərini müəyyən edir, həmin təminatın verilməsi və həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1997-ci ildə anadan olmuş, 2018-ci ildə təhsilini başa vurmuş və 6 il sonra təhsil müəssisəsinə ödədiyi təhsil haqqını geri tələb etmişdir. Göstərilən normativ aktların müddəalarından görünür ki, iddiaçının adının siyahıya salınmamasına görə Elm və Təhsil Nazirliyinin hər hansı bir məsuliyyəti mövcud deyildir. Məhkəmə iclasında iddianın mümkünlüyü ilə bağlı məsələlər (iddiaçının eyni iddia tələbinə əvvəllər baxılması ilə bağlı) müzakirə edildi. İddiaçı iddianın mümkün sayılmamasına etiraz etdiyini bildirdi və iddia tələbini müdafiə edərək təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, Ali Məhkəmənin Mülki Kollegiyasının qərarından sonra yenidən inzibati məhkəmədə iddia vermək qərarına gəlmişdir. Cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat verərək iddia tələbinin mümkün hesab edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Bakı İnzibati Məhkəməsinin icraatında olmuş digər iş materiallarından müəyyən edilir ki, iddiaçının eyni məzmunlu, eyni faktiki və hüquqi əsasa söykənən, eyni predmetli idddiası Bakı İnzibati Məhkəməsinə daxil olmuş və Məhkəmənin e-2-1(112)- 9969/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün hesab edilməmişdir. Qərardaddan apellyasiya şikayəti verilməmiş və qərardad qanuni qüvvəsini almışdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarı: 15.5-ci bənd. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6-cı bənd. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Məhkəmə tərəfindən iddia hüquqi cəhətdən iki mərhələdə yoxlanılır. İlkin mərhələdə iddianın mümkünlüyü şərtlərinin mövcud olub-olmaması yoxlanılır. Yalnız iddianın mümkün sayıldığı təqdirdə məhkəmə tərəfindən növbəti mərhələdə onun əsaslılığı yoxlanılır. Mümkünlük şərtləri tərəflərin təşəbbüsündən asılı olmayaraq məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Mümkünlük şərtlərinin ödənilmədiyi hallarda iddianın əsaslılığının yoxlanılması və ona mahiyyəti üzrə baxılması istisna edilir. Bu yanaşma məhkəmə qənaəti prinsipinin məqsədlərinə xidmət edir. Nəzərə almaq lazımdır ki, iddianın mümkünlük şərtləri prosessual qanunvericiliyin tələblərindən irəli gəlir və mümkünlük şərtləri yoxlanılarkən həmçinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olub-olmaması da müəyyən olunmalıdır. Belə ki, qeyd edilən məhkəmə aktının olması iddianın mümkünlüyünə təsir edən faktordur. Göründüyü kimi hazırda irəli sürülən iddia tələbi ilə bağlı məhkəmə aktı mövcuddur. Nəzərə alınmalıdır ki, İPM-nin 45.5, 45.5.1 və 78-ci maddələri adıçəkilən Plenum Qərarının 15.6-cı bəndinin tələbləri də nəzərə alınmaqla iddiaya mahiyyəti üzrə baxılmasını istisna etməklə, iddianın mümkün sayılmaması üçün əsas yaratmışdır. Məhkəmə qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə yuxarıda qeyd olunan qərardad qüvvədə olduğundan, iddia tələbi mümkünlük şərtlərini ödəmir. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.5-ci bəndlərinin də tələbləri baxımından iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. Qeyd olunan maddə və bəndlərin mahiyyətindən aydın olur ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. (35.1-ci maddə) İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (1.1 - 1.5-ci bəndlər) Oxşar yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2053/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərardadında da qeyd edilmişdir. Həmin qərardadda məhkəmə kollegiyası qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, İPM-in 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Tərəflər arasında mövcud olmuş hazırkı mübahisəyə məhkəmə qaydasında artıq bir dəfə baxılaraq qərar qəbul edilmiş və qərar qanuni qüvvəsini almışdır. Tərəflər, o cümlədən iddiaçı məcburi hüquqi qüvvəyə malik həmin qərara bağlıdır və iddiaçı həmin qərarla ona münasibətdə artıq həll olunmuş eyni mübahisəyə yenidən baxılmasını tələb etməkdə haqlı sayıla bilməz. Ona görə də bu iddiaya yenidən mahiyyəti üzrə baxılması mümkün hesab edilə bilməz. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1709/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1(102)-1602/2023 nömrəli xx.xx.2023-cü il tarixli, 2-1(102)-1775/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)- 851/2023 nömrəli və xx.xx.2023-cü il, 2-1(102)-1335/2023 nömrəli). Məhkəmə iddiaçının izahatı ilə bağlı qeyd edir ki, iddiaçı istinad etdiyi Ali Məhkəmənin Mülki Kollegiyasının qərarından sonra yeni hal yarandığını hesab edirsə, hazırkı tələblə ilk növbədə cavabdehə müraciət etməli idi. Cavabdeh tərəfindən müraciətinin təmin olunmasından imtina edildiyi və ya mürüaciəti baxılmamış saxlanıldığı halda, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edə bilərdi. İddiaçının izaharında isə müəyyən edilir ki, onun cavabdeh yeni müraciəti yoxdur. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-9111/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9111/2025
17.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver