Məhkəmə qərarları › İş №2-1(112)-9112/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9112/2021

16.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9112/2021 16.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakimi Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “imtinanın qanunsuz hesab edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbə Bələdiyyəsinin ərazisində olan 98,0 kv. metr olan torpaq sahəsinin mövcud vəziyyətdə və ümumi sahəsi 98,0 kv.metr ölçü ilə göstərilməklə iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması, həmin torpaq sahəsinin dövlət reyestrinə daxil edilməsi, torpaq sahəsinə dövlət reyestrindən çıxarışın, habelə torpaq sahəsinin planı və ölçüsünün tərtib edilərək verilməsi” barədə iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “imtinanın qanunsuz hesab edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbə Bələdiyyəsinin ərazisində olan 98,0 kv. metr olan torpaq sahəsinin mövcud vəziyyətdə və ümumi sahəsi 98,0 kv.metr ölçü ilə göstərilməklə iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması, həmin torpaq sahəsinin dövlət reyestrinə daxil edilməsi, torpaq sahəsinə dövlət reyestrindən çıxarışın, habelə torpaq sahəsinin planı və ölçüsünün tərtib edilərək verilməsi” barədə iddiа ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinin sənədləşdirilməsi zamanı yaranmış problemin həllinə köməklik göstərilməsi barədə 04 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. Lakin cavabdeh təşkilat torpaq sahəsinin sənədləşdirilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, alqı-satqı keçmiş DTXK tərəfindən təsdiq edilməmiş, torpaq sahəsinin ayrılmasına münasibət bildirməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyinin əlavə edilməmiş, həmçinin ərazinin Dövlət Neft şirkətinin istifadəsində olan ərazidə yerləşməsi, təqdim edilmiş cizgidə istinadların qeyd edilmədiyi, torpaq sahəsinin ümumi istifadədə olan yol kənarı avtodayanacaq ərazisi olması və qaz xəttinin mühafizə zolağında yerləşməsi kimi əsassız və bir-biri ilə ziddiyət təşkil edən səbəblər göstərilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbə bələdiyyəsinin “torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında” 689 nömrəli, 03 noyabr 2005-ci il tarixli qərarı ilə Binəqədi rayonu, Biləcəri bələdiyyəsi hüdudları daxilində yerləşən, ümumi ərazisi 98,0 kv.metr olan torpaq sahəsi, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün iddiaçıya ayrılmış və həmin torpaq sahəsinə görə onunla bağlanan alqı-satqı müqaviləsi əsasında iddiaçı tərəfindən bələdiyyəyə həmin dövrə görə ******* (bir milyon doxsan yeddi min altı yüz min) manat pul köçürülmüş və buna dair iddiaçıya qəbz təqdim edilmişdir. Yeni qaydalara əsasən DTXK ləğv edildiyindən onun səlahiyyətlərini də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi icra edir. Bundan başqa təqdim edilmiş cizgi və sənədlərdə Dövlət Neft şirkətinin də razılaşma barədə möhürünün olması ərazinin yaxınlığında əsas yəni iri qaz borusu deyil 50 litrlik turba ilə qaz borusunun keçməsi bu kimi xətlərinin evlərin həyətlərin arasında da olması qeyd olunan məktubda göstərilən imtina səbəblərinin əsassız və qanunsuz olmasına dəlalət edir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, İddiaçı müvafiq iddia ərizəsində qeyd olunan məsələ ilə əlaqədar öz adından 1 saylı Bakı Ərazi İdarəsinə hər hansl rəsmi müraciəti daxil olmamışdır. Cavabdeh qeyd olunanlara əsasən iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 1.1-ci bəndinə əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri olan ilkin şərt onun mümkün olmasıdır, 1.2-ci bəndinə əsasən iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 2.3-cü bəndinə əsasən ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində göstərilmişdir: ”1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.” Həmin Qanunun 52-ci maddəsində göstərilmişdir: “1. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. 52.2. Azərbaycan Respublikasının müvafiq qanunları ilə bu Qanunun 52.1- ci maddəsində nəzərdə tutulmuş müddətdən az və ya çox müddət müəyyən oluna bilər.52.3. İnzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən daha artıq müddət tələb olunduğu hallarda, inzibati icraatın müddəti inzibati orqan tərəfindən hər dəfə 30 gün olmaqla iki dəfə uzadıla bilər. İnzibati orqan tərəfindən müddətin uzadılması barədə maraqlı şəxsə məlumat verilir. 52.4. Bu Qanunun 52.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müddətin uzadılmasına səbəb olan hallar inzibati orqan tərəfindən inzibati aktda əsaslandırılmalıdır. 52.5. İnzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. İddiaçı hazırki iş üzrə iddia tələbi ilə “imtinanın qanunsuz hesab edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbə Bələdiyyəsinin ərazisində olan 98,0 kv. metr olan torpaq sahəsinin mövcud vəziyyətdə və ümumi sahəsi 98,0 kv.metr ölçü ilə göstərilməklə iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması, həmin torpaq sahəsinin dövlət reyestrinə daxil edilməsi, torpaq sahəsinə dövlət reyestrindən çıxarışın, habelə torpaq sahəsinin planı və ölçüsünün tərtib edilərək verilməsini xahiş etmişdir. Halbuki, iddiaçı iddia ərizəsində göstərilən tələblə bağlı məhkəməyə qədər cavabdehlərə müraciət etməmişdir. Belə ki, iddiaçı bu tələblə cavabdehə müraciət edilməsinə dair sübutu və ya cavabdehin imtina məktubunu iddia ərizəsinə əlavə etməmiş, məhkəmədə işə baxılan zaman təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 06.04.2021-ci il tarixli və 09.08.2021-ci il tarixli məktublarından görünür ki, X1 adından, onun etibarnaməsi üzrə nümayəndəsi İddiaçı tərəfindən cavabdeh orqana müraciət edilmişdir. Bundan başqa, Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunu müəyyən edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilmişdir:”8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər...” Lakin iddiaçı hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsinə dair qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədləri cavabdehlərə təqdim etməmiş, və həmin sənədlərin mövcud olması barədə iddia ərizəsində göstərməmiş, məhkəməyə bildirməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin qərarın 5.2-ci bəndinə əsasən bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Bundan əlavə, iddia ərizəsindən görünür ki, iddiaçının iddia tələbi iki cavabdehə (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə) qarşı öhdəliyin qoyulmasından ibarətdir. Məhkəmə tərəfindən 04 avqust 2021-ci il tarixli məktub ilə, iddiaçıya iddiaçının, cavabdehin və iddia tələbinin dəqiqləşdirilməsinin zəruri olduğu bildirilmiş və formal xətanın aradan qaldırılması üçün 20 gün müddət təyin edilmişdir. Lakin iddiaçı məhkəmə tərəfindən onun üzərinə qoyulan vəzifəni icra etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “imtinanın qanunsuz hesab edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbə Bələdiyyəsinin ərazisində olan 98,0 kv. metr olan torpaq sahəsinin mövcud vəziyyətdə və ümumi sahəsi 98,0 kv.metr ölçü ilə göstərilməklə iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması, həmin torpaq sahəsinin dövlət reyestrinə daxil edilməsi, torpaq sahəsinə dövlət reyestrindən çıxarışın, habelə torpaq sahəsinin planı və ölçüsünün tərtib edilərək verilməsi” barədə iddiası mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəlləsinin 35.3.-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 35-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “imtinanın qanunsuz hesab edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbə Bələdiyyəsinin ərazisində olan 98,0 kv. metr olan torpaq sahəsinin mövcud vəziyyətdə və ümumi sahəsi 98,0 kv.metr ölçü ilə göstərilməklə iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması, həmin torpaq sahəsinin dövlət reyestrinə daxil edilməsi, torpaq sahəsinə dövlət reyestrindən çıxarışın, habelə torpaq sahəsinin planı və ölçüsünün tərtib edilərək verilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cə məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar