Məhkəmə qərarları › İş №2-1(112)-9114/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9114/2025

24.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9114/2025 24.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Müdafiə Nazirliyinin Quru Qoşunlarının N nömrəli hərbi hissəsindən ehtiyata buraxıldığı dövr ərzində, ehtiyata buraxılmaqla bağlı məsələləri həll etmək üçün verilən 45 (qırx beş) günlük istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2001-ci ildəmn xx.xx.20223-cü ilədək Azərbaycan Ordusunda xidmət etmiş və Müdafiə nazirinin 12 may 2023-cü il tarixli, 0298 nömrəli əmri ilə xəstəliyə görə ordu sıralarından tərxis olunmuşdur. Xidmət keçdiyi N nömrəli və onun da tabe olduğu N nömrəli hərbi hissənin rəhbərliyi tərəfindən ona ehtiyata buraxıldığı dövrdə yalnız 45 günlük növbəti məzuniyyətdən istifadə etməyə şərait yaradılmışdır. Halbuki “Hərbi qulluqçuların statusu” haqqında Qanunun 11-ci maddəsinə əsasən Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyinə görə ehtiyata buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. Yəni həm 20 ildən artıq xidmət etdiyinə, həm də xəstəliyə görə ehtiyata buraxıldığı üçün onu ehtiyata buraxarkən 45 gün deyil, 90 gün müddətində məzuniyyət verilməli idi. Bununla bağlı cavabdehə müraciət edərək, istifadə etmədiyi məzuniyyət günləri əvəzinə kompensasiyanın hesablanması və ödənilməsini xahiş etmiş, lakin N nömrəli hərbi hissənin N sentyabr 2024-cü il tarixli 1556 nömrəli cavab məktubunda müraciətin təmin edilməsindən imtina edilmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Etirazda “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 114-cü və 120-ci maddələrinə istinad edilərək bildirilmişdir ki, araşdırmalar və məhkəməyə təqdim edilmiş sənədlərin təhlili göstərir ki, iddiaçı 2023-cü il hesabına növbəti məzuniyyətdən tam istifadə etmişdir. İddiaçının müraciətinə verilmiş cavab məktubunda onun 2023-cü ildə növbəti məzuniyyətdən tam istifadə etdiyi (45 gün) və ehtiyata buraxılarkən ona əlavə olaraq 45 gün növbəti məzuniyyət verildiyi qeyd edilmişdir. Beləliklə də, iddiaçı öz ərizəsində qeyd elədiyi 90 gün növbəti məzuniyyət ona tam şəkildə verilmiş və iddiaçının hüquqları pozulmamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan inzibati məhkəmə icraatında baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl hazırkı tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmiş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə hesab edir ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -AR MN N nömrəli hərbi hissə tərəfindən iddiaçıya verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçının hazırkı tələbi üzrə müraciətinə baxılaraq bildirilmişdir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2023-cü ilin hesabından 25 gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2023-cü ilin hesabından 15 gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2023-cü ilin hesabından 5 gün və ehtiyata buraxılmağı ilə əlaqədar 45 gün, ümumilikdə isə 90 gün, yəni 2023-cü il üzrə növbəti məzuniyyət 3 ay müddətinə verilmişdir. -Azərbaycan Respublikası Müdafiə nazirinin 0298 nömrəli, xx.xx.2023-cü il tarixli əmrindən görünür ki, polkovnik-leytenant İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən ehtiyata buraxılmışdır. Xidmət müddəti: təqvimlə - 21 il 9 ay, ümumi- 32 il, 8 ay. Beləliklə, işin faktiki hallarından görünən odur ki, iddiaçının hüquqi marağı və məqsədi xəstəliyə görə ehtiyata buraxılması ilə əlaqədar verilməli olan 3 aylıq növbəti məzuniyyətin istifadə edilməmiş 45 gününə görə kompensasiyanın hesablanıb ödənilməsinə yönəlmişdir. Bununla bağlı cavabdehə müraciəti təmin edilməmişdir. İddiaçı hazırda bu imtinanı mübahisələndirir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıları bildirir. Belə ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 120-ci maddəsinin “q” bəndinə əsasən, zabitlərə hər təqvim ili üçün 45 gün növbəti məzuniyyət verilir. Həmin maddədə həmçinin göstərilir ki, Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. Həmin Əsasnamənin 121-ci maddəsinə əsasən, növbəti məzuniyyət hər bir hərbi qulluqçuya təqvim ili ərzində verilir. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. Hazırkı işin mübahisəsiz hallarına görə iddiaçı Silahlı Qüvvələrdə 20 ildən artıq xidmət etmiş, xəstəliyə görə ehtiyata buraxılmış zabitdir. Yuxarıda qeyd edildiyi kimi, Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. Belə olan halda iddiaçıya ehtiyata buraxılarkən 45 gün deyil, 90 gün müddətində məzuniyyət verilməli idi. Lakin iş materiallarında olan sənədlərdən müəyyən olunur ki, iddiaçıya ehtiyata buraxılması ilə əlaqədar 45 təqvim günü müddətinə məzuniyyət verilmişdir. Belə olan halda iddiaçının ehtiyata buraxılması ilə bağlı məsələləri həll etmək üçün verilən 45 (qırx beş) günlük istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilməsi tələbi əsaslı olmuşdur. Məhkəmə cavabdehin dəlillərini əsaslı saymayaraq qeyd edir ki, oxşar mübahisə üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2- 1(102)-651/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, “...qanunverici dəqiq şəkildə qeyd etmişdir ki, hərbi qulluqçu müəyyən edilmiş əsaslarla ehtiyyata və ya istefaya buraxılarkən hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. Bu məzuniyyətin də verilməsinə səbəb məhz hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etməklə bağlıdır. Beləliklə, həmin məzuniyyətin təyinatı fərqlidir və qanunverici onun müddətini də dəqiq müəyyənləşdirmişdir. Yəni xüsusi kateqoriya şəxs olan hərbi qulluqçuların xidmətə qəbuluna, xidmətin aparılmasına, xidmətdən buraxılmasına dair xüsusi tələblər vardır. Ona görə ki, hərbi xidmət xüsusi xarakter daşıyır. Bu səbəbdən hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün məzuniyyətin müddəti 3 aylıq müəyyən edilmişdir.” Oxşar hüquqi mövqe Ali Məhkəmənin 2-1(102)-351/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında da ifadə edilmişdir. Hazırkı mübahisəyə münasibətdə də iddiaçı məhz yaşa və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün verilməsi nəzərdə tutulmuş həmin məzuniyyətdən istifadə etmədiyi üçün ona müvafiq kompensasiyanın ödənilməsini tələb edir və yuxarıda istinad olunan norma baxımından belə kompensasiyanı tələb etməkdə iddiaçı haqlı sayılmalıdır. Beləliklə, iddiaçının Silahlı Qüvvələrdə 20 və daha artıq (32 il, 8 ay) təqvim ili xidmət etməsi, ehtiyata buraxılan zaman «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 120-ci maddəsi ilə nəzərdə tutulmuş 3 aylıq növbəti məzuniyyətdən istifadə etməməsi iş üzrə materiallarla təsdiq olunduğundan, cavabdehin imtinası haqlı olmamışdır. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Quru Qoşunlarının N nömrəli hərbi hissəsindən ehtiyata buraxıldığı dövr ərzində, ehtiyata buraxılmaqla bağlı məsələləri həll etmək üçün verilən 45 (qırx beş) günlük istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar